Məmməd İsmayılın ağ buludu, yaxud şairin
vida mərasimində
Əsrik kəndinə çatanda, yaddaşımda, qəribədir
ki, Məmməd İsmayılın “Bu mənəm, a kəndim,
tanımadınmı?” misraları deyil, “Bəxtsiz arzuların
zoğalı rəngi” hekayəsi assosiasiya verdi. Arzuların zoğalı rəngi Məmməd İsmayılın
bütün yaradıcılığına
hopmuşdu.
Məmməd İsmayıl həyatıma
“Ağacdələn, döy
qapımı, döy,
görüm” şeiri
ilə daxil oldu. Ağacdələnin səsini ilk dəfə bu şeirdən sonra tanıdım. Sonralar harda ağacdələn səsi
eşitdimsə, “Savalanda
yatan igid” şeirinin təlqin etdiyi ideologiya yadıma düşdü.
Bir milli şair bundan artıq nə edə bilərdi ki... “Ağacdələn,
döy qapımı, döy, görüm” Vətəni ikiyə bölünmüş və
öz taleyinə əsir olan insanın miniatür avtoportreti idi. İndi Məmməd İsmayılın
cənazəsi Əsrikdəki
həyətində elektrik
dirəyinə çevrilmiş
və dimdiklənməkdən
ovulub, dəlinib deşilmiş həmin ağacın yanında qoyulmuşdu... Həyətdə,
qızmar avqust günəşinin altında
cənazə namazı
qılırdıq. Qəfil
başımızın üstündə
bir bulud dayandı. Üstümüzə
şaxıyan hərarətin
önü kəsildi.
Mehlər əsişdi.
Və cənazə namazı bitənə qədər beləcə davam elədi. Qəm qafiləsi Əsrik məzarlığına sarı
gedəndə o bulud artıq yox idi... Çingiz xanın ağ buludunu xatırladım...
***
1988-ci
ildə ideoloji-siyasi burulğanının çəmbərində
“Gənclik” jurnalı
nəşr olunmağa
başladı. Azərbaycanda
demokratik təfəkkürün
pərvəriş tapmasında,
tabuların sındırılmasında,
ədəbiyyatda azadlıq
anlayışının vüsət
almasında Məmməd
İsmayılın cəsarəti
həlledici rollardan birini oynadı. Lenin Kommunist Gənclər İttifaqının mətbu
orqanında Leninin karikaturası çap olundu.
Mən o zaman rayonda yaşayan 24 yaşlı bir gənc idim və Məmməd İsmayıl ona göndərdiyim bütün
yazıları istisnasız
olaraq çap edirdi. Beləliklə, mən üç yüz min tirajla nəşr olunan “Gənclik” jurnalının
ilk və daimi müəlliflərindən biri
oldum. Özü də Məmməd İsmayılın təqdimatı
ilə. Və haqqımda ilk mətbu fikrin də müəllifi Məmməd
İsmayıl oldu. Esselərimdən ikisini belə təqdim etmişdi: “Böyük sirr, yaxud sirlərin
yeni oxunuşu” rubrikası
ilə esselərini çap etdiyimiz Azərin özünün
yazdığına görə,
iyirmi dörd yaşı var, Neftçalada
yaşayır, yazılarını
məktubla göndərdiyindən
üzünü görməmişik,
nə sənətin sahibi olduğunu da bilmirik. Amma yazıları
bizdə maraq oyatdı...” Məmməd İsmayılın haqqımdakı
üç abzaslıq
təqdimat yazısı
və “Gənclik”də
davamlı dərc olunan esselərim sonralar ədəbiyyatdakı
yolumu və səmtimi müəyyənləşdirdi.
Hətta redaksiyaya ünvanlanan oxucu məktublarını Məmməd
İsmayıl xüsusi
bağlamada mənə
göndərir və bu məktublar növbəti yazılar üçün stimul verirdi. O məktubların arasından seçib indiyə qədər saxladıqlarım da var. Bakıdan
kəsimətçi-təqaüdçü
Kamil Həsənzadə esselərimin
janrını da müəyyənləşdirmişdi
– “mənbelədeyirəmlər”: “Mənbelədeyirəmlər”ivi
oxudum. Fikirlərin paklıqdan gəlir. Donuz əti yemə ki, murdarlanarlar”.
1980-ci
illər nəslinin ədəbiyyat qibləsi bu jurnal oldu.
O zaman Məmməd İsmayıl
gəncliyə yeni ədəbi
üfüqlər və
istiqamət göstərən
bir ədəbiyyat mürşidinə çevrilmişdi.
Yazmışdı və
bizi də inandırmışdı: “...qədəmindən
nur yağa-yağa...
Bir adam yol gedir bizdən qabaqda…” O adam Məmməd İsmayılın
özü idi...
1992-ci
ilin ortalarında bizim “Gənclik” dövrümüz bitdi. Məmməd İsmayıl
Azərbaycan televiziyasının
sədri təyin olundu. “Bizdən qabaqda yol gedən”
adama “Əlif Lam Ra” adlı esse göndərdim. Bir neçə
gündən sonra rejissor, rəhmətlik Tariyel Vəliyev mənə zəng vurdu: “Məmməd İsmayıl istəyir
ki, yazdığınız esse teletamaşa olaraq hazırlansın. Bakıya gəlin, söhbət edək”. Etiraf edirəm ki, o zaman belə unikal bir yaradıcılıq hadisəsinin baş verməsi məni hədsiz sevindirirdi. Kimi sevindirməzdi ki?!. Hələ üstəlik,
o illərdə yalnız
bir TV kanalımız vardısa. “Əlif Lam Ra. İki dünyanın atası – İbrahim peyğəmbər”,
dediyim kimi, rejissor Tariyel Vəliyevin quruluşunda
təqdim olundu. Televiziyada bir neçə dəfə göstərildi. O zaman bu əsərə görə
Məmməd İsmayıl
lütf edib mənə yüksək qonorar da yazmışdı.
Yanvar ayının ortalarında Bakıya gəlib Televiziya Komitəsində onunla görüşdüm. Təşəkkür
etdim. Mənə çox qonorar yazıldığını dedim.
“Halal haqqındır” cavabını
verdi. Məmməd İsmayılla söhbətimiz
əsnasında otağa
Bəxtiyar Vahabzadə
daxil oldu. O da “Əlif Lam Ra”ya baxıb bəyənmişdi. Filmin
sonunda aktyor Ramiz Novruzun ifasında
İbrahim peyğəmbərin Kəbənin həyətində
olan ayaq izindən – “Məqamül
İbrahim”dən söhbət gedirdi: “Kəbədə
İbrahim peyğəmbərin məqamı vardır... Uzaqdan-uzağa baş qoyuram. Rəhmət dəryasının sahillərinə
gəlib çatdım…
Sözlər tükəndi…
Müqəddəs aləmlər
tükənmədi ki, tükənmədi”.
Bəxtiyar müəllim,
“Ay oğul, uzaqdan-uzağa
niyə baş qoyursan. Bəlkə gedib
yaxından baş qoyasan” – dedi. Sonrakı təfsilata və təfərrüata
varmadan demək istəyirəm ki, Məmməd
İsmayılın açdığı
üfüqlər çox
gənc yaşlarımda
– film göstəriləndən üç ay sonra mənə Kəbənin zəvvarı olmağı
nəsib etdi. Bu əhvalatı şairin 85
illiyinə həsr olunmuş yubiley gecəsindəki çıxışımda
da xatırlatdım. Əlini
sinəsinə qoyub təbəssüm və məmnuniyyət dolu
baxışlarla mənə
baxırdı.
Məkkədən yeni qayıtmışdım. Telessenarist
Zakir Abbas və rejissor
Ələkbər Kazımovski
Telekomitənin sədri
Məmməd İsmayılın
tövsiyəsi ilə
Neftçalaya gəldilər.
Haqqımda “Sözlü
adam” verilişi çəkildi...
Bunu hamı
bilir ki, son on ildə
“Ədəbiyyat qəzeti”
Məmməd İsmayılın
şeirlərini ardıcıl
çap edib... 10 ildə Məmməd İsmayıl nə yazırdısa, hamısını
“Ədəbiyyat qəzeti”nə göndərirdi,
nə göndərirdisə,
hamısı çap
olunurdu. Təkcə şeirləri deyil, bu illərdə Çanaqqala 18 Mart Universitetinin
professoru Məmməd
İsmayılın yaradıcı
həyatında nə
hadisə olurdusa, hamısı “Ədəbiyyat
qəzeti”ndə işıqlanırdı. Qürur
duyuram, indi isə Məmməd İsmayılı itirdiyimiz
bu ağır gündə mənəvi təskinlik tapıram ki, ona səhifələrini
gen-bol açan tək qəzet “Ədəbiyyat qəzeti” oldu.
Anan
dolanardı başına
bir vaxt,
İndi
ətrafına ölüm
dolanır...
Bircə Ana – vətənmiş,
Yerdə qalanı, qürbət...
Türkiyədə
yaşayan Məmməd
İsmayılın qürbət
havalı yaşantılarıdır
və mənə elə gəlirdi ki, bu şeirləşmiş
yaşantıları “Ədəbiyyat
qəzeti”ndə dərc etməklə Məmməd İsmayılın
acılarını az
qədər də olsa, xəfiflədə bilmişəm...
Muğam Teatrında keçirilən
səksən beş illik yubileyində dediyim bir məqamı
bu gün Əsrikdəki həyətində
keçirilən vida mərasimində bir daha xatırlatdım. İkinci Qarabağ savaşının ilk günlərində,
2020-ci il sentyabrın 29-da Məmməd
İsmayıl mənə
milli ordumuzu vəsf edən “Azərbaycan əsgəri” adlı bir şeir göndərdi.
Və həmin şeir müharibənin
ilk günlərində “Ədəbiyyat
qəzeti”ndə dərc olundu. Azərbaycan poeziyası İkinci Qarabağ savaşına “Qürur yerim, nə yaxşı başlatdın
bu savaşı...” deyən Məmməd İsmayılın həmin
şeiri ilə qatıldı:
Boyuna qurban
olum, Azərbaycan əsgəri,
Dünyanın ən müqəddəs qələbəsi sənindir.
Məmməd İsmayıl şeirinə
belə bir epiqraf yazmışdı:
“Mən bu dünyadan məğlub millətin şairi kimi getmək istəmirəm”. Yubiley gecəsində demişdim
ki, Yaradan onu ömrünün səksəninci
illərində qalib bir millətin şairi kimi yaşatdı... Bayaq həmin fikri vida mərasimində kədərli bir üslubda təkrarladım:
Şükür ki, Məmməd
İsmayıl bu dünyadan qalib bir millətin şairi olaraq getdi.
Məmməd İsmayıl şeirinin məzmunu da, ifadə imkanları da, poetikasının
estetik platforması da
hər zaman fərqli olub.
Modern
ovqat klassik ənənəli Azərbaycan
poeziyasına daha çox onun şeirindən yansıyıb. “Hələ yaşamağa dəyər
bir az da”, “Ağacdələn, döy
qapımı, döy,
görüm”, “Savalanda
yatan igid”, “Bir adam yol gedir
bizdən qabaqda” və başqa belə onlarla şeir...
85
illik yubiley gecəsində gördüm
ki, bizdən qabaqda yol gedən adamın ayaqları taqətdən düşüb...
Həmin gün çıxışımın sonunda ona “Mürşidi-kamilim”
dedim və əyilib əlindən öpdüm.
Tovuzdan indi qayıtmışam. Gecə saat 1 radələridir. Sosial şəbəkələrdə yazılanlara baxıram. Hamının ürəyi
sevgi və etiraflarla doludur. Kaş bu sevgini
bu gün onunla vidalaşmaq üçün Əsrik kəndinə getməklə
də gerçəkləşdirə
biləydik...
Tovuz–Əsrik–Bakı
21 avqust
2025
Azər TURAN
Ədəbiyyat qəzeti. - 2025.- 22 avqust (¹30).- S.21.