Məmməd İsmayıl öləndə hansı sirri açdı?
Hava istidi, bir yandan
da susamışam. Həmkarıma
yay fəslində işləməyin
düzgün olmadığını
deyirəm. Bu vaxt su içmək lazım olduğu bir daha yadıma
düşür. Qanıqara
aşağı düşüb
mətbəxə keçirəm.
Bidonda su qalmadığını görəndə
əhvalım bir az da korlanır:
- Su yoxdu?
- Qurtarıb, bir azdan maşın gətirəcək, - mətbəxdəki
xanımlardan biri cavab verir.
Küçəyə çıxıb
kölgəlikdə siqaret
yandırıram. Çox
keçməmiş su
firmasının maşını
agentliyin qapısının
ağzında dayanır.
Maşının üzərində
böyük hərflərlə
"ƏSRİK" kəlməsini oxuyanda yadıma ötən il şair Məmməd İsmayıldan
aldığım bir müsahibə düşür:
- Bu yaxınlarda doğulub boya-başa çatdığınız
ünvana - Tovuzun Əsrik kəndinə getmisiniz...
- Hə, getmişdim.
- Çox qaldınız?
- Bir-iki gün qalıb
geri qayıtdım.
Sonra yenə getmək
istəyirdim, ağrılarım
çox oldu, gedə bilmədim. Bizim kəndimiz yaşanılası yerdir.
Mənim evimin arxası da, qarşısı
da dağlardır. İmkan
tapan kimi gedəcəyəm.
- Bu ağrının-acının içində
sizi Əsriyə çəkən nədir?
- Anamın məzarı... Mənim ondan başqa kimim var idi ki?! Yatırdım, gecənin bir aləmi ayılıb görürdüm ki, başıma
dolanır. Başıma
dolanır ki, bütün
ağırlığımı alsın.
Müsahibəni xatırlaya-xatırlaya mətbəxə gedib sudan doyunca içirəm.
Yuxarı qalxıb kompüterin arxasına keçəndə şair
Ehtiram İlhamdan telefona zəng gəlir:
- Nadir, Məmməd İsmayıl
rəhmətə getdi.
Xəbəri eşidəndə Əsrikdən
gələn sudan içib Məmməd İsmayılın səsini
yadıma salmaq istədim. Düşündüm,
görəsən, bu gecə kimsə Məmməd İsmayılın
başına dolanıb
ağırlığını canına çəkəcək?..
***
2023-cü
ilin iyuludur, 10-cu aydı hərbi xidmətdəyəm. Komandirlərdən
gizlin işlətdiyim
telefonla Feysbukda "gəziş"irəm. Kiminsə
paylaşımı qarşıma
çıxır:
"Məmməd İsmayılın
vəziyyəti ağırlaşıb,
xəstəxanaya yerləşdirilib".
Elə xəbəri eşidən
kimi dilimin altında gizlətdiyim misraları pıçıldamağa
başladım: "Bu mənəm,
a kəndim, tanımadınmı,
bu həmin Məmməddi, bir az sınıxıb..."
Həmin
vaxt bir ətcə sərçə
balası düz pəncərənin ağzına
qonub cikkildədi. O axtardığı dən
məndə yox idi, amma dəqiq
bildim ki, Məmməd
İsmayıl ölməyəcək,
dedim, yox, bu kişi mərd
kişidi, məni gözləyəcək, bu
sərçənin Allahı
onu öldürməz...
Məmməd İsmayılın ağır
vəziyyətdə olduğunu
eşitdiyim səhərin
xiffətli axşamçağısı
gün növbətçisi
idim. Elə boğazı nazilmiş sərçə kimi
"tumbuçka"da dayandığım
həmin günün axşamı hardansa bir şeir gəlib
ürəyimi dimdiklədi.
Misranın yadımdan
çıxmaması üçün
"tumbuçka"nın üstünə yazdım.
Buna görə bizi danlamasınlar deyə, qələmin izini "tumbuçka"dan silmək
üçün hansı
təlatümləri keçirdiyimi
Allah bilir... Xidmət saatım bitən kimi balaca dəftərçəmə
"Şairə deyin,
ölməsin" şeirimi
qaraladım... Elə həmin gecə cızma-qara etdiyim şeirin bir misrası belə idi:
Məni
gözləyənlərdən biri də sən
ol,
mən oldum, olmadım,
bəlkə, öldüm, ölmədim,
gözlə,
gözünə ehtiyac,
sözünə möhtac,
misrana
ac olanlar var...
gözlə, kimsə naəlac
olmasın...
şairə deyin, ölməsin...
***
Ölüm xəbərini eşidəndə
Məmməd İsmayılla
ilk canlı görüşüm
yadıma düşdü.
2023-cü ilin noyabrı
idi, əsgərlikdən
təzə gəlmişdim,
Ankaraya ədəbiyyat
tədbirinə getmişdik.
Onda Məmməd İsmayıl da Qazi xəstəxanasında
müalicə alırdı.
- Əyyub əmi, məni Məmməd İsmayılın yanına
apar, - yazıçı Əyyub
Qiyasa dedim.
- İcazə vermir, sonra məni danlayacaq, olmaz.
- Sən apar.
Qaşlarını çatıb fikrə
getdi, axırı razılaşdıq.
Qazi xəstəxanasına necə
gedəcəyimizi bilmirdik.
Soruşa-soruşa bir
avtobusa mindik. Qarslı bir xanım dedi ki, mən də ora gedirəm, sizə kömək edəcəm. Əlqərəz,
bir-iki avtobus dəyişib çatdıq
mənzil başına...
Üçüncü mərtəbəyə
qalxanda dəhlizin başındakı lövhədən
bu sözləri oxudum: "Mehmet İsmail - 104". Adının qabağına
otağının nömrəsi
yazılmışdı...
Qapını döyüb asta-asta
otağa daxil olduq. Heç əlindən də öpməyə icazə vermədi.
Xəstəlik onu üzmüşdü...
Sınıxmışdı, şəkillərdə gördüyüm
şuxluğu qalmamışdı,
canı ağrıyırdı.
Fəqət, səsi həmən idi, elə bil bu
dəqiqə şeir deyəcək. Elə danışırdı, elə
bil şeir deyirdi; nitqi iti, zehni iti...
Deyirdi,
84 yaşım var, ölüm
umrumda belə deyil, dünyanın ən uzun çayı
da bir yerdə başlayır, bir yerdə bitir.
Əyyub
müəllimə deyirdi
ki, Nadirdən muğayat
olun, düzəlib qayıtsam, götürüb
gələrsən kəndə...
Otaqdan çıxanda Məmməd
İsmayılın adını
lövhədən silib
qaçmaq istəyirdim,
bacarmadım...
***
2024-cü
il, sentyabrın 6-dır. Səhər
baş redaktor planlaşmada tapşırır
ki, Məmməd İsmayılın
səhhətini diqqətdə
saxla. Nahardan sonra Ehtiram İlhama
zəng vururam:
- Hardasınız, Ehtiram müəllim?
- Bakıda, dərdin alım.
- Gedək, Məmməd İsmayıla bir baş çəkək.
- Saat 3-də olarsan Fikrət Əmirovun heykəlinin yanında.
Redaksiyadan çıxanda təkid
edirlər ki, fotoqraf
da sənlə getsin. Fotoqrafa ehtiyac olmadığını deyirəm.
Sözün düzü,
kiminsə yataqda, sınıxmış vəziyyətdə
onu görməsini istəmirəm.
Mənzil
başına çatanda
isə Məmməd müəllimin əyləşdiyini,
saç-saqqalının səliqəli
olduğunu və danışmağa güc
tapdığını görüb
fotoqrafın da gəlməsini
redaksiyadan xahiş edirəm.
İlk dəfə əvvəlcədən
sual hazırlamamış
müsahibəyə başlayıram.
İndi o
müsahibədən bəzi
hissələr yada düşür:
- Ürəyiniz kimi istəyirsə, deyin, gələn dəfə onu da özümüzlə
gətirək...
- Bir adam sifarişlə gəlirsə, heç gəlməsin, ehtiyac yoxdur. Baxın, pəncərəmdən Xəzər
dənizi necə aydın görünür.
Hər gün onunla üz-üzəyəm.
Mən Xəzərə
dərdimi deyirəm,
o da dalğaları ilə
mənə nəsə
pıçıldayır.
***
- Məmməd müəllim,
əcəl qapını
ağacdələn misalı
taqqıldadır. İçinizdə
təlatüm varmı?
- Qəti... Nəyi bacarmışamsa, eləmişəm.
Ədəbi taleyim də yaşamaq üçün etibarlı
oldu... Düşünürsən
ki, Allahdan bir dəqiqə də möhlət ala bilmərsən,
hər şey ölçülüb-biçilib. Bu yaşa gəlib çıxmışam. Bundan
sonra ölüm qorxusu canımı bürüsə, deməli,
indiyə qədər
boş yaşamışam.
Heç kəs ölümdən yan qaça bilmir. Ölüm gəlişini
heç kəsə xəbər vermirsə, ondan qorxmaq olmaz.
- Məmməd müəllim,
sizə cansağlığı
arzulayıram... Bağışlayın,
sizi yordum.
- Uğurlar, Nadir. Bayaq sual verdin ki, kimisə görməyi arzulayırsınız?
Elə səni də, Ehtiramı da görmək istəyərdim.
Çox sağ olun. Yaxşı ki, gəldiz...
Sağollaşanda ikimiz də qəhərləndik. Üzü
Xəzərə tərəf
oturmuşdu, qapıya
sarı çevrilmədi.
Yəqin, mənə danışmadıqlarını Xəzərə danışacaqdı.
Bizim söhbətimiz bitdi, onların isə söhbəti hələ təzə başlayırdı...
***
Əsrikdən gələn su dumdurudu. Məmməd İsmayıl da Tovuzun Əsrik kəndindən Bakıya gələn su kimi, sabah
səssiz-səmirsiz Əsriyə
yola salınacaq. Onun adının xəstəxana lövhəsindən
silinməyi bu günün taleyinə, söz yaddaşına köçmək isə Məmməd İsmayılın
taleyinə yazılıbmış...
Ölüm, hədələmə məni ölümlə,
Ölərəm, sənin də
sirrin açılar.
Özünün də dediyi kimi, daha ölüm
Məmməd İsmayılı
hədələyə bilmir.
O, fiziki olaraq öldü. Bununla da öz ölümünün
sirrini açdı...
Nadir
YALÇIN
Ədəbiyyat qəzeti.- 2025.- 22 avqust, №30.-
S.19.