Gənclik təbiətin zarafatıymış və
yaxud Gecə harda
yatdığını sən bilirsən, Səhər harda oyanarsan, Tanrı bilər...
Türk dünyasının azman
şairi Məmməd İsmayıl Haqqa qovuşdu. Ömrün çalın-çarpaz yollarında ağayanalığını
bir an itirməyən sözün böyük oğlu Məmməd İsmayıl Tanrı dərgahında öz məqamına yetdi.
Poeziyanı duyduğum, sevdiyim
və ara-sıra nəsə yazmağa başladığım vaxtdan
45 ilə yaxın vaxt keçir. Bu zaman kəsiyində mənim sevdiklərim arasında birmənalı olaraq ən yüksək zirvədə olanı Məmməd İsmayıl
olub. Məni tanıyanların hamısı
bilib bunu, təkcə Məmməd İsmayıldan (şəxsi
tanışlığımıza qədər) başqa.
Nədənsə mətbuatda bir oxucu sevgisinin reklamına ehtiyac duymamışam. Düşüncəmə
görə ilahi rəğbətin, ilahi sevginin bir özəlliyi
də onun pünhan qalmağındadır.
Bu qırx ildə ilk dəfə iki dəfə onunla üzbəsurət olmuşam, o da 2009-cu ildə,
"525-ci qəzet"də mənim "Eşq ol, dərgahına səcdəyə gəlim"
kitabım haqqında
"Növbədənkənar yazı"sı çap
olunandan sonra. Minnətdarlığımı bildirmək istədim. Mən onu tanımadan sevdiyim kimi, o da məni şəxsən tanımadan kitabım haqqında ürək sözlərini yazmışdı.
Bu yazını yazanda yenidən Məmməd İsmayılın hər
hansı kitabını
açıb vərəqləmədim,
yaddaşımda olanlara
istinad edirəm (ona görə də bəzi misralarda hər hansı söz və ya şəkilçi
dəyişikliyi olsa,
üzürlü sayın).
Çünki məni
tanıyanlar Məmməd
İsmayıl poeziyasını
bir səcdəgah kimi qəbul etdiyimi yaxşı bilirlər (onu belə sevən tək mən deyiləm ki...). Amma bir çoxlarından fərqli
olaraq, mən sevgimi, rəğbətimi
ürəyimdə böyütməyi
də bacarıram. Nə isə... Bunların mətləbə,
bəlkə də az dəxli var. Başqa bir sevgili dostumuz Musa Ələkbərlinin Məmməd
İsmayıla yazdığı
şeirin misraları hələ qulaqlarımdadır:
Gəl,
gün işığı
tək aləmə yayıl,
Ərzin
hər yerində seçilib-sayıl.
İtməz yaddaşlardan Məmməd
İsmayıl,
Fərqi
yox, görünmə,
görün, a Məmməd.
Məmməd İsmayıl o şairlərdəndir
ki, onun oxucusu olmaq da məsuliyyət tələb edir. Bu poeziyanın yanından ötəri bir nəzərlə və yaxud sükutla keçmək, sadəcə
olaraq, sayğısızlıqdır.
Ən azından zövqlü oxucusansa, şeirlər özü səni dayanmağa və düşünməyə
məcbur edəcək:
Dünyaya gəlişin bircə
an ola,
Gələsən, barını dərib
gedəsən.
Taledən əlində bir
imkan ola,
Kefin istəyəndə gəlib-gedəsən.
Yaşamaq olurmuş bunun harası?!
Elə qərib gəlib, qərib gedəsən.
Tanrım,
o dünyaya bir özgə yol yox,
Elə hökmən gərək ölüb gedəsən...
Məmməd İsmayılın Azərbaycanın
mədəniyyət tarixində
əvəzsiz
xidmətləri çox
olub. Təkcə
"Gənclik" jurnalı
mətbuatımıza demokratik
düşüncə tərzini
gətirməklə Məmməd
İsmayıla bu xalqın yaddaşında əbədi qalmağa haqq qazandırıb. Təkcə "Aman təklik
əlindən" poemasına
görə Məmməd
İsmayılı şair
kimi bir ömür sevmək olar. Təkcə Analar qınından sıyırıb bizi, qoymuşdu nəfsinnən
öz arasında misralarına görə Məmməd İsmayıl
- mən bu xalqın qarşısında
bacardığımı etmişəm,
- deyə bilər. Bu
"təkcə"lərin sayını o qədər
artırmaq olar ki...
Amma Məmməd İsmayıl
bunu demədi. Səksən yaşında da başından
ilahi duyğular əskik olmadı:
Gedərsən, məchula yol gedər gedən,
Qürbət bir açılmış
sirdən başlayır.
Burnunun ucunu göynədən vətən
Yadından çıxdığı yerdən başlayır.
Və yaxud:
Şirinliyi hardan alır,
Bal nə bilsin...
Sora bilsən,
Gedib soruş, arı bilər.
Gecə
harda yatdığını
Sən bilirsən,
Səhər harda oyanarsan, Tanrı bilər.
Məmməd İsmayılın bir
çox şeirləri
xalqın dilində az qala aforizm
kimi səslənməkdədir.
...Bu gün Bethoveni çaldılar sazda,
Hələ yaşamağa dəyər
bir az da...
***
...Bir adam yol gedir
bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır
açan var...
***
...Bir yetim haray var, gəzir dünyanı,
Görəsən, hardadı anası
ölmüş...
***
...Qırdım öz əhdimi mən bilə-bilə,
Haqqın
var, yanımdan keç
gülə-gülə.
Əriyim
oduna qoy gilə-gilə,
Mən səni sevmişəm səndən xəbərsiz...
Bir ara Məmməd İsmayılın az çap olunduğu vaxtlar da oldu. Bəlkə də başını götürüb
getdiyi vaxtlar idi. Amma mən onu hər gün
oxuduğumdan az çap olunduğunun fərqində olmamışam.
Elə bilmişəm
ki, Məmməd İsmayıl
hər gün çap olunur və mən də hər gün oxuyuram:
Şəfəqlər önündə
bulud qatıymış,
Səhər yox, günəşin
bathabatıymış.
Gənclik təbiətin zarafatıymış,
İlahi,
bu boyda zarafat olur?..
Hardasa otuz il əvvəl yazdığı şeirlərdəndir.
Ömrün "zarafat"
adlandırdığı kəsiyində
Məmməd İsmayıl
bir ömür seviləcək qədər
oxucu sevgisi qazandı. Özü də təkcə canından artıq istədiyi türk dünyasında deyil, mütərəqqi bəşərin
cəm olduğu çox yerdə. Kim nə deyir-desin, onun ömrünün müdriklik çağını
belə gümrah, eşqlə yaşamasının
əsl səbəblərindən
biri məhz qazandığı oxucu sevgisi idi...
O, bir çox yaradıcı gənclərə
hərtərəfli güvənc
yeri olub. Beyləqanda yaşayan, son
vaxtlar mətbuatda tez-tez çap olunan gənc şair Elməddinin Məmməd İsmayılla
məktublaşmasına vasitəçi
oldum. Özünün
etirafına görə,
Məmməd İsmayıldan
cavab məktubu alanda, ifadə eləyə bilməyəcəyi
bir ovqatda idi. Üstəlik də, onun şeirlərini
bəyənmişdi. O vaxt
Məmməd İsmayılın
yetmiş beş illik yubiley tədbirinin
başlanmasını ana balasını
gözləyən bir
sevgi ilə, həyəcanla gözlədi.
Çünki onun Məmməd İsmayılla
şəxsən tanış
olması üçün
imkan yaranmışdı.
Budur şairə olan əsl oxucu
sevgisi. İndiyə kimi aldığı saysız-hesabsız ödüllərin
başında duran mükafatdır bu sevgi. Elməddinin Məmməd İsmayıla
həsr etdiyi şeiri də çox ibrətamizdir:
Buluddan ayrılıb
qopanda damla,
Yağışı səsindən tanımıramsa,
Ağzını açanda paxıl adamlar
Bircə kəlməsindən
tanımıramsa,
"Mən şair deyiləm, atam-qardaşım!"
Canındakı ilahi eşqi, başının üstündəki
Allah sevgisini ömrünün
sonuna kimi qoruyub saxlayan Məmməd İsmayılın
öz sözləri ilə desək, əvvəlin sonu olduğu kimi, sonun da əvvəli var.
Bu, daha müqəddəs,
haramından halalına
maya yetişməyən bir başlanğıcdır:
Haramdan
halala yetişməz maya,
Mən bu ümiddəyəm, bu inamdayam.
Qəm yemə, kainat dönsə damlaya,
Axırda
damla da kainat olur.
...Zamanından, yerindən asılı olmayaraq harda XX-XXI əsr Azərbaycan ədəbiyyatından
söhbət düşəcəksə,
orda məkanı cənnət olmuş Məmməd İsmayılın
adı qırmızı
xətlə keçəcək.
Vasif SÜLEYMAN
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.20.