Tarixi mənbələrin dili ilə...
(III yazı)
(Əvvəli
ötən sayımızda)
1917-ci ildə
Rusiyada fevral burjua inqilabı baş verdi. Əhalinin pik həddə
çatan narazılığı, cəbhədəki hərbi
uğursuzluqlar, müharibə səbəbindən ölkə
iqtisadiyyatının dağılması, aclıq, səfalət,
cəbhədə yaralanaraq qayıdan əsgərlərə
heç bir yardımın edilməməsi və digər səbəblər
çarın devrilməsi ilə nəticələndi.
Petroqrad fəhlələrinin etirazına şəhər
qarnizonunun əsgərləri də qoşularaq dövlət və
hökumət müəssisələrini zəbt etdilər. Cəbhədən,
döyüş meydanından çıxarılaraq
etirazları yatırtmaq üçün göndərilən
hərbi hissələr vaxtında Petroqrada yetişmədilər
və ya yetişmək istəmədilər. Nəticədə
Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyuldu.
Rus çarı II Nikolay taxtdan salındı. Ölkədə
ikihakimiyyətlilik yarandı.
1917-ci
ilin oktyabr inqilabından sonra isə bolşeviklər hakimiyyəti
ələ aldılar. Baş vermiş bütün bu dəyişikliklərə
baxmayaraq yenicə hakimiyyətə gəlmiş bolşeviklər
də öz sələflərinin siyasətini davam etdirməyə
başladılar. Rus imperiyası dağılsa da, ölkədə
vətəndaş müharibəsi getsə də, bolşeviklər
müxtəlif vasitələrlə başqa xalqların, millətlərin
öz müqəddəratını təyin etmək
hüququnu tanımaq istəmirdilər. Vaxtı ilə imperiya
siyasətinin nəticəsi kimi Bakıya yerləşdirilmiş
rusları və erməniləri təlimatlandıraraq,
onların əli ilə Bakını nəzarətdə
saxlamağa çalışırdılar. Çünki, belə
bir çətin vəziyyətdə bolşeviklər Bakı
kimi inkişaf etmiş neft sənayesinə malik şəhəri
əldən buraxmağı yolverilməz hesab edirdilər. Hələ
1917-ci il martın 5-də Bakıda İctimai Təşkilatlar
Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi
yaranmışdı. Martın 7-də Bakı fəhlə
deputatları soveti təşkil olunmuşdu. 1917-ci il oktyabr
inqilabından (25 oktyabr, yeni tarixlə 7 noyabr - K.Ş.) bir həftə
sonra, noyabrın 2-də (yeni tarixlə 15 noyabr) Leninin
tapşırığı ilə fəhlə, kəndli və
əsgər deputatların Bakı soveti yaradıldı.
Petroqradda silahlı hakimiyyət çevrilişindən cəmi
iki-üç gün sonra Lenin Stalini Bakıya göndərir.
Stalin Bakıda vəziyyətə nəzarət edir,
rusları və erməniləri təşkilatlanmaq
üçün səfərbər edir. Stalinin 1917-ci ilin
noyabrında Bakıya göndərilməsi və onun
Bakıda fəhlə, kəndli və əsgərlərin təşkilatını
yaratmaqda gördüyü işlər barədə mənbələr,
demək olar ki, yoxdur. Görünür, Lenin Stalini gizli
göndərmişdi Bakıya. Bu haqda Anastas Mikoyan
qardaşına yazdığı məktubda məlumat verir.
Belə ki, Mikoyan 28 dekabr 1917-ci
ildə qardaşına məktubda
yazır: "Noyabr ayında mən Gürcüstandan olan
yoldaşla tanış oldum. Çox ciddi adamdır. Siyasətdən
başı çıxır. Çoxları onun kimilərini
qiymətləndirmirlər. Düşünürəm ki,
onunla tanışlığı davam etdirməyə dəyər."
Bu
faktın özü Leninin, bolşeviklərin, ümumiyyətlə
rusların Bakı uğrunda mübarizədə hər
şeyə hazır olduqlarının göstəricisidir.
Lenin I Pyotrun Bakı ilə bağlı siyasətini davam etdirmək
qərarında idi. Rusiya donunu dəyişsə də, yəni
hakimiyyət üsul-idarəsi dəyişsə də,
başqa xalqlara, millətlərə münasibətini dəyişməmişdi.
1917-ci
ilin dekabr ayında Lenin Stepan Şaumyanı Qafqaz üzrə
fövqəladə komissar təyin
edir. Leninin Şaumyana əsas tapşırığı
Bakıda hansı yolla olursa-olsun, hakimiyyəti ələ almaq
idi. Rusiyanın özündə cəmi bir neçə şəhərdə
hakimiyyəti ələ keçirmiş bolşeviklər, ilk
növbədə, Bakını nəzarətdə saxlamaq
haqqında düşünürdülər. Lenin başda
olmaqla, onlar Bakıya Petroqraddan heç də az əhəmiyyət
vermirdilər. Birincisi, Bakı neftindən milyonlar əldə
etmək, ikincisi, Bakını ələ keçirməklə
bütün Qafqaza nəzarət etmək imkanı qazanmaq idi məqsədləri.
Ona görə də hələ Rusiyanın 90% ərazisində
hakimiyyətsizlik hökm sürdüyü halda bütün
diqqət Bakıya yönəlmişdi. Rus və ermənilər
bu işlər üçün səfərbər olmuşdu.
Lenin Şaumyanla müntəzəm əlaqə
saxlayırdı, onu təlimatlandırırdı. Əsas məqsəd
Bakını Azərbaycandan ayırıb Rusiya şəhərinə
çevirmək idi. Şaumyan bu işi nəyin bahasına
olursa-olsun, başa çatdırmalı idi. Bunun
üçün Şaumyan yubanmadan 21 dekabr 1917-ci ildə Bakı Soveti Qırmızı
Qvardiya silahlı dəstələri yaratmağa
başladı. 1918-ci ilin fevralında Qırmızı
Qvardiyada əsasən erməni və ruslardan ibarət olan
silahlı əsgərlərin sayı 3500 nəfərə
çatmışdı. Bakıda, Azərbaycanda milli
azadlıq ideyasının sürətlə yayılması
bolşevikləri çox narahat edirdi. Ona görə
Qırmızı Qvardiyada əsgərlərin sayı durmadan
artırılırdı. I Dünya müharibəsində
Türkiyəyə qarşı vuruşmaq üçün
Qafqazda cəmləşdirilmiş rus qoşunları xeyli sayda
sulah-sursata malik idi. Çar hökuməti tərəfindən
yaradılan erməni hərbi birləşmələri də
Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən
müasir silahlarla təchiz olunmuşdu. 1917-ci ilin
oktyabrında Rusiyada bolşevik çevrilişindən sonra
Qafqazda cəmləşən hərbi birləşmələrinin
zabit və əsgərlərinə
Daşnaksütyun partiyası və Erməni Milli
Şurası silahları təhvil verməmək
çağırışları ilə müraciət edirdi.
Nəticədə istər bolşeviklərin tərəfinə
keçən hərbi hissələr, istərsə də erməni-daşnak
bölmələri kifayət qədər müasir silah-sursatla təmin olunmuşdu. Cəbhədən
tərxis olunan hissələrdən bir zirehli qatar, xeyli zirehli
avtomobil və top götürülərək
Qırmızı Qvardiyaya verilmişdi. Rusiyadan da əhəmiyyətli
kömək göstərilirdi. Rusiya Xalq Komissarları Soveti
Bakı Soveti ordusunun yaradılması üçün 30
milyon 800 min rubl və hərbi təlimatçılar göndərmişdi.
İmkan düşən kimi növbəti partiya ağır
silahlar, ilk növbətə, ağır texnika və toplar
göndərirdi (Vasif Ağayev, Səbuhi Əhmədov.
Bakı Soveti və Sentrokaspi Diktaturası
qoşunlarının silahları. II yazı. ordu.az. 15 sentyabr
2018).
1918-ci il
martın əvvəllərində Şaumyan Moskvaya göndərdiyi
teleqramda yazırdı: Bakı Sovetinin qoşunları 7 min
bolşevik və 4 min erməni silahlısından ibarətdir
(yenə orada).
1918-ci il
təpədən-dırnağa qədər silahlanmış
erməni quldur dəstələri Bakıda azərbaycanlılar
yaşayan məhəllələrdə təxribatlar törətməyə
başlayır. Onlar heç bir əsas olmadan evlərə
basqın edir, axtarışlar aparır, əhalinin var-dövlətini
zorla əllərindən alırdılar. İstədikləri
azərbaycanlını heç bir hüquqi əsas və səbəb
olmadan həbs edirdilər. Hətta deyilənə görə,
bu erməni dəstələrinin əlində Azərbaycan
ziyalılarının, düşüncə
adamlarının, siyasətçilərinin adları və
ünvanları var imiş. Bu siyahıya əsasən erməni
vandalları görkəmli şəxsiyyətlərimizin
hamısını məhv etməli, milləti başsız
qoymalı idilər. Hətta Üzeyir bəy Hacıbəylinin
də adı bu siyahıda yer alıbmış.
Ermənilərin vəhşiliyi gündən-günə daha geniş vüsət alırdı. Hiddətlənmiş azərbaycanlı əhali hökumətdən tədbir görməyi tələb edir. Hökumət isə yalanla, boş vədlərlə onları sakitləşdirməyə cəhd edirdi. Mart ayının 19-dan başlayaraq Bakının azərbaycanlılar yaşayan məhəllələrinə silahlı hücumlar təşkil olundu. Novruz bayramı günləri Bakıda azərbaycanlı əhalini qırmaqla ermənilər xalqımızın sevimli bayramını qara matəmə çevirdilər. Azərbaycanlıların hiddəti son həddə çatmışdı. Xalq mitinqlər keçirərək hökumətdən hərəkət tələb edirdi. Şaumyanın rəhbərliyi ilə Bakı Soveti vətəndaş müharibəsinin başlanması üçün düşündüyü məkrli planları həyata keçirməkdə idi. Bu planlar Rusiyada hazırlanır və Şaumyan da oradan təlimatlandırılırdı. Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən demişdi ki, Bakl Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. Mart ayının 30-da vəziyyətin tam yetişdiyini görən Şaumyanın göstərişi ilə 13 min yaxşı silahlanmış erməni-bolşevik quldurları Bakının azərbaycanlılar yaşayan bütün məhəllələrinə hücuma keçdilər. Azğınlaşmış silahlı vəhşi erməni-bolşeviklər evlərə soxularaq sakinləri qılıncla doğrayır, uşaqları süngüyə keçirir, daha sonra evlərə od vurub yandırırdılar. Bakı buxtasında lövbər salan donanmanın matroslarına isə xəbər göndərmişdilər ki, guya azərbaycanlılar rusları vəhşicəsinə qırırlar. Bundan hiddətlənən rus matrosları dənizdən azərbaycanlılar yaşayan məhəllələri top atəşinə tutaraq həmin məhəllələri viran qoymuşdular. Bakı od-alova burunmuşdu. Küçə və meydanlar günahsız vətəndaşlarımızın meyitləri ilə dolmuşdu. 3 gün ərzində müxtəlif mənbələrə əsasən 15-20 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Azərbaycanlıların soyqırımı Bakı ilə kifayətlənmədi. Bakıdan başqa, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə də Bakı Soveti və Daşnaksütyun erməni silahlı dəstələri görünməmiş qırğınlar törətdilər. Ümumilikdə bu qırğınlar zamanı 50 mindən artıq vətəndaşımız vəhşicəsinə qətlə yetirildi. Ermənilərin və bolşeviklərin Azərbaycan xalqına qarşı törətdikləri bu dəhşətli qırğınlar, vəhşiliklər, soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
1918-ci il mart soyqırımından sonra bolşevik və daşnak birləşmələri Bakıda hakimiyyəti ələ aldılar. Aprelin 25-də Xalq Komissarları Soveti yaradıldı. XKS-nin sədri vəzifəsinə Şaumyan seçilir. Bakı və ətraf rayonların komendantı Avakyan təyin edilir. BXKS-nin bütün yüksək vəzifələrinə əsasən ermənilər yerləşdirilir. Mənbələrə nəzər salaq:
"25 aprel 1918-ci ildə Bakı sovetinin iclasında Bakı Xalq Komissarları Soveti yaradıldı. XKS bolşeviklərdən və solçu eserlərdən təşkil olundu. Bakı Xalq Deputatları Sovetinə daxil olan bolşeviklər: Şaumyan (BXKS-nin sədri və xarici işlər komissarı), Caparidze (daxili işlər komissarı), Zevin (əmək komissarı), Əzizbəyov (quberniya komissarı), Korqanov (hərbi və dəniz komissarı), Nərimanov (şəhər təsərrüfatı komissarı), Fioletov (xalq təsərrüfatı komissarı), Karinyan (ədliyyə komissarı), Kolesnikov (maarif komissarı).
Solçu eserlər: Vəzirov (torpaq komissarı), Suxarsev (Yol məlumat, dəniz nəqliyyatı, poçt və teleqraf komissarı). (SSRİ-də vətəndaş müharibəsi və hərbi intervensiya: ensiklopediya. M. Sovet ensiklopediyası. 1983. səh.49)
Digər rəhbər vəzifələrə Avetisyan, Ter-Qabrielyan, Kostanyan, Osipyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan və başqaları təyin olunmuşdu.
Tarixdə 26 Bakı komissarı kimi qeyd olunan "Bakı kommunası" birbaşa Leninin tapşırıqları əsasında fəaliyyət göstərirdi.
Əslində, Lenin Bakı kommunasını Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı düşünmüşdü. Çünki, Zaqafqaziya Seyminin üzvləri bolşeviklər tərəfindən idarə olunmurdu. Ona görə də Qafqaz xalqlarını bolşevik Rusiyasının təsir dairəsində saxlamaq üçün və Zaqafqaziya Seymini neytrallaşdırmaq üçün Bakı kommunası yaradılmışdı. 30 aprel 1918-ci ildə Şaumyanın rəhbərlik etdiyi Bakı kommunası şəhərdə bütün legitim dövlət qurumlarını, o cümlədən, Bakı şəhər Dumasını devirdi. Bakıda mövcud olan bütün Milli Şuraların fəaliyyəti qadağan edildi. Yalnız erməni Milli Şirasına icazə verildi ki, işini davam etdirsin...
Kamil ŞAHVERDİ
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.21.