YAXŞILIQ
Hekayə
Qanlı-qadalı müharibə illəri idi. Cəbhədə ağır döyüşlər gedirdi. Qara xəbər hər gün neçə-neçə evin qapısını döyürdü. Camaatın müharibə törədənlərə nifrəti aşıb-daşırdı. Hamı bir qarın ac, bir qarın tox dolanırdı. Arxa cəbhədə adamlar səhərdən-axşamadək çalışırdılar. Kənd yerlərində əkin-biçin olduğundan şəhərdə yaşayanlara nisbətən onların güzəranı pis deyildi. Gətirib məhsullarını bazarda satır, əyin-baş, ərzaq alırdılar. Şəhərdə möhtəkirlər hər şeyi od qiymətinə verir, kefləri çağ yaşayırdılar. Elə bil müharibə onlara aid deyildi. Neçə-neçə evdə uşaqlar: "Ana, acmışam, çörək ver, yemək gətir. Ana, soyuqdur, üşüyürəm!" - deyə zarıyırdı. Hərə öz hayında idi. Kim bilir, müharibə hələ nə vaxt qurtaracaqdı.
Bazarın tinində dayanmış Sahibə altı ay olardı ki, ərinin qara kağızını almışdı. Evdə nə vardısa, hər şeyi satmışdı. Gümanı heç nəyə gəlmirdi. Neft qurtarmışdı. Nə çörək vardı, nə qənd, nə də quru çay. Qohum-qonşunun üstünə getməyə də üzü gəlmirdi. Onlar da yaman gündə idilər. Ev soyuq, uşaq ac idi. İş tapmaq ümidi ilə neçə-neçə idarəni dolaşmışdı. Adicə xadimə vəzifəsinə təklif edən də tapılmırdı. Əynindən çıxartdığı nimdaş paltarını səhərdən bir neçə adama göstərmişdi. Alan tapılmırdı ki, tapılmırdı. Baxır, sonra başlarını bulayıb yollarına düzəlirdilər.
O, paltarı su qiymətinə satmağa da razı idi. Lakin insafa gələn yox idi. Odur ki indi
qanıqara dayanıb durmuşdu. Özü də bilmirdi ki, nə qədər gözləməli olacaq. Bütün bunlar azmış kimi, bir yandan da bayaqdan
addım-addım onun dalınca düşən,
dayananda isə ayaq saxlayıb onu gözdən qoymayan eynəkli cavan oğlan Sahibəni haldan çıxarırdı. Sonra elə
bil qadın yatmışdı, ayıldı.
Gəncə qanı qaynadı: "Pis oğlana oxşamır. Əlacım nədir?! Bəlkə köməyi dəydi", - deyə fikirləşdi.
Cavan oğlan da qadının üz cizgilərinin dəyişdiyini gördü,
başa düşdü
ki, "yumşalıb". Bu, onu ürəkləndirdi.
Sahibə
əbəs yerə burada vaxt itirdiyini
anlayıb bazardan çıxdı və evlərinə doğru getməyə başladı.
Məhəlləyə az
qalırdı. Qadın
gəncin onu izlədiyini görüb yavaş səslə:
"Yaxınlaşma, asta-asta
gəl", - dedi.
Məhəllədə iki kişi əyləşib nərd oynayırdı. Gənc ehtiyat elədi: "Bu məhəllənin
cavanlarını yaman
deyirlər. Yetənə
yetir, yetməyənə
bir daş atır, heç nədən adamı çək-çevirə salır,
döyüb-əzişdirirlər. Hətta ölüb-öldürməkdən
də qorxmurlar. Birdən bu gözəl aldadıb məni tora salar..."
Məhəllə cavanları gözə
dəymirdilər. Müharibənin
qızğın çağında
kimisi cəbhəyə
getmişdi, kimisi gecə-gündüz neft mədənlərində çalışırdı.
Beşi-onu da qaçıb
gizlənmişdi.
Az sonra Sahibə alçaq bir evin qapısını açıb içəri
girdi. Cavan oğlan onun ardınca özünü
içəri saldı.
Otaqda 3-4 yaşlarında
son dərəcə arıq,
rəngi solğun bir oğlan uşağı sınıq-salxaq
oyuncaq maşınla oynayırdı. Anasının
gəldiyini görüb
onun qarşısına
yüyürdü, ümid
dolu baxışlarını
Sahibənin sifətinə
zillədi:
- Ana, çörək aldın?
Qadın
cavab əvəzinə
göz yaşlarını
tökdü. Cavan oğlan:
- Mən indi gəlirəm,
- deyib çıxdı.
Bazarda bahalıq olsa da, hər şey vardı. Gənc ətraf kəndlərdən
idi. Dünyanın bu qarışıq vaxtında pis dolanmırdılar. Həyət-bacanın
məhsulundan bazara daşıyır, azdan-çoxdan
qazanırdı. Bunun müqabilində
evdən ona cibxərcliyi verirdilər.
Gözləri yaxşı
görmədiyindən davadan
buraxmışdılar.
O, kağız torba götürüb iki kilo çörək, 10-15 ədəd
qənd, bir az quru çay,
bir dənə sabun alıb geri qayıtdı. Həmin günlər üçün bu bazarlıq böyük iş idi. Evdə
məlum oldu ki, neft də qurtarıb.
Qadına müraciətlə
soruşdu:
- Qonşudan neft tapmaq olar?
- Gedim, baxım... Hamı bizim günümüzdədir.
- Bir az borc al, sabah
gətirərəm, həm
işlədərsən, həm
də qonşunun borcunu verərsən.
Sahibə
çörəkdən bir
parça kəsdi. Bankanın dibində qalmış şordan çörəyin üstünə
yaxıb oğluna uzatdı. Uşaq acgözlüklə yeməyə
başladı. Sonra qadın
şüşə qab
götürüb çıxdı.
Qonaq aclıqdan əziyyət çəkən, gözlərinin
altı gömgöy göyərmiş oğlanın
saçlarını tumarladı,
eyni zamanda gözlərinin yaşardığını
hiss edib özünü
ağlamaqdan güclə
saxladı. Üzünü
uşağa tutub:
- Sənin adın nədir? - deyə xəbər aldı.
- Malik.
Oğlan
da, öz növbəsində,
onun adını soruşdu.
- Mənim də adım Zülfidir.
Çörəyi yeyəndən sonra
Malikin gözlərinə
sanki işıq gəlmişdi. Dil-boğaza
qoymurdu:
- Sən mənim atamsan? Davadan gəldin? İndi bizim çörəyimiz olacaq?
Anam deyirdi ki, atan qayıdan kimi hər şeyimiz
olacaq.
Zülfi
bir anlığa nə cavab verəcəyini
bilmədi. Sonra ağır-ağır:
- Atan davadan hələ
qayıtmayıb, - dedi.
- Amma sən narahat olma. Bu gün-sabah gələr.
Uşağın əhvalı təzədən
qarışdı. Qanı
qaraldı. Bunu görən Zülfi tez:
- Mən sənin əminəm. Qorxma, indi sizin hər
gün çörəyiniz
olacaq. Hələ sənə meyvə də, konfet də gətirəcəyəm.
Uşağın gözlərində sevinc
parladı:
- Əmi, bəs bu vaxta qədər
harada idin? Niyə gəlib bizə dəymirdin?
Zülfi
tutuldu. Onu bu vəziyyətdən Sahibə qurtardı. Qapı açıldı.
O, əlində neft dolu şüşə içəri girdi:
- Allah, bu nə zülümdür
biz çəkirik? Bizi
bu günə salanın tifağı dağılsın.
Az keçmiş çay da hazır oldu. Adama bir stəkan
çay içdilər.
Anasına söykənərək
oturmuş Maliki yuxu aprardı. Sahibə mitil yorğan-döşəyi
yerə saldı.
Maliki soyundurub yatağa
uzatdı.
Zülfi
neft lampasının solğun işığında
qadının hərəkətlərini
izləyirdi. Onun yaraşıqlı, lakin solğun sifətində ötən illərin ağrı-acısı, ehtiyac
içərisində keçən
həyatının qayğıları
gizlənmişdi. Yarımqaranlıq
otaqda adını belə bilmədiyi yad bir kişiylə yalqız qalmaq məcburiyyətində olduğundan
mənəvi sarsıntı,
əzab və işgəncə, dərin
narahatlıq hissi keçirirdi.
Sahibə
sandığın üstündəki
sonuncu yorğan-döşəyi
də götürüb
evin o biri küncündə yerə
saldı. Yanaqlarında
göz yaşları,
xəcalətindən min dəfələrlə
ölüb-dirilərək Zülfiyə sarı çevrilərək yatağı
göstərdi:
- Gecdir, keç, dincəl, - dedi. Sonra üzünü yana çevirdi. Eyni zamanda o, bu iki
yatağın hansına
girəcəyini qət
edə bilmədiyindən
çaşıb otağın
ortasında qaldı.
Zülfi
oturduğu stuldan qalxmadan dayanıb baxırdı. O da ağır
vəziyyətdə qalmışdı.
Sahibə lampanın işığını azaldıb
üst paltarını
çıxarmaq istəyəndə
Zülfi ayağa qalxdı:
- Yaxşı, mən gedim...
Qadın
qulaqlarına inanmadı
və eyni zamanda onu yaranmış
vəziyyətdən çıxardığına
görə Allahına
min dəfələrlə şükür
elədi. Yarıkönül:
- Gecənin bu vaxtı hara gedəcəksən?
Gecdir, yer salmışam. Yat, dincini al, səhər ertə gedərsən...
Gecənin bu vaxtı hara gedəcəyini heç Zülfi özü də bilmirdi. Bakı kəndlərinin birində yaşayırdı.
Gecəni burada qalmaq fikrində olduğundan bu qədər ləngimişdi.
İndi isə...
- Yox, getməyim məsləhətdir. Yenə
gələcəyəm. İmkanım
daxilində çalışıb
sizə kömək əlimi uzadacağam.
Sonra xudahafizləşib çıxdı. Otağın ortasında donub qalmış Sahibə haçandan-haçana özünü ələ aldı. Zülfinin xeyirxahlığı, alicənablığı onu riqqətə gətirdi. Göz yaşlarını sinəsinə tökdü.
...Bu minvalla Zülfi il yarıma yaxın - müharibə qurtarana qədər gündə də olmasa, günaşırı, həftədə bir dəfə bu ailəyə baş çəkirdi. Qohumlarının köməyi ilə qadını işə də düzəltdi. Onlar üçün əlinə düşəndən, kənd payından - süd, qatıq, göyərti, meyvə gətirir, arada uşağa əyin-baş da alırdı.
Zülfi bir gün işdə oturmuşdu. Qəflətən zəng çalındı. Dəstəyi qaldıranda tanış qadının - Sahibənin səsini eşitdi. O, həyəcanlı idi. Qəhər onu boğduğundan danışmağa imkan vermirdi. Lakin bu, sevinc yaşlarına oxşayırdı:
- Ərim müharibədən gəldi...
Zülfi əvvəlcə qulaqlarına inanmadı. Ona görə təəccüb içərisində soruşdu:
- Necə yəni müharibədən gəldi?
- Sən demə, itkin düşübmüş, elə biliblər həlak olub. Bu gün şadyanalıq edəcəyik. Qonşular da yığışacaq. Səni də dəvət edirəm. Mütləq gəl. Ərimlə birlikdə səni gözləyəcəyik.
Zülfi bir dəstə gül, bir qutu şokolad alıb Sahibəgilə getdi. Qonaqlar artıq əyləşmişdilər. Zülfinin gəlişi Sahibəni çox sevindirdi. İrəli yeriyib mehribanlıqla onunla görüşdü. Bu, qonşuların diqqətindən yayınmadı. Mənalı-mənalı bir-birlərinə baxdılar. Sahibə Zülfini əri ilə tanış etdi:
- Bu bizim ailənin ən yaxın adamıdır. O, çətin, ağır günlərdə sənin namusunu qoruyub. Ev əşyalarının hamısını satmışdım. Yeməyə, otağı qızdırmağa heç nə yox idi. Uşaq acından yata bilmirdi. Boynu armud saplağına dönmüşdü. Bu cavan oğlan mənə rast gəlməsəydi, daha bilmirəm, bizim günümüz-güzəranımız necə olacaqdı?! O, təmənnasız olaraq kömək əlini ailəmizə uzatdı. Tez-tez bizə gəlib-getdiyindən qonşular elə bilirdilər ki, o mənimlə yaşayır. İndi istəyirəm sən də, qonşular da əsil həqiqəti biləsiniz: bu neçə müddət ərzində o özünü həqiqi kişi, namuslu, xeyirxah insan kimi aparmışdır. Onun barmağı da mənə toxunmayıb. Mənə, ailəmizə etdiyi yaxşılığa görə indi mən hamının, ərimin yanında onu öpmək, bütün nəcib və xeyirxah hərəkətlərinə görə minnətdarlıq etmək istəyirəm.
Sahibə Zülfini öpdü.
Heç kimin, o cümlədən, ərin də gənc qadın və cavan oğlan arasındakı münasibətin saflığına, səmimiliyinə şübhəsi qalmamışdı. Əksinə, Zülfinin fədakarlığı, xeyirxahlığı hamını riqqətə gətirmişdi.
Akif ABBASOV
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.25.