Şahidin ölümü
Hekayə
...Kim deyir ki, Orada vaxt keçmir?.. Saatın əqrəbləri tərpənmir.
Zaman donub. Bəlkə
də inanardı.
Ancaq Oradan çıxanda uzun koridorun tinindəki iri bədənnüma güzgüdə
təpədən-dırnağacan, altdan yuxarı zəndlə, dönə-dönə,
dəfələrlə özünə
baxmışdı. Əgər
Orada vaxt keçməsəydi, on beş
il bundan əvvəlki
şəvə saçları
niyə indi bəs belə dümağ idi? Əgər Orada vaxt keçmirdisə, şax qaməti niyə əyilmişdi, ağzındakı cabəca
dişləri də çürüyüb tökülmüşdü.
Daraqbatmaz saçları
bir yana, başı da keçəlləşib
dazlaşmışdı. Bir vaxt kefinə düşüb dağa-daşa
güc edəndə, yerindən tərpətdiyi
qolları niyə indi nazilib az
qala çubuğa dönmüşdü?!
***
Amma... Onun məhkum olduğu dustaqxanada on beş il bir zaman, vaxt kimi keçməmişdi.
Əgər keçsəydi,
on beş il bundan qabaq türmədə dustaq kimi kamerada
ilk gecə qərara aldığı hökmün
icrasını zaman, o vaxt
keçdikcə yumşaldardı,
icranı ləğv etmək fikrinə düşməsə də,
bəlkə daha yüngül bir cəza ilə əvəz etmək qərarına gələrdi.
Yox, onun üçün kamerada
zaman, vaxt keçməmişdi.
Bu on beş ildə kini-küdurəti zərrəcə
soyumamış, hirsi-hiddəti,
qəzəbi daha da şiddətlənib alovlanmışdı.
Buradan çıxan kimi bir vaxt
üzünə duran Şahidləri axtarıb tapmaq və hökmən onlardan amansız bir qisas, intiqam almaq! Bəlkə də ürəyi onda soyuyardı...
...Ona elə gəlirdi ki, on beş ili türmədə
məhz o qəzəbin,
qəlbindəki kinin-küdurətin,
intiqam, qisas, hayıf almaq qərarının, özlüyündə
verdiyi o hökmün icrasını yerinə yetirmək hesabına dözüb durub, tab gətirib. Günləri saya-saya bu günü
- cəza müddətinin
axır ki, başa çatacağı günü
səbirlə, hövsələ
ilə, hətta günləri saya-saya gözləyib.
***
Məhkumları kameralardan çölə,
qısamüddətli gəzintiyə
çıxarırdılar. Məhbuslar hündür daş hasar divarla əhatələnmiş
həbsxananın divarları
boyu ora-bura addımlayırdılar ki, ayaqları
tutulmasın. Belə vaxtlarda keşikçi qülləsindəki əli
avtomatlı mühafizəçilər
daha ayıq-sayıq olardılar. Bir himə bənd idilər ki, barmaqlarını tətiyə
çəksinlər.
Hər bir məhkum gəzə-gəzə özlüyündə,
əlbəttə, nələrsə
fikirləşir, götür-qoy
edirdi. Onunsa gözü divarlar boyu yazılan çağırışlarda gəzərdi.
"Unutma, səni anan-atan gözləyir!",
"Evini, qoyub gəldiyin arvad-uşağı
yaddan çıxarma!"
O isə hər belə çağırışın
əvəzinə ürəyindəki
səsi eşidərdi;
ona elə gəlirdi ki, divara başqa sözlər yazılıb: "Çöldə
səni qisasın gözləyir!"
Hündür qüllədəki ayıq-sayıq
keşikçinin gülləsindən
qorxmurdu. Hərçənd
ki, fürsət tapıb
qaçmağa cəhd
edən dustaqlardan keşikçilərin gülləsinə
tuş gələnlər
də olmuşdu.
"Unutma ki, səni çöldə qisasın
gözləyir..."
***
...İş yerində darısqal bir otaqda üç nəfər idilər. Üçü də məktəb illərindən
bir-birinə yaxın keçmiş sinif yoldaşları: o, dostu və bir qız.
Yuxarı
siniflərdə az qala, bütün məktəb onunla o qızın "Leyli-Məcnun"luğundan
xəbərdar idi.
O, sinif nümayəndəsi idi. Məktəbin fəxri, iftixarı idi. İşə bax, üçü də sonralar eyni bir ali
məktəbə, eyni
fakültəyə daxil
olmuş və hətta bir qrupa düşmüşdülər.
İndi də eyni bir yerdə təyinatla işə başlamışdılar.
Otaqda üçü idi. Kassadakı pullara qız cavabdeh idi. Seyfin açarı
qızda idi. Müdir kimi onda da ehtiyat açarlar var idi. Tez-tez ümumi xatirələri yada salanda
otaq dostları hər ikisinə sataşardı. Yaman zarafatcıl idi, ağlına gələni
də dilindəydi:
- Daha nə qədər
gözləyək? Toyunuzda
babatca rəqs etməkdən ötrü
evdə hər gün qol götürüb
oynamaqdan, məşq etməkdən qollarım yorulur, dizlərim bükülür. Musiqi səsindən yuxusu qaçan qonum-qonşu da məni abırdan salır. Nə vaxt tərpənəcəksiniz?..
Belə
söhbətlər zamanı
nə qədər araları açıq olsa da, qız ortaq dosta barmağını
silkələyə-silkələyə gülüb otaqdan çıxır, O isə:
- Sən məşqinə
davam et, - deyirdi, - toyxanada məharətini göstərməyə bir
elə qalmayıb.
...Ancaq... Çevrilib üzünə baxsaydı,
dostunun o məqamda, az qala, boğula-boğula
necə nəfəs almasına diqqət kəsilsəydi, bəlkə
də, elə bil quyruğunu gizlədən bir gürzə ilan kimi necə fısıldadığının şahidi olardı.
***
Bir gün müştərək
dost qəflətən, birdən-birə,
lap anidən əvvəlcə
qeyri-təbii, lap sonralarsa
açıq-aşkar başa
düşdü ki, qızın
bir gözü pul kassasındadır. Hərçənd ki, kassanın
bir açarı da elə onun özündə
idi. Köks ötürdü, kassadakı
o pullarla yox, eləcə yarısı ilə də necə bir yeni həyat qurmaq olardı. Ancaq o kassadakı sayılı pul dəstlərindən bircə manat belə əskik olsaydı, bunun altından çıxmaq
da olmazdı. İşin
üstü açılsaydı,
cinayət məsuliyyətindən
yaxanı kənara çəkə bilməzdin.
Ancaq günlərin bir günü kassaya necə tamarzı ilə baxdığı otaq dostunun da gözlərindən yayınmadığını
başa düşən
qız qorxub diksindi. Tez baxışlarını
gizlətdi. Gec idi. Ancaq oğlanın
da gözlərinin o kassaya
necə acgözlüklə
dikildiyini görüb
elə bil sakitləşdi. Və zəndlə, sınayıcı
nəzərlərlə ona
baxdı. Bir müddət
hər ikisi lal-dinməz bir-birlərinə
baxa-baxa qaldılar. Heç biri danışmırdı, susurdular.
Amma... Hər ikisinin bəbəklərindəki şeytanlar
elə bil bir-birlərinə göz vururdular, öz aralarında danışırdılar.
Sonra qımışdılar. Bundan sonra köhnə
dost daha Onu toy etməyə tələsdirmədi.
***
...Hadisə qəfil oldu. Bir gün qayda üzrə növbəti dəfə pul kassasını açıb
təftiş etmək
istəyəndə seyfi
bomboş gördülər.
Kassadakı pullar yerli-dibli yoxa çıxmışdı. Dərhal
inzibati orqanlardan əməkdaşlar gəldi.
Kassa yarılmamışdı.
Sadəcə, qıfıl
açarla açılmış
və pullar götürülmüşdü. Kassaya cavabdeh qız idi, açarlar
da onda idi və qız istintaqa cəlb edildi.
Dostu: - Nə fikirləşirsən?
- deyə ondan xəbər aldı, - hətta yarıciddi-yarızarafat:
- Bəs budurmu vəfan, Şirinin yolunda canını fəda edən Fərhad, Leyliyə görə çöllərə
düşən Məcnun...
Fikirli-fikirli acıqla dostunu
süzdü: - Məzhəkə
yeridir heç...
Dostu canıyananlıqla: - Qızı
xilas etmək üçün bir yol fikirləşməliyik...-
deyə mənalı-mənalı
dilləndi.
***
Bu dəfə imdad diləyirmiş kimi, çarəsiz-çarəsiz dostunun
üzünə baxdı.
Anlamışdı ki, zirək,
çoxbilmiş dostu,
deyəsən, bir şey fikirləşib.
- Neyləyə bilərəm
ki?..
Dostu əlbəəl: - Boynuna götür, - dedi.
- Nəyi?
Dostu yenə də:
- Kassanın açarları
axı səndə də var, - dedi. - Kassanı özünün
açdığını, pulları oradan götürdüyünü etiraf
et...
Bu qəfil məsləhətdən
əvvəlcə duruxdu.
Fikrə getdi. Haçandan-haçana: - Bunu
onlara necə sübut edə bilərəm? - deyə nigarançılıqla dostunun
üzünə baxdı.
Üzünü ondan gizlətməyə çalışan
dostu: - Cinayətin sübutu üçün
günahkarın özünün
etirafı ən əsas dəlildir. Lap sonra iki şahidə
ehtiyac olur...
Dostu sonra bic-bic:
- İşdir-şayət, lazım
gəlsə, şahid
sarıdan da narahat olma! - dedi. - Sevanı başa salarıq. Şahidlik edər ki, bir gün qabaq açarları ondan almısan.
Duruxdu.
- Yox, inanmıram ki,
Seva buna razı olsun...
Dost canıyananlıqla:
- Bu yaşda cavan qız türmədə çürüməyəcək ki? Sənin də türməyə düşməməyin
üçün sonra
bir şey fikirləşərik...
Sonra da qımışa-qımışa: - Hə, ay çöllərə
düşən Məcnun,
ay külüngü başına
vuran Fərhad, nə deyirsən?
- Bəs ikinci şahid?
Dostu ah çəkdi, köks ötürdü, doluxsuna-doluxsuna:
- Nə edim, çarəm
yoxdu. Nə qədər ağır olsa da, ikinci şahidliyi özüm edərəm ki, yanımda
seyfin açarlarını
ondan aldın... - dedi.
***
...Müqəssir günahını
özü etiraf etmişdi. İki nəfər şahid də üzünə durmuşdu. Uzun çəkən istintaq axır ki, yekunlaşdı.
Külli miqdarda dövlət əmlakını
mənimsəmək üzrə
iş məhkəməyə
verildi.
***
Hakim məhkəmənin hökmünü
oxuduqdan sonra əlisilahlı konvoylar qolları qandallı məhkumu məhkəmə
zalından çıxartdılar.
Dustaq maşını
elə məhkəmə
binasının qapısının
lap ağzında durmuşdu.
Qapalı maşının
özü də, elə bil, biradamlıq
kameralı türməyə
oxşayırdı. Maşına
minəndə bir anlıq ayaq saxlayıb bayırda azadlığın sonuncu havasını ciyərlərinə
çəkmək üçün
köks ötürüb
dərindən nəfəs
aldı. Dördgöz
olub ətrafa boylandı, diqqətlə
ətrafın, elə
bil quşların səsinə, ağacdakı
yarpaqların pıçıltısına
dinşək kəsildi.
Bilirdi ki, bu onun azadlıqdakı dünyası ilə, bəlkə də son görüşüdür.
Qarşıdakı geniş, şosse
yoldan maşınların
siqnal səsi bir-birinə qarışmışdı.
Musiqi səsləri də ətrafa yayılmışdı. Başa
düşdü ki, toy karvanıdır.
Həsrətlə ard-arda
düzülmüş maşınlara
sarı boylandı, gözləri bəylə
gəlinin əyləşdiyi
maşını axtardı.
Hə, lap qarşıdakı
güllə-çiçəklə, çələnglə bəzədilən
bahalı maşın
idi.
Birdən
gözləri alacalandı.
Yox, gözləri onu aldada bilməzdi.
Bəylə gəlin onlar idi! Öz
təkidi ilə üzünə duran şahidləri...
Məhkəmənin onun haqqında çıxardığı
hökmlə cəza yerinə həbsxanaya aparılırdı. Elə
həmin an o da özlüyündə
şahidlər haqqında
hökm çıxartdı.
Azad olandan sonra hökmən onları cəzalandırmaq, təzədən
həbsxanaya düşsə
belə, qisas almaq!
***
...Hə, bəsdir oturduğu skamyada başını çemodanına
söykəyib mürgüləyə-mürgüləyə
dağı arana, aranı da dağa daşıdığı fikir-xəyallar,
götür-qoylar...
Hara getsin, hara yollansın, kimə üz tutsun?..
Türməyə düşəndən
sonra ilk illər onun da yanına görüşə gələnlər,
itirib-axtaranlar var idi. Sonralar onu unutdular.
Elə o özü də unutdu. Unutmadığı təkcə
o şahidlər idi. Elə bil axtardığını
tapdı. Əlbəttə,
köhnə məhəlləyə
yollanmalı, axırıncı
dəfə onunla görüşə gələn
həmtayı, uşaqlıqda,
cavanlıqda oturub durduğu məhəllə
uşağı ilə
görüşüb o şahidlərdən
bir xəbər, məlumat almalı idi. Yerlərini, ünvanlarını öyrənməli
idi.
- Ağsaqqal, saat neçədir?
Başını qaldırıb qarşısındakı
yeniyetmə oğlana baxdı. Sonra da qolundakı
saata... Yox, vaxt orada keçmirdi.
Burda isə... Düz üç saat idi ki, skamyada
oturub qalmışdı.
Oğlana saatı dedi. Oğlan aralanandan sonra o da yerindən qalxıb köhnə məhəlləyə
yollandı.
***
Qəribə idi. Demə, vaxt elə buralarda
da keçməyibmiş... Məhəllə elə həmin köhnə məhəllə idi. Ağaclar, səkilər, evlər elə həmin - həminki idi. Heyrətləndi. Əgər vaxt burada keçsəydi, on beş il bundan qabaq gördükləri yenə elə həmin bu biçimdə
qalardımı?
Axtardığı məhəllə uşağını
tapdı. Yenə heyrətləndi. Bu nə
iş idi? Yox, əgər vaxt burada keçməsəydi,
köhnə tanışı
belə qocalmazdı...
***
- Nə var, nə yox?
Köhnə məhəllə uşağının
sualına cavab verməyib susurdu.
- Nə vaxt çıxmısan?
Xəbər eləyəydin,
gəlib maşınla
qarşılayardım.
Sonra yenə də sükut... Köhnə məhəllə uşağı
daha heç nə demədi, heç nə soruşmadı. Elə bil on beş il bundan qabaq yox,
günü dünən
oturub-durub ayrılmışdılar.
O da susub dinmirdi.
Ancaq birdən elə bil diksindi. Sanki sirri faş olmuşdu. Ehtiyatla məhəllə uşağının
bir yerdə qərar tutmayan gözlərinə baxdı.
Məhəllə uşağı
nəzərlərini yayındırmağa
çalışdı. Sonra da sanki ötən günkü havanın ondan xəbərsiz buludlu-buludsuz olması xəbərini ona çatdırırmış kimi:
- Ancaq... gecikmisən,
- dedi.
- Necə?
Elə bil yerində quruyub qalmışdı, sonra da ayılıb Məhəllə uşağını
altdan yuxarı çaşqın-çaşqın süzdü. Necə? Məhəllə uşağı
köks ötürdü.
Sonra da biganəliklə:
- Onların heç biri indi həyatda
yoxdur, - dedi.
Sonra da:
- Cəzalarına elə bu dünyada çatdılar. Hər ikisi gorbagor olub. Daha sənin
qisas almağına ehtiyac qalmayıb.
Köhnə tanışının yaxasından yapışıb
bərk-bərk silkələdi.
Qəzəb qarışıq
boğuq səslə:
- Əməlli-başlı başa
sal, görüm, nə məsələdi.
Eşitdiyi xəbərlərdən quruyub qalmışdı. Elə bil nitqi
qurumuşdu. Tapıb söz deyə bilmirdi. Köhnə Məhəllə uşağı
isə yerli-yataqlı
hər şeyi, ötənləri, arada susub siqaretinə qullab vura-vura ardıcıllıqla nəql
edirdi, danışırdı.
***
Köhnə tanışı yaxasını
onun əlindən güclə qurtardı. Qorxa-qorxa:
- Əşşi, mənim nə günahım? - deyə ehtiyatla dilləndi, - Bir qulaq as...
...Bəs..
Demə,
onların evlilikləri
uzun sürməyibmiş.
Evliliklərinin elə
ilk günlərindən itlə
pişik kimi dolanırlarmış. Bir oğulları
olur. Uşaq da onları barışdıra
bilmir. Bu da axırı...
Bir gün yenə sözləri çəpləşir,
söz böyüyür.
Ortaya qan düşür. Özündən
çıxan ər mətbəxdən bıçağı
qapır, hirsi soyuyanacan bıçağı
arvadın sinəsinə
saplayır. Hirsi soyuyanda
isə daha gec idi.
Öz ayaqları ilə könüllü polisə
gedib özünü təslim edir. İyirmi illik həbs cəzası. Ancaq o bu məhkumluğun
heç üç ilini də orada
keçirə bilmir. Nədən ki, türmədə
intihar edir. Doğrudur, onun intiharı ilə bağlı dedi-qodular, şayiələr də çıxdı. Guya ki, onun ölümü intihar deyilmiş.
***
On beş il türmədə
yata-yata bu günü gözləmişdi.
Həbsdən azad olunan kimi dərhal
yalançı şahidləri
axtarıb tapmaq və onlardan qisasını almaq!
İndi budur, onların
hər ikisi dünyada yox idi... Elə bil birdən-birə diksindi. Bəs onu on beş illik məhkum ömrü yaşadan üçüncü şəxs?
O ki, sağ idi... Yox, o da cəzasına çatmalı idi.
Həbsxanada on beş ili qisas gününün naminə dözüb durmuşdu. Bir ara intihar etmək qərarına gəlmişdi.
Ac-susuz qalmışdı.
Onun türməyə
düşməyinin əsl
səbəbindən xəbərdar
olan dustaq yoldaşları onu ələ salıb təhqir etmişdilər.
Dəfələrlə özündən
güclülər tərəfindən
alçaldılmışdı. O isə dözüb durmuşdu. Məhz həbsxanadan azad olandan sonra ona
rahatlıq gətirəcək,
təzədən buraya
düşsə də,
özlüyündə müqəddəs
bildiyi qisas alacağı gününün
naminə intihar fikrindən də əl çəkmiş, təhqirlərə də
dözüb durmuşdu.
Yox, üzünə duran o yalançı şahidlərdən
qisasını almalı
idi. Yoxsa gora rahat gedə
bilməzdi. İşdir-şayət,
qisasını almamış
qəfil dünyasını
dəyişsəydi, od tutub
qəbri yanardı. Elə bil birdən-birə
diksindi. Başına girən qara-qura fikirlərdən, elə bil, onu üşütmə
tutdu. Yalançı şahidlər... Bəs özü? Axı, "cinayət"ini boynuna alıb "etiraf" edən özü olmuşdu. Deməli, onu on beş il məhkum ömrü yaşatmağa məcbur edən əsl günahkar elə özü olmuşdu...
***
...İndisə on beş ildən bəri qəlbində gəzdirdiyi
ən böyük məqsədi heç-puç
olmuşdu, yoxa çıxmışdı. Bundan
sonra hansı istəklə yaşaya bilərdi? Nəyisə arzulamaq, ona qovuşmaq naminə yaşamaq olardı. Bundan sonra arzu-istək
boş şey idi. İndi gücü, deyəsən, təkcə
elə özünə
çatacaqdı...
...Elə bil axtardığını
birdən tapdı. Haqsız həbsində günahkar olan üçüncü şəxs
sağ idi. Dənizə tərəf yollandı.
***
Dəniz
qırağında gəzişənlər
arasına səs-küy
düşdü. Hamı
irəliyə, səs
gələn tərəfə
tələsdi. Səsi
eşidən biri dedi ki, gözlərimlə
gördüm, orta yaşlı bir kişi idi. Özünü dənizə
atdı. Çox güman ki, intihar etmək qərarına gəlibmiş.
2020
Aydın TAĞIYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.28-29.