Aqibətnamə
Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərində ölüm
məqamları
(Əvvəli ötən saylarımızda)
Fərid HÜSEYN
Özü kimilərdən qaçış
(Məcnunun anasının ölümü)
Məcnunun dayısı Səlim
Amiri onun yanına gəlir. Çöllərə
düşmüş bacısı
oğluna paltar, yağlı kökə gətirir. Məcnun dayısına deyir ki, paltar mənim bədənimi yandırır,
iştahamsa ölüb,
amma gətirdiyin yeməkləri götürəcəm,
şirə və marala verəcəm, çünki onlar yemək yedikcə mən doyuram. Bu detal əsərdə heç də təsadüfi xarakter daşımır. Belə
ki, Nizami bununla Məcnunun öz varlığından tamamilə
əl üzdüyünü
göstərir. Məcnunu
bu sayaq olmağı eşq öyrədib. Çünki
eşq insana başqası üçün
yaşamağı öyrədir,
ona görə Məcnun heyvanları yedirdəndə doya bilir, insan mənəvi
gücü ilə fiziki gücünü bərpa edir. Acgöz, dünyagir insanlarda isə eyni proses əksinə olur: acgöz insan yedikcə acır, tamahkarsa dolduqca boşalır...
Nizami bu əhvalatdan sonra maraqlı bir hekayə də nəql edir. Hekayədə deyilir ki, bir gün şah mağarada yaşayan və bir çəngə
ot yeyərək qarnını doyuran zahidi görür, ondan nə üçün
belə ağır durumda yaşadığını
soruşur. Zahid öz
halından razılıq
edir, məmnunluğunu
dilə gətirir. Bu vaxt şahın adamlarından biri zahidə təklif edir ki, əgər sən də bizim kimi şaha
qulluq eləsən, gün ərzində bir çəngə ot yeməkdən, belə səfil dolanmaqdan xilas olarsan. Bu zaman zahid həmin adama öz nəzər-nöqtəsindən
xilas yolu göstərərək deyir:
"Sən də mənim kimi bir çəngə otla qidalanmağa qane olsan, şaha
qulluqdan, ömrünü
başqasının xidmətində
çürütməkdən xilas olarsan". Nizami, əslində, bu əhvalatla saray şairlərinə də eyham vurur,
amma məsələnin
özəyi, əlbəttə
ki, Məcnunla bağlıdır.
Şair bu hekayətlə Məcnuna acıyanların, əslində,
acınacaqlı gündə
olduğunu göstərir,
bu dünyada xürrəmliyin, səadətin
mahiyyətinin daxili məmnunluqda, könül
xoşluğunda olduğunu
açır.
Bu hekayə, əslində, çöldə narahat yaşayan Məcnununmu daha dinc, yoxsa
evdə, gözəl şəraitdə ömür
edənlərin ruhi rahatlığının meyarları
üzə çıxır.
Gözəl evdə eşqsiz, ülfətsizmi
yaşamaq gözəldir,
yoxsa çöldə,
biyabanda böyük məhəbbətlə, əlçatmaz
eşqlə?! Cavab aydındır...
Məcnun
onu yoluxmağa gəlmiş dayısından
anasının əhvalını
soruşur və Səlim Amiri gedib anasını oğlunun yanına gətirir. Anası Məcnuna eşqin daşını atıb evə qayıtmağı tövsiyə
edir. Məcnun anasına deyir ki, mən canımın quşunu qəfəsin qəlibindən xilas eləməyə çalışıram,
sən məni evə çağırmaqla
tora çəkirsən.
Səhrada vəhşi
heyvanlarla mahnı oxumaq evdə qaşqabaqlı olmaqdan daha yaxşıdır.
Anası
evə gəlir və eynən atası kimi oğlunun yanından qayıdandan sonra dünyadan köçür.
Məcnun bu ölüm xəbərindən
möhkəm sarsılır
və özünü
həmin aqibətə
bais hesab edir. Sanki Məcnun onu dünyaya gətirən birinin dünyadan köçməsinə
səbəb olduğunu
özünə bağışlaya
bilmir.
Və Nizami bu ölümləri
nə üçün
bu qədər faciəvi əks etdirir? Çünki bu ölümlər dünyadan dördəlli yapışan, ondan əl çəkmək istəməyən sadə
insanların aqibətləridir.
Ona görə də onlarla bağlı əzablar da şiddətli
olur. Sərvət toplayanlara Nizami mıxyığan deyir. İnsanlar çox zaman öz canının zəkatını alır
həyatdan. Amma zəkat
topladıqca özünü
aciz yox, şah sanır. Dünyada əksər insan özü kimisinə möhtacdır.
Nə qədər ki insan özü kimisinə möhtacdır,
o vaxta qədər qara torpaq ölüm
vasitəsilə onların
eyiblərinin üstünü
örtəcək. İnsanın
özünüdərkində ən ağlabatan nəticə sonda heç olmasını dərk etməsidir. Allah eşqi ona görə
var ki, insan özükimilərə
tabe olmasın. Anasının və atasının təkidi ilə Məcnunun evə qayıtmaması həm də özükimilərə tabe
olmaması, dünyaya
üsyanı ilə bağlıdır. Bu dünyada
aş yeyəni xilas etmək lazımdır, ot yeyəni yox, amma dünya əksini düşünür,
aş yeyən şahın qulluğundadır,
ot yeyən Allahın. Ona görə də Məcnunu xilas etmək yox, Məcnunu o həyatdan ayırmaq istəyənlərin özlərini
yaşadığı reallıqlardan
xilas etmək lazım idi. Nizamiyə görə insanlar ona görə
acizdirlər ki, heç
zaman iradələrini sınamırlar,
bilmirlər ki, onlar hansı dözümün
sahibidirlər. Əksinə,
haçansa nəyəsə
dözülməli, tablamalı
vəziyyət yarananda
o sınaqdan rahatlığa
qaçırlar. İradəsini
sınamamış insanlar
eşqin bütün əzablarına dözən,
öz içindəki
məhəbbət qüdrətini
bütünüylə üzə
çıxaran Məcnunu
necə anlaya bilərlər? Bütün
həyatı boyu özündən qaçmış
insanlar özünü
tapmış insanı
necə başa düşə bilərlər?
Məcnunu evə aparmaq istəyənlərlə, Nizamini
saraya çəkənlər
arasında ciddi əlaqə var. Nizami öyüdçülüyü ilə çox zaman qəhrəmanlarından yuxarıda
dayanır deyə, onu öz yaratdığı
obrazlara bənzətmək
çətindir, amma yuxarıdakı analogiyada evə qayıtmayan Məcnunu saraya getməyən Nizamiyə,
ot yeməyi ət yeməyə dəyişməyən zahidi
Nizamiyə bənzətmək
heç də çətin deyil.
Ölü ölüyə necə
ağlasın?
(Məcnunun atasının ölümü)
Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərində Məcnunun
atası öləcəyini
hiss edəndə oğlunun
yanına gəlir, ondan təvəqqe edir ki, evə qayıtsın, təmiz paltarlarını geyinsin, onsuz da, övladı öz muradına çata bilməyib, barı, muradı ondan asılı olanların - doğmaların
arzularını gerçəkləşdirsin.
Məcnun
öz el-obasını
tərk edərək səhraya düşüb,
əslində, yaşadığı
yerlər ona qürbətdir. Amma Məcnun
qürbətin ağrısını,
çətinliyini hiss etmir,
çünki eşq onun yaddaşını tamamilə əlindən alıb. Ona görə də o, atası yanına gələndə
valideynini tanımır,
yurdunu yada sala bilmir, axı eşq onun hafizəsini
bada verib. Eşq vadisində zaman, məkan anlayışı
yoxdur. Atası tanışlıq verəndən
sonra Məcnun onu qismən tanıyır. Öz yaddaşsızlığından gileylənən Məcnun heç dünən nə yediyini belə xatırlamır, nəinki atasının hansısa sualını cavablandıra, həqiqətən
də, onun oğlu olduğunun fərqindəliyini büruzə
verə. Etiraf edir ki, ondan nəsə soruşanda cavab verə bilmir, çünki ünvanlanan sual hafizəsində qalmır,
ona görə də onu qınamasınlar
ki, atası yaddaşından
silinib, hətta yaddaşının özü
belə vücudundan çıxıb, daha o, insan dünyasından uzaqlaşıb vəhşət
aləminə qapılıb.
Vəhşət isə
vəhşilərin məkanıdır,
insanın yox, dünyası alt-üst olmuşa ən yaxşı yer xarabalıqlardır. Məcnun
atasından belə bir rica edir:
"Get bir torpaq qaz, oranı qəbrə çevir, əlini onun üstünə qoy və elə zənn et, oğlun ölüb, diriyə ağladığın kimi,
ölü üçün
də göz yaşları axıt, beləcə, həm də övladından gözləntilərin azalar".
Məcnun atasına deyir ki, ey ata,
bax, mən sənin öləcəyini
düşünüb ağlamaram,
çünki mən daha ölüyəm, axı ölü ölüyə necə ağlasın?
Məcnunun atası oğlunun
sözlərini dinləyəndən
sonra əvvəlcə
onunla, sonra isə özü ilə vidalaşır. Nizami, əslində, Məcnun vasitəsilə atanın öz ölümünü qəbul
etdiyini göstərir.
Atası öləcəyini
hiss etsə də, onun öz varisini
yerinə gətirmək
niyyəti göstərir
ki, o bu dünyadan tam mənada ayrıla bilmir. İnsan belədir, öz varisi vasitəsilə dünyada qalmaq, adını aləmdə yaşatmaq istəyir.
Nizami belə bir misal
çəkir: quyu ona verilən suyu özündə saxlayır, onun hamısını başqalarına
qıymır, amma dəyirman isə ona nə qədər
dən tökülürsə,
ən xırda qırıntıyacan üyüdüb
sahibinə qaytarır.
İnsan dünyaya münasibətdə gərək
quyu kimi olmaya, dəyirman kimi ola. İnsan bədəninin torpağa qovuşacağına razıdır,
amma ruhunun ərşə qalxacağına
yox. Nə üçün? Onsuz da, ərşin olan ərşin, yerin olmalısa, yerə qalacaq. İnsan son anında hər iki təslimiyyətlə barışanda daha onun dünyada gözü qalmır. Ömrüboyu övladına
öyüd verən ata, Məcnun vasitəsi ilə həyatın bu fəlsəfəsini, qaçınılmazlığını
anlayır. Bütün
həyatı boyu Məcnun axarından çıxmış həyatı
ilə atasına narahatlıq verir, fəqət, Məcnunun sabit əqidəsi, dünya barədə təsdiqini tapmış qənaəti valideyninə
ölümün rahatlığını,
hüzurunu bəxş
edir.
Məcnun
atasının ölüm
xəbərini eşidəndən
sonra üsyan edir, ağlayır, onun məzarı üzərində gecə-gündüz
nalə çəkir.
Öz əli ilə atasını ölümə göndərən,
onu əcələ hazırlayan Məcnunu nə üçün atasının ölümü
bu qədər sarsıdır? Axı Məcnun özü atasına deyir ki, sən öləndə ağlamayacağam, çünki
mən Leylisiz ölüyəm, ölü
isə başqa bir ölü üçün göz yaşı axıda bilməz. Çünki Məcnun üçün
asan qəbul edilən öz ölümüdür, ancaq
atasının ölümündə
o özünü günahkar
bilir. Məcnun baiskar olaraq əzab çəkir, baiskarlıq məsuliyyəti
onu dirildir, real dünyaya qaytarır və bu dəfə
diri ölüyə ağlayır. Məcnun atasının məzarı
üzərində nalə
edərək deyir ki, sənin nəsihətinə
qulaq asmadım, amma sənin ölümün mənə
qulaqburmalı öyüd
verdi. Bəs Məcnunun atasının ölümündən aldığı
öyüd, dərs nə idi? Məcnun
anlayır ki, atası
onun aqibəti ilə barışandan sonra ölümə rahatlıqla getdi, insan ən sevdiyi
insanın aqibəti ilə razılaşanda daha dünyanın gedişatını, mövcudluğu
dəyişmək istəmir.
Məcnunun mübarizəsinin
mayasında isə Leylinin aqibəti ilə barışmazlıq
dayanır... Məcnun
məhz bunu anlayandan sonra başa düşür
ki, özünə varis,
davamçı axtaran
atası nə üçün Məcnunun
aqibəti ilə barışandan sonra rahat şəkildə dünyadan əl götürə bilir. Leylinin ölümündən
sonra Məcnunun da dünyadan köçməsi,
əslində, Leylinin
aqibəti ilə Məcnunun barışmasından
irəli gəlir...
İki üzün birliyi
(İbn
Səlamın ölümü)
Nizami Gəncəvi "Leyli və Məcnun" əsərində Leylinin əri İbn Səlamın
ölümü hissəsini
yazarkən qeyd edir ki, kağızın iki üzü var, bir tərəfində tədbirdir, yəni həyatın sənə qurduğu planlar, önündə açdığı
dolanbaclı yollar, o biri tərəfində isə təqdir, yəni səni ucaldan, yolunu açan, sənə xeyirlər gətirən istiqamətlər.
Yəni
Leylinin İbn Səlama
nəsib olması həyatın onun üzünə gülməsi,
bəxtin təqdiridir,
amma bu izdivacın
onun ölümünə
səbəb olması
isə taleyin onun aqibəti üçün tökdüyü
tədbir, qurduğu məkrli plandır. Nizami Leylini xəzinə, İbn Səlamı
o xəzinənin ətrafında
hasara çevrilmiş
ilan kimi təsvir edir. İlan həm xeyirin, həm də şərin ortaq təmsilçisidir.
İbn Səlam Leylini gecə-gündüz güdür,
onu daim qısqanır. Leyli ona görə də nakam eşqinin
dərdinə dala bilmir - doyunca ağlayıb ürəyini
boşaltmaq fürsəti
tapmır. Leylini bu hala salan
zamandır, çünki
dövranın tələblərinə
görə ərli qadının başqası
üçün qanlı
yaşlar axıtması
yaraşmaz işdir.
İbn Səlam sağalmaz dərdə düçar
olur - onun müvazinət şüşəsi
qırılır. Leyli
istəmir ki, əri belə aqibətlə üzləşsin,
bu cür sonluq onun ürəyini
acıdır. Fəqət,
Leyliyə ağlamağa
fürsət verməyən
zaman İbn Səlamın ölümü
ilə onun önündə özünüifadə
üfüqü açır.
Leyli əri ölmüş qadın kimi ağlayır, amma ürəyində Məcnunun eşqini anaraq nalə çəkir. Bir sözlə, İbn Səlam Leylinin həm hisslərini buxovlayan, onları aşkar büruzə verməyə mane olan, həm də açan biri kimi yadda
qalır.
Nizami İbn
Səlamın yas günlərini əhatəli
təsvir edir. Həmin dövrdə ərəblərdə belə
bir adət varmış ki, qadının əri öləndən sonra o, bir müddət heç kəsə görünməzmiş. Həmin
müddətdə qadın
gecə-gündüz öz
dərdini çəkərmiş.
Çünki əzizini
itirmiş insan başqalarının əhatəsində
tam mənada öz duyğularını
aça, dil deyə, nalə çəkə bilmir. Leyli əri İbn Səlamı itirsə də, həmin adətdən istifadə edərək gecə-gündüz Məcnun
üçün ağlayır.
Zeyd İbn
Səlamın ölümü
xəbərini Məcnuna
çatdırır. Məcnun
əvvəlcə sevinir,
sonra isə bərk kədərlənir.
Sevinir ona görə ki, onun "kam karvanının yolunu kəsən" adam dünyadan köçüb,
kədərinin səbəbi
isə ondan qaynaqlanır ki, oxşar aqibət - Leylinin dərdi ilə ölmək onu da gözləyir.
Zeyd Məcnunun
İbn Səlamın ölüm xəbərindən
niyə sevinmədiyini
soruşanda Məcnun deyir ki, sən
xəbəri doğru
üsulla çatdırmadın.
Dedin ki, filankəs ölüb, amma əslində, deməliydin ki, İbn Səlam ömrünü Leyliyə
bağışladı. Çünki
Leyliyə xeyir olmayan heç nə Məcnunun ürəyini açmır.
Zeyd bu cavaba əks-arqument kimi xatırladır ki, axı Leyli
ilə adını yanaşı yazanda öz adının üstündən xətt
çəkmişdin. Onda
ikinizin bir adam olduğunu demişdin, bəs indi bu sayaq
ayrı-seçkiliyə səbəb
nədir? Məcnun aldığı kəsərli
cavabla razılaşmaq
məcburiyyətində qalır.
Zeydin bu
cür mətin cavabından sonra Məcnunun, dostunun onu dərindən anlamasından məmnun qalır. Zeydə deyir ki, adama
nəfəs almaq o zaman halal olur
ki, onun həmnəfəsi halbilən,
hal anlayan, dilbilən olur, əks təqdirdə, insanın əhatəsindəki
adamlarla eyni havanı udması, eyni reallıqları bölüşməsi də
haramdır.
İbn Səlamın
ölümü çoxlarını
- cəmiyyəti yanıldan
bir aqibətdir. Çünki əsərin
bu yerinə qədər hadisələrə
real yanaşan hər kəs elə düşünür
ki, İbn Səlam ölsə, Leyli və Məcnunun
qovuşmasına mane olacaq kimsə qalmayacaq. İbn Səlamın ölümündən
sonra Leyli Məcnunla görüşür.
Bu görüşdə
Məcnunun artıq büsbütün Allaha bağlandığı, Xudaya
yönəldiyi üzə
çıxır. Məcnunla
Leyli vüsalın bir addımlığında
olduğu həmin görüşdə Məcnun
Leyliyə deyir ki, "sən mənim tapdığımsan,
mən sənin itmişin". Yəni tapanla itirənin statusu başqadır, onlar bir yerdə ola bilməz. Məcnun aradan ikiliyin qalxdığını, onların
daha bir adam, eyni adam
olduğunu dilə gətirir. Bəs eşqdə birlik nədir? Birlik eşq savaşına son qoyan şeydir, sevən iki olanda dava - mübarizə
əbədi olur. Sevənlər bir olanda səadət əbədi olur. İkilər birləşəndə
ayrılır, bir isə həmişə birlikdədir. Məhəbbət
sevənin əlinə
elə bir ayna verir ki, aşiq haçan o aynaya baxsa, sevdiyini
görür. Həqiqi
aşiqlər, səadət
əhli aynada özünü yox, sevdiyinin əksini görənlərdir.
(Ardı var)
Fərid HÜSEYN
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, №30.- S.30-31.