Yaşar Qarayev: Min ilin sonu
və əbədiyyətin başlanğıcı
Avqustun
25-i öz elmi-ədəbi
və kulturoloji-fəlsəfi
görüşlərinin dərinlik
və genişlik miqyası ilə fənn sahəsi olaraq ədəbiyyatşünaslığın
çərçivələrini, mədəni-mənəvi məkan
olaraq milli sərhədləri
aşıb, bütövlükdə
XX əsr ümumtürk
humanitar-ictimai elmi düşüncəsinin zirvə
məqamlarından birinə
yüksələn, zaman keçdikcə
o zirvədə əbədi
olaraq qərarlaşdığı
getdikcə daha çox təsbit olunan Yaşar Qarayevin anım günüdür.
2000-ci ilin əvvəllərində
Yaşar müəllim
infarkt keçirdi.
"Qasırğa məni
yaman yaxaladı. Yıxılsam, aparacaqdı.
Ayağım üstə
möhkəm dayandım,
çiynimdən sürüşüb
aşdı..." Onda
hələ nə özünün, nə də başqalarının
ağlına da gəlmirdi
ki, bəla sürüşüb
keçməyib. O, bir
daha tam bərpa oluna bilmədi. Onun da əzabkeş sələfi Sabir kimi öncə ürəyi, az sonra isə
qara ciyəri... Əsərlərinin birində
Yaşar müəllim
Sabiri "qeyrətin ağrısına, namus yanğısına timsal"
adlandırmışdı. Onu da acı tale yoldaşı Sabir kimi, ümummilli dərd Qarabağla bağlı
"qeyrətin ağrısı,
namus yanğısı"
için-için ovmuşdu.
2002-ci ilin avqustu. Daxili
İşlər Nazirliyinin
Hospitalında Yaşar
müəllim ölüm
yatağında son günlərini
yaşayır. Başının
üstündə yaxın
ailə üzvləri
ilə bərabər,
yetişdirmələri - Hüseyn İsmayılov, Seyfəddin
Rzasoy, Ağaverdi Xəlil və başqaları...
Yaşar
müəllim yatağının
başı tərəfindəki
stolun üstündə
əlyazmanı bizə
göstərib dedi:
- Sonuncu kitabımdır:
"Min ilin sonu". Mümkün olsa, onu kitablaşdırarsınız.
Sonra ağır-ağır əlavə
etdi:
- Təsəvvür edin ki, dünyada hər hansısa bir bitki növünü yox etmək istəyirlər. Hər yerdə onun kökünü kəsir, toxumlarını
məhv edirlər. Belə bir vəziyyətdə
həmin bitkinin yalnız bircə toxumunu gizlətmək, qoruyub saxlamaq mümkün olsa, yenidən o bitki əvvəlcə
kiçik bir ərazidə, daha sonra bir ölkədə,
daha sonra bir qitədə, daha sonra bütün
planetdə yayıla bilər.
Sonra əlavə etdi:
- Əgər siz məndən sonra elmi, halallığı, saflığı, mənəvi
dəyərləri, ədaləti
yalnız Ədəbiyyat
İnstitutunda qoruyub saxlaya bilsəniz, onda bu dəyərlər
zamanla Ədəbiyyat
İnstitutundan Akademiyaya,
Akademiyadan bütün
ölkəyə yayıla
bilər. Bu, ustadın
bizə son vəsiyyəti
idi.
2002-ci il avqust ayının 25-də
Yaşar Qarayev gözlərini dünyaya əbədi olaraq yumdu. Yaşar Qarayevin sağlığında
üzünü görmədiyi
sonuncu kitabı
"Min ilin sonu" onun qırx mərasimində artıq çapdan çıxmışdı.
"Fiziki mənada
son nəfəsi və
səsinin ritmi, ahəngi bu kitaba hopdu. Ömrün
qürubu da elmdə
yeni fikir və mülahizələrin doğuluşuna
ünvanlandı, son anadək
ona sədaqətlə
xidmətə həsr
edildi". Bu, həmin
kitaba yazılan son sözün ilk cümlələrindəndir...
Yaşar
Qarayevin vəfatı ədəbi-elmi mühitdə
dərin rezonans verdi, qəfil mətbuat səhifələri
bu itkinin ağrı-acısı ilə
dolub daşdı. Yaşar Qarayevlə bağlı onun vəfatından sonra yazılmış yazıların
əksəriyyətində bir günahkarlıq kompleksi, "onu qoruya bilmədik!" iniltisi, təəssüfü
və peşmançılığı
var idi.
Bəzən daxilən zəngin
şəxsiyyətlərdə insani həssaslıq elə zəriflik səviyyəsinə yüksəlir
ki, nəinki ictimai məzmun daşıyan problemlər, hətta adi sünilik, qeyri-təbiilik, qeyri-səmimilik
belə onlara, sözün həqiqi mənasında, öldürücü
təsir göstərir.
Ona görə "sözün
həqiqi mənasında"kı
zərif həssaslıq
üçün mühitin
psixoloji təzyiqi radiasiyalı təsirə
bərabər olur və onu ən
cüzi təsirlə
belə zədələyə
bilir. Ən xəfif yeldən belə bəmbəyaz pəmbə ləçəkləri
qopub havaya dağılan zəncirotu çiçəyi kimi, zərif həssaslar da ən zəif təsirdən həm psixi, həm psixofiziki mənada qəlpə-qəlpə parçalanıb
sökülürlər.
Yaşar
müəllimin yalnız
insanlığa deyil, varlığa qarşı
həssaslığı belə
zəriflik səviyyəsində
idi. Ən adi neqativ belə,
ona təsəvvürəgəlməz
dərəcədə əzab
verirdi. O, başqalarının
yerinə utanır, başqalarının yerinə
əzab çəkir,
başqalarının taleyi
üçün cavabdehlik
və məsuliyyət
hissini öz üzərində başqalarından
daha çox hiss edirdi.
Belə
həssaslıq insanlığa
və varlığa görə mənəvi məsuliyyətin
peyğəmbərlik səviyyəsidir.
Və ən qəribəsi də odur ki, belə hallarda cəmiyyət şəxsiyyətə nə
etdiyini qətiyyən
anlamır.
Belə
həssasları həm
özünə qəsd
etməkdən, həm
də cəmiyyət tərəfindən sözün
məcazi mənasında
qətlə yetirilməkdən
qorumaq lazımdır.
Radiasiyalı mühitdə
işləyənlərə xüsusi qidalar verildiyi kimi, onlar da əlavə izolyativ üsullarla qorunmalıdırlar. Bu mənada,
Yaşar Qarayevin ölümü, Vsevold Meyerxoldun ifadələri ilə desək, həm də "istehsalatın radiasiyalı
sahələrindən birində
əməyin mühafizəsi
qaydalarının kobudcasına
pozulması" demək
idi...
Hesab edirik ki, ustadın anım günlərində
"Min ilin sonu" kitabına yazdığımız
"Son söz"ü oxucularımızla
bölüşmək Yaşar
Qarayev xatirəsinə
kiçik bir ehtiram nümunəsi olardı.
"Min ilin sonu" kitabı son iki min ilin və iki
yüz ilin milli və bəşəri dəyərlərinə Azərbaycan
zəkasından və
Azərbaycan mənəvi
reallığından ən
optimal baxışın təzahürü
kimi görkəmli
alim və gözəl
insan Y.Qarayevin milli-ideoloji və ədəbi-estetik araşdırmalarını
tamamladı; onun son kitabı oldu... Fiziki mənada son nəfəsi və səsinin ritmi, ahəngi, melodiyası bu kitaba hopdu.
Ömrün qürubu
da elmdə yeni fikir və mülahizələrin
doğuluşuna ünvanlandı,
son anadək ona sədaqətlə xidmətə
həsr olundu.
Kitaba
"son söz" yazılmasını
da "ömrün qürubu"
başlığında ifadə
olunmuş fiziki sonluğun həssas duyğusu və bu duyğudan çox az sonra
baş verən "faciə qəhrəmanı"nın
ruhlar aləminə, Tanrı dərgahına əbədi köçü,
cisimdən cana, kö-nüldən ruha transformasiyası zərurəti
şərtləndirdi. Bir ömür
(müvəqqəti) sona
yetdi, bir ömür (əbədi) başlandı...
Bu kitab Yaşar müəllimin sağlığında görmədiyi,
amma nəşrindən
qətiyyən narahat olmadığı, bəlkə
də, yeganə əsəri idi. Çünki bilirdi ki, bu işin reallaşmasını
sevimli dostlarına və tələbələrinə
(A.Xəlil, S.Rzasoy və S.Xavəri) həvalə edib. Əslində, kitabın yaranmasını şərtləndirən
əsas səbəb də onun içində
gəzdirdiyi tezis və mülahizələrin
adıkeçən tələbələrinin
təşkilatçılığı ilə düzənlənən
"XXI əsr: qlobal sivilizasiya və Şərq dəyərləri"
mövzusundakı elmi
forumda etdiyi sanballı məruzə olmuşdu. Kitabın Ön sözündə verilmiş akademik Kamal Talıbzadənin "Yaşar
Qarayev möcüzəsi"
yazısı da həmin
genişmiqyaslı və
dərin məzmunlu elmi məruzənin təsirindən doğulmuşdu.
Akademik
Kamal Talıbzadə yazdığı
məqaləni Yaşar
Qarayevin məruzəsi
ilə birlikdə nəşr etdirmək arzusunu "Folklor Sarayı" EMM-in rəhbərliyinə
bildirir.
Hər iki alimə dərin rəğbət bəsləyən Hüseyn
İsmayılov tərəddüd
etmədən kitabın
nəşrə hazırlanmasına
göstəriş verir.
Sonra Yaşar müəllimin
ömrünün son çağlarında,
ağır xəstəliklə
mübarizələrdə keçən
son aylardakı elmi yazılarını da bu kitabda toplamaq daha məqsədəuyğun
hesab edilir. Və nəhayət, təkcə Kamal müəllimi
deyil, hamını və hər bir kəsi heyrətlənməyə
məcbur edəcək
Yaşar müəllimin
ölümlə mübarizə
anlarından yaratdığı
bu qeyri-adi düşüncələri işıq
üzü görmək
səlahiyyəti qazanır.
Beləliklə, oxuduğunuz bu
kitab Yaşar müəllimin
fiziki yoxluğundan sonra, mənəvi həyatının başlanğıcında
elmimizin, mənəviyyatımızın,
ictimai mühitimizin xaosunu harmoniyaya çevirmək missiyasını
davam etdirən yeni uzun bir mərhələnin
ilk başlanğıcıdır.
Vaxtilə Yaşar müəllim
yazırdı ki, sosial
tərəqqidə dahilərə
məxsus Allah missiyası
ilə Demon işi bir-birini daim təqib edir. İblislər xaos yaradır, Allah xaosu harmoniyaya çevirir...
İndi milli cəmiyyətimiz dahilərə məxsus
Allah missiyasına bütün
dövrlərdə olduğundan
daha çox ehtiyac hiss edir. Yaşar müəllim ələ qələm alıb masa arxasına keçdiyi gündən
ta xəstəxana çarpayısında
uzanıqlı halda
son kitabını redaktə
edən günədək
bu missiyanın öhdəsindən ləyaqətlə
gəldi. Allah missiyalı
dahiliyin bir sirri də bundadır
ki, onun mənəvi mövcudluğu mənəvi
mövcudluğa qədərki
həyatından qat-qat uzun
olur. Bütün dahilərin mənəvi həyatı belə olmuşdur. Heç şübhəsiz, Yaşar
Qarayevdə də belə olacaqdır...
Yaşar
müəllimi yaxından
tanıyanlar birmənalı
şəkildə təsdiq
edərlər ki, onun ən sevincli anlarında belə gözlərindən kədər,
ən kədərli anlarında belə dodaqlarından təbəssüm
əskik olmurdu. Müdrik çöhrədə qoşalaşan
bu gülüş və kədər qeyri-adi bir dünyadan
xəbər verirdi. Təbəssümdə ümumən
iç dünyanın
məsumluğu, həlimlik,
müdriklikdən doğan
sakitlik (peyğəmbər
təbəssümü) əks
olunmaqla yanaşı Zamana və Dünyaya bir istehza yaşayırdı.
Gözlərdəki kədər
isə "anlamaq həsrəti"nin (Füzuli
kədəri) və
"anlamaq dərdi"nin
(Mirzə Cəlil dərdi) ifadəsi idi. Hələ vaxtilə türkün azman şairi Nəcəf Fazil Qısakürək yazırdı:
Qapı,
qapı, bu yolun son qapısı ölümsə,
Hər qapıda ağlayıb,
son qapıda gülümsə.
Yaşar
müəllim Qısakürəyin
dediyinin əksinə olaraq öz ömrünün qapılarından
da, elmi fəaliyyətinin
mərhələlərindən də kədər və sevinclə, təbəssüm və göz yaşı ilə birlikdə addımladı. Lakin o, şairin
"son qapıda gülümsə!"
tövsiyəsinə olduğu
kimi əməl etdi. Əbədiyyətin qapısını da üzündə
təbəssüm olaraqdan
açdı. Çünki,
Yaşar müəllim
də uzun elmi axtarışlardan sonra o nöqtədə dayanırdı ki,
Xoşbəxt adam - dünyanı
bir acı qürbət bilən,
Öz vətən çeşməsindən
ölümü şərbət
bilən.
Yox, bu Qısakürəyin özündə yüzdən
çox inqilablar və əks-inqilabları,
iki dünya müharibəsini, total rejimləri,
ölüm peçləri
və konslagerləri cəmləşdirən, hər
açılan səhəri
qanla qızaran XX əsr reallığında
orta əsrlər müsəlman sufizminin müasir neosufizm interpretasiyası deyildir.
Bu hansı dövr və hansı ictimai reallıqda yaşamasından asılı
olmayaraq müdriklik adlı yolun son mənzildəki dəyişməz,
əbədi hikməti
idi. Zaman-zaman nizamilər,
füzulilər, hətta
tolstoylar və dostoyevskilər, selincerlər
bu qənaətə gəlib. Yaşar müəllim də bu qənaətdə idi: "Əgər ədəbiyyat ölümdən
və əbədiyyətdən,
ruhdan və manqurtdan, onlar arasında əbədi dartışmadan yazmasa, yaddaş da tarixdən yox olar..." Və yaxud "İnsan yeganə canlıdır ki, başını
qaldırıb səmaya
(ürəyin gözü
ilə Yaradana - Tanrıya) baxa bilir, istisnasız bütün başqa canlılar isə hamısı torpağa (və torpaqdakılara) baxmaq imkanına malik olurlar. Məhz insan bir də
içə, daxilə
baxanda, ruhunu tanıyıb, dərk edib, sənəti yaradanda Tanrıya bənzəyir"?
Yadındamı, doğduğun zamanlar,
Sən ağlar idin, gülərdi aləm.
Bir öylə ömür keçir ki, olsun
Mövtin
sənə xəndə,
xalqa matəm.
Yaşar
müəllimin Əli
bəy Hüseynzadə
barədə yazdığı
məqaləsi Əli
bəyin bu misraları ilə tamamlanır, "son qapıda
gülümsəməyin" yaşanılan ömrün
halallıq dərəcəsinin
göstəricisi olduğu
vurğulanır. Bu misraları
eynən bir daha heç vaxt ölməyəcək
Yaşar müəllimin
özünə aid etmək
olar. O da elə bir ömür yaşadı ki, sevinclə,
təbəssümlə son qapını açarkən
bütün aləm pərişan oldu...
Yaşar
Qarayevin Azərbaycan humanitariyasında yerinə
yetirdiyi elmi missiya baxımından əvəzsizliyi nədə
idi? Bu suala cavab vermək üçün bir az uzaqdan başlamaq
lazım gəlir.
Tarix geniş fəlsəfi anlamda haqqında danışıldığı andan ötüb keçən abstrakt zamandır. Bütövlükdə
bəşər sivilizasiyasının,
ayrılıqda isə
müxtəlif dini,
milli, regional sivilizasiya tiplərinin
ən böyük müəllifi tarixdir. Məhz bu mənada
mədəniyyətin - ədəbiyyatın,
incəsənətin, musiqinin
tarixi anlayışı
kimi, tarixin mədəniyyəti - ədəbiyyatı,
incəsənəti, musiqisi
anlayışları da təbii
səslənir. Adətən,
yaşanılan andan tarixə boylanarkən bir fənn, elm sahəsi kimi tarixlə bərabər zamanın çöhrəsini
özündə əbədiləşdirən
sehrkar güzgüyə
- mədəniyyətə də
müraciət etməli
oluruq. Və əksərən tarixin sənətdə əbədiləşən
çöhrəsi, onun
tarixin özündə
əbədiləşən simasından daha aydın görünür.
Yenə də məhz buna görə mədəniyyətşünaslıq, onun tərkib hissəsi kimi ədəbiyyatşünaslıq həm də zamanşünaslıqdır. Zamanın
ədəbiyyatda daşlaşan
keçmişinin, bu gününün öyrənilib
onlar arasında əlaqə bağlarının
tapılması və
gələcəyinə elmi
proqnoz verilməsi ən kamil ifadəsini
ədəbiyyatşünaslıqda tapır. Azərbaycan ədəbiyyatşünaslığında bunu ilk dəfə Yaşar Qarayev sezdi. Əlli il bundan əvvəl, alimin öz ifadəsilə desək, zamanın özünün
bolşevik mülkiyyətinə
çevrildiyi bir vaxtda inadlı bir "anlamaq və anlatmaq ehtirası" ilə qələmi əlinə alan Yaşar Qarayev duydu ki, zaman bütöv anlayışdır
və onu özündə əyaniləşdirən
sənət də, ədəbiyyat da bütöv
olmalıdır; onun keçmişini bu günündən ayırmaq
mümkün olmadığı
kimi, "mürtəce",
"humanist", "dini-idealist",
"materialist" və s. kimi qondarma sosioloji
qəliblərə salıb
saxtalaşdırmaq da olmaz.
Sosialist epoxasının
"klassik dövrü"
hesab olunan 30-50-ci illərdə Azərbaycan
ədəbiyyatşünaslığının
Ə.Sultanlı, M.Arif,
M.Cəfər, C.Xəndan,
C.Cəfərov və
s. nüfuzlu intellekt sahiblərinin əsərlərində
marksist-leninist nəzəriyyədən
ümumbəşəri dəyər
və meyarlara doğru mərkəzdənqaçma
tendensiyaları, rüşeym
halında da olsa, hiss olunurdu. Sonralar bu tendensiya və
meyilləri nəzəri
konsepsiya səviyyəsinə
çatdırmaq missiyasını
zaman Yaşar Qarayevə
həvalə etdi. Bu konsersiya bütöv ədəbi-estetik sistem kimi nəzəri əsasları ilə və minillik Azərbaycan ədəbiyyatı
fakturasına tətbiq
olunmuş halda alimin "Tarix: yaxından və uzaqdan" kitabında üzə çıxdı
- Yaddaş konsepsiyası!
Alim bütün yaradıcılığı
boyu bu konsepsiyaya
kitab-kitab yol gəldi və bu konsepsiya
alimin kitabdan-kitaba mərhələ-mərhələ gəldiyi yolun məntiqi nəticəsi kimi meydana çıxdı.
Bu yolun əvvəlində atılan ilk uğurlu addım isə "Faciə və qəhrəman" əsəri
idi. Bir neçə
on il ərzində havası
əprimiş, ağırlaşmış
sovet məkanına
60-cı illərdə dağ
havası qədər
təmiz, sərin meh daxil olduğu bir vaxtda meydana
çıxan bu əsərdən sonra elmi ictimaiyyətə məlum oldu ki, elmə gələn bu gənc, ədəbiyyatşünaslığımızın
qarşıda həllini
gözlədiyi problemlərin
çözülməsi üçün
çiyinlərini çox
ağır yüklər
altına verməyə
qadirdir.
Azərbaycan ədəbiyyatında ayrıca bir janrın - faciə janrının tədqiqinə
həsr olunmuş bu monoqrafiyada faciənin tədqiqi üçün marksist-leninist
ədəbiyyatşünaslıq nəzəriyyələri akvarel
fon səviyyəsinə
qədər endirildi, tədqiqatda, qiymətləndirmədə
janrın öz tələblərindən irəli
gələn fəlsəfi
nəzəriyyələrə müraciət edildi. Məhz bunun nəticəsi olaraq alim Aristotelə, Hegelə Marksdan, Lenindən daha əsaslı şəkildə istinadlar
etdi, öz ədəbi-fəlsəfi ümumiləşdirmələrində
onlara əsaslandı.
Alimin
1972-ci ildə çap
etdirdiyi "Səhnəmiz
və müasirlərimiz"
kitabı isə çox zəngin və şərəfli bir tarixə malik Azərbaycan dramının
müasir mərhələsi
və onun səhnə təcəssümünə
həsr olundu. Məhz bu kitabda
alim ayrı-ayrı dram əsərlərindəki
obrazların daxili-psixoloji
aləmlərinin təhlili
yolu ilə professional ədəbiyyatşünaslıq təhlilinin özündən
sonra inkişaf edəcək yeni istiqamətini
müəyyənləşdirdi.
Dörd
il sonra çap olunan "Tənqid: problemlər və portretlər" kitabı
isə, əgər belə demək mümkündürsə, tənqidin
tənqidi barədə
kitabdır. Kitabda tənqidin uğurları ilə bərabər elə cəhətlərindən
söhbət açıldı
ki, məhz o cəhətlər
tənqidimizdə çatışmır.
Geniş fəlsəfi
dünyagörüşü, estetik hazırlıq, ictimai vətəndaşlıq
mövqeyi, qərəzsizlik
- bütün bunlar Yaşar müəllimin tənqidçilərimizdə görmək
istədiyi xüsusiyyətlər
idi. "Tənqid: problemlər və portretlər" kitabı
ədəbiyyatımızın neftdən, pambıqdan, zavod və fabrikdən
İnsana, onun mənəvi aləminə
dönüşünün nəticəsi olaraq, tənqidin hakim ideologiyanın
Damokl qılıncı
olmaq funksiyasından uzaqlaşıb elmi obyektivliyə dönüşünün
təcəssümü idi.
Yaşar
Qarayevin uzun illər ərzindəki elmi axtarışlarının
nəticəsi kimi meydana çıxan, eyni zamanda alimin
doktorluq dissertasiyası
kimi müdafiə etdiyi "Realizm: sənət və həqiqət" kitabı
həm alimin öz yaradıcılığında,
həm də Azərbaycan ədəbi-ictimai
fikrində yeni bir mərhələ təşkil
etmiş, 80-ci illər
ədəbiyyatşünaslığında
böyük rezonans doğurmuşdur. Bu monoqrafiyaya
qədər ədəbiyyatşünaslığımızda
realizm haqqındakı
fikirlər konseptuallıqdan
məhrum, qeyri-elmi xarakter daşıyırdı.
Alimin müxtəlif humanitar, ictimai, hətta dəqiq elmlərin sintezindən, vəhdətindən ibarət
nəzəriyyəçi təfəkkürünün
universallığı imkan
verdi ki, ədəbiyyatşünaslığımızda
ilk dəfə olaraq Azərbaycan realizminin mərhələ və
tip təsnifatı nəzəri
cəhətdən əsaslandırılmış
konsepsiyada təqdim edilsin. Əsərdə
milli-bədii yaddaşımızın
XIX-XX əsr mərhələsi
bütün mürəkkəbliyi
ilə öz dolğun ifadəsini tapdı.
80-ci illərin ortalarından keçmiş sovet məkanında "yenidənqurma"
adı ilə başlanan reformist dalğa
Azərbaycanda da yeni milli-mənəvi
hərəkatın başlanmasına
təkan verdi. İdeoloji yasaqlar aradan qalxdıqdan sonra Azərbaycan ziyalılarını bir
problem düşündürürdü:
biz nə itirmişik?
Yaşar
Qarayev "Meyar şəxsiyyətdir" kitabında
bu suala aydın, əsaslandırılmış
cavab verdi: Şəxsiyyət! Kitabda
ədəbiyyatşünaslığımızın
nəzəri məsələlərinə
diqqəti cəlb edən alim milli yaddaşın
ən müxtəlif dönəmləri və onun ədəbiyyatda əyaniləşən hissəsinin
elmi dərki məsələlərinə diqqəti
çəkməklə konsepsiyasının
yaranması üçün
tam zəmin hazırladı.
Nəhayət, Yaşar Qarayevin
"Tarix: yaxından və uzaqdan" kitabı və nəhayət, yaddaş konsepsiyası... Alimin bu konsepsiyası öz problematikasına görə nəinki tək Azərbaycanın, bütövlükdə türk
dünyası və Şərqin bir çox köklü problemlərinə işıq
salır. Yaddaş konsepsiyası Azərbaycan
tarixinin mürəkkəbliyindən
qaynaqlanan milli yaddaşın,
şüurun struktur mürəkkəbliyini izah
etmək və bu yaddaşın mif, magiya köklərindən
başlamış günümüzə
qədərki inkişaf
qanunauyğunluğunu üzə
çıxarmaq üçün
mövcud ədəbiyyat
tarixi konsepsiyalarının
ən mükəmməlidir.
Bu konsepsiya bizi ən qədim dövrdən bu günümüzə qədərki
Azərbaycan ədəbiyyatına
"Yaddaşla fırlanan
tarix" karvanında
səyahətə çıxarır.
Bu konsepsiyadan çıxış
edən alim Azərbaycan
mədəniyyətinin möhtəşəmliyini
daha dolğun nəzərə çatdırmaq
üçün ən
qədim mədəniyyətimizi
oğuz-türk mənəvi
məkanında, orta əsrlər ədəbiyyatını,
ayrı-ayrı şairlərin
yaradıcılıqlarını isə bütövlükdə
islam məkanında, ayrılıqda isə müxtəlif dini-fəlsəfi
təlimlərin cazibə
dairəsində təhlil
obyektinə çevirir.
Bu konsepsiyanın gücü
həm də ondadır ki, o, özündə
ədəbi və sosioloji təhlil istiqamətlərini birləşdirir.
Yaddaş konsepsiyası
ədəbi təhlil
obyektinə çəkilmiş
hər hansı bir mövzudan başqa xalqımızın
həmin dövrdəki
tarixi taleyi ilə bağlı informasiya vermək səciyyəsinə malikdir.
Çünki milli ədəbi
yaddaş ümumən
etnik yaddaşın digər struktur vahidləri ilə qarşılıqlı əlaqədə
olan tərkib hissəsidir. Alimin ayrı-ayrı epoxalar, ilk
baxışdan əlaqəsiz
kimi görünən
mədəniyyət tipləri
arasında kontaktları
tapan, əlaqə qanunauyğunluqlarını izah
edən intellekt universallığının özü
bizi səyahətə
çıxarır. Şərqdən
Qərbə, Qərbdən
Şərqə, dünəndən
bu günə, bu gündən dünənə, hətta
bəzən gələcəyə
də. Məsələn:
"Ortaq türk keçmişindən Ortaq
türk gələcəyinə
doğru".
XX əsrin ortalarından ta bu günədək müasir Qərb dünyası filosofların,
sosioloqların timsalında
ekzistensional həyəcan
içərisindədir: Ölkələr
və hakimiyyətlər
insanı "şeyə"
çevirir, o kütlələrin
içərisində itir...
Və nəticədə
insan cəmiyyətə
və təbiətə
yadlaşır. Bəs
nə etməli? Yaşar Qarayevin yaddaş konsepsiyası Qədim Şərqin Qərbin bu sualına cavabı kimi də səslənir.
Konsepsiyaya görə,
Qərb fəlsəfəsində
xüsusi fəlsəfi-anlayış
səviyyəsində qavranılan
"yadlaşma" - yaddaşsızlaşmadır,
ən böyük özgələşmə - yaddaşdan
məhrumluqdur. Bütün
bəşəriyyəti narahat
edən sosioloji xəstəliyə, mərəzə
alimin verdiyi elmi diaqnoz belədir.
Mərəzdən xilas
isə bəşəriyyətin
indiyə qədər
əldə etdiyi dəyərlərə dönüşdədir.
Bəşəriyyətin ruhani
və mənəvi dəyərləri isə
daha çox sənətdə, ədəbiyyatda
yaşayır. Ruhani və texnoloji dəyərlər arasında
təzadın artdığı,
sivilizasiyanın gələcək
taleyinin mədəniyyətdə
daşlaşan ruhun ehyasından asılılığı
dövründə ədəbiyyatın
missiyası ruhun xilası məqsədinə
doğru yönəlməlidir.
Deməli, yaddaşa dönüş yadlaşmadan
xilasın ən düzgün yoludur. Yaşar Qarayevin bu konsepsiyasında belə bir dönüşün
türklük və islam kontekstində, milli-bədii düşüncəmizin
timsalında nümunəsi
əksini tapmışdır.
Yaddaş konsepsiyası
milli-mənəvi tariximizlə
İdrak arasındakı
uzunillik təmasın,
İdrakın tarixi dərkinin faktı kimi meydana gəlmişdir.
Bu konsepsiyanı doğuran İdrak bu kitab və
bundan sonrakı kitablar timsalında bu gün də,
sabah da öz intellekt işığını tarix
və zaman müstəvisində ən
qaranlıq məqamlara
salmaqdadır. Bu idrak sahibi Yaşar
Qarayev mənən əxlaq sahibi idi, azad mütəfəkkirdi
və qüdrətli zəkaya malik idi... Bu cəhətlərin
Yaşar Qarayev şəxsiyyətində dəqiq
sərhədləri yox
idi, onlar bir-birinə çulğalaşmış
halda idi. Bu cəhətlərin çulğalaşmasından ibarət
Y.Qarayev şəxsiyyəti
"Yaşar Qarayev məktəbi" timsalında
yalnız ədəbiyyatşünaslığımızın
deyil, milli-mənəvi
mühitimizin, müasir
ictimai fikrimizin xaosunun harmoniyaya çevrilməsində bundan
sonra da müstəsna rolunu davam etdirəcəkdir.
Sentyabr, 2002-ci il
Sərxan XAVƏRİ
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.2-3.