Kamal Abdulla və Niyazi
Mehdi
Niyazi Mehdinin "Kamal Abdullanın
diskursları" kitabı barədə qeydlər
"Kamal
Abdullanın diskursları"
kitabı bir deyil, bir neçə səbəbdən
maraqlıdır. "Azərbaycan ədəbi tənqidində
postmodern mətnlə necə işləmək olar?"
sualına cavab verdiyi üçün, Azərbaycanda
ekzistensial ədəbi tənqidin ilk nümunəsi olduğu
üçün maraqlıdır...
Diskurs anlayışını da poststrukturalistlərdən
götürüb Azərbaycan ədəbiyyatşünaslığına
ilk dəfə Niyazi Mehdi gətirib. Özü də Kamal
Abdullanın "Yarımçıq Əlyazma" əsərini
şərh etmək üçün... Azərbaycan ədəbiyyatşünaslığında
postmodernizm, poststrukturalizm terminləri ilə təhlil olunan
ilk əsər "Yarımçıq əlyazma" olub.
Bu mənada, Kamal Abdullanın
əsərlərini əski ədəbiyyatşünaslıq
ölçüləriylə təşrih etmək sadəcə
mümkün deyil. Niyazi Mehdi bunu istəsəydi belə, edə
bilməzdi. Çünki o da Azərbaycan ədəbi fikrində
postmodernizmin yaradıcılarından biriydi. Və bu ədəbi-estetik
prosesi Kamal Abdulla və Niyazi Mehdi eyni vaxtda gəlişdirməyə
başlamışdılar. Moskvada təhsil illəri də bir
yerdə keçmişdi. Kamal Abdulla SSRİ Elmlər
Akademiyasının Dilçilik İnstitutunun, Niyazi Mehdi isə
Lomonosov adına Universitetdə fəlsəfə fakültəsinin
aspiranturasında eyni illərdə oxumuşdular. Və onlar
Bakıya sanki Azərbaycan ədəbiyyatının fikir
dövriyyəsinə yeni düşüncə modelini tətbiq
etmək üçün qayıtmışdılar.
Niyazi Mehdiyə görə Kamal
Abdullanı oxumaq xüsusi hazırlıq tələb edir. Yəni
tutaq ki, Liotarın paraloqizmi, yaxud Laybnitsin monadası
(monadologiya) barədə anlayışın yoxdursa (bu mətnlərdəki
paradiqmaların elmi ədəbiyyatda ünvanı daha çox
bu terminlərlə ifadə olunmağa başlanıb), o zaman,
"unutmağa kimsə yox" təəssüfünün
(yaxud məmnunluğunun) cazibəsinə düşə bilməzsən.
Necə yəni "unutmağa kimsə yox?" Bu, "sevməyə,
inanmağa kimsə yox" qənaətinin analojisi deyil.
Unutmağa kimsə yoxsa, deməli, ömür ən
unudulmazlarla bir yerdə keçib: "Hər kim varsa, o qədər
dəyərlidir ki, unutmaq olmur". Niyazi Mehdi haqqa
qovuşandan sonra Kamal Abdulla "Unutmağa kimsə var"
memuarını yazdı.
Görəsən, nə üçün
Kamal Abdullanın əsərləri barədə Azərbaycanda
heç kəs Niyazi Mehdinin yanaşmasına alternativ
baxış sərgiləyə bilməyib? Yəqin həm də
ona görə ki, heç kəs bu mətnlərə Konfutsi,
Nitsşe, Derrida paradiqmaları ilə, yəni Niyazi Mehdinin
dediyi kimi, Konfutsinin "oğul ehtiramı", Nitsşenin
"Biz Tanrını öldürmüşük" diskursu
və Derridanın dekonstruksiya metodu ilə yanaşmayıb.
Belə bir tənqid metodunu ilk dəfə Niyazi Mehdi təlqin
edir. Filosof bizim ədəbiyyata aid mətni Mişel Fuqo, Erik
Fromm nöqteyi-nəzəri ilə oxuyur və
qarşımıza elə əsərlər
çıxarır ki, onları qəbul etməmək, inkar
müstəvisində polemikaya girmək, irəli sürülən
ideyalardan imtina etmək əvəzinə, onları öyrənmək,
anlamaq bizi Azərbaycan həqiqətlərinə, eləcə
də dünya mədəniyyəti müstəvisinə daha
çox yaxınlaşdırar və daha sıx birləşdirər.
Bu yaxınlaşma və sıx birləşmə dolayı
yolla olur və Niyazi Mehdi bunun nə üçün belə
olduğunu şərh edir. Dünya mədəniyyəti
demişkən... Arada sərhədlər və daş divarlar
olmasa da, heç cür gedib çata bilmədiyimiz paralel
dünyaları bilmək üçün bizə qapalı
monadalardan bir-birinə ötürülən siqnallar yardım
edir, edə bilər... Niyazi Mehdi belə
düşünür.
Niyazi
Mehdi Kamal Abdullanın diskurslarına fəlsəfənin
və ədəbiyyatın bütün təmayüllərindən
baxır: Aristotel, Platon, Parmenid, Lao-Szı, Dekart, Laybnits, Kant,
Hegel, Artur de Qobino, Nitsşe, Hartman, Yunq, Matezius, Berqson,
Şpenqler, Toynbi və s. Şekspir, Servantes, Puşkin, Flober,
Tolstoy, Kafka, Kamyu, Borxes, Eko, Coys, Bekket, Pasternak, Bredberi, Markes,
Paviç, Baxtin, Kristevanın əsərlərinin
timsalında dünya ədəbiyyatının və fəlsəfəsinin
böyük arsenalı ki, Niyazi Mehdi bu müəlliflərin əsərlərinə
dərindən aşinadır və Kamal Abdullanın mətnlərini
asanlıqla onların bəlli əsərləri ilə
müqayisəli təhlilə çəkir... Və istər-istəməz
belə bir təəssürat yaranır ki, Kamal Abdullanın nə
üçün belə yazdığını anlamaq
üçün yuxarıda adlarını
sıraladığım müəllifləri dərindən
bilməlisən. Bilməlisən ki, nə üçün
Borxes dünyanı bir kitabxanaçının röyası
adlandırır? Kitabxana mistikasına qapılmadan, davam edək.
Təbii ki, Kamal Abdulla ədəbiyyata kitablardan gələn
yazıçıdır və "Unutmağa kimsə
var" memuarında bunu fəxrlə bəyan edir. Fəxr etməyə
dəyər. Bir yazıçımızı oxumaq
üçün bu qədər bilgi daxılına sahib olmaq
gözəl deyilmi?
XX əsrin əvvəllərində
türk düşüncəsində ən
böyük diskurs impulsunu Nitsşe, yüzilin ortalarından
etibarən isə Berqson verir. Nitsşe diskursu daha çox Azərbaycan
romantizminə təsir etdi. Əli bəy Hüseynzadə,
Hüseyn Cavid, Məhəmməd Hadi... Berqson diskursu isə
türk ədəbiyyatında Tanpınarın "Nə
içindəyim zamanın, nə də büsbütün
dışında" şeiri ilə, onun "Saatları
ayarlama İnstitutu" romanıyla başlayır. Oğuz
Atayın, Orxan Pamukun romanlarıyla davam edir...
Kamal Abdullanın yaradıcılığı
bədii olduğu qədər, daha
çox intellektlə intuisiyanın qovşağında cərəyan
edən yeni təfəkkür hadisəsidir. Gözlənilməzdir
ki, burada, hətta Berqsonun kifayət qədər inamlı və
sabit əyarı pozulur. İntellektlə intuisiyanın
arasında bərabərlik işarəsi qoyulur.
Yenə
də Niyazi Mehdinin əsərinə qayıdıram. Məsələn,
o, "Sirlərin sərgüzəşti"ni oxuyarkən,
daha doğrusu, şərh edərkən, tamam fərqli metod tətbiq
edir. Mətni intertekst fəzasına yönəldir. Təxəyyülündə
ən əvvəl İsus Xristosun intibah dövrü rəssamları
tərəfindən çəkilmiş portretləri
assosiasiya verir. O portretlərdəki körpə İsa. Necəydi?
Niyazi Mehdi deyir: "Bəzi Dirçəliş dönəmi
tablolarında balaca İsusun üzü körpə, alnı
isə müdrik qırışlarında verilirdi".
İntibalar doğuran nəsnələr sıralanır: Yunqun
"körpə bala" və "bilgə qoca" arxetipi.
Yaxud mətndəki nağıl aurası... Yaxud intibaların
arasında sayrışan primitivizm cizgiləri. Önəmli
olan həm də budur ki, Niyazi Mehdi Kamal Abdullanın əsərlərindəki
kodların şifrəsini açır və onların sirli sərgüzəştinə
həm də bu kodlarla daxil olur. Bunları bildinsə, təmasda
olduğun hər səhifədən şüuraltına
saysız impulslar ötürüləcək.
Düşüncələrini intellektual və İntuitiv feyzlər
saracaq.
Niyazi Mehdinin təfsirində
Kamal Abdullanın romanları, pyesləri, şeirləri, hətta
Dədə Qorqudla bağlı araşdırmaları... hər
biri öz içəriyində zəngin bir kitabxanadan ibarətdir.
Yəni Kamal Abdullanı oxumaq üçün, həm də
bu kitabxanadakı kitabları oxumalısan...
Filosof xatırladır ki, Kamal Abdulla ədəbiyyata
da, elmi fikrə də yeni metaforik ifadələr - terminlər
gətirib. "Gizli Dədə Qorqud" əsərindəki
Dəşti-Müstəqimiyyə ilə Dəşti-Məcaziyyə
kimi... O öz ədəbiyyatını özünün
qurduğu nəzəriyyə əsasında yaradır...
"Yarımçıq əlyazma"
və digər əsərlərinin
dilini tənqid edənlər tənqidlərini dərinləşdirdikcə
Kamal Abdulla da öz hipotezini, yaxud iddiasını irəli
sürdü: "Mən Azərbaycan dilində yazmıram, mən
Azərbaycan dilinin potensialında yazıram". Kamal
Abdullanın təqdimatında Azərbaycan dilinin potensiyası
fikir dalğaları yaradıb tarixin hər tərəfinə
yayılır. Burda Dədə Qorqud başda olmaqla, Mifdən
Yazıya qədər bütün elementlər, Çobanzadənin
təbirincə desək, Azərbaycan dilinin həm vertikalı
(Füzuli), həm də horizontalı (Xətai) iştirak
edir.
Niyazi
Mehdi kitabında belə
bir tezis irəli sürür: "Yarımçıq əlyazma"nın
içinə və orbitinə topladılmış
sayğılı nəsnələri sərgiləsək,
"Kitabi-Dədə Qorqud"un, Şah İsmayılın
azərbaycançılıq kultunu görəcəyik".
Kitabda həm də qoca və nurani Füzuli kultunun niyə və
necə sındırıldığını da görəcəyik...
Bu, Füzuliyə üsyan deyil, gənc Füzulini ixtiyar
Füzulinin "əsarət"indən xilas etmək
üçündür. Niyazi Mehdiyə görə isə, bu
bizi özümüzə və özgələrə ilginc
etməyə yönəlmiş dekonstruksiyadır.
"Kamal
Abdullanın diskursları"
kitabı elə Niyazi Mehdinin diskursları
kimi də oxuna bilər. Çünki bu kitab özü yeni
diskurslar üçün motiv yaradır.
27 avqust
2025
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.6.