Tut ağacının itmiş yaddaşı
Romandan parça
Nə olursa-olsun, içindəki
uşağı unutma...
Qəbiristanlıq min illərin sükutu
içində uyuyurdu.
Dünya binə olandan belə olmuşdu - başdaşıları
sanki sükuta keşik çəkirdi. Sükut o dünya ilə bu dünya
arasında gözəgörünməz
bir pərdə idi. Gorgaha bəni-insan
ayağı dəyəndən-dəyənə
bu pərdə azca tərpənirdi, əl-ayaq çəkiləndən
sonra yenə əvvəlki halına qayıdırdı. Sükutu
arada dəli küləklər pozurdu, yağan yağışlar
qaralmış çopur
başdaşılarını döyəcləyəndə sükut
rəncidəhal olurdu,
canını qoymağa
yer tapmırdı. Bir
də hüznlü addım səsləri... torpağın yaddaşını
oyadırdı.
Bu dəfə də torpağın yaddaşı
oyanmışdı. Yumşaq,
zərif qadın ayaqlarının toxunduğu
gil torpaq elə bil sızıldayırdı,
ağrı çəkirdi;
gərdişi-dövranın vəfasızlığından, həyatın faniliyindən
xəbər verirdi. O zamanlar ki, xoşbəxtlik
üfüqdə sayrışırdı,
asudə, bəxtəvər
günlər ömrə-günə
min cür rəng qatırdı, səhərlər
Günəş göy
üzündə səadəti
müjdələyirdi, axşamlar
Ay uşaqlara sehrli nağıllar danışırdı,
onda uşaqlar da düşünürdü ki, bu
dünya nə gözəl yer imiş. Başlayırdılar
dünyanı sevməyə.
Dünya onlar üçün isti, işıqlı bir evə çevrilirdi. Onlar dünyaya evlərinin pəncərələrindən
baxırdılar və
dünya onların gözündə o qədər
böyük idi ki, heyrət və maraq içində gözlərini o pəncərədən
çəkə bilmirdilər.
Torpaq onlar üçün üstündə
yamyaşıl ağacları
qol-budaq açan, şipşirin meyvələr
bitirən möcüzəli
bir yer idi.
Onlar bilmirdilər ki, torpağın başqa üzü də var, torpağın başqa üzündən xəbərsiz
idilər. Bilmirdilər
ki, torpaq uğrunda qanlar tökülür, savaşlar aparılır,
mərmilər torpağın
altını üstünə
çevirir; torpaq torpaq olmaqdan çıxır, uçuruma,
yarğana çevrilir
və doymaq bilməyən qorxunc əjdaha kimi insanları udur. Bilmirdilər və bu bilməzlik ilə də halları xoş idi.
...O qadın neçə illər idi ki, eyni cığırla, qəbirlərin arasıyla
gedirdi və illər onun ipək saçlarını
codlaşdırmışdı, tellərinə dən salmışdı, gözlərinin
kənarında qəmli
naxışlar toxumuşdu.
O qadının ağ
üzündə xırda
çillər əmələ
gəlmişdi. Amma gözləri
həminki idi... Mavi, dünyanın təmizliyindən, paklığından,
sevincindən xəbər
verən mehriban, ifadəli baxışlar həminki idi... Həminki idimi? Axı deyəsən, bir azca solmuşdu
bu baxışlar... Bu
gözlərin dərinliyinə
narın bir kədər hopmuşdu. O xırda çillər də, açıq-aşkar
sezilən qırışlar
da, ağarmış tellər
də həmin o müxənnət kədərin
işləkləri idi;
kədərin görünən
tərəfi, maddiləşmiş
forması idi. Gözəlləri qocaldan
dünya bu qənirsiz gözələ
də tamah salmışdı, zaman səssiz-səmirsiz
öz işini görməyində idi. O,
bəlkə də heç bu qadını
tanımırdı, onunla
işi yox idi, sadəcə, bu dünyada Vaxt deyilən bir şey vardı.
Külli-bəşər ona
tabe idi, Vaxt irəlilədikcə insan da özündən asılı olmadan dəyişirdi, uşaqlığı,
gəncliyi əlindən
çıxırdı, yaşa
dolurdu, qocalırdı
və əlində-ovcunda
qalan keçmiş olurdu. Və bu keçmiş onun yeganə sığınacaq yeri olurdu. Bu keçmişi onun əlindən alsan, o, daha yaşaya bilməzdi. Keçmiş onun mücrüsü idi ki, içində yaşadığı
ömürdən qalan
xatirələr toplanır.
O mücrünün içində
kədər də
var, sevinc də...
Mən öz qəbrimi tapa bilmirdim. Qəbiristanlığın
içində azıb
qalmışdım. Külək
qəbri uçurmuşdu,
nədi?..
Qəbir yoxa çıxmışdı. Məndən
on beş-iyirmi addım
irəlidə addımlayan
o qadın torpağın
yaddaşını oyatdığı
kimi, məni də bir anlığa
keçmişə qaytardı.
Aradan uzun illər keçsə də, mən o qadını görən kimi tanıdım. Sazaq, külək ətrafa çökmüş hüznlü
ovqatı, sonu görünməyən qüssəni
bir az da qatılaşdırırdı. Çiyinlərini qısıb
ürkək addımlarla
irəliləyən qadını
görüncə ürəyimin
döyüntüsü artdı,
neyləyəcəyimi bilmədən
yerimdəcə donub qaldım. O yağışlı-çiskinli
payız axşamı
qadının yumşaq
addımları qəbiristanlığın
ağır havasına
elə bil bir az yüngüllük
gətirdi, həyat əlaməti gətirdi. Yoxsa bu ölülər
səltənətində havasızlıqdan
az qala, boğulacaqdım.
Narın
yağış qəbir
daşlarını da yuyub
təmizləyirdi, bu daşlar yuyulduqca elə bil yavaş-yavaş
nəfəs almağa
başlayırdı. Torpaq
yağışı canına
çəkdiyi kimi bu qəbir daşları
da doyunca suyu özünə çəkib
canlanırdı. Qadının
göz yaşları çoxdan qurumuşdu, mavi gözlərində, canında su qalmamışdı. Öz
yağında qovrulub qurtarmışdı, eləcə
ruh kimi gəzib dolaşırdı.
Qadın birdən ayaq saxladı, qara mərmər başdaşının önündə
diz çökdü.
Bu qəbir bir az da mənim qəbrimə bənzəyirdi.
Üstündə də
mənim adım yazılmışdı - Kamran.
...İbiş qollu-budaqlı
tut ağacının altındakı
dəyirmi daşın
üstündə çöməltmə
oturub çox-çox
illər bundan öncə Məhəmməd
kişinin bu ağacı əkməyindən
danışırdı. Bu ağacın
nə vaxt əkildiyini heç kəs görməmişdi.
Məhəmməd kişi
bu tut ağacını
İbişin gözləri
önündə əkmişdi...
Qadın
qara mərmər daşla danışırdı.
Amma səsi çıxmırdı,
dodaqları tərpənmirdi.
Mən onun səsini açıq-aşkar
eşidirdim. Sanki öz
keçmişimə lap yaxından
baxırdım.
Birdən-birə hər tərəf
İbişin sarı sırıqlısının rənginə
büründü və
mən bu ilğımın içində
öz uşaqlığımı
gördüm; İbişlə
üzbəüz oturub
onun bir Allah bilir ki, neçənci dəfə danışdığı
əhvalatı ilk dəfə
eşidirmiş kimi maraqla dinləyirdim. Tut ağacının nağılını
danışırdı İbiş...
Məhəmməd kişi ağıllı adam idi, amma nədənsə məhəllədə ona Gic Məhəmməd deyirdilər. Hər dəfə anamdan soruşurdum ki, Məhəmməd əmiyə niyə o adı qoşublar? Anam da gülümsəyib deyirdi ki, nə bilim, ay bala, elə deyirlər də. Məhəmməd kişi həmin o dəyirmi daşın üstündə oturub həsir zənbil toxuyurdu. O vaxtlar ki, hələ məhəlləmizdə tut ağacı yox idi, Məhəmməd kişi hələ o ağacı yerə bitişmiş dəyirmi daşın qabağında əkməmişdi. Onda Məhəmməd kişi Ağır Cəbrayılın qoyunlarını otarırdı. Ağır Cəbrayılın Təmənnis deyilən yerdə böyük təsərrüfatı vardı, kasıb-kusuba, kimsəsizlərə əl tutmağıyla ad çıxarmışdı. Kənd camaatı həmişə onun hörmətini saxlayırdı. Oğulun çayxanasına girəndə qəlyanının tüstüsü özündən qabaq içəri yayılırdı. Onun üçün tənbəki İrandan gəlirdi və bu tənbəkinin bihuşedici qoxusu Ağır Cəbrayılın büsbütün canına hopmuşdu. Süd rəngli "Qaz-21" "Volqa"sının kabinəsinə də hopmuşdu bu qoxu. Atam həmişə deyərdi ki, kişidən papiros iyi gələr. Ağır Cəbrayıldan da tənbəki iyi gəlirdi. Mahaçqalada, Təbrizdə tacir dostları vardı və Ağır Cəbrayıl tez-tez alış-veriş məqsədilə uzaq səfərlərə çıxırdı. Deyirdilər ki, Ağır Cəbrayıl o uzaq yerlərə həm də qumar oynamaqdan ötrü gedir. Dünyanın ən qəribə işlərindən biri də bu idi ki, bu xəbəri məhəllədə ilk dəfə Həcər xala dilinə gətirmişdi. O vaxta qədər heç kəs bilmirdi ki, Ağır Cəbrayılın qumarbazlığı da var. Həcər xala bu xəbəri hardan, kimdən öyrənmişdi, sirri-xuda idi.
Sən demə, İbiş də Ağır Cəbrayılın harasa uzaq bir yerə qumar oynamağa getməyindən xəbərdar imiş. Amma İbiş bu xəbəri heç vaxt dilinə gətirməmişdi. Ağır Cəbrayılın qumarda əli gətirəndə İbişin üzü gülürdü. Ağır Cəbrayıl belə səfərlərə çıxanda İbişdən "xeyir-dua" alırdı. "İbiş, bu dəfə əlim gətirsə, sənə yaxşı bir kostyum alacağam", "ürəyin nə istəyir, ay İbiş, de, gələndə alıb gətirim səninçün"... İbiş də eləcə gülürdü, bir söz demirdi. Bir dəfə Ağır Cəbrayıla demişdi ki, "udacaqsan, görərsən, bunu sənə İbiş deyir". Onda Ağır Cəbrayıl külli miqdarda pul udmuşdu və şax iyirmibeşliyi İbişin sırıqlısının cibinə basanda gözlərimlə görmüşdüm. "İbiş, ağzın fal imiş. Get, bu pula özünə nə istəyirsən, al". İbiş, bəlkə də ömründə o qədər pul görməmişdi, cibindən bənövşəyi rəngdə pulu çıxarıb gözləri parıldaya-parıldaya bir xeyli baxandan sonra cibinə dürtüb uşaq sevinci ilə gülmüşdü. Mən heç vaxt İbişin üzündə belə işıqlı təbəssüm görməmişdim və o təbəssüm uzun müddət torpağın dərinliyində qalıb havasızlıqdan boğulmuş, bozarmış qiymətli daş-qaş kimi göründü. Bu təbəssüm onun cod sifətində necə işım-işım işıldayırdı, İlahi?! Ağır Cəbrayıl İbişin kürəyinə yüngülcə vurub "get, kef elə" dedi və "Volqa"sına minib sürətlə məhəllədən uzaqlaşdı. İbiş hələ də üzündə təbəssüm donub qalmışdı.
Üzərinə biganəlik, laqeydlik tozu hopmuş unudulmuş qəbirlərə də o təbəssümdən pay düşdü. O kədərli təbəssümə mən bir neçə dəfə bu köhnə qəbiristanlıqda başdaşılarının üstündəki fotolarda da rast gəlmişdim. O təbəssüm dəli bir istəklə daşdan çıxıb həyata qayıtmaq istəyirdi. Sanki yalvarırdı ki, məni bu daş sükutundan oyadın, yenidən o gözəl həyata qayıdıb öz ömrümü yaşayım... Heyhat!.. Torpaq aldıqlarını bir daha geri vermir, bu daş pərdənin arxasındakıların yolu bir də heç vaxt bu dünyaya düşməyəcək. Onlar ancaq ölüm növbəsini gözləyən bu fani adamların yaddaşında bir müddət yaşayacaq, onlar da dünyadan köçəndən sonra o biçarələri bir də heç vaxt xatırlayan olmayacaq. Dünyanın işləri belədir... Uşaq vaxtlarımda məni qəbiristanlığa buraxmazdılar, amma mən hər dəfə fürsət tapıb tək-təkcənə qəbiristanlığa gəlirdim və köhnə qəbirlərin arasında dolaşa-dolaşa dünyanın faniliyi haqqında düşünürdüm. İnsanlar niyə doğulurlar? Niyə ölürlər? Bu suallar heç cür mənə rahatlıq vermirdi, içimi didib-tökürdü. Bu suallar mənim uşaqlıq sevincimi əlimdən alırdı, mənə rahatlıq vermirdi. Bir dəfə evdə anamdan soruşdum ki, ana, biz də öləcəyik? Anam təəccüblə üzümə baxıb bir müddət susdu, sonra nə düşündüsə gülümsədi, "biz uzun ömür yaşayacağıq, mənim balam, laaap çox yaşayacağıq, sən belə şeylər haqda düşünmə", - dedi və nədənsə fikrə getdi.
Otuz ildən sonra ilk dəfə gördüyüm o qadını dərhal tanıdım. Züleyxa müəllimənin qızı Kamilə idi - gözəl Kamilə. On il bir parta arxasında oturduğumuz günlər yadıma düşdü. O şıltaq, ərköyün qız gözlərimin önündə hörüklərini yelləyə-yelləyə şeytancasına gülümsəyirdi. Qəfildən onu sinifdə qucaqlayıb öpdüyümü indinin özündə də həyəcanla xatırlayıram. Axı niyə məhz onu öpmüşdüm, o qızda məni cəlb edən nə idi? Bu suallara cavabım yox idi. Mənim bu hərəkətim sinif rəhbərimizi də, uşaqları da heyrətə gətirmişdi. Əlbəttə, uşaqlar "heyrət" sözünün mənasını bilmirdilər, amma uşaq ömürlərində heç vaxt belə bir şey görməmişdilər. Kamilə mənim bu qəfil, gözlənilməz hərəkətimdən bərk qorxdu və ağlamağa başladı. Qızlar Kamilənin ağlamağını görüb onu müdafiə etmək üçün mənim üstümə çımxırdılar, mənə acıqlandılar. Təklənmiş vəziyyətdə qaldığım üçün özümü itirdim və nə edəcəyimi bilmədim. Yeddi yaşlı bir uşaq üzr istəmək nə olduğunu bilə bilməzdi. Eləcə tutulmuş halda "bilmədim" deyə bildim. Başqa heç nə.
Qızlar sinif rəhbərimiz Qasım müəllimə məndən şikayət etmişdilər. Qasım müəllim möhkəmcə qulağımı dartdı və mən bu qədər uşağın gözləri qarşısında pərt olduğumu sinirə bilməyib sinifdən çıxdım və evə doğru götürüldüm. Anam nə baş verdiyini anlaya bilmirdi, məni çox sorğu-suala tutsa da, doğru-dürüst bir cavab ala bilmədi. Örpəyini başına atıb əlimdən tutdu və məni özüylə məktəbə apardı. Anamın yanında bir az ürəklənmişdim, mənə elə gəlirdi ki, heç bir qəbahətim yoxdur. Məsələdən hali olandan sonra anamın da məni müdafiə edəcəyini düşünürdüm. Axı burda pis nə ola bilərdi?! Mən xoşuma gələn qəşəng bir qızı öpmüşdüm, vəssalam. Buna görə adamı niyə tənbeh eləsinlər, ona niyə cəza versinlər? Heç vaxt belə şey ola bilməzdi...
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.7.