Ay Kəramət, heeeyyy!..
Bilənlər bilir, Allah şairi
yaratmazdan əvvəl
onun dözümünün
həddini müəyyənləşdirir,
sonra istedad payını ayırır.
Odur ki, bütün insani keyfiyyətlər ölçüyə sığır,
dözümdən və
istedaddan savayı.
Sonra verdiyini alan, aldığını qaytarmayan
Qoca Dünya əvvəl "şairəm"
deyən zatı qartımış dişinə
vurar, bərkini, boşunu yoxlar. Çoxunu elə ilk sınaqda kənara qoyar. Bəziləri Qoca Dünyanın qılığına girməyi
bacardığından işi
yaxşı gedə bilər. İki gündənbir bəzəkli-düzəkli
kitabları da çıxa
bilər. Amma ki, o kitablar
özündən, oğul-uşağından
savayı heç kimin gərəyi olmaz...
Onda ki, şairin istedadı ipə-sapa yatmadı, dözümü "səhrada
qum göyərdirsə",
"söz mənimdi,
haqq mənəm" deyib durursa, onda bu Qoca
Dünyada "it ağzından
çıxmış" bir ömür yaşamağa məhkumdur
şair. Elə bu gün haqq
dünyasına yola saldığımız şair
Kəramət kimi...
Əzəldən heç xoşlamadığım
ay olan avqustun 13-dən
14-nə keçən gecə
Ayıq müəllim
şairin ölüm xəbərini verəndə
bir anlıq duruxdum... Kəramətin ölümə belə tez təslim ola biləcəyinə
inana bilmirdim... Amma xəbər doğru idi... Düşüb həyətdə var-gəl
elədim. Birgə keçirdiyimiz günlər
xəyalən səhifələndi.
Görüşlər, Kəramətin
ədəbi mübahisələri,
kəskin çıxışları...
bir-bir gözümün
önündə canlandı...
Qalxıb kitabını
axtardım. Vaxtilə
haqqında "Ədəbiyyat
qəzeti"ndə yazdığım
"Million+1" kitabını vərəqlədim. Kitabdakı
şeirlərin hər
birinin maraqlı tarixi vardı.
...Sənin söz yerin var, sözünü
de, get,
Yiyəsiz sözlərin yiyəsi
- vaxtdır.
Abırsız zamandı, abrını
gey, get,
Kim kimdir? Son sözü deyəsi vaxtdır.
Çoxları bilməsə də,
mənə məlumdur
ki, onun həyatında
baş verən hadisələrin ağrı-acısı
yaradıcılığına hopmuşdur. Bir duyğu adamı kimi bu olacaqlar ona
əzab versə də, dəyişmədi.
"Ömrünün işğal
illərində" ən
çətin anlarda öz şair və insani ləyaqətini saxladı.
Hərçənd ki, onun
məcburən yaşadığı
o "adamxanada başqa
cür davrananlar" çox idi. Onu fərqləndirən cəhət, cəsarəti
idi. Adamlar ölümü ən böyük bəla bilib ondan qaçanda,
Kəramət həyat
bəlalarından dincəlmək
üçün ona doğru şığıyırdı.
...Sırtıq üzlərdən
bezib,
Ölümü bəhanə edib,
Dincəlməyə gedəcəm.
"Adam olmaq günah sayılan" aləmdə
o, yenə də insanlara inamını itirmədi:
...İnsana o qədər inanıram ki,
Gələrdim qəbirdən çağırsaydılar.
"Yerdəkilərlə yola gedə bilmədi", onun üçün "dünya şeytan bazarıydı, şeytanlar
başa çıxacaq".
Odur ki, onu bu dünyadan yığmaq çətin
idi. Odur ki, gedib asılmağa bir ağac da tapa bilmirdi. Odur ki... Təzə adam axtarırdı bu yer üzündə:
Ya yerdən
çıx,
Ya göydən
en,
Təzə adam.
Bəli, bu
ictimai durum "Gülləyə layiq olanlara mükafat verir". Zamanın şeirini isə gözdən-könüldən uzaq Kəramət yazırdı. Əslində
bu, belə də olmalıydı...
Bu, onun şair taleyi idi. İstəsə də dəyişə bilməyəcəkdi.
Odur ki, yazırdı
...Yaş ötür,
dünyayla barışammıram,
Sözün gücü çatmır,
sözümü deyəm.
Çünki
...Yaralı-yaralı himn oxuyur
Zəif adamların son ümidləri.
Odur ki
...Bu üz gülməyi unudub,
O qədər ölüb-dirilib,
Daha ölməyi unudub.
Kəramət onu da yaxşı
bilirdi ki, bu yaşam tərzi onun şair taleyidi. İstəsə də belədi, istəməsə də. Dözümlü, istedadlı
şairin əzəli
və əbədi missiyası elə qəm daşımaqdı.
Bunu da Kəramət deyirdi:
...Çıx üstümə,
gör aləmi,
Hamını böyüdən qəm
təpəsiyəm.
Şair
qardaşım, bu gün sənin məzarın üstündəki
qəm təpəsində
dayanan kimdirsə, yana-yana hey səni soraqlayır: "Ay Kəramət,
heeeyyy..."
Zakir ABBAS
Ədəbiyyat
qəzeti.- 2025.- 22 avqust, ¹30.- S.24.