Məmməd İsmayıla vida türküsü
Vida türküsünün nəqəratı...
Vida türküsünün...
Vida...
- Gözləyirdimmi?
- Açığı desəm,
bəli. Son 3 ilin hər günü, hər saatı...
"Məmməd İsmayıl
rəhmətə gedib"
xəbərinə özümü
hazırlamışdım. Ancaq yenə də üzücü oldu, ağrılı oldu. Yenə toy-bayram eləmək kədərə, qüssəyə
qaldı. Bir ayda - bir avqust istisində
bu qədər ədibimizin, şairimizin vəfatına ilk dəfədir
ki, şahidlik edirəm.
Göz yaşlarına
boğulmamaq, nurüzlü
Məmməd İsmayılın
vəfatına üzülməmək
dünyanın ən müşkül işidir.
Bu saat, bu an görünən bu cürdür, bəs sabah? Elə sabah da ağrılı olacaq, acılı olacaq. Onu bilirəm
ki, hamımızdan nəsə
qopdu, hamımızdan
nələrsə azaldı.
"Dünyamız bir Məmməd İsmayıl
boyda azaldı" demək, bilirsiz, nədir? Yəni küçə-küçə azaldı, gecə-gecə kiçildi yurdumuz, dalan-dalan, prospekt-prospekt balacalaşdı, Bakı
da, Tovuz da, Əsrik də, 26 il yaşadığı
Çanaqqala şəhəri
də. Hamısı bir Məmməd İsmayıl boyda kiçildi.
Təsəllim odur ki, Məmməd
əmi haqqında bir roman yazmışam:
"Tale şairi: Məmməd
İsmayıl". Çox
çək-çevirdən sonra kitabın adını da özü qoydu, dəfələrlə
dəyişdik adını,
amma hiss elədim bu ad daha ürəyincədir."Tale"
sözü, "süddən
yanığam" ifadəsi,
"yetim bir haray var" cümləsi
şairə nə qədər doğma olarmış, ilahi?! Özü yanımda olsaydı, rus şairi A.Blokdan
sitat gətirərdi:
"Şairin karyerası yox, taleyi olur".
Taleyi böyütmüşdü
şairi, yetişdirmişdi,
ucaltmışdı, ayaqlara
sərmişdi, dərbədər
eləmişdi. Hamısını
yaşamışdı Məmməd
İsmayıl.
Bu vida türküsünün
nəqəratını tanışlığımızın
ilk günündən tapmağa
çalışacağam.
7 aprel 2021-ci ilin küləkli Bakısında,
saat 15:00-da görüşmüşdük
Məmməd bəylə.
"Sətirlər" verilişinə
Məmməd İsmayılı
çəkəcəkdik deyə
çox sevincli idim. Türkiyədə işləyirdi o zaman, yalnız
1 həftə Bakıda
olacağını vurğuladı.
Fürsəti əldən
vermədim. Telefonla danışdıq, çəkilişlərin
gününü müəyyənləşdirdik.
Milli Məclis tərəfdən
yerüstü keçidlə
çəpəki, yanpörtü
yerişlə gəldiyini
görcək, çevikliklə
ona tərəf addımladım. Qarşısına
dikiləndə, əli
ilə işarə etdi, "yəni, gördüm səni, iki tərəfdən də maşın şütüyür, qabağa
gəlmə!"
Elə
ilk andan diqqətli, ərdəmli biri kimi yaddaşıma hopdu Məmməd İsmayıl.
Əynində qəhvəyi-bozlu pencək,
bəzəkli sarı-göy
qalstuk və boz köynək vardı. Lakin bəlkə
ilk dəfə idi ki, ətraf bozluq saçmırdı, hər
tərəf işıqlı,
parlaq görünürdü
bəndənizə. Birinci
dəfə idi ki, onu həyatda görürdüm, elə
o da mənimlə ilk dəfə
qarşılaşırdı. Məmməd bəyin gözlərindən necə
və nə kimi göründüyümü
deyə bilmərəm.
Lakin mənim gözlərimlə
baxanda, sanki qarşıdan Vətən
şairi Mehmet Akif Ərsoy
gəlirdi. Necə oxşayarmış adam adama. Xəfif saqqalı, nurani siması, düz qəddi (baxmayaraq ki, çəkiliş əsnasında
beli ağrıyırdı)
ilə qəlbimdə
özünə qarşı
rəğbət oyatdı
Məmməd İsmayıl.
Məğrur görkəmini
indi gördüm, baxmayaraq ki, qürurlu şəxsiyyət olduğunu
çoxdan duymuşdum,
həm də dəfələrlə. Sanki 19-cu əsrin ab-havasına düşmüşdüm. Qarşımda
bir azman kişi dayanmışdı.
O az zamanda nə qədər nəsnə düşünmək
olarmış, ilahi?! Sətirlərimdən bəlli
olmurmu?! Görüşdük,
doğma insanlar kimi. İki-üç gün öncə çəkiliş barədə
telefonla danışmışdıq.
Bildirmişdi ki, Bakıda
qısa müddət qalacaq. Xeyli danışmışdıq. Hətta
telefonda onun gənclik şeirlərindən
birini - "Bir ildir"
qoşmasını da demişdim
ki, özünə hörmətimi,
diqqətimi duysun. Deyəsən, mənə
ilk rəğbəti elə
oradaca yaranmışdı.
Bir azdan rejissor və operator qrupunun gələcəyini deyib, söhbətə başladım.
Həm "vaxt udmaq" baxımından,
həm də "kişi boş-boşuna gözləməsin" - deyə,
bir az veriliş
barədə məlumat
verdim. "Sətirlər"
verilişi haqqında
qızı İntizar
xanımdan azacıq eşitmişdi, amma heç bir buraxılışına baxmamışdı.
Zatən, Türkiyədə
xocalıq edən adamın asudə vaxtı haradan idi ki, oturub verilişlərimizi izləsin?
Dəhşətli külək vardı,
qulaqlarımızı rüzgarın
vıyıltısı döyəcləyir,
içimizdə narahatlıq
hissi baş qaldırır. Axı
"Dağüstü park"dakı
çəkilişdən sonra
aramızda söhbət
olacaqdı, şeir deyəcəkdik, Məmməd
bəyin səsini yazacaqdıq. Keçirdiyim
naqolaylıq, duyduğum
narahatlıq bədənimi
sarmış, bütün
qəlbimi çulğamışdı.
"Əlində belə tarixi görüş olsun, lakin tale rüsxət verməsin?!
"Belə şanssızlıq
olar?" - deyib həyəcan dolu rabitəsiz nitqlə söhbətimə davam edirdim. Bu dəm rejissorumuz Bəhram Yaqublu və operatorlarımız da gəldilər.
Məmməd İsmayılla
görüşdülər, dərhal çəkilişimizə
başladıq. Gözaltı
diqqət yetirdim ki, Bəhram da çox sıcaq yanaşdı Məmməd İsmayılla
görüşə. Həqiqətən
də, şairdə qəribə ecaz, heyrət, bir ernerji vardı ki, ətrafdakılara anındaca
sirayət edirdi. "Nurdan yoğrulmuşlar"
deyirik ha, o ifadəyə
həqiqət vəsiqəsi
verən məhz Məmməd İsmayıl
kimi adamlar olur. Alim kimi şairlər, şair kimi alimlər.
Məmməd İsmayılın vücudunda
hər iki məfhum bir vəhdətdə buluşur
- "şair" və
"alim".
Şair
və alimi 8 aprel tarixində yenidən çəkdik, zira, çəkilişləri
tam bitirə bilməmişdik.
Nəbatat bağı
ikinci görüş
ünvanımız oldu.
Dünəni rüzgarlı
olan Bakıda bir yarpaq belə
tərpənmirdi. Hər
şey ona hesablanmışdı ki, rahat
şəkildə Məmməd
İsmayılla söhbətləşək.
Belə də oldu, verilişimiz aprelin 15-də "Mədəniyyət"
kanalında uğurla yayımlandı. Verilişi
Məmməd bəy çox bəyəndi.
Sonra dostluğumuz başladı,
tez-tez əhvallaşdıq.Onun
bel və ayaq ağrıları da o arada
xeyli intensivləşirdi.
Əməliyyatları, azar-bezarları başladı,
nə başladı. Yessentukiyə getdi, elə də xeyiri olmadı. Sonra haqqında roman yazmağa başladım, özü
də anlamağa başladı, hətta mənə bildirdi ki,
"bu mənim son kitabımdır, hesabat kitabım".
Məmməd bəy bir qoşunun görəcəyi
işi görüb. Onun evində olarkən müxtəlif illərdə nəşr olunan "ortaq türk sözlükləri"ni,
lüğətlərini gördüm
kitab rəfində.Türkçülüyümüz
üçün, ortaq
türk ədəbiyyatımız
üçün Türkiyədə
də illəri boşuna verməyib, neçə-neçə tələbə
yetişdirib.
Son 3 ildə isə xəstəliyi özünə
yaxın buraxmaq istəmirdi. Sıx şəkildə idmanla məşğul olmuş,
düzənli, sağlam
həyat sürmüş
Məmməd əmi mərəzi özünə
əsla sığışdırmırdı.Yenə
də arzuları yerinə yetdi. Vətən müharibəsindəki
44 günlük zəfərimiz
onu necə sevindirirdi.
Sonra haqqında yazdığım
"Tale şairi: Məmməd
İsmayıl" xatirə-romanının
təqdimatını keçirdik,
tədbirə "görüntü"
vasitəsilə bizə
qoşuldu, ürək
sözlərini dedi. Onda da uşaq kimi sevincək olmuşdu. Ümumiyyətlə,
qeyd edim ki, Məmməd bəy hədsiz dərəcədə
nikbin, həyat eşqi olan, hətta diqqətdə qalmağı da sevən birisi idi.
2024-cü
ilin oktyabr ayının 23-də Beynəlxalq
Muğam Mərkəzində
Məmməd İsmayılı
sevənlər şairin
85 illiyinə yığışdılar.
Bu dəfə səhnədə
yarımcan şəkildə
əyləşən Məmməd
İsmayılın bədənində
gənclik təpərindən, gənclik
qüvvəsindən əsər-əlamət
qalmasa da, hamının
təsəvvüründə şair elə öz gənclik görkəmində idi -
"Gənclik" jurnalının
əfsanəvi baş
redaktoru kimi, AzTV (Tele-Radionun) keçmişdəki bişkin, ötkün sədri kimi.
Son yubileyində sanki hamımızla
bir-bir sağollaşdı
şair, ölgün baxışları hər
kəsə "xudahafiz"
söylədi.
Son aylarda da şairin səhhətini qızı
İntizar xanımdan günaşırı soruşurdum.
Üç gün öncə "Atam pisdir, ağırlaşıb",
- dedi İntizar xanım. Qulağım elə səsdə idi.
19 avqust 2025-ci il tarixində isə şairin qapısını ağacdələn
yox, ölüm döyəclədi. Amma yadıma
Məmməd İsmayılın
Xəzərə boylanan
mənzilinin dəmir qapısı düşdü.
Şairin həmin mənzilində bir neçə dəfə olmuşam. Onda keçirdiyim o hissləri
yenidən yaşadım.
Məncə, Məmməd
İsmayıl qapısından
insan hara istəsə,
nə qədər istəsə həm qalxa, həm də ucala bilər.
Şairin
böyüklüyünə baxın. Yazımın əvvəlində kiçildik,
balacalaşdıq, azaldıq
yazmışdım, indi
isə əksinə, çoxalmaqdan, böyüməkdən,
ucalmaqdan dəm vururam. Məmməd İsmayıl nəhəngliyi
həm də budur, çünki o Vətənini də, millətini də, məmləkətinin hər
bir fərdini də böyük, uca görmək istəyirdi.
Onda küçə-küçə böyüyüb, gecə-gecə
artıb, dalan-dalan, prospekt-prospekt çoxalaq.
Deyəsən, Məmməd
İsmayıla vida türküsünün nəqəratını
da tapmış oldum:
"Çoxalmaq,
böyümək,
ucalmaq"
Çoxalmaq,
böyümək,
ucalmaq
vədi ilə...
Məkanınız behişt olsun, şairim!
19 avqust 2025, saat 22:11
Bakı
Turan UĞUR
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.9.