Tanrı dağından Məmməd İsmayıla
zəng: "Alo!.. Alo!.."
2022-ci
ilin iyun ayı idi. Rumıniyada Beynəlxalq "Mihai Eminescu"
festivalında iştirak etməyə
hazırlaşırdım. Səfərə bir həftə
qalmış Azərbaycan poeziyasının beynəlxalq brendi,
ustad şair Məmməd İsmayıl mənə zəng
açdı və eyni festivala dəvət
aldığını söylədi. Həmin diri, duru səsi
ilə: "Oğlum, ayaqlarımla bağlı məndə
bir az çətinlik var. Bəlkə, gələsən
İstanbuldan bərabər gedək", - dedi.
Mən isə biletimi Ankaradan almışdım, amma bu barədə
heç bir şey danışmadım.
"Tamam, Məmməd müəllim, həmən
biletimi İstanbula alaram və orada görüşüb bərabər
gedərik", - dedim.
İstanbul
Hava Limanında illərlə uzaq qalan bir oğlunu yenidən
görmüş ata kimi məni bağrına basdı:
- Şeirlərini oxumuşam,
sən gözəl şairsən. Azər
Turanın məqaləsini də oxumuşdum, həmin şeirə
yazılan ən gözəl məqalədir. O yazını
bir neçə dəfə oxudum.
Danışdığı hər sözün sonunda
"Güneyin mübarək oğlu" deyirdi.
Buxarestə çatanda festivalın
təşkilatçıları hava
limanında bizi qarşıladılar. Hava limanının
çıxışında gənc bir oğlan üzərində
"Mehmet İsmail" yazılmış A4
kağızını tutmuşdu. Festival dünya şairlərinin
paytaxtı Kraiova şəhərində baş tutacaqdı.
Buxarestdən Kraiovaya bizi taksiylə 4 saatlıq yol gözləyirdi.
Yolun kənarında Günəşin nurlu siması
qarşısında günəbaxanlar, taxıl zəmiləri
ucalmışdı. O qədər səliqəli və zərafətlə
əkilmişdi ki, əkinçiliyi bilməyən hər bir
şəxsin diqqətini cəlb edə bilirdi.
- Məmməd müəllim,
gör necə də gözəl əkiblər,
baxmaqdan doymur insan.
- Həqiqətən, möhtəşəmdir,
mən bu festivala üçüncü dəfədir
qatılıram. Bu yollar xəyallarıma keçib, bu yollar
zehnimin bir küncündədir həmişə. Hər
darıxanda bu yolları, orada iştirak edən ruh
yoldaşlarımı xatırlayıram.
Yolboyu Məmməd müəllimlə
xeyli dərdləşdik. Həyatım
haqqında soruşdu. Keçmişi, taleyi, çətinlikləri,
sürgünlüyü, qürbəti, ədalətsizliyi
danışdıq. Mənim bir çox şeydən incik
olduğumu görüb, öz həyat hekayəsini
danışdı.
Onun nəsihətləri içimdə
bəslədiyim adamı çox dəyişdi,
məni tam başqa bir insana çevirə bildi. O səfərimi
həyatımın ən xoşbəxt və dəyərli
anları kimi qiymətləndirirəm. Etdiklərimə
görə, gah nəsihət etdi, gah üzüldü, gah qəzəbləndi,
gah gözlərini doldurub-boşaltdı. Anladım ki,
çox kiçik və cüzi şeylər
üçün incimişəm. Bu yolda duruşumu qorumaq
üçün səs tonunu bir azca qaldıraraq:
"İstedadsız, paxıl insanlar səni incitməyə
çalışacaq, sən buna həmişə hazır
olmalısan", - deyirdi.
Buxarestdən Kariova gedən yolda bir neçə dəqiqəlik tənəffüs
üçün maşın saxladı. Məmməd müəllim
cibindən rumın pullarını çıxardı.
Üzündəki təbəssümlə mənə
baxıb: "Bu pullar illər öncə Rumıniyaya gəldiyimdən
qalır, bilirdim ki, yenidən gələcəm, yenidən bu
festivalda iştirak edəcəm. Al bu pulu, ikimiz
üçün su alarsan", - dedi.
Saat
13:00 radələrində Kariova
şəhərinə çatdıq. Mihai Eminescu
Akademiyasının Prezidenti İon Deaconescu bizi
qarşıladı, günorta yeməyindən sonra İon bəy
bildirdi ki, iki-üç saat istirahətdən sonra hotelin
foyesində görüşüb festival haqqında müzakirə
etməliyik. Məmməd müəllimi ayaqlarından əziyyət
çəkdiyinə görə, hotelin birinci mərtəbəsinə,
məni isə üçüncü mərtəbədəki
otağa yerləşdirdilər. Məmməd müəllim
saat 18:00-da aşağıda olmağımı söylədi.
Bakıdan İstanbula uçan
təyyarənin gecikməsinə və
iki gün yolda olduğuma görə, o qədər yorğun
idim ki, qurduğum telefonun zəng səsinə oyana bilmədim.
Yuxudan ayıldım ki, saat 19:00 olub. Tələsik
paltarlarımı əynimə geyinib koridora
çıxdım. Məmməd müəllim
qaşlarını düyünləyərək koridorda məni
gözləyirdi.
- Ay oğul, heç bilmirəm,
sənin otağının nömrəsi neçədir.
Yarım saatdır, o yana-bu yana gedirəm, dedim, indi
başına nəsə oyun gəldi.
Onun bu hərəkəti bir atanın oğluna olan münasibəti idi.
Mənsiz akademiyanın prezidenti ilə görüşə
getməmişdi.
Xeyli üzrxahlıq etdim və inandırdım ki, bu, həyatımın
ilk gecikməsi idi. Demək ki, yorğunluq qalib gəlmişdi...
***
Kraiovada
ilk gecə ABŞ-ın məşhur şairi Bill Wolak ilə
birlikdə gəzintiyə çıxdıq. Məmməd
müəllimə dedim, "əsa bəhanədir bu yerdə".
Dedi, "düz deyirsən, şairlərlə yeriyəndə
əsa unudulur". Əsasını verdi mənə, çəliksiz
addımladı. Unudulmaz və xoşbəxt bir gecə
keçirdik.
Bill Wolak Məmməd müəllimin
köhnə dostu idi, bir neçə festivalda bərabər
iştirak etmişdilər. Billin zarafatları və enerjisinə
valeh oldum. Hər bir məsələdə
işığı, enerjini, yumoru axtaran bir sənətkardır.
Məmməd müəllimin şeirləri haqqında
danışdı, onun diksiyası və poetik
yanaşmaları haqqında müzakirələr etdik.
Həmin
gecə hotelimizə geri qayıdanda, ərköyünlük məqsədi
ilə qəfildən Məmməd müəllimə dedim:
"Məmməd müəllim, bu gecə də çox
yorğunam, belə getsə, sabah səhər də yatıb
qala bilərəm".
Üzümə baxıb birdən
ürəkdən güldü. Yarı
gülümsəyib, yarı əsəbi bir şəkildə
"Sabah səhər 9:00-da otağımın qapısında
olmasan, vay halına... Sən day ağ eləmisən ee", -
dedi.
***
Festivalın
açılışında Məmməd müəllimin
şeirlər toplusu kitabı rumın dilində təqdim
olundu. O qədər xoşbəxt olduq! Bu sürpriz onu bir daha
sevindirdi. Festivalın ikinci günündə Mihai Eminescu
parkında şairin büstünü ziyarət etdik,
büstün önünə güllər qoyduq, şeirlərimizi
qarşısında səsləndirdik. Sonra parkda festival
iştirakçıları ilə addımladıq. Mihai
Eminescu büstü ilə üzbəüzdə bir skamyada
oturdu Məmməd müəllim.
- Məmməd müəllim,
gözəl mənzərədir, Mihai
Eminescu büstü ilə üzbəüz oturmusunuz. Bir şəkil
çəkim, - dedim.
- Sən şəkli də şeir kimi çəkirsən,
oğul.
- Necə ki?! (gülümsəyirəm)
- Axı ürəklə çəkirsən...
- O zaman
ürəkdən gülümsəyin. Bu şəkli heç
vaxt paylaşmayacam.
- Paylaşma heç!
(Gülür)
Festivalın üçüncü günündə Rumıniyanın
Karakal (Caracal) Teatrında şeirlərimizi səsləndirməliydik.
Teatrın qapısından içəri girəndə
izdihamı müşahidə etdik. Böyük Karakal
Teatrında bircə oturacaq belə boş qalmamışdı.
Beynəlxalq şairlərin şeirlərini dinləmək
üçün insanların marağını görüb,
xoşbəxtlik hissi keçirirdik. Ataol Bəhramoğlu,
İon Deaconescu, Jeton Kelmendi, Məmməd İsmayılın
çıxışları böyük alqışla
müşayiət olundu. Məmməd müəllim
çıxışında mənim şeirlərim
haqqında da danışdı. Bir daha orada Məmməd
İsmayılın okean ürəyindən qopan sözlərlə
nə qədər təmiz niyyətli, ləyaqətli bir
şair olduğuna inandım.
***
Festivaldan
sonra Məmməd müəllimlə İstanbul hava
limanında ayrıldıq. Qızının evinə gedəcəkdi,
onunla köhnə İstanbulda bir şəhər avtobusunun
önündə vidalaşdıq.
Artıq
mütəmadi olaraq Məmməd müəllimə
yazırdım, xəstəliyi haqqında soruşurdum.
- Nigaran qalma, oğlum. Keçəcək. Biz bir daha
festivallarda bərabər iştirak edəcəyik. Həkimlər
müsbət nəticələrdən xəbər verir.
Bu sözlərlə sevinirdim,
güc alırdım, bir daha
görüşəcəyimizə inanırdım. Bir ata
oğluna göstərən qayğını ondan
görmüşdüm. Darıxırdım və həsrətlə
anırdım o günləri...
2024-cü
ilin may ayında Məmməd
müəllimlə telefon danışığımızda
ağrılarının artdığını söylədi...
Bakının dumanlı günündə avtobusla işə
gedirdim. Unutdum hara gedəcəyimi, nə edəcəyimi bilmədim...
Həmin avtobusda bir məktub yazdım:
Məmməd
İsmayıla
məktub...
May -
köndələn yağışlar qamçılayır
alça ağacının
kürəyini...
May -
Bayraqlar
göy üzünə
vuran
şilləsinin səsi gəlir
uzaqlardan...
Zivəyə sərilmiş təzə
bəyin
ağ köynəyini
daş-qalaq edir dolu,
Zivəyə sərilmiş ətəkliyin
çiçəklərini
vurur dolu.
Bu bahar da belə getdi!
May -
Dayanacaqda
duran qızın
saçlarını
dağıdır dəli külək.
May -
İş yerimə gedirəm...
Buğ vurmuş mikroavtobusun şüşəsinə
Günəş rəsmi
çəkir qızcığaz...
Mikroavtobusdayam,
Məmməd İsmayıla yazıram:
- Necəsiz, Məmməd müəllim?..
- Alo..! Oğlum, aloo!
May -
Köks
ötürür teleqraf
simləri...
- Səs gəlmir, alooo...
May -
Alo...
May 10,
2024
***
2025-ci il,
avqust ayının 8-də Heydər Əliyev Hava limanında
Qazaxıstanda "Abay Kunanbayev-180" festivalında
iştirak etməyə təyyarənin uçuş
saatını gözləyirəm. Məmməd müəllimə
zəng edirəm, açmır...
Vatsapdan
yazıram: "Məmməd
müəllim, bu festivala da tək gedirəm,
ümid edirəm, gələn festivalda bərabər
iştirak edərik. İştirak edəcəyim festivalda sizin
tanıdığınız bir çox şairlər,
dostlarımız iştirak edir. Sizin salamınızı
çatdıracam. Geri dönüb festival haqqında sizə də
məlumat verəcəm. Tanrıya əmanət olun".
***
Almatı
şəhəri, Şimbulakda Kanatla Tanrı dağlarına
yüksəlirik. Hava soyuqdur, buludlar dağın
başını alır... Dilimin ucunda zümzümə edirəm:
Hərdən
üz çevirib taleyə, baxta
Çıxdığı səfərdən
qorxub qaçan var.
Bir adam yol gedir
bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır
açan var.
Bir nurlu
sahil var hələ sabahda,
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedir
bizdən qabaqda,
Amma bir adam da bizdən sonra
var!
Tanrı
dağının ən yüksək nöqtəsindəyik,
yayın ortasında, avqust ayında qəfildən dəli bir
dolu yağır səmadan... Çox fərqli və
yaşanmamış bir havadır, dolunun əllərimin üzərinə
düşəndə bıçaq kimi kəsdiyini hiss edirəm...
Dolu üzümə vurarkən,
zümzüməni unuduram, hündür səslə
oxuyuram:
Yolundan
döndərməz duman da, çən də,
Kiminsə sözünü deməyə
gedir.
Yerin bu üzündən duyuq düşəndə
Yerin o üzünə köməyə
gedir.
Kələfin ucunu axtar özündə,
Hazır
ol qəfildən gələn qəmə də.
Ağatlı oğlan var bu yer üzündə,
Çıxar qabağına hər
məhkəmədə...
***
Dağın başında şimşək
səsi ilə dolunun səsi qarışıb bir-birinə,
sanki qiyamət qopacaq...
Bir şeylər hiss edə
bilirəm, qəribə... Bəzi sözlər gəlir
içimdən...
- Tanrı bizi bağışladı bu müqəddəs
yerində, Tanrı etdiklərimizi qutladı, Məmməd
müəllim. Bağışladı bizi, şeirlərimizi...
Dağın zirvəsindən ətəyə
geri dönürük, təpədən-dırnağa
su içindəyəm, üşüyürəm... Məmməd
müəllimə zəng edirəm deyim ki, adını səslədim
Tanrı dağında...
Məmməd müəllim oğlunun
zəngini açmır...
Ümid
NƏCCARİ
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.8-9.