Akademik Zemfira Səfərovadan
yeni kitab
Bu
günlərdə akademik Zemfira Səfərovanın dahi bəstəkar
Üzeyir Hacıbəyli irsinə aid növbəti
monoqrafiyası işıq üzü görüb.
Böyük sənətkarın 140 illik yubileyinə həsr
olunan əsər rusca çapdan çıxıb. Hələ
sovet dövründə Moskvada dərc olunan bu kitab dahi bəstəkarın
irsinin araşdırılması və dünyada
tanıdılması yolunda böyük elmi-mədəni məxəz
hesab olunub. "Üzeyir Hacıbəylinin musiqi-estetik
görüşləri" (Moskva, "Sovetskiy kompozitor" nəşriyyatı,
1973.) adı ilə çap olunan kitabda Azərbaycan
musiqişünaslığında Hacıbəylinin estetik nəzəriyyəsi
ayrıca monoqrafiya kimi ilk dəfə bütöv halda təqdim
edilmişdi. Kitaba böyük bəstəkar Qara Qarayevin
ön söz yazması isə sovet elmi-mədəni
mühitində böyük maraqla
qarşılanmışdı! Q.Qarayev Üzeyir Hacıbəyli
irsinin belə sanballı araşdırmalarla təqdim
olunmasının mühümlüyünü qeyd edərək
yazırdı:
"Zemfira Səfərovanın
xüsusi xidməti ondadır ki, o, bəstəkarın musiqi əsərlərinin
təhlili ilə məhdudlaşmır, həm də onun elmi əsərlərinin
və məruzələrinin, ədəbi əsərlərinin,
məqalələrinin, felyetonlarının, müxtəlif
müzakirələrdə çıxışlarının
təhlilinə geniş yer ayırır. Onu da əlavə edək
ki, müəllif müəyyən bir dövrün
tarixi-ictimai şəraitini hərtərəfli tədqiq edir,
Ü.Hacıbəylini Azərbaycan xalqının görkəmli
mütərəqqi maarif xadimləri sırasında təqdim
edir. Problemə bu cür çoxşaxəli yanaşma
kitabın əsas müddəalarını dəqiq və
inandırıcı edir".
Kitabın
yenidən işlənmiş təzə nəşrində
akademik Z.Səfərova ömrünü həsr etdiyi və
ardıcıl elmi araşdırmaları ilə daim təbliğ
etdiyi Üzeyir bəy Hacıbəylini Azərbaycan musiqisinin
patriarxı adlandırır.
Qeyd edək
ki, elmə gəldiyi gündən bu günə kimi təkcə
Azərbaycanda dərc olunan kitabları ilə deyil, həm də
dünyanın müxtəlif elmi konfrans və
simpoziumlarında çıxışları, məruzələri
ilə Üzeyir bəy irsini təhlil, təbliğ edən
akademik Z.Səfərovanın haqqında söz
açdığımız kitabı yeni nəsil elm və sənət
cameəsinin böyük bəstəkarı, onun musiqi
dünyamız üçün gördüyü misilsiz
işləri anlamaq, öyrənmək yolunda mühüm elmi
mənbədir!
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.11.