Əlibala HACIZADƏ-90

 

Avqustun 25-də Biləsuvar Rayon İcra Hakimiyyətinin, AYB Muğan Bölməsinin və Salyan-Şirvan Regional mədəniyyət İdarəsinin təşkilatçılığı ilə biləsuvar Rayon Mərkəzi Kitabxanasında tanınmış yazıçı, şərqşünas-alim Əlibala Hacızadənin anadan olmasının 90 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən rəis müavini Emin Mustafayev, Azərbaycan Yazıçılar Birliyi Muğan Regional bölməsinin sədri Nəbi İbrahimli, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Yusifli, eləcə də şairlər, yazıçının ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Ə.Hacızadə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan yazıçılardan olub. Onun yaradıcılığı milli ədəbiyyatın inkişafına, oxucuların mənəvi dünyasının zənginləşməsinə böyük töhfə verib. Yazıçının əsərlərində insan taleləri, mənəvi dəyərlər və ictimai problemlər yüksək bədii səviyyədə əksini tapıb.

Bildirilib ki, yazıçının roman və povestləri təkcə mövzu baxımından deyil, həm də sənətkarlıq baxımından ədəbiyyatımızda dəyərli nümunələrdir.

Tədbir çərçivəsində yazıçının əsərlərindən parçalar səsləndirilib, həyat və yaradıcılığını əks etdirən maraqlı faktlar təqdim olunub. Həmçinin tədbirdə şairlər tərəfindən yazıçıya həsr olunan şeirlər ifa edilib, iştirakçılar arasında ədəbi müzakirələr aparılıb.

 

 Ədəbiyyat qəzeti.- 2025.- 29 avqust, №31.- S.11.