Qəzənfər Paşayev: "Yaradıcılıq
möhtəşəm aldanışdır həm də"
Qəzənfər müəllimlə
söhbət xoş təsadüfdən təkan
aldı. Təsadüf
isə mənə görə həmişə
qaçılmazlığın ayaması kimi bir şey olub.
İş gününün axırı
idi. Darıxırdım.
Yazıçılar Birliyində,
iş otağımın
açıldığı dəhlizdə, pəncərənin
ağzında dayanıb
siqaret çəkir, neçə vaxtı bir məsələ ilə bağlı verdiyim şəxsi qərarımı çək-çevir
edirdim. İlin sonunacan tərcüməçilik
fəaliyyətimə son verəcəyimi,
indiyədək çevirdiyim
300-dən artıq şairdən
elədiyim poetik tərcümələrin əsas
hissəsini - "seçmə
tərcümələr" antologiyasını (bütüm
tərcümələrin ancaq
biblioqrafik siyahısını
təqdim etməyi düşünürəm), həmçinin
2013-cü ildə nəşr
olunan "Ədəbi
söhbətlər" kitabının
təzə - yenilənmiş,
genişlənmiş (ilk nəşrdən
sonra xeyli yeni müsahibələr və
söhbətlər dərc
olunmuşdu) çapının
necə olacağını
götür-qoy edirdim.
Qəzənfər Paşayevin
heç kimlə və heç vaxt qarışıq salmadığım siluetinin
mənə tərəf
yaxınlaşdığını gözümün qırağı
ilə sezdim. Həmişəki kimi isti görüşdən,
hal-əhvaldan sonra otağa dəvət etdim. Xeyli söhbət
etdik. Söhbət əsnasında yaddaşımı
təzələməyə, tanışlığımızın tarixçəsini daha aydın xatırlamağa başladım.
Yazdığı və oxuduğum əsərləri
bir ayrı, amma onun haqqında
ilk dəfə atamdan eşitmişdim. "Ədəbiyyat
qəzeti"ndə dəfələrlə
görüşmüşdülər, xüsusən, Ayaz Vəfalının
baş redaktor olduğu vaxtlarda. Son 20 il ərzində "Ədəbiyyat
qəzeti"ndə çap
olunan tərcümələrim
və yazılarım
barədə hər görəndə xoş söz deməyi unutmayan bu istiqanlı
kişi, dəyərli
alim və müdrik ağsaqqalla Birliyin 3 qurultayında iştirak etmişdik, 2004-cü və
2014-cü qurultaylardakı fasilələr
zamanı atamla bərabər xeyli mehriban söhbətlər
etmişdik, bütün
bunları xatırladım.
"Altı il Dəclə-Fərat
sahillərində" kitabını
necə hərisliklə
oxuduğumu (gərək
ki, 1987-ci ildi), özümü
tanıyandan yol yoldaşım olan özgə coğrafiyalara
canatımımı - "akmeistik
xiffət"imi o kitabın
necə gücləndirdiyini
bölüşdüm. "Seçmə tərcümələr"in
çapı və
"Ədəbi söhbət"lərin
yeni nəşri ilə
bağlı fikirlərimi
dedim Qəzənfər
müəllimə, qəfil
necəsə, niyəsə:
- Gəlin, bir söhbət də sizinlə edək, - deyə əlavə etdim. Məmnuniyyətlə
razılaşdı, şərt
də qoydu, "nəşrdən əvvəl
mütləq oxumalıyam",
dedi. Vaxtı danışdıq. Bir neçə
gün sonra görüşəndə həmişə
müşahidə etdiyim
dəqiqliyini bir daha sübut elədi.
15 il əvvəl bir fikir hakim kəsilmişdi mənə. Uşaqlıq
və yeniyetməlik vaxtı sevərək oxuduğum kitabları təkrar nəşr etmək qərarına gəlmişdim. Bu qərarı
niyə verdiyimi, bu düşüncəyə
niyə gəldiyimi bilmirəm, bəlkə də bununla mən qayğılardan uzaq, işi-gücü daha çox oxumaq olan o xoşbəxt
uşağı "diriltmək"
mümkün olmasa belə, uşaqlığı
necəsə, nə cürsə, qaytarmaq istəyirdim. Təəssüf
ki, yalnız bir kitabı çap edə bildim.
Səlim
Babullaoğlu: - Qəzənfər
müəllim, xoş
gördük. "Altı
il Dəclə-Fərat sahillərində"
kitabı mənim yaddaşımda sovetlərin
son illərdəki milli bestseller nümunələrindən biri,
ilki kimi yadda qalıb. Xatırlayıram,
xalalarım Əlibala
Hacızadənin romanlarını,
atam sizin "Altı il Dəclə-Fərat
sahillərində" kitabınızı,
Manaf Süleymanovun
"Eşitdiklərim, oxuduqlarım,
gördüklərim" kitabını,
Sabir Rüstəmxanlının "Ömür kitabı"nı
(bu sıraya Oljas Süleymenovun "Az i Ya"sı aiddi) alırdılar, ən son oxucusu mən olurdum bu kitabların.
Elə
"...Dəclə-Fərat..."dan başlayaq. Qasım Qasımzadənin kitab barədə
mənim də həmfikir olduğum bir rəyini xatırladıram: "İraqı
bizə yaxın edən bu kitabı,
necə deyərlər,
birnəfəsə su
kimi içdim. Ona görə ki, burda tarixi, ədəbi-sosioloji,
etik-mənəvi problemlərə
dair bir-birindən ötgün faktlar, epizodlar o dərəcədə
cəzbedicidir ki, son cümləni
oxuyub qurtarmayınca kitabı əlindən yerə qoymaq istəmirsən..."
Necə
oldu bu kitabı
yazmaq qərarı verdiz? Yaxud bəlkə
kitab haqqında düşünmədən
ayrı-ayrı məqalələr
yazılmışdı, qeydlər
vardı...
Qəzənfər Paşayev: - Siz
o dövrdə oxunan və sevilən kitabları necə dəqiqliklə saydınız
və məziyyətlərindən
söz açdınız.
Mən o sıraya Məmməd Aslanın
"Ərzurumun gədiyinə
varanda" kitabını
da əlavə edərdim.
Hərçənd Məmmədin
kitabı səviyyəcə
və səciyyəcə
fərqli idi, yarısı türk müğənnisinə həsr
olunmuşdu, onun da oxucuları vardı. Yada saldıq, ruhu şad olsun.
Necə
oldu bu kitabı
yazmağa qərar verdim? Qeydlər vardımı? İraqda işlədiyim altı ildən çox o müddətdə elə gün olmurdu ki, qeydlər aparmayım. İraqa gəldiyim ilk vaxtlar idi. Rəşid
küçəsində 13 saylı avtobusa minib Sədun küçəsinə gedirdim.
Avtobusun düz ortasında dayanmışdım.
Konduktor mənə yaxınlaşıb: "Sən
harda durubsan?" - deyə soruşdu. "Burda durmuşam", - dedim. "Arxada durmusan, ya qabada?"
Məni başa saldılar ki, arxa tərəf ucuz, qabaq tərəf bahadır. Mən isə ortada dayanmışdım. Əgər
1962-ci ildə baş verən bu hadisəni
qeyd etməsəydim,
20 ildən sonra
"Altı il Dəclə-Fərat
sahillərində" kitabımı
yazanda bu hadisə yadıma düşərdimi?
Məqalələr yazmağıma İranda
tərcüməçi işləmiş
Maqsud Hacıyevin
İran təəssüratlarına həsr etdiyi, "Azərbaycan" jurnalında
çap olunan çox maraqlı, çox da böyük həcmli yazısı təkan oldu. Ayrı-ayrı məqalələr
yazmağa başladım.
"Çöl ərəbləri"
yazımı "Azərbaycan"
jurnalına, "Füzulinin
nəvə-nəticələri arasında" yazımı
isə "Ulduz" jurnalına vermişdim. Aradan 2-3 ay keçəndən
sonra Sabir Azəri dedi ki, yazınız "Ulduz" jurnalı üçün böyükdür.
Nemət Veysəlli isə dedi ki, "Çöl ərəbləri"
yazınız "Azərbaycan"
jurnalına yaramadı.
"Başqa bir yazı gətirin", - dedi.
"Adətim mənim, həyatım mənim",
"Əsrlərin izləri
var bu yerdə",
"Ailə, nikah, toy adətləri",
"Vətən həsrəti,
övlad dərdi"
yazılarımı Nemət
Veysəlliyə verdim
ki, seçsin, jurnala hansı yazı yarasa, onu versin.
"Özünüz seçin,
bir yazı verin", - dedi.
İndinin özündə də
aktual olan, oxuyanda insanı haldan-hala salan, "Vətən həsrəti,
övlad dərdi"
adlı yazını təqdim etdim. Vaqif Yusifli məqaləmə
müsbət rəy versə də, çap olunmadı...
Bir gün "Ədəbiyyat
və incəsənət"
qəzetində işlədiyi
vaxtdan dostluq etdiyim, "Yazıçı"
nəşriyyatının baş
redaktoru Sabir Rüstəmxanlıya
gileyləndim. Sabir müəllim
yazıları məndən
aldı. Üç gün sonra nəşriyyatın direktoru
Əjdər Xanbabayev məni çağırıb
dedi ki, yazılarını
oxudum, xoşuma gəldi, kitabını hazırla, çap edəcəyik. "Altı
il Dəclə-Fərat sahillərində"
kitabı 1985-ci ildə
10 min tirajla, 1987-ci ildə
120 min tirajla çap olundu.
S.B.: - Xatırlayıram, həmin
kitabda bürclər haqqında bir yer vardı. Doğrusu, kitabı oxuyanda mənim 14 yaşım vardı və ilk dəfəydi astroloji bürclər barədə məlumat alırdım. Və orda "Oxatan" bürcü, onun səciyyəvi keyfiyyətləri
barədə oxuyanda, yazılanları özümlə,
öz xasiyyətimlə
müqayisə etmişdim,
qərara gəlmişdim
ki, hər şey doğrudur. Bunu niyə xatırladım...
Siz həm də Nostradamus haqqında
kitabın müəllifisiniz,
məncə, bu əsər həm astroloq, həm də bir az
da mistik şəxsiyyət
olan Nostradamus barədə
Azərbaycan dilində
ilk kitabdı, bilmirəm,
sonradan nəsə çap olunub, ya yox, olmayıbsa,
deməli, həm də yeganə kitabdı. Yeri gəlmişkən, mən
həmişə Nostradamusu
nədənsə uydurma
şəxs kimi qəbul edirdim. Sonra, yadımda düz qalıbsa, Dümanın
"Kraliça Marqo"
əsərində Nostradamusun
Mediçinin şəxsi
saray həkimi olduğu haqda oxudum. Bir neçə sualım var. Ümumiyyətlə,
bu bürc məsələsinə münasibətinizi
bilmək istərdim...
Siz "Qız" bürcündə anadan olmusunuz. Bürclərdə
özünüzlə bağlı
yazılanları tutuşdurmuşdunuz
o vaxt? Bir də
Nostradamus barədə yazmaq
istəyiniz necə doğdu?
Q.P.: - Bürc məsələsinə
münasibətim müsbətdir.
Aylarla bağlı inanclar səmanın, ulduzların uzun illər müşahidəsinin
nəticəsidir. Bu, orta
əsrlərdən qalma
"nücum elmi"
ilə bağlıdır.
Buna "fələki elmi"
də deyirlər. Ərəbcə "fələkiyyat"
- astronomiya elmi də buradandır. Astronomiya ilə məşğul olanlara fələki deyirdilər.
Fələki Şirvani
şair idi. "Fələki" təxəllüsünü
götürmüşdü. Nişanlısı vəfat
edəndə yazdığı,
taleyindən şikayətlənən
şeiri də var.
Neyləyirəm qəmi-eşqi çəkəm
bu dəhridə mən,
Həmi
fələk fələkiylə
uyuşmayır, həmi
sən.
İnsanların hansı ayda, hansı bürc altında dünyaya gəlməsindən asılı
olaraq müşahidələr
aparılır və
"nücum elmi"nin
təcrübəsi əsasında
insanların qismətləri,
bəxtləri, uğurları,
xoşbəxtlikləri, xasiyyətləri
və s. aydınlaşdırılır.
Bütün bunlar 12 bürclə
- ulduzlar toplusu ilə təyin olunur: Dolça bürcü, Balıqlar bürcü, Buğa bürcü və s.
"Nücum elmi" mühitlərlə bağlı
olur. Bizim üçün yalnız
Şərq mühiti keçərlidir. Rusiya,
ABŞ, Çin və
s. ölkələrin "Nücum
elmi" müsəlman
şərqinin adamlarıyla
heç cür uyğun gəlməz.
Bürclər haqqında yazını
hazırlayanda özüm,
həyat yoldaşım,
uşaqlarım, qardaş-bacılarımın
həyatı ilə müqayisə etdim. Demək olar ki, hər şey uyğun gəldi.
Onu da deyim ki, kitabın redaktoru, suyu üfürə-üfürə içən Ayaz Vəfalı
kitabda "İnamlar"ı
verməkdə tərəddüd
edirdi. Bir gün etiraf edərək dedi ki, özümün, həyat yoldaşımın,
uşaqlarımın hansı
bürc altında dünyaya gəldiyini müqayisə etdim. Mat qaldım. Hər şey uyğun gəlirdi.
Azərbaycanlı oxucuların möhtəşəm
şəxsiyyət Nostradamusun
görücülüyü barədə təsəvvürü
üç-dörd xırda
məqalə, İmir
Məmmədlinin 1995-ci ildə
çap etdirdiyi "Allahın bəlası
Nostradamus" kitabçası və Valeh Məhərrəmlinin
nəzmə çəkərək
yeddi senturiyadan (cəmisi 12 senturiyadır)
verdiyi nümunələrdən
ibarət "Nostradamus. Peyğəmbərlik"
kitabı (1995) əsasında
bir qədər səthi formalaşmışdı.
Mənim
"Nostradamusun möcüzəli
aləmi" kitabım
(Bakı, "Təhsil",
2007, 760 səh.) Nostradamusun
külliyyatını içinə
alır və görücülüyünü tam əhatə edir. Kitab haqqında saysız-hesabsız
məqalələr çap
olundu.
Bu kitab çıxandan sonra Nostradamusla bağlı cəfəngiyyat yazılar
işıq üzü
görmədi.
Səlim
müəllim, Nostradamus barədə
yazmaq istəyim Yaradanın kəraməti
ilə 1999-cu ilin noyabr ayının 26-da baş verən bir hadisə ilə əlaqədar yarandı və bu kitab üzərində işə başladım.
Adlı-sanlı kimyaçı
alim dostum, Bakı Dövlət Universitetinin analitik kimya kafedrasının müdiri,
professor Dəmir Qəmbərovun
60 illik yubileyi idi. Ziyafətə mən də dəvət olunmuşdum.
Lakin bir gün əvvəl anadan olduğum "Qız bürcü" ilə bağlı oxumuşdum:
"Hətta kollektiv dəvətlərdən də
imtina etməlisiniz. Nəticəsini özünüz
görəcəksiniz" (bax: Yeni Müsavat,
25.XI.1999, ¹24, s.16).
Necə
oldusa ziyafətə gedə bilmədim. Bəlkə bu da tale ilə bağlı idi, bilmirəm. Bir onu bilirəm ki, səhərisi gün xəbər yayıldı
ki, "Ceyrançöl restoranı"nda
həmin ziyafətin iştirakçıları arasında
balıqdan zəhərlənərək
tanınmış bir
alim daxil, ölən və ağır vəziyyətdə xəstəxanaya
düşənlər var.
Ömrü boyu "nücum
elmi"nə maraq göstərən, inanan, az-çox tədqiqat aparan bir adam
kimi, bunu mən Yaradanın sadiq bəndəsinə mərhəməti kimi qiymətləndirdim. Nostradamusun
yazdıqları da məni
qeyd-şərtsiz bu qənaətə gəlməyə
sövq etdi. Xoşbəxtəm ki, ömrümün
6-7 ilini həsr edərək yazdığım
"Nostradamusun möcüzəli
aləmi" kitabımda
Azərbaycanla bağlı
Nostradamusun qeyd etdiyi həqiqətləri
üzə çıxara
bilmişəm. Nostradamusun
görücülüyünə əsaslanaraq 2007-ci ildə
çıxan kitabımda
yazmışdım: "Qarabağ
mütləq qaytarılacaq.
Prezident İlham Əliyev
ölkəyə uzun müddət əmin-amanlıqla
rəhbərlik edəcək".
Aqil Abbas yazdı ki, Qəzənfər
müəllim lap ağ
edib. Prezident yalnız iki müddətə seçilə
bilər. Səlim müəllim, o vaxt heç referendum keçirilməmişdi.
"Nostradamusun möcüzəli
aləmi" kitabının
ABŞ-ın Konqres Kitabxanasında da, Britaniya
Muzeyinin Kitabxanasında
da nüsxələri var.
S.B.: - Maraqlıdır, düşündürücüdür.
Ümid edirəm, həmkarlarımız bizi
xurafatda günahlandırmayacaq.
Sizin yaradıcı, elmi bioqrafiyanızda
İraq-türkman folkloru
xüsusi yer tutur. Sizi bu
istiqamətdəki elmi
araşdırmaların pioneri
saymaq olar. Əsərlərinizin biri
Kərkük dialekti haqqındadır. Kərkük
dialektinə Azərbaycan
dilinin dialekti kimi baxılırdı. Bu
gün reallıq başqadır, dilimizin adı "türk dili", "Azərbaycan
türkcəsi", "Azərbaycan
dili" deyə çoxlu mübahisələr,
mükalimələr, versiyalar
var. Kərkükdə danışılan
dil Azərbaycan dilininmi, türk dilininmi dialektidir? Bu məsələnin günün
siyasi-ictimai reallığından
qiymətləndirilməsini aparaq icazənizlə.
Q.P.: - Ulu
öndərimiz dilimizə
dair çox geniş yığıncaq
keçirənə qədər
mübahisələr çox
idi. Açıq keçən həmin yığıncaqda Bəxtiyar
Vahabzadə, Anar, Tofiq Hacıyev dilimizin türk və ya Azərbaycan
dili olmasına dair qızğın mübahisələr gedirdi.
Heydər Əliyevin arqumenti güclü idi. Ulu öndər dedi ki, Azərbaycanda çox sayda etnoslar var: talışlar,
yəhudilər, lahıclar,
udinlər, qrızlar,
xınalıqlılar, avarlar,
saxurlar, rutullar, inqiloylar və s. vardır.
Azərbaycan xalqının ayrılmaz
tərkib hissəsi olan bu etnosların
öz dilləri var. Odur ki, Azərbaycan dili üzərində dayandılar. Burada bir məsələ ortaya çıxır, dünyada elə bir dövlət yoxdur ki, dövlətin adı ilə dili üst-üstə düşsün, məsələn,
Rusiya - rus dili, Özbəkistan - özbək dili və s.
XX əsrin 60-cı illərində
Azərbaycanda dövlət
dili kimi "azəri dili" qəbul olunmuşdu, mənə görə məqbul idi. Nə isə...
Altımış ildən artıqdır
ki, Azərbaycan dilinin
Kərkük dialekti, folkloru və ədəbiyyatı ilə
məşğul oluram.
1969-cu ildə Kərkük
dialektindən namizədlik
dissertasiyası müdafiə
etmişəm. Bu müddət
ərzində İraq Türkman
ləhcəsinin Azərbaycan
dilinin dialekt olduğunu inkar edən heç bir alimə rast gəlməmişəm.
Əksinə, dilçi
alimlər Kərkük
ləhcəsini Azərbaycan
dilinin dialekti kimi qəbul edirlər.
Bir neçə misalla kifayətlənəcəm. Görkəmli
türk alimi Fuad Köprülü XX əsrin
əvvəllərində yazmışdır:
"İraq Türkmanları, yəni oğuzcanın azəri ləhcəsini qonuşan türklər".
Görkəmli türkoloq Karl Menqes
keçən əsrin
ortalarında çap
olunan "Türk dilləri və türk xalqları" kitabında yazır: "Azərbaycanlılar, həmçinin
İraqın şimalında
da yaşayırlar. Sayları
100 mindən artıqdır".
İraq Türkman folklorşünaslıq
və ədəbiyyatşünaslıq
məktəbinin banisi,
İraq türkman ləhcəsinə
dair bir neçə məqalə
və "Kərkük
ağzı türkmanca
sözlük" lüğətinin
müəllifi, fenomenal
şəxsiyyət Əta
Tərzibaşı da bu
məsələyə öz
münasibətini bildirib.
Onu demək vacibdir ki, dil birliyimizdən, kök birliyimizdən, milli kimliyimizdən,
eyni milli-mənəvi
dəyərlərin daşıyıcısı
olduğumuzdan söz açan ilk İraq Türkman
tədqiqatçısı Əta Tərzibaşıdır.
Əta Tərzibaşı
yazmışdır: "Bizim
Türkman ləhcəsi
azəri ləhcəsinə
türk ləhcəsindən
daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix
boyunca çeşidli
səbəblərin təsiri
ilə bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda
aralarında görkəmli
fərqlər bilinməmişdir...
Türkman və azəri ləhcələrini
bu gün üçün əkiz ləhcələr olaraq qəbul edirik".
Kərküklü alim, professor Hidayət Kamal Bayatlı da bu məsələyə öz
münasibətini bildirir:
"Əslən Azərbaycan
türklərindən olan
İraq türkmanlarının bir qismi də
miladi 1505-1525 tarixlərində
Şah İsmayıl tərəfindən İraqa
yerləşdirilmişdir".
Kərküklü yazar Qasım Sarıkəhyanın fikri
də maraqlıdır:
"Azərbaycan xalqı
ilə İraq türkləri
ayrılmaz bir bütündür".
Professor Əbdüləzəl Dəmirçizadə
başda olmaqla, Hadı Mirzəzadə, Nəsir Məmmədov, Ağamusa Axundov, Tofiq Hacıyev, Qəzənfər Kazımov
və s. Azərbaycan alimləri də Türkmaneli ləhcəsinin
Azərbaycan dilinin dialekti olduğu hökmünü veriblər.
Yaradıcılığıma yüksək qiymət verdiyinizə görə təşəkkür
edirəm. Məni
İraq türkmanları ilə
əlaqəli araşdırmaların
pioneri adlandırmağınız
yenidir. Tofiq Hacıyev məni Azərbaycanda Kərkükşünaslıq
elminin banisi adlandırıb. Yaşar Qarayev obrazlı şəkildə yazıb
ki, bizim nəsil üçün İraq Füzulidən
başladığı kimi,
Kərkük də Qəzənfər Paşayevdən
başlayır. Anar isə qeyd edir
ki, bir zamanlar İraqda bizim mənəvi elçimiz Füzuli, indi isə Qəzənfər Paşayevdir. Bunlar adicə sözlər deyil, reallığı əks etdirməklə yanaşı, təvazökarlıqdan
uzaq olmasın, həm də fəaliyyətimə verilən
unutmayacağım qiymətdir.
Əslində məni
yaşadan budur.
S.B.: -
İraq türkmanlarının Yaxın Şərqdəki
gələcəyi sizə
görə necə görünür?
Q.P.: -
"Altı il Dəclə-Fərat
sahillərində" kitabımda
yazmışam: "Kiçik
xalqın faciəsi böyük olur". Mən bunu o vaxt yazmışdım ki,
İraq türkmanları yaşayan
ərazilərə türk
deyilən kimsə ayaq basa bilməzdi.
Ölkə prezidenti Səddam Hüseynin hökmü belə idi.
İkinci
bir məsələ isə ondan ibarətdir ki, 1970-ci ildə
onlara mədəni haqlar verildi. Öz dillərində məktəblər açıldı.
Bir gün ayıldılar
ki, öz dillərində
oxuyandan sonra hansı ali məktəbə girə bilərlər. Ərəb
dili dövlət dili olan bir
ölkədə harada
işləyə bilərlər.
"Kiçik xalqın
faciəsi böyük
olur", - deyəndə
mən bunu da nəzərə almışdım.
O vaxtdan çox sular axdı. "Təhsil" nəşriyyatında
"Azərbaycan-İraq türkman
ədəbi əlaqələri:
ayrılığın sonu"
adlı kitabım çap prosesindədir. Dil, din birliyimizdən,
milli kimliyimizdən, eyni
milli-mənəvi dəyərlərimizdən
bəhs edən kitabda 1960-cı ildən bu günə qədər əlaqələrimiz
addım-addım izlənir.
Ulu öndər Heydər
Əliyevin "Amma tarixi
araşdıranda gördüm
ki, Güney Azərbaycan,
Quzey Azərbaycan və İraq türkmanları
bir bütövün parçalarıdır" tarixi
kəlamı ədəbi
əlaqələrimizə həm
təkan verdi, həm də kompas rolunu oyandı.
İraq türkmanlarından 4 dissertasiya müdafiə edilib. Üç dissertasiya işi də hazırlanır. Əlaqələrimiz inanılmaz
dərəcədə genişlənib.
Çox sayda kitablar çap olunub. İndi ölkəmizin
ali məktəblərində
kərküklü gənclər
təhsil alırlar.
Azərbaycan Yazıçılar Birliyində İraq Türkman
ədəbiyyatı üzrə
2017-ci ildən müşavir
təyin olunmuşam.
İndi 20 nəfər İraq Türkman yazarı Birliyimizin fəxri üzvüdür. Yazıçıların
qurultayında iştirak
edirlər. Nə kəsilən yollar, nə illər mənəvi ayrılığa
gətirib çıxara
bilməmiş, qismətimizə
düşən cismani
ayrılıq olmuşdur.
Şükürlər olsun
ki, ayrılığa son qoyulur.
S.B.: - Dümanın "Qafqaz səfəri"ni, Benetin
və bir çox müəllifin əsərlərini və
başqa çoxlu elmi və bədii
əsərləri tərcümə
etmisiniz. Sonradan, deyəsən, "Qafqaz səfəri"nin bir tərcüməsi də işıq üzü gördü...
Düma
yazır ki, nənəsinin
yanında beş-altı
yaşlı oğlan uşağı hər iki tərəfi ülgüc kimi iti xəncərin dəstəyindən tutmuşdu;
həqiqi bir xəncəri fransız qadını heç vəchlə uşağının
əlinə verməzdi,
ancaq bu bir azərbaycanlı qadının öz uşağına verdiyi oyuncaq idi. Görüşdən
bir saat sonra Xasay bəy
mükəmməl bir
fransızca ilə Dümaya məktub yazır, deyir ki, sizin çox gözəl silahlarınız
vardır, odur ki, kolleksiyanıza nəsə
əlavə etmirəm,
sizdən xanımımın
əl işi olan pul kisəsini
(həm də mahir nəqqaş və tikişçi idi Xan qızı) və iki arxalığı
qəbul etmənizi xahiş edirəm. Deyirlər ki, hədiyyələrin
qarşılığında Düma Xasay bəyə və Natəvana fiqurları fil sümüyündən hazırlanmış
şahmat hədiyyə
edir. Qəribə rəmzlərdir: yazıçı
olsa belə, bir avropalını (əslində əsərlərində
uşaqdan böyüyə,
əksər personajların
əlində qılınc-xəncər,
şpaqa əskik olmayan bir yazıçını)
bizim əlimizdəki silah narahat edirdi;
bunu hiss edən Xasay bəy "sizin çox gözəl silahlarınız
var", deyə yazıçıya
və avropalıya arxalıq və pul kisəsi (əslində xeyir-bərəkət,
əmin-amanlıq) hədiyyə
edir, eyni zamanda deyir ki, sizi silahla təəccübləndirmək
olmaz; qarşılığında
da yazıçı və
avropalı, ağıllı
olsa belə, bizə şahmat kimi oyun təklif
edirdi - fiqurları, çox güman, Afrikanın çöllərində,
Fransanın koloniyalarında
öldürülmüş heyvanın sümüklərindən
hazırlanmışdı.
Qəribədir, elə bil ən yaxın tariximizdi; son 30-35 ildə baş verənlərin öncədən hazırlanmış
konspektidi. Yəni, yenə biz Avropaya xeyir-bərəkət əta
edir, yenə onlar bizi oyuna
salır və əlimizdə yalnız öz haqqımızı müdafiə etmək üçün gərəkli
silahın olmamasını
istəyirlər. Bizim
Avropa ilə münasibətlərimizin gələcəyini
necə görürsüz,
Qəzənfər müəllim?
Q.P.: - Səlim müəllim, mən "İngilis-Azərbaycan
dili və ədəbiyyatı fakültəsi"ni
bitirmişəm. İngilis
dilindən Azərbaycan
dilinə Dümanın
"Qafqaz səfəri"ni,
ABŞ alimi Sula Benetin
"Necə yaşayasan,
yüzü haqlayasan"
kitabını, ingilis
yazıçısı Aqata
Kristinin "Mavi qatarın sirri" əsərini, Tokio Universitetinin professoru, Axundovlar nəslinin nümayəndəsi Pərirux
xanımın həyat
yoldaşı İrəc
Parsinecadın "M.F.Axundzadənin ədəbi
tənqidi" əsərini
orijinaldan tərcümə
etmişəm.
"Qafqaz səfəri" və uzunömürlülərdən
bəhs edən "Necə yaşayasan, yüzü haqlayasan" kitablarını 1983-cü ildə
ABŞ-də iki aylıq ixtisasartırma kurslarında olarkən gətirmişdim. Dümanın
"Qafqaz" əsəri
məni çox düşündürdü. Tarixi
sənədlər göstərir
ki, Düma 1858-ci ilin
2-ci yarısından 1859-cu ilin
əvvəlinə qədər
Rusiya və Qafqazda olmuş, qeydlər aparmış,
1859-cu ildə Parisdə
fransızca, 1861-ci ildə
Tiflisdə rusca "Qafqaz" adlı əsəri çap etdirmişdi. Lakin bu əsərdən xəbərimiz
yox idi. Aleksandr Düma əsərdə erməniləri kəskin tənqid etdiyinə görə kitabı gizlədirdilər. Amerikalılar
həmin kitabı
1962-ci ildə ABŞ-də
ingilis dilində çap etdirmişdilər.
Bir əsrdən artıq
vaxt keçəndən
sonra amerikalıların
kitabı çap etdirmələri məni çox təəccübləndirmiş
və düşündürmüşdü.
Mənə görə
bu onların Qafqaza marağı ilə bağlı idi. Qırx il bundan əvvəl dediklərim günümüzdə
yerini aldı. "Qafqaz səfəri"ni həmkarım Həmid Abbasovla ingilis və fransız dillərindən müqayisəli
tərcümə edərək
çap etdirmişdik.
Sonralar Şamil Zaman əsəri bütövlükdə
tərcümə etdi.
Qafqazın Strateji Tədqiqatlar İnstitutu əsəri akademik Bəkir Nəbiyevin Ön sözü və mənim ədəbi redaktorluğumla
çap etdi.
Azərbaycanda Dümanı valeh
edən xəncərlərimiz
və yəhərlərimiz
olub. Onlardan alıb Parisə aparıb. Səlim müəllim, əsərdən
göründüyü kimi,
Aleksandr Düma bütün
səfər boyu ən xırda faktlara qədər hər şeyi qeyd edib. Yazıçının
nə Xasay xana, nə də
Natəvana fil sümüyündən
şahmat bağışlaması
əsərdə öz
əksini tapıb.
S.B.: - Bəli, əsərdə yazıçının fil sümüyündən
hazırlanmış şahmat
hədiyyə etməsi
ilə bağlı bir məqam yoxdur. Amma o hədiyyə barədə Natəvanın
həyatından bəhs
edən bəzi tədqiqatlarda oxumuşam.
Hətta bəzi mənbələr, bir az da irəli gedib Natəvanın Düma ilə şahmat oynaması ilə bağlı da iddialar irəli sürürlər, bunu da yəqin eşitmisiz?
Q.P.: - Bəli, bilirəm. Şahmat məsələsini
mətbuata, səhv etmirəmsə, rəhmətlik
Firudin Şuşinski çıxarmışdı. O, Gürcüstan arxivlərindən
mədəniyyətimizə dair zəngin material toplayaraq çap etdirmişdi. Ola bilsin ki, şahmat məsələsi
ilə bağlı faktı da Firudin Şuşinski üzə çıxarmışdı.
Dümanın 1858-ci ilin son gecəsində
Tiflisdə təşkil
olunan ziyafətdə hədiyyələr paylanılması
məlumdur. Ziyafətə
Xasay xan da dəvət olunmuşdu.
Ola bilsin ki, yazıçı
şahmatı Xasay xana orada hədiyyə
edib. Azərbaycanlı
kişilərin xəncər,
tüfəng gəzdirməsi
isə təbii idi. İndinin özündə belə bir çox ölkələrdə silah
gəzdirirlər.
Mən bu barədə "Qafqaz səfəri"nə
Ön sözümdə
yazmışam, silah gəzdirmək insanların
bir-birinə münasibətinin
tənzimlənməsinə kömək edir. Bizim Avropaya münasibətimiz barədə
çox şey demək olar. Təcrübəmiz böyükdür.
Azərbaycan dünyada
ilk ölkədir ki, ikiyə
bölüblər. Bununla
gözləri doymayıb,
yenə parçalayıblar.
Onların niyyətini
şair Hüseyn Kürdoğlu "Bir neçə
fövqəldövlət" bəhri-təvilində tam çılpaqlığı
ilə açıb göstəmişdir:
Tanrnın hökmü ilə
böylə yazılmış
əlbət,
Dünyaya sahib olsun da gərək
Bir neçə fövqəldövlət
-
Yekə
dövlət,
Əkə Dövlət,
Təkə Dövlət,
Qalanı
xırda-para,
Baxtı
qara,
Tikə
dövlət, kökə
dövlət.
Yekələr xırdaları
Bir-birinə saldırsın,
Malını, sərvətini
Gözgörəsi çaldırsın,
Tıxasın anbarına doldursun...
və s.
Səlim müəllim, yeni eradan 5 əsr əvvəl yaşamış Aristotelin "Poetika" əsəri bir çoxlarımızın stolüstü kitabıdır, orada Aristotel 6 dövlət tipindən söz açır. Üçü yaxşı, üçü pis. Pis dövlət tipi arasında ən pisi qeyri-normal olan "demokratik dövlət" tipidir.
Qərb aləmi dayanmadan bizə "demokratiya"dan dərs deməyə çalışır. Müstəqillik, azadlıq uğrunda mübarizə aparan Gürcüstanın başına görün, nə oyun açırlar.
Ayıq-sayıq olmalıyıq. Məncə, bu mənada dövlət başçımızın yürütdüyü və başında dayandığı xarici siyasət hamıya, həm də özgə dövlətlərə örnək olacaq qədər məharətlidir, dürüstdür. Onların şirin dilinə aldanmamalıyıq. Xalq arasında ifadə var: "Dostluq et, amma çomağı əldən qoyma!"
S.B.: - Qəzənfər müəllim,
siz Aqata Kristinin "Mavi qatarın sirri"
("The Mystery of the Blue Train") əsərini
tərcümə etmisiniz.
Xanım Rutun qətli, qiymətli yaqutun yoxa çıxması,
maraqlı intriqa... Erkül Puaronun ustalığı, soyuqqanlılığı...
bunlar əsərə
xüsusi oxunaqlıq,
cazibə qazandırır.
İki sualım var: Detektiv janrına müraciətiniz necə oldu və bu
janra münasibətiniz?
Q.P.: -
"Mavi qatarın sirri" Aqata Kristinin 75 əsəri arasında, "Şərq
qatarında qətl"
əsərindən sonra
2-ci yeri tutur. Bu əsərdən də göründüyü kimi,
detektiv janr ilk vaxtlarda "qətl-qarət"
janrı kimi tanınırdı. Bədii
ədəbiyyatda bu janrın əsasını
ABŞ yazıçısı Edqar Po 1847-ci ildə yazdığı "Morq
küçəsində qətl"
romanı ilə qoyub. Bu janrın əsas qayəsi odur ki, var-dövlət, pul əldə etmək üçün kimsə qətlə yetirilir.
Lakin sonralar qətl-qarətlə
bərabər, siyasi, iqtisadi, texniki məsələlərlə detektiv
janrın sferası genişləndi, dövlətlər,
böyük şirkətlərarası
casusluq səviyyəsinə
yüksəldi və detektiv janr əbədiyaşar
bir janra çevrildi. Çingiz
Abdullayev ona görə
dünyada məşhurlaşdı
ki, detektiv janrın bütün sahələrini
əhatə edən maraqlı əsərlər
yazdı. Mən xaricdə işləyərkən
bu janrda əsərləri oxumağa
başladım və sevdim. Bu janrın səciyyəvi xüsusiyyəti
ondan ibarətdir və süjet elə qurulur ki, intriqalar, qətl-qarətin
açılması elə
cazibədar olur ki, əsəri oxuyub bitirənə qədər
rahatlıq tapmırsan.
Bu janrda olan əsərlər dili öyrənməyə də
yardımçı olur.
Məncə, Azərbaycanda
detektiv janrın əsasını Həsən
Seyidbəyli "Cəbhədən-cəbhəyə"
əsəri ilə qoyub. Yaxşı yadımdadır, əsər
hissə-hissə "Bakı"
axşam qəzetində
çap olunurdu. Kioskların qabağında
böyük növbə
olardı ki, qəzeti
əldə edib oxusunlar.
S.B.: -
"Cəbhədən-cəbhəyə"
əsərini oxumuşam.
Mən elə bilirdim, bizim milli detektiv janrının banisi Cəmşid Əmirovdur. "Qara "Volqa"", "Brilyant
məsələsi" romanlarını
nə vaxtsa, 14-15 yaşım olanda böyük maraqla oxumuşdum. Məncə, Cəmşid Əmirovun
"Sahil əməliyyatı" "Cəbhədən-cəbhəyə" əsərindən iki-üç
il tez nəşr olunmuşdu.
Q.P.: - Vaxt etibarilə ola bilsin ki, "Sahil əməliyyatı"
kitab kimi bir neçə il əvvəl
çap olunmuşdu.
Amma bu romana "İstintaq davam edir" filmi şöhrət
gətirdi. Amma bədii
keyfiyyət, səviyyə
və janrın tələblərinə uyğun
gəlmək baxımından
"Cəbhədən-cəbhəyə"
milli detektiv janrımızın
şah nümunəsi
sayılır.
S.B.: - Tərcüməçilik yaradıcı
adama, yəni orijinal yaradıcılıqla
məşğul olan adama nə verə
bilər? Yaxud ondan nə ala bilər? Peşəkar kimi tövsiyələriniz...
Q.P.: - Hər şeydən əvvəl onu deyim ki, mən tərcümə ilə tələbəlik illərindən
məşğul olurdum.
Bu bizdə tədris proqramına daxil edilirdi. Hətta Azərbaycan dilindən ingilis dilinə tərcümələr edirdik.
Hər il fakültədə
tərcümə üzrə
müsabiqə keçirilirdi.
Yaxşı yadımdadır,
3-cü kursda oxuyanda Cəfər Cabbarlının
"Firuzə" hekayəsinin
tərcüməsinə görə
2-ci yeri, 4-cü kursda
Abdulla Şaiqin "Məktub
yetişmədi" hekayəsinə
görə 1-ci yeri tutmuşdum. Vaxt keçdi. İnstitutumuzda
hamımızın müəllimi
İsmixan Rəhimovun
təşəbbüsü ilə tərcümə kafedrası yaradıldı.
Tərcümə kafedrasında
işləməyə başladım.
Gələcəyin böyük
alimləri və tərcüməçiləri Zeydulla Ağayev və Şahin Xəlilliyə tərcümədən
2 il dərs deyərək
onları tərcüməçi
kimi yetişdirdim. Dissertantım Müşfiq
Babayev ABŞ yazıçısı,
Nobel mükafatı laureatı
Con Steynbekdən "Con Steynbek
yaradıcılığı Azərbaycan ədəbiyyatı
ilə müqayisəli
kontekstdə" adlı
namizədlik dissertasiyası
müdafiə etdi. Bunlar mənə qeyri-adi sevinc bağışladı. Qürur
duydum.
İngiliscə elmi məqalələrim
ABŞ və Türkiyədə
çap olunub. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun çapına
nail olduğu "Azərbaycan
ədəbiyyatı tarixi"nin
III cildinin (Bakı,
Elm, 2009) Xülasəsini ingilis
dilinə mən tərcümə etmişəm.
Tərcümə həmişə həyatımın
ayrılmaz hissəsi olub.
Orijinaldan
tərcüməyə dair
"Biz hazır" və
uğurlarımızdan və
nöqsanlarımızdan bəhs
edən "Mənəvi
körpü" məqaləm
çıxıb. Orijinaldan
tərcümə o vaxt
bəhrəli olur ki, həmin xalqın adət-ənənəsini, həyat
tərzini, tarixini az-çox biləsən.
S.B.: - İş elə gətirib ki, mən aşağı-yuxarı, 30 ilə
yaxındır tərcümə
işi ilə məşğulam. Həm
özüm tərcümə
edirəm ki, bu bir qədər şəxsi səciyyə
daşıyır. Digər
tərəfdən, milli ədəbiyyatımızın
xarici dillərə tərcüməsinin təşkili
işləri ilə məşğulam. Onu da bilirsiniz ki, bir çox ölkələrdə
öz milli ədəbiyyatlarının
tərcüməsi və
nəşri işi ilə peşəkar məşğul olan qurumlar var. Türkiyədə
TEDA, Norveçdə NORLA, Finlandiyada
FİLİ, Rusiyada "Tərcümə
İnstitutu", Polşada
"Söz İnstitutu"
və sairə. Düşünürəm ki, bizdə
də bu məsələnin institusional
məcraya yönəlməsinin
vaxtıdır, hətta
gecikirik. Sizcə, biz bu anlamda hansı
işləri və necə görməliyik?
Q.P.: - Bədii tərcümə
xalqların bir-birini daha yaxşı tanıması yolunda onları bir-birinə bağlayan mənəvi körpüdür. Təəssüf
ki, bir çox ölkələrdə peşəkar tərcüməçiliklə
məşğul olan qurumlar var, bu sahədə mükəmməl
baza vardır. Azərbaycanda orijinaldan tərcümənin mükəmməl
bazasının yaranmasına
böyük ehtiyac
var.
S.B.: - Qəzənfər müəllim,
maşallah, 27 avqustda
89 yaşa qədəm
qoyursunuz. Arxada ağır, hər mənada dolu, məzmunlu ömür var.
Elmi araşdırmalar,
orijinal kitablar, tərcümə kitabları...
görüşlər, konfranslar...
Bu gün də, çox şükür, elmi-ədəbi mühitdə
sizi tez-tez aktiv görmək olur. Tədbirlərə qatılırsız, çıxışlar
edirsiz. Ədəbi, elmi həyata yeni atılmış adamlara, gənclərə əsas
məsləhətləriniz nə olardı?
Q.P.: - İnsanın həyatında
vaxt və baxt mühüm rol oynayır. Mənim bəxtim onda gətirdi ki, anam vəfat eləyəndən sonra, mən onda uşaq
idim, atam onu müharibədə ölümdən xilas edən qadını gətirdi. Necə deyərlər, bir yandan bağlayan fələk, başqa bir tərəfdən açdı. Uşaqlıqdan
rus dilini öyrəndim. Taleyimdə
bu, böyük rol oynadı. İnstitutu bitirən kimi xaricə tərcüməçi işləməyə
göndərdilər. Baxtım
çəkdi, Rəsul
Rzanın "Uzaq ellərin yaxın töhfələri" məqaləsini
oxuyandan sonra İraqda soydaşlarımızın
yaşadığını bildim. İraq türkmanlarının,
soydaşlarımızın ləhcəsi, folkloru, ədəbiyyatı ilə
ciddi məşğul
oldum. Xalq şairi Rəsul Rza taleyimdə misilsiz rol oynadı.
1968-ci ildə o böyük
insanla birgə "Kərkük bayatıları"
kitabını çap
etdirdik. Rəsul müəllim "Kərkük
mahnıları" kitabıma
redaktor oldu. Səlim müəllim, mənəm-mənəmlik olmasın,
70-dən artıq monoqrafiyam,
elmi əsərlərim,
tərtib etdiyim kitablar, tərcümə əsərlərim vardır.
Xarici ölkələrdə
- İraqda, İranda,
Türkiyədə monoqrafiyalarım
çap olunub. Bu, gecə-gündüz çalışmağımın
nəticəsində mümkün
oldu.
2018-ci il noyabr ayının 5-də
möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı
ilə "Əməkdar
elm xadimi" kimi fəxri ada layiq görüldüm. Bu
mənim üçün
böyük stimul oldu. Sərəncamdan sonra "Nəsimi: edamdan sonrakı həyat", "Nesimi İrak Divanı"
(İstanbul) "Xilaskarlar"ın Bakı və Tehran nəşrləri, "Qəbələ
keçmişdə və
günümüzdə", ikicildlik "İraq Türkman
poeziyası antologiyası",
"Azərbaycanda və
İraqda bayatlar" kimi kitablarım nəşr olundu.
Bütün bunlar 80 yaşım
tamam olandan sonra baş verib.
Gənclərə məsləhətim odur
ki, bir iş görəndə uğursuzluqlara
görə ruhdan düşməyin. Ən böyük xəstəlik
tənbəllikdir, onu
özünüzə yaxın
buraxmayın. Çalışın,
bilik əldə edin, zövqünüzə
uyğun kitablar oxuyun, zövqünüzü
formalaşdırın. Həddən
artıq yeməyin, yemək üçün yaşamayın, yaşamaq
üçün yeyin.
Qoy gözünüz yeməyin arxasınca qalsın. Çox yemək xəstəlik mənbəyidir. Başqalarının
məntiqə sığmayan
fikirlərini, sizin haqqınızda nə düşündüklərini özünüzə
dərd etməyin, boş buraxın. İnsan arzularla yaşayır. Gənclərin
arzusu daha çox olur. Arzularınızı gecə-gündüz
çalışmaqla, alın
təri tökməklə
reallaşdıra bilərsiniz,
zəhmət mütləq
öz bəhrəsini
verəcək. Yaradıcılıq
möhtəşəm aldanışdır
həm də. Elə ki, gördünüz
yaratdıqlarınız bəyənilmir,
kiminsə acığına
ədəbi həyatda
özünüzü təsdiqə
çalışmayın. Bəlkə
başqa sahədə
uğur qazanacaqsınız,
o sahəyə gedin, çəkinməyin. Yaradıcılıq
isə sizin hobbiniz olsun. Yazdıqlarınızı yenidən
oxuyanda həmin mətnlərə əlavə
etməyin. Yamaq kimi görünər.
"Yarımçıq papaqçılıqdan
bütöv palançılıq
yaxşıdır" - deyib
atalar.
Mən yetimliklə böyümüşəm,
kənd məktəbini
bitirib ali məktəbdə oxumağa
gəlmişəm. Nə
qazanmışamsa, zəhmətimlə
əldə etmişəm.
1962-ci ildə institutu
bitirəndə institutun
rəhbərliyi ilə
birgə vinetkamız hazırlandı. 50 nəfər
məzunun içində
tək mənim şəklimin altında
"əlaçı" yazılıb. Bu, əməyin,
çalışmağın nəticəsi idi. Əgər mənim həyatım və yaradıcılığım bəhrə
veribsə, qoy məhz bu örnək
olsun.
S.B.: - Müsahibə üçün
təşəkkür edirəm,
Qəzənfər müəllim.
Q.P.: - Məndən müsahibə
götürmək qərarınıza
görə təşəkkür
edirəm. Bu müsahibə
gənclik illərimi,
əlçatmaz, ünyetməz
acılı-şirinli günlərimi
yada saldı, yaşadım.
Qəzənfər Paşayev
Söhbətləşdi: Səlim Babullaoğlu
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.12-14.