Səssizlik içində danışan adam,
yaxud 70 illik düşüncə tarixi
Bəzən bir insan susar, amma bütün
bir xalq onun içində danışar. O səssizlik
ki, nə kitabın sətrində, nə tribunadakı çıxışda
var, o səssizlik içində
danışar. Elə
bir insan var ki, söz onun üçün
nə sadəcə yazı, nə də fikirdir. O, sözə ömür kimi baxır, bu ömürdə qırılmış insanlar,
itirilmiş sevgilər,
unutdurulmuş dostluqların
səsi var.
O, əlini kağıza toxunduranda bir xalqın kədərini
hiss edir. Qələmi
ilə millətin ruhuna toxunur. Amma səsini ucaldan deyil. Onun sükutu
danışır həmişə.
O ən çətin
vaxtlarda da sözünü
kəskinləşdirmir, amma
kimsənin qəlbinə
dəymədən dərinə
getməyi bacarır. Vətən onun üçün göy bayraq deyil, bayrağın
altında səssiz ağlayan adamdır. O, şəklini çəkmədiyi
hissləri, dilə gətirmədiyi sevincləri
yazır. Ona görə
də onun yazdıqları sevilməkdən
çox, başa düşülməyə ehtiyac
duyur.
Onun adı sadəcə Anardır. Soyadına, titullarına, rəsmi təqdimatlara ehtiyac olmayan adamlardan biridir. O, elə Anardır - yazıçı,
ssenarist, ədəbi xadim, dost, sirdaş, millət adamı və eyni zamanda
özünü az göstərən, lakin çox olan bir varlıq. Anarın həyat yolu nəinki bir yazıçı ömrüdür, bu yol həm də
bir mədəniyyətin,
bir torpağın, bir nəsil yaddaşının ruhani salnaməsidir.
Onun sadəliyinin altında əsrlərlə yaşayan
bir fəlsəfə yatır. Onun yazdıqları oxunur, bəlkə bəzən unudulur da. Amma onun yazmadıqları vicdanlarda
yaşayır. Onun üzü sanki çox adamın üzünə bənzəyir
- yazıçının, müəllimin, fəhlənin,
filosofun, dostun. Amma bu bənzəyişdə
bir sirr var - heç kim onun qədər Anar deyil.
Anar nə ideologiyanın adamıdır, nə maddi mənafenin. O, dostluğun, düşüncənin
və yazının adamıdır. Onun əzəməti təkcə
yazdıqlarında deyil,
həm də yazmadıqlarındadır. O, Azərbaycan
ədəbiyyatının susaraq
danışan sözüdür.
Görünən dünya ilə
görünməyən arasında
doğulur böyük
insanlar. Onlar nə tam bu dünyadandır, nə də tam başqa aləmdən. Onlar düşüncənin, səbrin,
müşahidənin, sözün
sehrini içində daşıyanlardır. Bu insanlar
danışmaqla deyil,
susmaqla danışırlar.
Bax, elə Anar da onlardan biridir.
Onun içindən keçənləri
sözlə izah etmək çətindir. Çünki Anarın özü də sözün içində
yaşayan adamdır.
O, sözlə yazır,
sözlə düşünür,
sözlə nəfəs
alır. Lakin o sözlərin
əsl mənasını
yalnız sükutda duymaq olur. Onun
ruhani aləmi, metafizik baxışı, daxili zərrəvilikləri
bir yazıçı
portretindən çox,
bir vəlinin, bir övliyanın portretini xatırladır.
Dünyada elə insanlar
var ki, onlar nə qədər danışsalar
da, ən güclü
cümlələri sükutlarında
gizlənir. Yazıçı
Anar da o adamlardandır
- onun yazmadığı,
ancaq yaşadığı
cümlələr bütün
bir xalqın ruhuna toxunan səssiz bir fəryaddır. Onu təkcə yazdıqları
ilə deyil, susduqları ilə də başa düşmək lazımdır.
Anar! Bu
ad Azərbaycanın ədəbiyyat
salnaməsinə əbədi
həkk olunmuş bir imzadır. Amma bu imzanın arxasında bir yalnızlıq, bir sədaqət, bir dostluq məktəbi dayanır. O təkcə bir yazıçı deyil, o, insan olmağın, insan qalmağın özüdür.
Bəzən bir ömür sığar bir sükuta. Bəzən bir sətir sığar bir xalqın fəryadına. Anarın yazdıqları sətirlərin deyil, səssizlərin fəryadıdır.
O, sözlə üsyan
etmədi, sözlə
səssizliyi danışdırdı.
Əsərlərinin altında
yazılmayan bir sətir var: "Əziz xalqım, mən səni hiss edirəm."
Anarın
qələmindən süzülən
sözlər bəzən
kimsənin eşidə
bilmədiyi bir ağrının səssiz
harayı, bəzən
də sükutun içində çırpınan
bir ruhun etirafıdır. O, Azərbaycan
ədəbiyyatının sükutla
danışan sərkərdəsidir
- səsi az, susqunluğu dərin olan bir qələm
sahibi. Onun əsərləri sanki insan ruhunun iztirablarını
dinləyən və onu dilə gətirən
bir həkimin qeydləridir.
Anar həmişə həyatın
səssiz künclərində
gəzib. Onun üçün ədəbiyyat
sadəcə yazmaq yox, yaşamaq, unutmaq, bağışlamaq
və əfv etməkdir. "Ağ liman"da olduğu kimi, insan taleləri
onun üçün limana sığınmış,
amma heç vaxt dənizə açılmayan gəmilərdir.
Hər qəhrəmanı
bir az Anardır
- sevən, susan, gözləyən...
O, heç vaxt pafoslu danışmağı
seçmədi. Heykəl
olmaq istəmədi.
O, insan olmaq istədi - zəiflikləri
ilə, qorxuları ilə, həyat qarşısında bəzən
aciz qalması ilə. Amma bu acizlik onun gücünə
çevrildi. Çünki
o həmişə öz
içindəki uşaqla
dialoqda qaldı. Uşaq səmimiyyətini
qorudu. Yalançı
böyüklüyə qarşı
çıxdı. Hətta
müdrikliyi belə şübhə altına aldı.
Hər bir xalqın ruhunda bir yazıçı
yaşayır - ağrılarını
susaraq daşıyan, sözlərdən daha çox sükutla danışan, unudulanların
yaddaşı, deyilməyənlərin
səsi olan bir yazıçı. Azərbaycan xalqının
o yazıçısı Anardır.
Onun adı sadəcə bir imza deyil.
O, müdrikliyin, tənhalığın,
sədaqətin, vicdanın
və əxlaqın yazıçı səsilə
ifadəsidir. Anar qələmi ilə millətin ruhundakı çatları göstərdi,
amma heç vaxt onu qırmadı.
O, qaranlıqda fənər
yandırmadı, özünü
fənərə çevirdi.
Anar fəlsəfəsinin təməlində
"insan ruhunun mürəkkəbliyi və
zamana qarşı tək qalması" dayanır. O, heç vaxt qəhrəman portretlər yaratmadı, çünki insanı qüsurları ilə sevdi. Onun ədəbi
qəhrəmanları bəzən
tərəddüd edirlər,
sevməkdən qorxurlar,
doğrunu bilib yenə də susurlar. Anarın yazıçı vicdanı,
sükutun, peşmanlığın
və içində danışan səsin fəlsəfəsini yaratdı.
O, insanı cəmiyyətin içində yox, öz vicdanı ilə tək qoydu. Çünki insanın əzəli və əbədi döyüşü başqaları
ilə deyil, öz içindəki
"mən"lə savaşıdır.
Anar bu savaşı
izlədi, duydu, yazdı və sənədləşdirdi.
Onun üçün ədəbiyyat
zamanla vicdanın toqquşduğu sahədir.
Yazmaq unutmağa qarşı üsyandır,
həm də bağışlamağa cəhd.
O, sözə öz içindəki günahsız
uşaq kimi baxdı - qorudu, əymədi, təhrif etmədi.
Anar heç vaxt ideoloji şüarların
adamı olmadı. Onun ideologiyası hafizədir - xalqın, fərdin, insanlığın
hafizəsi. O bilir ki, unutmaq ən böyük xəyanətdir.
Buna görə də
unudulan insanları yazdı - yaşaya bilməyənləri, danışa
bilməyənləri, sevə
bilməyənləri. Onun
ədəbiyyatında səs
çox azdır, amma yaddaş çoxdur.
Onun ədəbiyyata gəlişi
səs-küylə deyil,
könül səsi ilə oldu. Çünki Anar səs salanlardan deyil, səssiz dərinlikləri yazanlardandır.
Onun obrazları da, cümlələri də ürəyin içindən
süzülən bir duyğu selidir. Hər bir kəlməsi
bir insanın taleyinə çevrilə
bilər.
Onun şəxsiyyətində sadəliklə
dərinlik bir yerdə yaşayır. O, təkəbbürün yaxınından
keçməyən, amma
qürurunu bir yazarın vicdanı kimi daşıyan bir insandır. Həyat onu çox sınağa çəkdi, amma o, heç zaman insanlığını
itirmədi.
Anar Şirvanşah torpağından
gələnlərdəndir. Göyçay, sadəcə,
coğrafiya deyil, bu torpaq Şirvanın
içindən gələn,
ensiklopedik yaddaşı,
zərif duyğuları
və düşüncə
dərinliyi ilə seçilən insanların
beşiyidir. O bu torpağın ruhunu içində daşıyır
- həm təvazökar,
həm müdrik, həm də bir qədər susqun. Onun susqunluğu
isə boşluq deyil, dərinlikdir, düşündürən, çəkən
və içindən
işıq saçan
bir dərinlik.
Anarın
uşaqlığı, gəncliyi
heç də sadə keçməyib. Məşhur və böyük ziyalılar ailəsində doğulmaq,
hər kəsin sənə baxdığı
gözlərlə böyümək,
elə ilk gündən
cəmiyyətin yükünü
çiyinlərində hiss etmək deməkdir. Lakin Anar özünü bu yük altında
itirmədi. O həm ata-anasına, həm yazıçılığa, həm
də millətə sadiq qaldı. Onun üçün millətçilik ucuz ritorika deyil, bu, mədəni bir borc, mənəvi
bir məsuliyyətdir.
Onun gəncliyi dövründə
Azərbaycan ədəbiyyatı
yeni mərhələyə qədəm qoyurdu. O bu prosesin liderlərindən
biri oldu. Əsərlərindəki humanizm,
sevgi, azadlıq və etika anlayışı,
öz iç dünyasında yaratdığı
qəhrəmanlarla verdiyi
mesajlar - bunlar onun əsl nitqi,
onun mövqeyi idi. Anar bəzilərinin
etdiyi kimi tribunadan qışqırmadı,
əsərlərinin içindən
danışdı - sakit,
lakin kəsərli bir dillə.
Onun
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" povestindəki
qəhrəman bir sadə insandır. Amma bu insan öz
səssizliyi ilə bütün sistemə cavab verir. Anarın
əsərlərində səssiz
mübarizə, etik düşüncə, vicdanın
metaforası daim ön plandadır. Bu da onu ədəbiyyatın sükutla danışmağı
bacaran rəhbəri edir.
Onun yazdığı hər hekayə, roman, ssenari bir daxili monoloqdur.
Bu monoloqu o özü
ilə danışır,
lakin oxucu ilə paylaşır. Məsələn, "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" təkcə
fiziki bir məkanın deyil, həm də psixoloji vəziyyətin hekayəsidir. Onun qəhrəmanları heç
vaxt birbaşa üsyan etmir, onlar düşünür,
çəkilir və...
qərar verir. Bu da Anarın həyat fəlsəfəsidir - çox
danışma, amma lazım olanda sözünü dəqiq
de.
Anar yazıçı olduğu
qədər dost adamdır.
O, kimsəyə birinci
zəng etməz, amma zəng etsən, cavab verər. O, təmkinin, səbrin, vəfanın dostudur. Dostundan üz döndərməz,
düşməninə isə
nifrətlə baxmaz.
Bu onun əsərlərində
də görünür.
Qəhrəmanları günahkar
da olsa, Anar onu bir az
sevir, bir az da başa düşür. Çünki
o, insanın özünü
sevdirməyə çalışan
tərəfini deyil, içindəki həqiqəti,
onun ekzistensiyasını
axtarır.
Onun yazıçı kimi məqsədi sadəcə
süjet qurmaq deyil. Onun hədəfi
insanı oxşamaq, ona dərindən baxmaq və sarsıtmaqdır. "Ötən
ilin son gecəsi",
"Asılqanda işləyən
qadının hekayəsi",
"Gürcü familiyası",
"Mən, sən, o
və telefon",
"Dantenin yubileyi",
"Ağ liman",
"Macal", "Səhra
yuxuları", "Şəhərin
yay günləri", "Beşmərtəbəli evin
altncı mərtəbəsi",
"Əlaqə", "Otel otağı",
"Ağ qoç, qara qoç", "Gözmuncuğu", "Qatardan
qalan adam" - bu əsərlər təkcə hekayət deyil, ruhun səyahəti,
insanın özünü
sorğuladığı aynadır.
Anar həm də dövlətçiliyin bir
örnəyidir. Amma bu,
dövlət kreslolarında
əyləşmək anlamında
deyil. O, dövlətin
mədəniyyət üzərində
qurulan hissəsində
yaşayıb. O, rəsmi
mövqedən uzaq olub, amma millətin
vicdanı kimi həmişə ön cərgədə yer alıb.
Anar sadəcə yazmır, ruhla yazır. Onun hər kəlməsi
bir nəfəs, hər əsəri bir dua kimidir.
O, insan ruhunun dərinliklərinə qədər
enməyi bacaran nadir yazıçılardandır. Onun
qəhrəmanları bir
qəhrəman deyil, insanın özüdür.
Hər kəs bir az "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ndədir, hər kəs bir az "Macal"dadır.
Hər kəsin içində bir az Anar var - yazılmamış,
deyilməmiş, ancaq
hiss edilmiş bir Anar.
Onun obrazlarında fəryad
var, lakin bu fəryad hayqırmır.
O, gözünə baxanda
görünür. Bəzən
bir cümlənin axırında dayanan üç nöqtə bir insanın başa çatmayan taleyidir. Bir hekayənin sonunda yazmadığı cümlələr, bəlkə
də, oxucunun ürəyində tamamlanır.
Onun üçün yazmaq özü olmaq deyil, özündən
keçməkdir. Özünü
içindən çıxarıb
yazıya çevirmək!
Bunu bacaran az adam var. Anar
bunu bacardı.
Onun yazmadıqları daha dərindir. Yazmadığı
sevgilər, yazmadığı
ağrılar, yazmadığı
etirazlar - sətirlərin
arasından süzülür.
Susqunluğu bu xalqın ədəbiyyatında
yanan çıraqdır.
Nə zamansa bu sükutla danışanlara ehtiyac yaranacaq və insanlar onun yazmadıqlarında
öz cavablarını
tapacaq.
Anar üçün yazıçı
sadəcə hekayə
danışan yox, xalqın tarixi qarşısında şahidlik
edən bir varlıqdır. O, özünü
heç vaxt xalqın fövqündə
qoymadı. Amma xalqın
həqiqətlərindən geri də durmadı.
Onun yazdıqları, əslində, cəmiyyətin
portretidir, bu portret bəzən ürək ağrıdır,
bəzən güzgü
kimi kəsir. Anar bu güzgünü
qorxu ilə tutmadı, əlləri qanasa da, xalqı özünə göstərdi.
O, tarixin həqiqətlərindən
danışanda qorxmadı,
amma danışmadığı
zamanlar da oldu, çünki o bilirdi ki, bəzən sükut qışqırıqdan daha
sərt hökm verir.
Onun əsərlərində susan
qəhrəmanlar çoxdur.
Çünki Anarın
öz daxili də bir susqunluq
harmoniyasıdır. Onun
sükutu - razılaşma
deyil, əxlaqi etirazdır. Anar danışmadığı məqamlarda
da mövqe göstərdi.
O hər şeyə cavab verməyi deyil, doğru suallar qoymağı seçdi. Həyatın cavabı yoxdur, amma sualları var. Anar bizi bu
sualların içinə
buraxdı.
Onun qadın obrazları əzilmiş, içə
çəkilmiş, bəzən
hiss olunmayan, amma daima güclü qadınlardır. O, qadını
təriflərlə yükləmədən
onun tənhalığından
danışdı. Onun
sevgiləri gurultulu deyil, susqun, gözləyən, yarımçıq
qalan sevgilərdir. Çünki Anar üçün həqiqi
sevgi insanı azad buraxmaqdır. Sahiblənmək yox, qorumaqdır. Ailə onun üçün müqəddəs məkandır,
burada insan özü olur, burada o susmağı öyrənir.
Anarın
içindəki insan
- bəzən qəhərlənən
bir uşaq, bəzən illərlə
danışmayacaq qədər
küskün bir qoca, bəzən isə insanlığa hələ də ümid edən, inadla yaşayan bir müdrikdir. Onun maskası sadəlik, zarafatdır.
Amma içindəki ruh
daim sual verən, cavab axtaran, incimiş bir insandır.
Anarın
obrazları danışmır,
nəfəs alır. Onlar fəryad etmirlər - gözlərinə
baxan ağlayır. Onun "Qurtuluş" əsəri bir xalqın sadəcə tarixinin deyil, ruhunun tərcümanıdır.
Əsərdəki hər
bir insan təkcə siyasi sima yox, mənəvi rəmzdir.
Onun
"Qırmızı limuzin"
əsərində cəmiyyətin
elitasına yüksəlmək
istəyən, amma vicdanını itirən insan obrazı göstərilir. Bu əsər
qadına, ailəyə,
ləyaqətə və
dövlətə bağlılığın
təhrif olunmuş formasını tənqid edir.
Anar səssizcə ağlayan adamdır. Onu kimsə ağlayan görməz, amma onun bütün əsərləri göz yaşı ilə yuyulmuş kağız kimidir. Onun "Dantenin yubileyi" sadəcə bir hekayə deyil. O, xalqın və ziyalının vətəndaşlıq
borcu qarşısında
susqunluğunun ağısıdır.
Bu əsərdə yazıçı,
əslində, özü
ilə üz-üzə
dayanır.
"Mən yazıram ki, başa düşsünlər.
Amma bəzən başa
düşmək istəməyənlər
çox olur."
Bu onun həyat fəlsəfəsidir - yazmaq,
amma anlamayanları da bağışlamağı bacarmaq.
Anarın
sevgi anlayışı
heç vaxt sadə, bayağı, emosional deyil. O, sevgini ağrı kimi hiss edən yazıçılardandır. Onun
"Macal" hekayəsində
sevgi bir münasibət deyil, əbədi imtinadır. Sevgi qəhrəmanlar üçün azadlıq
deyil, bir yük, bir vicdan
əzabıdır. Bir personajın
dilindən dediyi bu sözlər, bəlkə də Anarın özünün
daxili fəlsəfəsidir:
"Mən onu sevdim. Amma bu sevgi məni özümdən ayırdı,
mənə döndü."
Bu sevgi əslində Anarın öz yazısına olan sevgisidir. O yazını da
belə sevir - özünü unudaraq, özünə dönərək.
Anarın
yazmadığı ən
gözəl roman onun öz dostlarına olan sədaqətidir. Onun dostlarına münasibəti həmişə
bir arxa, bir dayaq olmaqla
bağlı olub, vicdan hissindən doğub. Ədəbi çevrədə nə qədər insan varsa, hamısı bilir ki, Anarın yaxınına düşən
arxasız qalmaz. Onun üçün dostluq mövsimi münasibət deyil, ömürlük yoldaşlıqdır.
Bir çox yazarların,
sənətkarların arxasında
görünməz bir
Anar dayanıb. Heç kim görməsə də, o
dayanıb. Çünki
o, şöhrəti bölən
deyil, yükü bölən insandır.
Anarın
rəhbərlik etdiyi illərdə Yazıçılar
Birliyi bir idarə olmaqdan çıxaraq bir evə çevrilib. O, ətrafındakı insanlara
rəhbər kimi yox, qardaş kimi, ata kimi
yanaşır. Tənqid
edənləri də,
susanları da anlayır.
Çünki Anarın
öz dərdi var - Azərbaycan.
Onun bir çox insanın maddi, mənəvi durumuna kömək etdiyi halları heç kim bilmir. Çünki
heç vaxt etdiyi yaxşılığı
şouya çevirmir.
O, qəlbin xeyriyyəçisidir,
"mən etdim" demədən edənlərdəndir.
Anar dostluğun acı simfoniyasını yazan yazıçıdır. Onun
"Dostuma məktub"u
yalnız bir məktub deyil, bir ömrün hesabatıdır. O məktubda
təkcə bir dost yox, bütöv bir nəsil var, yarımçıq qalmış
sevgi etirafları, heç vaxt göndərilməmiş açıqcalar,
bir də heç vaxt deyiləcək qədər
cəsarətli olmayan
sükutlar.
Anarın
dostluq anlayışı
müqəddəs bir
sədaqətdir. O, dostun
günahına susan, amma onu tərk
etməyən adamdır.
Anar dostluqda da pafosa yer vermir.
Onun "Dostuma məktub"u bir təmiz vicdanın, utanmadan etiraf edən bir ruhun
yazısıdır. Sadiqliyi
onun şəxsiyyətinin
əsas xəttidir. O ən çətin vaxtlarda belə, öz əqidəsini dəyişməyən, imtiyazlar
qarşısında əyilməyən
bir fikir adamıdır.
O, hələ gənc yaşlarından insanların
gözündə ucaldı,
amma heç vaxt bunu bir
kürsü kimi qəbul etmədi. O, hörməti sözlə
yox, halıyla qazandı. Əl tutdu, arxa durdu,
dərd eşitdi, səssiz ağladı. Bu yaşında belə Anar hələ də dostlarının xatirələrini yaşadır,
artıq bu dünyada olmayanların ruhunu özü ilə daşıyır.
O, heç vaxt unutmur - nə dostu, nə kəsdiyi çörəyi,
nə də verdiyi sözü. Anar çox zaman zərif sükutlu görünsə də, əslində dağın
sükutudur içində
daşıdığı. Elə bir sükut
ki, tufanı saxlayar, amma heç kimə zərər verməz. O görünmədən
dayaq olar, görünmədən qurban
verər, yadda saxlamadan
bağışlayar. Bəzən
insanlar düşünürlər
ki, Anar onların sözünü eşitmədi,
istəyini unutdu. Amma illər sonra, heç kimin gözləmədiyi bir an
o kömək sanki göydən gəlirmiş
kimi Anardan gəlir. Onun kömək əli görünməz, amma çəkiləndə arxasınca
bir iz buraxar
- vicdanın izini.
Anarın
bir xüsusiyyəti
var - o çörək yediyi
adamı heç zaman
unutmur. Düşməninə
belə, lənət oxumaz, sadəcə, bir az kənarda
dayanmaqla kifayətlənər.
Anar üçün
dost müqəddəsdir. Dostsuz
bir Anar qələmsiz bir yazı kimidir. Süfrədə hamı yeyər, amma hesabı Anar verər. Təkcə pul hesabını yox, həyatın, insanlığın, qardaşlığın
hesabını da.
Anar təkcə ədəbiyyatla
yaşamır, dostları
ilə, vəfalı xatirələrlə, sirdaş
insanlarla yaşayır.
Onun ruhunda ən qədim türk mədəniyyəti
- Dədə Qorqudun hikməti, Tomrisin gücü, Atillanın qüruru, Füzulinin sükutu və Sabirin ironiyası bir yerdə qərarlaşıb. Bu baxımdan
Anar ənənə ilə gələcəyi barışdıran ruhdur.
Dostluq onun üçün mərasim deyil, sadiqlikdir. Uzaq düşənləri belə
unutmayan, bir zaman çörək bölüşdüyü
insanı heç vaxt könlündən silməyən təbiəti
var. O, yoldaşlarına sədaqəti
xatirələrdə saxlamadı,
həyatının içində
yaşatdı. Kiminsə
səsi gələndə,
içində o səsin
haradan gəldiyini anlayan adamlardandır. O səsi içində tutan və heç
kimin bilmədiyi yerlərdə, kağızların
arasında o dostlarıyla
danışan adamlardandır.
Bu gün Anar yaşlanıb.
Amma yaş onun içindəki Anarı köhnəltməyib. O hələ
də masa arxasında,
hələ də öz fikirləriylə, dostlarıyla, millətiylə
bərabərdir. Onun üçün dost, çörək
və söz - bir müstəvidə dayanır. Hələ də süfrədə oturanda hamıya qulaq asır, az danışır. Amma bir cümlə deyər, o cümlə illərlə yadda qalar:
O, düşmənə deyər:
"Yaxşı yol."
Dosta deyər: "Yaxşı
ki, varsan."
Özünə isə deyər:
"Səbir elə."
Bəlkə də, onu təsvir etmək üçün ən doğru ifadə budur: "Anar - hesabı özü verən adam". Onunla yüz adam otursa, yenə
hesabı Anar verər. Bu, təkcə maddi deyil, mənəvi,
əxlaqi, ədəbi
mənada da belədir.
O öz dövrünün
də, dostlarının
da, millətin də hesabını verməyə
hazır adamdır. Onun öz sözləri
var, lakin bu sözlər səhnədə
deyil, masada deyilir. Əsərlərində
isə bu sözlər daha artıq həqiqətə
çevrilir.
Anarın
dostluğa münasibəti
ədəbi çevrədə
dillər əzbəridir.
Amma çoxları bilmir
ki, o dostlarını yalnız
çətinlikdə deyil,
uzaq düşəndə
belə unutmayıb. Anar üçün dost təkcə insan deyil, dost özünün
keçmişində qoyub
getmədiyi şəxsiyyətidir.
Bir müsahibəsində o deyir: "Mən dostlarımı xatirələrdə
saxlamıram. Onlar mənim gündəlik həyatımdadır. Onları
yazmaqdan çox, yaşamaq istəyirəm."
Anar təkcə yazıçı
deyil, dövlətə
inanan bir vətəndaşdır. Onun
yazılarında, çıxışlarında,
hətta sükutunda belə, dövlətə,
dövlətçiliyə sevgi var. O, heç vaxt radikal olmayıb,
xalqla dövlətin arasına xətt çəkməyib. O, sözlə
körpü salan, ədəbiyyatla birləşdirəndir.
Onun üçün vətən nə bir ideoloji söz,
nə də populist şüardır. Vətən
Anarın içindəki
uşaq yaşından
gələn, sönməyən
bir eşqdir.
Anarın
daxili aləmi bir səssiz fırtına kimidir. Onun gülümsəməsində
kədər var, susqunluğunda
fəryad. O öz içində minlərlə
obrazı daşıyan,
amma özünü ifadə etməkdə bəzən susmağı
seçən bir sənətkardır. Çünki
o bilir ki, əsl sözlər sükutdan doğur. Anar düşünür. Amma düşüncəsi
artıq "nə yazım?" sualından çox "nə qaldı?" sualına yönəlib. Onun yazmadıqları bir xalqın ruhuna, bir dilin sükutuna
çevrilir.
Bu gün Anarın qarşısında bir güzgü qoyulsa, o, təkcə özünü
yox, bir xalqın yaddaşını
görər. Çünki
o, təkcə yazar deyil, insanlığın aynasıdır. Onun qəlbində yaşatdığı
insanlar, düşündüyü
dostlar, yazdığı
talelər... bunlar sadəcə ədəbi uğur deyil. Bunlar ömürboyu yaşanmış sədaqət
və vicdan təcrübəsidir.
İnanıram ki, əgər o bir
gün bu esseni oxusa, gözləri
dolacaq. Çünki bu yazı təkcə
ona yox, onun ürəyində qalanlara ünvanlanıb. Çünki Anar təkcə yazıçı
deyil, insanlığın
səsinə çevrilmiş
bir ürəkdir.
Anar heç zaman hay-küylü
bir millətçi olmadı. Amma hər yazısı millətə
yazılmış sevgi
məktubudur. Onun
"Qırmızı limuzin",
"Dantenin yubileyi",
"Ağ qoç, qara qoç" kimi əsərlərindəki
xarakterlər bir xalqın yaşadığı
kimlik savaşının
canlı rəmzləridir.
Ən sadə insanda belə Anar bir millətin ruhunu gördü. O, xalqın tarixini faktlarda deyil, insan talelərində yazdı. Xalqının kədərini saylarla deyil, bir insanın
susqunluğuyla ölçdü.
Onun vətənpərvərliyi
pafosda yox, təvazökar bir təəssübkeşlikdə gizlidir. Bir müsahibəsində
deyir: "Millətini
sevmək onu tərifləmək deyil, onu yazmaq, onu
ağrıları ilə
yaşamaqdır."
Onun dövlətçiliyi də
fərqlidir. Bu, kürsü
deyil, vicdan dövlətçiliyidir. O, post istəmir, vəzifə istəmir, səhnə istəmir. Anar gözə görünmədən
xalqın yanında dayanmağı seçən
adamlardandır. Çoxlarına
görə o, kürsülərə
çıxmadı. Bəziləri
onu yumşaqlıqda suçladı, bəziləri
isə susqunluğunda
sükutun hayqırtısını
duya bilmədi. O isə sadəcə nəfəs alırdı,
yazırdı, yaşayırdı.
Çünki onun yazısı sanki bir dua kimi
idi xalqa, Allaha, vicdana ünvanlanmış səssiz
bir pıçıltı
idi.
Anarın
yazı makinası - bu onun dünyaya
açılan pəncərəsidir.
O, bu gün də səhərlər
masa arxasında oturur,
bəzən yazır,
bəzən yazmır,
amma həmişə düşünür. Hər
yazdığı cümlə
bir sükutun qırılması, bir ruhun öz içindən
çıxmasıdır. O hər insana insan kimi yanaşmağı
bacarır. Bəzən
bu insanlar anlamır, düşünürlər
ki, Anar onları sezmədi. Amma Anar onların içinə qədər enmiş olur artıq. O, çox danışmır,
amma danışanda deyir: "İnsan olmaq çətindir. Amma susaraq insan qalmaq
daha çətindir."
Anarın
bu yaşda heç nəyə ehtiyacı yoxdur - nə şöhrətə,
nə pula, nə titula. Onun ehtiyacı
bir stəkan çaya, bir köhnə dostun səsinə, bir xatirəyə, bir vərəq yazıya, bir az da sükutadır.
Çünki Anarın
varlığı özü
bir əsərdir.
Onun baxışı - bir hekayə.
Onun gülümsəməsi - bir
şeir.
Onun sükutu - bir roman.
Onun varlığı - bir millətin vicdan səsi.
Anar bir addır. Amma bu ad Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, insanlığının və ruhani dəyərlərinin tam adıdır. Əgər Anar olmasaydı, Azərbaycan ədəbiyyatının içindəki bəzi yaralar görünməyəcəkdi. Amma o, yazdı - təmkinlə, amma çox dərin ağrılarla. O, zamanın içində öz vicdanını qorudu. Anarın ədəbiyyatı bizim vicdanımızın səsidir. Onu oxuyan adam yalnız ədəbiyyatı yox, öz ruhunu, öz həyatını, öz peşmanlıqlarını, susqunluqlarını da oxuyur. Anar yazmır, bizim əvəzimizə danışır.
Anarın həyatında ən çox danışdığı insan özü olub. O, bəlkə də yüzlərlə müsahibə verib, amma heç birində bütün həqiqəti danışmayıb. Çünki həqiqət bir adamın özünə yazdığı son məktubdur. Və Anar bu məktubu hələ də yazır.
O, xalqın mirasına
xəyanət etmədi,
onu öpüb sinəsinə basdı, amma yüklənmədi. Onun ədəbi kimliyi doğulduğu nəsildən güc aldı, amma orda ilişib qalmadı. O, Anar oldu, atasından fərqli bir janra, anasından
fərqli bir məzmuna can atdı. O, öz yolunu - sakit, amma azad
yolunu seçdi.
Anar bəzən yazmadı. Bilə-bilə susdu. Onun susqunluğu yazılmış roman qədər
təsirlidir. O, yazmadı
ki, içindəki qəzəb
çığır-bağır salmasın. O, yazmadı
ki, incitməsin. Yazmadı
ki, unutmasın. Yazmadı
ki, sükut danışsın.
Onun qəhrəmanları duyğusaldır,
amma sevgi etirafından qorxurlar. Onlar azaddırlar, amma azadlıqlarının
yükündən yorulublar.
Onlar odur, sənsən, mənəm,
bizik, sizsiniz, onlardır.
Anar üçün ədəbiyyat,
əslində, itkilərin
tarixçəsidir. Onun
qələmi ilə yazılmış hər bir cümlə bir ayrılığın,
bir peşmanlığın,
bir "kaş ki"nin möhürüdür.
Onun mətnlərində
gülüş sarkazmdır,
göz yaşı azadlığın səsi.
Onun psixoloji portreti bir az tənhalıq,
bir az müşahidə,
çoxlu sükut və dərin sevgi ilə yoğrulub. Anarın içində bir uşaq var, daim sevilmək istəyən, daim tərk edilməkdən qorxan. O, bu qorxunu heç
vaxt gizlətmədi, sadəcə, romanların
pərdəsi arxasından
göstərdi.
Anar həm də cəmiyyətin güzgüsüdür,
o güzgüdə bəzən
özümüzü bəyənmirik,
bəzən də utanırıq. Amma o bu güzgünü sındırmadı.
Onun ən böyük cəsarəti
həqiqəti gözə
soxmadan göstərmək
oldu.
Bu gün Anar sadəcə
bir yazıçı
deyil, o, Azərbaycan insanının 70 illik düşüncə tarixidir.
Onun kitabları təkcə oxunmur, yaşanır, yaşadılır,
ötürülür. Onun
dediyi bir cümlə bir nəslin qəlbində iz buraxa bilir.
Anarın ən böyük əsəri onun özüdür. Hələ tamamlanmamış,
amma artıq ölümsüz.
İndi artıq onun özü də, bəlkə düşünür
ki, boşuna yaşamayıb.
Onun bir nəfərə verdiyi xeyir, bir ailəyə
etdiyi kömək, bir müəllifin önünü kəsən
bir cümləni susması - bunlar tarix kitablarında yazılmayacaq. Amma xalqın
qəlbində onun əvəzinə danışacaq.
Anar heç vaxt qəhrəman olmaq istəmədi, sadəcə,
bir insan olaraq qalmaq istədi.
Amma bu elə bir qəhrəmanlıqdır
ki, ədəbiyyat tarixinin
özü belə ona borcludur.
Adəm İsmayıl BAKUVİ
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.16-17.