İvan Buninin "Soyuq
payız" hekayəsi
İki ildir yazmırdım. Bu sükut bəzən məni rahatladırdı,
bəzən də içimdə izaholunmaz bir boşluq yaradırdı. Amma yaxşı
bilirdim ki, bu tilsimi nə vaxtsa qırmalıyam. Yazının mənim üçün həm azadlıq, həm də məcburiyyət olduğunu dəfələrlə
dərk etmişəm.
Bu dəfə hekayə
yazmadım, amma bir hekayədən yazdım. O hekayə
İvan Buninin "Soyuq
payız" əsəridir.
Bunin
yalnız rus ədəbiyyatının deyil, ümumən, dünya nəsrinin ən incə psixoloji ustalarından biridir. Onun hər
bir əsərində
həm təbiətin
poetik mənzərəsi,
həm də insan ruhunun ən
dərin qatları birləşir. "Soyuq payız" isə bu ustalığın ən parlaq nümunələrindəndir.
Məni
bu əsərə bağlayan yalnız süjet deyil, onun yaratdığı mənəvi auradır. Oxuduqca, sanki hər dəfə başqa bir həqiqəti dərk edirəm. Hekayə mənim üçün illərdir həm iztirabın, həm də təsəllinin qapısıdır.
Bunin mənə bu hekayəsi ilə nəyi öyrədib? Ən əvvəl, sevgi ilə zamanı, sükutla sübutu üz-üzə
qoymağı.
Çünki hekayədə sevgi
və zaman, sükut və sübut həm ən dürüst, həm də ən qəddar tərbiyəçilərdir.
Sevgi hər zaman işıq saçır,
zaman isə bu işığı kölgə
altına salmağa çalışır. Sükut
isə hər şeyin sonunda ən etibarlı şahid kimi qalır.
Bu hekayənin əsas sütunu məhz sevgi və zamandır.
Onların kəsişməsindən
doğan xatirə isə oxucu üçün həm mənəvi qida, həm də həyat metaforası olur. Hər kəs öz taleyində bu hekayədən bir parça tapır.
Sevinc, bəxtsizlik və
qadın sevgisi
Əsərin faciəsi qəhrəmanın
atasının sözləri
ilə açılır:
"Hə, dostlar, müharibədir! Sarayevdə
Avstriya vəliəhdi
qətlə yetirilib.
Bu, müharibə deməkdir!"
Bu xəbər bir-birini sevən iki gəncin taleyini qəflətən dəyişir.
Müharibə onların
xoşbəxtliyini əlindən
alır.
Müharibə, tarix boyu olduğu kimi, yenə də həm qələbələr,
həm də məğlubiyyətlər doğurur.
Amma Bunin göstərir ki, bəzən
ümumi qələbə
fərdi məğlubiyyəti
ört-basdır edə
bilmir.
Bu hekayədə qəhrəmanlar
hamısı o soyuq qatara minməyə məcbur qalır. O qatar isə yalnız ölümə aparır. Sağ qalan təkcə qadın qəhrəmandır,
amma onun sağ qalması belə bir qalibiyyət
deyil, daha çox bitib-tükənməyən
bir əzabdır.
Aradan otuz il keçsə də, qadın hələ də bir axşamı xatırlayır - nişanlısı
ilə keçirdiyi
son payız axşamını.
Bu xatirə onun həyatının ən böyük sərvəti,
həm də ən ağır yüküdür.
O axşamda az da olsa, sevinc var idi. Nişanlısı ilə bağçada gəzintiyə çıxırlar,
ədəbli bir təmkinlə öpüşürlər,
Fetdən şeir söyləyirlər. Həmin
axşam həyatlarının
yeganə parlaq anı kimi yaddaşda
qalır.
Nişanlısı deyir: "Nə
qədər ki yaşayıram,
bu gecəni əbədi xatırlayacağam."
İlk baxışda bu,
pafoslu bir sevgi ifadəsi kimi görünür. Amma
zaman keçir, həyat
hər şeyi alt-üst edir, yalnız bu sözlər unudulmur.
Qadın
üçün bu cümlə ömrün yeganə həqiqətinə
çevrilir. Bəlkə
də nişanlısı
sağ qalsaydı, bu sözləri bir gün unutmuş
olacaqdı. Amma o ölür
və sözlər ölmür.
Soyuq payız yalnız mövsüm deyil. O, həm də insan taleyinin soyuqluğudur. Qara budaqlar, ulduzların işığı, evlərin
pəncərələrindən süzülən işıltı
- bütün bunlar bir simvoldur. Bunlar insanın gələcək taleyini proqnozlaşdıran metaforalardır.
Sükut, zaman və insan
taleyi
Hekayənin bir yerində nişanlısı soruşur:
"Birdən məni öldürsələr? Onda
yəqin dərhal unutmazdın məni, hə?"
Qadın
cavab verir:
"Belə danışma! Sənin ölümünə
dözə bilmərəm!"
Amma həyat insanı hər şeyə dözdürür. Qadın
da dözür.
Bunin qəhrəmanını sanki
Tanrı kimi imtahana çəkir. Çünki həyat da belədir: biz gözləmədiyimiz
anda ən sevdiklərimizi bizdən alır.
Əsərdə məni ovsunlayan
yalnız bir qadının dramı deyil, həm də həyatın öz qəfil sərtliyidir. Çox vaxt biz izah edə
bilmirik: niyə bu qədər əzab var? Amma həyatın
özü cavab vermir.
Qəhrəman soruşur: "Mən
bu həyatda nə gördüm
ki?" Və cavab verir: "Bircə o soyuq payız axşamını."
Bu cavab insan ruhunun
ən acı etirafıdır. Həyatın
uzun illəri, bütün çətinliklər,
bütün mübarizələr
yalnız bir neçə dəqiqənin
kölgəsində qalır.
Bunin qəhrəmanın taleyini
ironik şəkildə
qələmə alır.
O, nişanlısını müharibədə itirir,
sonra mühacirətə
gedir, ailə qurur, ögey uşaq böyüdür,
məişət çətinlikləri
ilə yaşayır.
Amma bütün bunlar
sadəcə "yan cümlə"dir. Əsas
cümlə - yalnız
o payız axşamıdır.
Ümid və sükutun
faciəsi
Əsərin ən təsirli
tərəfi qəhrəmanın
ölümdən sonrakı
ümididir. O inanır
ki, nişanlısı onu
orada gözləyir.
Bu, dini bir fanatizm
deyil. Bu, yalnız insan ruhunun sarsıntı
qarşısında tapdığı
təsəllidir.
Bunin sanki Tanrı rolundadır. O görünmür,
amma hər cümlədə nəfəsini
hiss edirsən. Qəhrəmanına
yalnız bir ümid verir - sevdiyi ilə ölümdən sonra görüşmək.
Bu həm təsəlli, həm də faciədir. Çünki bu ümid həyatın
içində deyil, yalnız ölümün
o tərəfindədir.
Əsərdə səsli-küylü hadisələr yoxdur. Əsərin ruhu sükutdur. Bu sükut həm cəza, həm də mükafatdır.
Bunin zamanı
su kimi axıdır,
amma duyğuları dondurur. Sanki bütün həyat yalnız bir axşam yaşanılıb,
sonrası isə boşluqdur.
"Soyuq payız"
göstərir ki, insanın bütün ömrü bəzən yalnız bir neçə anın kölgəsində keçir.
Bəzən bir gecə, bir söz, bir baxış
bütün həyatın
mahiyyətini əvəz
edir.
Sevgi və zaman - insan taleyinin ən böyük imtahanlarıdır.
Sükut və sübut - bu imtahanın dəyişməz
şahidləridir.
Bunin qəhrəmanı soruşur:
"Mən bu həyatda nə gördüm ki?" Cavabı
isə sadədir:
"Bircə o soyuq payız axşamını."
Əsərin bütün yükü
bu cavabın içindədir. İnsan
ruhunu donduran, amma eyni zamanda
onu yaşadan cavab da budur.
"Soyuq payız" - bu yalnız bir sevgi hekayəsi
deyil, həm də həyatın sərt metaforasıdır.
O bizə öyrədir
ki, bəzən bütün
ömrün yaddaşda
saxladığı şey
yalnız bircə xatirədir. Amma elə həmin xatirə insan ömrünə bərabər olur.
Bahəddin SALMAN
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.19.