Arabadakı adam
Romandan
parça
(Əvvəli
22-ci sayımızda)
Ayşən
çantasının qabaq gözünü açdı, boz rəngli,
on iki vərəqli dəftəri çıxardıb, mənə
uzatdı:
- Buyurun,
həmin dəftərdir. Ləman xahiş edib ki, şəxsən
sizin özünüzə çatdırım.
Dünən
oxumuşam onun yazdıqlarını. Özü artıq dərəcədə
rica eləmişdi, demişdi ki, oxuyub sonra Seymura verərsiniz.
Çox maraqlı yazıb, hər şey olduğu kimi, yəni
bütün olaylar və o müdhiş qətl necə olub, elə
də yazıb. Siz də oxuyun, mütləq oxuyun və bir
gün Ləmanın görüşünə gedin. İndi
sizdən başqa heç kimi yoxdu onun. Azadlığa
buraxılmağına bir ildən az qalıb. Onda otuz bir
yaşı olacaq. Bilirəm, sizdən yeddi yaş
böyükdü. Özü deyib mənə.
Ayşən
sözünü bitirib ayağa qalxdı:
-
Yaxşı, mən gedim, yolçu yolda gərək, - dedi.
Çantasını
çiyninə keçirib qapıya yaxınlaşdı. Mən
də ayağa qalxdım.
- Sizi yola
salım, - deyib, çantanı ondan aldım.
O,
heç nə demədi. Biz pillələri enib həyətə
düşdük. Blokdan çıxanda o,
yaxınlıqdakı tut ağacının altında ağ rəngli
maşını göstərib dedi:
- Narahat
olmayın, özüm gedəcəm. Gördüyünüz
o ağ maşın mənimdi. Bilirsiz, maşınsız bizim
işimiz keçmir. Həə... Yaxşı yadıma
düşdü. Heç soruşmadız kəndə niyə
getmişdim? Ləman məndən xahiş eləmişdi, pul
vermişdi ki, verim ananıza. Bacınız dustaqlar
üçün açılmış toxuculuq sexində
çalışır, hər ay maaş alır. Hesabında
pul yığılıb. Mən də getdim sizə, pulu verdim
Gülsüm xalaya, sizin o mehriban, işıqlı,
saçları dümağ ananıza.
Biz
maşına yaxınlaşdıq, mən çantanı arxa
oturacağa qoydum.
- Deməli,
belə çıxır ki, sizin mənə verdiyiniz
pulları Ləman göndərib? - Mən
qırıq-qırıq, tutula-tutula, bir az da həyəcanla
soruşdum.
- Yox... Bu
pulların Ləmana dəxli yoxdur. O, sizin halal
pullarınızdır, - dedi.
Mən
onun sözlərinə əhəmiyyət vermədən:
- Bir dəqiqə
dayanın, mən indi gəlirəm, - dedim.
İti
addımlarla bloka girib, pilləkənləri sürətlə
qalxdım. Qapını açdım, Ayşənin masaya
qoyduğu pulları götürüb, elə həmin sürətlə
də aşağı düşdüm. Gülərüz,
mehriban xanım sükanın arxasında da
yaraşıqlı, cazibədar görünürdü. O,
artıq mühərriki işə salmışdı. Ayşən
maşının pəncərə şüşəsini
aşağı endirib:
- Siz tam
arxayın ola bilərsiniz, - həyətinizdəki meyvələrin
puludur, sizin vaxtilə öz əllərinizlə əkdiyiniz
ağacların məhsulunun. Gülsüm xala satıb, pulun
bir hissəsini də sizə göndərib. O bildirdi ki, Ləmanın
göndərdiyi pulları onun özü üçün
saxlayacaq.
Ayşən
bu sözləri deyib, maşının sürətini
artırdı və bir göz qırpımında
uzaqlaşdı.
***
Vaxt
keçirdi. Mənzilin sahibi Muxtar kişi indilərdə gəlib
məni evdən çıxarmalı idi. Əlli-əlli
beş yaşlarında, dolu bədənli, şişman, ləngərli
yerişi olan bu adam aradan ötən müddətdə mənə
həmişə hörmətlə yanaşmışdı.
Elə olub on-on beş gün gec ödəmişəm ev
pulunu, hər dəfə məni yola verib. Amma hər şeyin
bir əndazəsi var və mən o əndazədən
çoxdan çıxdığımı bilirdim.
Pulsuzluqdan
da, təmirə ehtiyacı olan bu birotaqlı kasıb mənzildən
də, yatanda cırıltısı beynimi didən çarpayıdan
da, elə özümdən də bezmişdim.
Otağa
qalxıb, elə dəhlizdəcə pulları saymağa
başladım. Bu qeyri-iradi hərəkətim mənə qəribə
göründü. Düşündüm ki, yavaş-yavaş
yaramaz oluram. Bəlkə də, belə lazımdı. İndi
nadürüstlərin, yaramazların işi elə rəvan,
elə gözəl gedir ki, adam dönüb yaramaz olmaq istəyir.
Bu fikirləri beynimdə çözələyə-çözələyə
pulları sayıb qurtardım. Min beş yüz manat pulun
hamısını dəstələyib cibimə qoydum. O pulun
altı yüz mantını iki ay öncədən ödəyib
Muxtara verəcəyimi, Kənandan aldığım əlli
manatı qaytaracağımı fikirləşib bir az təskinlik
tapdım. Elə bu vaxt qapı yenidən döyüldü və
ehmalca açıldı. Muxtar fısıldaya-fısıldaya
otağa daxil oldu. Salam verib halımı soruşdu. Mən ona
təşəkkür eləyib iki aylıq pulunu qabaqcadan
ödəyəcəyimi dedim. Və düşündüm ki,
Muxtar bu xəbərə çox sevinəcək. O,
başını bulayıb dərindən nəfəs
aldı. Ağır bədənli bu adam köhnə
çarpayıya oturanda eşitdiyimiz qulaqbatırıcı səsə
ikimiz də bəs deyincə güldük. Mən arada
yaranmış bu yumşaq münasibətdən, necə deyərlər,
faydalanmaq istədim və cibimdən topa pulları
çıxartdım. Altı dənə yüzlük
ayırıb Muxtara uzatdım.
- Buyurun,
Muxtar dayı, iki aylıq kirayə haqqını qabaqcadan
ödəyirəm. Sizin mənə hörmətiniz çox
keçib. İndi mənim imkanım var, deyirəm, bir dəfə
də mən nə isə bir iş görüm sizin
üçün. Elə özüm də bir az rahat nəfəs
alım, pul söhbətindən bir müddət canımı
qurtarım, - dedim.
Zahirən
kor-kobud, ürəyi isə ipək kimi yuxa olan, onun
üçün yaratdığım bütün pul problemlərinə
səbirlə dözən bu adam məni ilk dəfə görürmüş
kimi, təpədən-dırnağa süzüb soruşdu:
-
Hardandır, bir belə pul səndə?
Açığı,
Muxtarın mənə belə sual verəcəyini gözləmirdim.
Suala hazır olmadığımdan əlimi geri çəkdim
və pulları qeyri-ixtiyari cibimə qoydum. Suçlu adamlar
kimi başımı aşağı salıb, gözlərimi
yerə dikdim.
Muxtar
aram-aram dilləndi:
- Adam pulu
halal qazanar, haramın axırı yoxdur. Pul gələr də,
gedər də, amma hansı vəziyyətdə olursansa-ol, gərək
adamlığını itirməyəsən.
- O
pulları mənə evdən göndəriblər. Bu gün,
bir saat əvvəl gətirib veriblər, - dedim və
başımı qaldırıb Muxtarın gözlərinin
içinə qəti bir inamla baxdım ki, onun başqa bir sual
verməsinə daha lüzum qalmasın. Muxtar
bığaltı gülümsəyib əllərini qoynunda
çarpazladı.
- Muxtar
dayı, sözlü adama oxşayırsınız? Nə
sözünüz var, deyin. İstəsəniz, mən sizin bu
mənzili elə bu saat tərk eləyə bilərəm.
Qaldığım son yeddi günün pulunu da ödəyərəm.
Muxtar bir
an fikrə getdi:
- Bilirsən,
bacıoğlu, sən yaxşı oğlansan, amma gəl,
açıq danışaq. Deyirsən, bu pulu sənə kənddən
göndəriblər. Kim göndərib, Allah canını
sağ eləsin, yaxşı eləyib. Amma o adam kimdirsə, həmişə
sənə pul göndərə bilməyəcək axı.
Bir-iki aydan sonra sənin pul problemin yenə qalxacaq. Mənim də
bu yaşımda kiminləsə pul söhbəti aparmağa,
mübahisə eləməyə nə həvəsim var, nə
də hövsələm. Yenə deyirəm, sən
yaxşı oğlansan. Səni itirmək istəmirəm, məni
düzgün başa düş. Mənim də öz problemlərim
var. Hər ay banklara kredit verirəm. Sən bir həftədir
kirayə haqqını gecikdirirsən, mənim də kreditlərimin
üstünə faizlər gəlir. Amma bu pulları
vaxtında mənə versəydin, indi mən də rahat nəfəs
alardım. Axı, belə olmaz, hər şeyin
ölçüsü, biçimi, hər şeyin bir dirənən
yeri var.
Muxtar
sözünə ara verib ayağa qalxdı. Ağır
addımlarla pəncərəyə yaxınlaşıb dərindən
nəfəs aldı:
- Mən
sənə heç nə demirəm. Bax, sən özün
de. De görüm, mən nə edim? Necə edim, nə təhər
edim?
- Sizi
başa düşürəm, Muxtar dayı, mən nə
deyim. Mənzilin sahibi sizsiz, necə deyirsiz, elə də olsun.
Amma mənəm ki, bu mənzildə qalıram a... Heç kəs
gəlib burda yaşamaz. Kağızları qopuq divarlar
adamın üstünə gəlir, pəncərələr nə
gündədir? Hələ tualeti, hamamı, mətbəxi
demirəm.
Mən
pulları cibimdən çıxarıb arasından bir
yüzlük ayırdım, mənzilin açarları ilə
bir yerdə dolabın üstünə qoydum.
- Sağ
olun, - deyib qapıya tərəf getdim.
Muxtar:
- Sənə
bir söz deyim, heç vaxt yadından çıxarma.
Mən
dayanıb onun nə deyəcəyini qeyri-adi maraqla gözləyirdim.
Bu adamla bundan sonra, bəlkə bir də heç vaxt
üz-üzə gəlməyəcəkdim. Bu adamın səsini
yəqin bir də eşitməyəcəkdim. Bəli, məhz
elə bu anda fikirləşdim ki, "Muxtar dayı" deyə
çağırdığım, özü demişkən, mənə
heç vaxt pis olmayan bu qəribə adamla belə soyuq şəkildə
ayrılmağımı nə Allah götürər, nə də
mən özümə bağışlaya bilərəm.
Tez ayaqqabılarımı
geyinib otağa döndüm. Muxtar sınıq-salxaq pəncərənin
qabağında dayanıb hələ də küçəyə
baxırdı. Yaxınlaşıb əlimi onun çiyninə
qoydum və çox yumşaq şəkildə dedim:
- Buyurun,
Muxtar dayı, deyin sözünüzü, eşidirəm.
Muxtar dərindən
nəfəs alıb, mənə tərəf döndü.
Onunla üz-üzə qaldıq. Muxtarın şişman
qarnı məni bir az geri çəkilməyə məcbur
etdi. O, cibindən dəsmal çıxarıb boynunu,
boğazını, sonra alnını sildi.
Ağır-ağır dilləndi:
-
İnciməyəcəksən sözümdən?
- Yox,
Muxtar dayı, Allah eləməsin. Siz sözünüzü
deyin, heç ağsaqqal sözündən incimək olar? -
deyə mən ona ürək-dirək verdim ki, o, fikrini rahat
söyləyə bilsin.
- Sən
çalış, Seymur, heç vaxt heç kimə
möhtac olma; nə ataya, nə anaya, nə qardaşa, nə də
bacıya - heç kimə. Kişi olan kəs özü qazanar,
öz qazancını yeyər. Az, ya çox, dəxli yoxdur -
özünü də dolandırar, arvad-uşağını
da. Mən dediyim kimi yaşasan, həyatda hər şeyə
nail olacaqsan. Yox, əgər elə-belə baş girləsən,
axırın olmayacaq sənin, - deyib, təkrar pəncərəyə
tərəf çevrildi və nazik yay pencəyinin cibindən
siqaret çıxardıb yandırdı.
Mən
danışa bilmirdim, nitqim qurumuşdu. Bəlkə, bu
adamın hər şeydən xəbəri var. Hələ bilmək
olmaz, bəlkə bu adam mənim bacımın dustaq həyatı
yaşadığını da öyrənib, deyə
düşünürdüm və bu fikirlər məndə
bir rahatsızlıq yaradırdı. Susurdum, amma
danışmalı idim. Nə isə deməli idim bu təzadlarla
dolu şişman adama. Əslində düz deyirdi, amma niyə
indi? Evdən çıxıb getdiyim anda, ovqatımın belə
təlx vaxtında, həm də pulları görəndən
sonra dedi bu sözləri mənə. Bəli, mən nə isə
deməli idim. Muxtara cavab vermədən bu evi tərk etməyimi
özümə bağışlamazdım.
- Siz
bilirsiz, bu pullar məndə hardandır? - deyə mən
yavaşca Muxtardan soruşdum.
-
Özün dedin axı, evdən göndəriblər.
-
Oğlunuz yaşında bir adamı sındırmaq, utandırmaq
istəyirsiz. Sizin yaşınıza-başınıza
yaraşmır axı bu münasibət. Mən heç vaxt
başqasının çörəyini yeməmişəm. Kənddə
meyvə ağacları ilə dolu iri həyətimiz var. Hər
ilin bu vaxtı maşınlarla gəlib alırlar bizdən. Bəli,
anamla birgə əkdiyimiz meyvə ağaclarının, min əziyyətlə
ərsəyə gətirdiyimiz, bu gün bəhrəsini
gördüyümüz almanın, heyvanın, narın, qozun,
fındığın dəyəridir bu pullar, - dedim və iti
addımlarla qapıya tərəf getdim.
Muxtar
ardımca:
- Burda bir
dəftər var, yəqin sənindir? - dedi.
Mən qayıdıb
Ayşənin gətirdiyi on iki vərəq dəftəri
dolabın üstündən götürüb Muxtara
yaxınlaşdım. Onun qanı qaralmışdı. Gözlərini
yerə dikmişdi. Bir əli şalvarının cibindəydi,
o biri əlində tutduğu siqaretin külünü
barmaqlarının ucu ilə yerə çırpırdı.
Mən əlimi onun çiyninə qoyub:
- Əgər
xətrinizə dəydimsə, bağışlayın, - dedim
və otaqdan çıxdım.
İki
ildən çox yaşadığım bu köhnə
beşmərtəbəli binadan uzaqlaşdıqca özümə
də qəribə görünən kövrək hisslər
yaşayırdım. Mənə doğma olan bir yeri,
ocağı sanki əbədi tərk eləyirdim. Halbuki mən
bu evdə sarsıntılar da yaşamışdım, elə
olmuşdu günümü cəmi bir dəfə yeməklə
ötürmüşdüm, kirayə pulunu vaxtında Muxtara
verə bilməyib, utanc hissi keçirmişdim. On iki saat
günəmuzd fəhləlik eləyib, yorulub, əldən
düşüb, evə birtəhər çataraq
cırıltısı əsəblərimi oynadan
çarpayıya özümü güclə
salmışdım. Heç inanmazdım ki, bir gün bu evdən
çıxanda belə nostalji hisslər yaşayacam. Mən
qışqırmaq, hönkür-hönkür ağlayıb
ürəyimi boşaltmaq istəyirdim. Niyə? Səbəbini
özüm də bilmirdim. Bundan ötrü mütləq dənizə
getməliydim. Sahildə kimsənin olmadığı bir yer
tapıb hayqırmaq da, ağlamaq da mümkün idi. Amma indi
yox, gecə yarıdan keçəndə - səhərə
yaxın dan yeri söküləndə, ləpələr həzin-həzin
pıçıldaşanda, ən başlıcası, Kənan
da orada olanda getmək istəyirdim dənizə.
***
Mən
hara getdiyimin fərqinə varmırdım. Yeməklərin
menyusu yazılmış lövhə gözümə
sataşanda bildim ki, bir kafenin qarşısında
dayanmışam. Kafeyə daxil olub xidmətçi xanıma
üz tutdum:
- Boş
otağınız var? - deyə soruşdum.
O, mənim
sualıma sualla cavab verdi:
-
Neçə nəfərsiniz?
Mən tək
olduğumu dedim.
- Yox, biz
tək adam üçün otaq vermirik. Müdir bizə belə
tapşırıb, - dedi və uzaqlaşdı.
Sağ tərəfdəki
otaqdan çıxan xidmətçi oğlan əlində məcməyi
yanımdan keçəndə onu səslədim:
- Sizin
müdirin otağı hansıdır?
Xidmətçi
oğlan:
- Bu otaq
elə müdirin otağıdı, mən ona yemək gətirmişdim,
- dedi və getdi.
Qapını
ehtiyatla döyüb, icazə alaraq içəri keçdim.
Elə mən yaşda, səliqəli geyinmiş bir gənc
idi kafenin müdiri. O yemək yeyirdi və məni də masaya
dəvət elədi. Təşəkkürümü bildirib
dedim:
- Mənə
bir otaq lazımdır. Gecə saat on ikiyə, ən geci birə
qədər.
Kafenin
müdiri:
- Bura
kafedir, otel deyil, - dedi, bir əlində çəngəl, bir əlində
bıçaq yeməyinə davam elədi.
- Bəs
yemək yeməyəcəksiniz? - deyə soruşdu.
- Yox, yemək
yeyəcəm. Əlbəttə, indi nahar eləyəcəm,
elə axşam yeməyini də burda yeyib gedəcəm, -
dedim.
- Biz gecə
on ikiyə qədər işləyirik.
- Əla,
lap yerinə düşdü. Mən on birdə yemək yeyib,
on ikidə burdan çıxaram. Dənizə gedəcəm,
saat dörddə bir nəfərlə görüşüm
var.
Kafenin
müdiri çəngəl-bıçağı boşqaba
qoyub, ağzını salfetlə sildi. Və maraqla soruşdu:
- Gecə
saat dörddə? O nə görüşdü elə?
- Mənim
Kənan adında bir dostum var. Hər gecə səhərə
yaxın əlil arabasında dənizə gəlir. Həə,
çox maraqlı adamdı. Sübh tezdən günəşin
dənizdən çıxmasına baxır və bundan ləzzət
alır.
- Dediniz əlil
arabasında gəlir, yəqin müharibədə olub, qazidir?
- deyə o soruşdu.
- Bilmirəm.
Mən onunla bu gün səhər tezdən tanış
olmuşam, bir ayağı dizdən aşağı yox idi.
Elə bu
vaxt otağın qapısı döyüldü. Xidmətçi
oğlan çay gətirib masaya qoydu. Kafenin müdiri ona:
- Stəkanın
birini də gətir, - dedi.
Xidmətçi
oğlan:
- Baş
üstə, - deyib çıxdı.
- Siz
deyirsiz on ikidə burdan çıxacaqsız, dörddə
görüşünüz var. Yaxşı, bəs on ikidən
dördə qədər siz neyniyəcəksiz? O vaxt hava soyuq
olur, əyniniz də çox nazikdir.
-
Heç nə olmaz. Yaydır, havalar isti keçir, - dedim.
- Yoox,
olanda olur.
Mən
söhbətimizin alınmadığını artıq güman
eləyib:
-
Yaxşı, mən gedim. Sağ olun, - deyib, qapıya
yaxınlaşdım.
- Sizin
adınız nədir? - deyə kafenin müdiri arxamca səsləndi.
Ona
adımı dedim. O isə:
- Mənim
də adım Arifdi, - dedi.
O, mənə
yaxınlaşıb əlini uzatdı. Beləcə, biz
tanış olduq.
- Bir yerdə
oxuyub eləmisiz? - deyə soruşdu Arif.
- Həə,
ali təhsilli aqronomam, - dedim.
Arif
güldü. Əllərini qoynunda çarpazlayıb:
-
Qardaş, deməli, sənin yerin şəhər deyil.
- Tamam
doğru, elə özümün də diplomuma heyfim gəlir,
- dedim.
Əslində
söhbətimizin başqa səmtə dəyişməyini
istəmirdim. Ona görə də yenə məni narahat eləyən
əsas məsələyə qayıtdım:
- Siz mənə
bir otaq təşkil eləyin, mən bu gecəni birtəhər
ötüşdürüm. Yeməyin hesabından başqa, əlavə
iyirmi manat da verərəm, - dedim.
Elə bu
vaxt xidmətçi oğlan içəri girib əlindəki
stəkanı masanın üstünə qoydu, - Ayrı nə
isə tapşırığınız var? - deyə Arifdən
soruşdu.
- Var.
- Buyurun,
eşidirəm, - deyə oğlan dilləndi.
- Bu
qardaşın adı Seymurdur. Mən indi gedirəm, elə bu
otaqda qulluq eləyin ona. Özü nə vaxt getmək istəsə,
getsin.
Xidmətçi
oğlan:
- Baş
üstə, - deyib otaqdan çıxdı.
-
Başqa bir obyekt də var, ora getməliyəm. Siz rahat istirahət
edin. Bu otaqda hər cür şərait var. Hamamı,
kondisioneri, divanı, yəni çölə
çıxmağa ehtiyac yoxdur. O dediyiniz əlavə iyirmi
manat da lazım deyil. Nə sifariş versəniz, pulunu ödəyərsiniz,
bəs eləyər. Hə, gecə saat 3-dən tez getməyin.
İşçilər on ikidə gedəcəklər. Gözətçi
saat üçdə sizi yola salacaq.
Arif
bunları deyib, mənimlə sağollaşdı və otaqdan
çıxdı. O gedəndən sonra belə rahat
otağın, elə Arifin özü demiş, gecənin
yarısınadək ixtiyarımda olması məndə
xoş bir ovqat yaratmışdı. Hər şeydən əlimin
üzüldüyü, nə edəcəyimi və necə edəcəyimi
dəqiqləşdirə bilmədiyim o üzüntülü
anlar kaş heç ömrümə yazılmayaydı.
Anlaşılmaz bir durumda qalıb hara getməyimin fərqinə
varmadan saatlarla qaçıb "bəsdi" deyincə
yorulmaq, haldan-hala düşüb, şıdırğı
yağan yağışın altında diz çöküb,
torpağın üstündə üzüqoylu uzanıb, tərki-dünya
olmaq istəyimin canımda tüğyan elədiyi bir vaxtda
Ariflə tanışlığım və özüm də
gözləmədən onunla söhbətimin alınması,
gözlərimdə dəyişmişdi hər şeyi, elə
bu cəncəl dünyanın özünü də.
Düşünürdüm ki, hər bir insan onun
qarşısında yaranan çətinliklərə əl
qaldırıb, "qismət beləymiş" deyib təslim
olmamalıdır, məqsədinə doğru hərəkət
eləməlidir. Belə olarsa, nə vaxtsa onun
üçün hər hansı bir şansın yaranması,
yıxılıb-durduğu, büdrədiyi, tələsdiyi
ömür yollarında yaşıl işığın
yanması mütləq və qaçılmazdır. Belə
şanslar isə hər dəqiqə yaranmır. Yaşıl
işıqlar hər dəqiqə yanmır
qarşımızda.
Yadımdadır,
universitet illərində tələbə oğlanların və
gənc müəllimlərin yuxusunu qaçıran,
onların ciddi və qeyri-ciddi təkliflərini rədd eləyən
Gülgəz adlı olduqca gözəl və məsum bir tələbə
qızın öz yoldaşları arasında mənə olan
sevgisini açıq etiraf etməsi böyük səs-küyə
səbəb olmuşdu. Halbuki o qız həmişə mənim
diqqətimdən kənarda qalırdı. Gülgəz
haqqında heç düşünmürdüm də. Amma o
qız mənim ömür yolumda yanan yaşıl işıq
idi, bəlkə də.
Zemfira
MƏHƏRRƏMLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, №31.- S.20-21.