Fikrət Qocanın poetikası
Xalq şairi Fikrət Qoca XX əsrin 60-cı illər Azərbaycan ədəbi nəslinə
mənsubdur və çox zəngin bədii yaradıcılığa
malikdir. Onun poeziyası həmişə
diqqət mərkəzində
olmuşdur. Şairin əsərlərində müxtəlif
insan obrazları qalereyası yaradılıb
və yetərincə
tərənnüm edilib.
Güclü müşahidə
qabiliyyətinə malik, həm
də yaxşı psixoloq olan Fikrət
Qoca şəxsiyyəti
ilə yaradıcılığı
bir-birini tamamlayan şairlərdən biri kimi yaddaşlara köçüb. Onun novator şeirləri qısa, lakonik, lakin məzmunlu, fikir yükü ağır olan misralardan ibarətdir.
Xalq yazıçısı və
filologiya elmləri doktoru, professor Elçin yazır: "Milli ilə bəşərinin vəhdəti,
bir-birini tamamlaması
Fikrətin poeziyası
üçün səciyyəvi
bir cəhətdir və bu sözləri
yazarkən onun 50-55 il
bundan əvvəl qələmə aldığı
"Vals" şeiri
yadıma düşür..."
Fikrət
Qoca ən çox lirik şairdir. İlahi eşqin, məhəbbətin
vəsfini əks etdirən poetik duyğular onun poeziyasında mühüm
yer tutur. Şairin "Səni sevdiyim üçün",
"Gözəllər", "Elə tələsirəm
səni görməyə",
"Gedir", "O keçən
günlər" və
s. kimi şeirləri onun könül duyğularından bəslənmiş
bənzərsiz sənət
əsərləridir. Təsadüfi
deyil ki, onun şeirlərinə yetərincə
musiqi bəstələnib
sevgi nəğmələri
kimi oxunmaqdadır. Elçin daha sonra yazır: "Fikrət o şairlərdəndir
ki, onun şeirlərinin
poetikası ilə mövzusu arasında zəncirvari bir bağlılıq var və
bu şeirlərin formasını da onların
məzmunu müəyyənləşdirir,
buna görə də
o, sərbəstdə də
təbiidir, hecada da, destruktiv şeir formasında da".
Fikrət
Qocanın yaradıcılığında
müxtəlif mövzulu
poemaları mühüm
yer tutur. Bu poemaların əksəriyyətində
şair bir çox tanınmış
simaların - insanların
bədii obrazını
yaradıb. Bəzən
tanınmışın, məşhurun
portretini şair sözlə çəkir,
bəzən də ümumiləşdirilmiş bir
insan tipi yaradır. Hər iki halda
şair bu insan tiplərini ciddiliklə də qələmə alır, komik, yumoristik bir dillə də təsvir edə bilir. Onun Heydər Əliyevin xatirəsinə
həsr etdiyi "Gərək bu günləri görəydin",
xalq şairi Rəsul Rzanın ölümünə yazdığı
"Rəsulsuz ilk dəqiqələr",
filippinli gənc fəal siyasətçinin
həyatından bəhs
edən "Xose Risal", türk şairi Nazim Hikmətin vətənsizliyindən danışan
"İstanbulda bir ceviz ağacı vardı...", şəhid
jurnalist Çingiz Mustafayevin qəhrəmanlığından
bəhs edən "Şəhidlər xiyabanı"
kimi poemaları Fikrət Qoca poeziyasının inciləridir.
Bu poemalarda məşhur
siyasətçi, şair
və qəhrəman obrazları yaradılıb.
Şairin
Heydər Əliyevə
həsr etdiyi "Gərək bu günləri görəydin"
poeması böyük
siyasətçinin həyatından,
doğma Vətəni
üçün, onun
azadlığı üçün
gördüyü işlərdən,
fədakarlıqlardan ayrı-ayrı
fraqmentlərdir:
Heydər
doğulan evdə
Bir çətən külfət
vardı.
Var-dövlət olmasa da,
Mehriban ülfət vardı...
Filologiya
elmləri doktoru Gülxani Pənah eyniadlı məqaləsində
yazır: "Xalqın
səsinə səs verən Fikrət Qoca - ömründə nə Leninə, nə Stalinə, nə Bağırova şeir yazmayan şair, - müstəqilliyimizi
sağlam bünövrə
üzərində inşa
etməyə başlayan
xalq, dövlət, millət fədaisini poetik bir dillə
vəsf eləyir".
Bu bir həqiqətdir.
Həyatda yazıçı-şairlərə
hörmətlə yanaşan,
onlara böyük önəm verən Heydər Əliyev fenomeni həmişə bədii sözün qəhrəmanına çevrilib.
Demək, bu sevgi, hörmət dövlət xadimi ilə yazarlar arasında qarşılıqlı
olub.
Ömrünün son on ilini Vətənin
yenidən qurulmasına,
inkişafına, çiçəklənməsinə
həsr edən Heydər Əliyevin bədii obrazı poemanın hər misrasında görünür:
Əsrin
müqaviləsi -
Bakı,
Tbilisi, Ceyhan,
Sağaldı Azərbaycan!
...Hər yanda əməlin var...
Hər yanda heykəlin var,
Sabahkı günümüzdə
Yenə
sənin əlin
var!
"Rəsulsuz ilk dəqiqələr"
poeması görkəmli
şairimiz Rəsul Rzanın ölümünə
həsr edilib. Onun ölüm xəbərini alan şairin lirik qəhrəmanı necə
ağır dəqiqələr
yaşadığını təsvir edir: "Xəbər ilan kimi çaldı qulağımı...// Telefonun
dəstəyi əlimdə
boğuldu...// Ölüm
nə ucuzdu, nə boldu..." Böyük sənətkarın
kiçik xəstəxana
çarpayısına necə
sığdığını da göstərir:
Gözümün qabağında
Bir çılpaq dünya qalmışdı...
Bir də üstünə ağ çəkilmiş
Rəsul
adlı xatirə...
Həyat
gerçəkliyini əks
etdirən misralara bir şair obrazı
da həkk olunub. Bu orijinal, təbii deyim tərzi şair ömrünü əks etdirir.
Şair
qocalmır,
Ömrü bir yaz olur, qurtarır...
Şair
ölmür,
Qara qələm kimi yazılır, qurtarır...
Tam səmimi, böyük ürək ağrısı
ilə yazılmış
poema Rəsul Rzanın bir insan kimi də
portretini cızır.
Xasiyyətcə sərt
olan şairin, əslində, köksündə
çox kövrək
bir ürək döyünüb, çırpınıb
həmişə.
Akademik
İsa Həbibbəyli yazır:
"Fikrət Qoca şeirlərində həmişə
ən müasir düşüncələri, yeni baxışları, təzə-tər,
isti münasibətləri
tərənnüm edir.
Müasirlik və obrazlı şairanə düşüncə onun poeziyasının ruhunu təşkil edir... O, həmişə zamanı
bəlli bir müdriklik düşüncəsi
ilə qavrayıb və irəli aparmağa çalışıb..."
Fikrət
Qocanın "Xose Risal" poemasının əsas məğzi gənc ikən edam edilən vətənpərvər,
xalqını, yurdunu sevən bir şairin, siyasətçinin
həyatından ibarətdir.
Siyasi görüşlərinə
görə Filippində
təqib olunan Xose Almaniyada, İspaniyada mühacirətdə
olub, Filippinin azadlığı, müstəqilliyi
üçün çalışıb.
Lakin qara qüvvələr
buna imkan verməyib. Vətənə dönən
kimi onu həbs ediblər. Şair Xoseni Nəsimi ilə müqayisə edir. Gənc şairi də ölüm kamerasına salırlar. Onun gecəboyu düşüncələri, ölümdən
qorxmadığı, yalnız
vətən üçün
bir iş görmədən öləcəyindən
üzüldüyü səmimi
duyğularla təsvir
edilir.
Fikrət
Qocanın digər poeması "Şəhidlər
Xiyabanı" adlanır.
Birinci Qarabağ müharibəsində şəhid
jurnalist Çingiz Mustafayevin fəaliyyətindən,
gördüyü işlərdən,
vətənpərvərliyindən bəhs edir. Həmçinin şair döyüşçü jurnalistin
bədii obrazını
çox yüksək
səviyyədə yaradır.
Müharibədə öz
köhnə kamerası
ilə erməni vəhşiliyini əyani surətdə çəkib
dünyaya tanıdan bu cəsur oğlan
elə erməni vəhşiliyinin də qurbanı olur. Onun Xocalı qətliamı videosu bu gün də
dünyanı dolaşır;
İkinci Qarabağ müharibəsinin təməl
daşlarından biridir.
Şair onu belə təsvir edir:
İnsan
meyidi səpilib
Yol yanında, dağ döşündə...
Qoca, qarı, gəlin, uşaq...
Keçib erməni dişinə...
Dağda
bulaq ağlayırdı
Sinə
dağlaya-dağlaya...
Bu dərdi lentə çəkirdi
Çingiz ağlaya-ağlaya...
"Cənnətdən qovulanlar"
poeması Adəm ilə Həvvanın cənnətdə oğurluq
etməsinin təsviri
ilə başlasa da, bu günümüzlə səsləşən səhnələr,
təsvirlər daha çoxdur. Şair göstərir ki, "Bir millət
sözü var, bir də millət sözünün içində
illət sözü
var...// Yaxşıları çox
olanda millət olur, // Millət olanda dövlət olur...// Millət aparır dövləti qabağa..."
Filologiya
elmləri doktoru Rüstəm Kamal Fikrət
Qocanın poeziyası
haqqında yazır:
"Bu gün milli-mənəvi-əxlaqi dəyərləri
şeirə daşımağın
özü şairdən
ayrıca məsuliyyət
tələb edir. Fikrət Qoca bu gün bu
məsuliyyəti şərəflə
boynuna götürüb...
bir çox şeirlərin mayasını,
ideya cövhərini aforistik düşüncə
formalaşdırır...bu
gün Fikrət Qoca sözü həmin mənəvi dəyərin ifadə məkanıdır". Bütün
bunlar reallıqdır,
həqiqətdir.
Beləliklə, "60-cılar" ədəbi nəsli içərisində
özünəməxsus yer
tutan, öz mövzu dairəsi olan Fikrət Qoca poeziyasında milli dəyərlərlə bəşəri
dəyərləri vəhdət
halında tərənnüm
edib. Şair Rəsul Rza, Nazim Hikmət, Xose Risat kimi şairlərin
bədii obrazını
yaradarkən onlar arasında heç bir fərq qoymur,
çox səmimi,
real hadisələri götürüb
özününküləşdirir və ən yaxını, doğması
kimi ağrı-acılarını
təsvir edir. Vyetnam, Kuba, ümumiyyətlə, azadlıq
uğrunda döyüşən
xalqlar Fikrət Qoca poeziyasının baş qəhrəmanlarıdır.
Azadlıq, Bərabərlik,
Bütövlük sevən
millətlər az qala şairin bütün şeirlərində
vəsf olunur. Poetik yaradıcılığı
ilə ədəbi məktəb yaradan Fikrət Qoca poeziyası, bizcə, Azərbaycan ədəbiyyatında
əbədiyaşarlıq qazanıb.
Bahar
BƏRDƏLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.26.