Yalnız qadın
şairlərin
deyə biləcəyi
sözlər...
"Qadın
şairlər" ifadəsi fikrimizcə, səhvdir, həm də
kökündən, çünki şeirin özü qadın
"cinsindədir". Dəqiqləşdirək, fransız
dilində poeziya (poesie) qadın cinsində, şeir (poeme)
kişi cinsindədir. Bayatılarda da şeir fəsli
sevişməni (...yemiş bülbül bağrını...),
gözəlliyə heyranlığı və ondan ilham almaq
anlamına gəlir. Yəni, qadın şeir yazmaya da bilər...
Ancaq və lakin qadın şeir yazırsa, demək, dünyada
nələrsə düz getmir, daşlar yerinə oturmur və
iztirab, çəkiləsi əzab həddindən
artıqdır, iztirab dağ oynadır yerindən...
Bu barədə
irəlidə, şeirin özündə, həm bir modernist
şairin...
Qadın
şair hər şeydə sevgi görən, hər şeyi
sevgiyə doğru çəkən varlıqdır. Məsələn,
Marie Uguay, görün nə deyir:
Yazmaq dərk
etmək, bilmək vasitəsidir. "Dərk etmək" və
"bilmək" sözünün məhvərində
"doğmaq" anlamı var. Heç vaxt barışmaz və
hökmran olmayan, lakin həmişə spekulyativ olan biliyin
reallığında daim doğulmaq. Ömrünü dildə
və dil vasitəsilə çoxaltmaq, sanki hər şeyin
getdiyi, hər şeyin daim geri döndüyü bir yerdə
yaşamaq xülyası var. Xəyalların avtobioqrafik tərəfini
dərinləşdirmək cəhdi... Bu, dəli sevginin
başqa bir formasıdır.
Qadın
şair dünyanı saran iztirabı, əzab və işgəncəni
ilkin hiss edir və mükəmməl şəkildə ifadə
edir, elə bir formada ki, kimsə onu bu şəkildə
görə və hiss edə bilməz.
Məsələn, Svetayeva kimi: "Doğuşdan, insan çevrəsindən, cəmiyyətdən kənarda qalmışam (...) Bəlkə də Mən Həyatın özüyəm. ...Mən kim olduğumu bilirəm: ruhun rəqqasəsi (Odda yaşayan) ...."
Sonra, Anna
Axmatova:
Xalıtək
sakitdi boy atdığım yer,
Əsrin
gəncliyində keçdi uşaqlıq.
Deyildim
heç kəslə o vaxt qılıqlı,
Bilirdim nə
deyir amma küləklər.
Kişi
bunu uydura bilər, amma qadın şair küləyin dilini,
dediyi sözləri dərindən hiss edir, bilir ki, külək
qəddarlığın dilidir, sevginin kökünə vurulan
baltanın ağzından əsir bəzən...
Daha sonra,
Nadia Tueni, livanlı frankofon şair.
Nadia Tueni
gözəllik, kədər və ruh şairi idi.
Qızının faciəli şəkildə ölümü
şeirlərinə heç zaman silinməyən matəm rəngini
qatdı, şeirlərinin lirik axarı başqa istiqamətdən
göründü. Bu andan etibarən o ruhun hiss edilməsini
bilmək üçün üfüqlərə
baxmalıydın, çünki məhz üfüqlərə
baxdığın zaman dərdli qadın qəlbinin matəminin
ordan çay kimi axdığının şahidi ola bilərdin.
Mətnlərinin birində bu da var:
Yuxuma
çaylar girir, tərsinə axan çaylar,
Ölüləri
evinə gətirən çaylar,
Bir də
dağlar
Durduqları
yerdən yıxılmırlar, diz çökmürlər,
Sadəcə
xatırlayırlar...
Bu isə
dəhşətdir...
Karin Boye
- İsveç şairi, ümidsizliyin və gücün ifadəsini
kimsə onun qədər hiss edilən formada verməyib.
Dünyanı,
onun içindəki zalımlığı, sehri,
gücsüzlük və mərhəməti rəssam
fırçasının füsunkar zərifliyi ilə təsvir
edirdi. Və deyirdi:
...Amma
dibində böyük bir ədalət gizlidir şeylər...
Hamımızın
gözlədiyi mərhəmət var -
heç
kimin qarət etməyəcəyi bir hədiyyə...
Onun
haqqında gözəl bir cümlə də yazılıb:
İsveç dilinin ruhuna yeni bir səs qatıb. Dildə, istənilən
lisanda səsləri qadınlar yaradır. Nəhəng dəryanın
suyuna damızdırılan bir damcı mərhəmət, bir
damcı sevgi...
Küləklərlə
bağlı:
Mən
görəndə orda yaz səhəriydi,
Xoş nəfəs
baharın küləkləriydi,
Açılan
ağ badam çiçəkləriydi,
İndi
onlardımı solan, ayrılıq!
Nigar Rəfibəyli
Dünyanın
ən hüznlü, ən kədərli şeirini də onlar
yazır:
Qızım,
paltarını yığ, yığış, gedək,
daha
buralarda bir işimiz yox.
Bizim
indimiz yox, keçmişimiz yox,
bircə
yolumuz var, o da gələcək.
Biz
güclü deyilik, zəifik, zəif,
gələr
üstümüzə daşla adamlar.
Baş
aça bilmərik nə istəyirlər
Bu cavan
adamlar, yaşlı adamlar.
Rəbiqə
Modernist
şair - Kathleen Raine: anası şotland, atası ingilis,
özü şair və alim... bəli, Ketlin Cessi Reyn Kembric
Universitetinin Girton Kollecində təhsil alıb. Əsərində
elm və mistisizmin kəsişməsini araşdıran
uzaqgörən şair Reyn öz əsərində Yunq
psixologiyası və neo-Platonizm elementlərini birləşdirdi.
Misirli
Andree Chedid poeziya haqqında nələr deyir? Bu sözləri
yalnız qadın deyə, ifadə edə bilər; əlbəttə,
poeziya haqqında.
"...Poeziyada
heç nə bitmir. Hər şey əbədi yol üstədir.
Başqa zamanlarda, başqa şərtlər daxilində,
başqa uçurumlar qarşısında poeziya sevgi kimi
özünü hər şeyin fövqünə qoyur. Məgər
bizim özümüz ən yüksək dərəcədə
poetik varlıqlar deyilikmi? Kim bilir, hardan gəlir, hansı sona
doğru gedirik? Tale hiss edilən nəsnədir, əllə
toxunsan, yanıb kül olarsan bircə anda. Bu sirri kim
formalaşdırıb? Tanrımı, insanlarmı? Bilinmir...
Bizi bir ağac kimi yerlə göy arasında, köklərlə
yaradılışlar, xatirələr və uydurmalar
arasında saxlayan bir şey var - poeziya, həyatın
içindəki sehr..."
Amma cavab
var, həm də sual altında, sual şəklində:
yuxuda
göy rəngli,
qısaqol
kişi köynəyi görmüşəm,
ipdən
asılı...
günün
altında
qurumuşdu
tamam,
təkcə
yaxası islaqdı...
hardasan,
ay yuxuyozan?
Bir də:
yalnız
gedəndən sonra
baxdım
izinə -
batacağım
qədər
dərinmiş,
demə...
Jalə
İsmayıl
Cavanşir
YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.31.