Elə unut...
Məni
elə unut ki, elə bil sevməmisən,
Özün özünü aldat,
De ki, yuxu görmüsən...
Xəzri
alsın-aparsın,
Gilavara çatdırsın,
O da sovursun göyə,
Heç
izim də qalmasın -
Bu şəhərin, bu yurdun,
Bu ölkənin sərhədsiz,
Hüdudsuz enliyindən...
Səslərim daşa dəysin,
Sözlərim qaya olsun,
Qoy hardasa qırılsın, bir ovuc torpaq
olsun.
Xatirələr toz-duman,
Qoy sərilsin dənizə,
Bəlkə yelkən aparar,
bəlkə lövbər
batırar.
Ürəyində bir hənir, bir çırpıntı
qalmasın.
Məni
elə unut ki, adım da qoy yad gəlsin,
Özüm, sözüm bir
yana,
Kölgəm də özgələşsin...
Bir gün rastlaşsaq əgər hər hansısa dünyada
Ruhumu da
tanıma, o da yad olsun
daha.
Bir titrətmə, bir soyuq
Düşsə birdən
canına
Özünlə tək qalanda.
Ürəyindən bir ağrı
Qopsa, mənəm uzaqda.
Dərman
içmə boşuna...
Məni
elə unut ki...
Vüsalın tərs, hicranın
düz üzüyük
Sənə çatmaq ulduzlara
çatmaq qədər
çətin,
Ovuca su götürmək qədər asan.
Sənə toxunur,
Çatdığımı düşünürəm,
Vüsalına gülümsəyirəm.
Və...
Və ulduza çatmadan hicran başlayır...
Tənhalığın yüz ili kimi çəkir
Ömürdən sənsiz keçən
hər gün.
Sən isə...
Sən isə mənsiz keçən hər gün
Dünənkindən daha çox can atırsan
Sonsuzluğa...
Sənlə mən vüsalın
tərs,
hicranın düz üzüyük
-
Adsız
barmağa taxılan qızıl üzüyük...
Sənə and olsun
Allah,
Uşaq
vaxtı bəlkə də,
Kimisə
incitmişəm,
Qəlbini sındırmışam,
Heç
fikir verməmişəm.
Sən də, məni bağışla...
Allah,
Elə sənə and olsun,
And olsun ucalığa!
Heç
mən bilməmişəm,
Bilərək etməmişəm,
Sən də məni bağışla...
Allah,
Mən də axı uşaqdım,
Çox
şeyi anlamırdım.
Sən onda da böyükdün,
Sən indi də böyüksən,
"Suç kiçiyin" demisən,
Sən də məni bağışla...
Sən mənə oxşayırdın
Bakının küçələri Tiflisə oxşayırdı
-
O eyvanlar, qapılar
Şəhərin gecəsinə
Açılan o sabahlar.
O ikiqat şüşəli
aynabənd artırmalar...
Sən də onda başqaydın
-
Köhnə, əziz evlərin
İşıqlı həyətitək
Açıqdın -
Çox
yaxındın,
Sən hamıdan doğmaydın,
Özünə oxşayırdın.
Küçələrin dirəkli,
Uca lampaları da
Şaqraq
gülüşlərimtək
Yanırdı, parlayırdı...
Mən də onda başqaydım,
Səni
mənə oxşadırdım...
Bakının küçələri də,
bizim könlümüzdəki
Tiflisə oxşayırdı...
Ürəyimdə kirayənişin
adla qalan ağrılar
Vualımın altında
Hansı
makiyaj durur, şıqlığı ilə
bərq
vurur?!.
Gecə
keçəndən sonra
Miselyar sular ilə
Hansı silinir-gedir?
Bircə
tikə pambığa
hopur, sovrulur, itir?!.
Bəzən köməyə gəlmir
Ən bahalı, ən brend, ən bərkgedən
markalar,
Tonal kremlər, maskalar -
Örtüb gizlədə bilmir!
Ürəyimdə kirayənişin adla
qalan,
Məni
aldadan ağrılar,
Şırım-şırım yer alan,
dərin-dərin kök salan
Qırış kimi yaralar -
İpə-sapa yatmırlar...
Yığışım, köçüm
bəlkə,
Başqa
adlı dünyaya?!
Bu dünya çox bərbaddır,
İnsanlar mənə yaddır...
Yığışım, köçüm
bəlkə?!.
Ağlaram...
Mən səninlə öyrənmişəm
Sevginin suç olmasına.
Mən səninlə öyrəşmişəm
Hər şeyin gec olmasına.
Gəlib
"varam" deməyin
də,
"Sənə yaram" deməyin də,
"Yaran saram" deməyin də
Heçdir, heç olmasına.
Bilmirəm ki, necə gedim?
Qəlbində kim? Necə bilim?
Sənə olan bu sevginin
Ağlaram puç olmasına...
Amma sən...
...amma sən...
Sən gəlsən,
Qucaqlaram,
Ataram -
dilimdən bütün mürəkkəb
hissləri...
Qulağına pıçıldaram -
Dodağımdan ancaq səninçün
Titrəyəcək sözləri.
Çiyninə bir damla eşq düşər...
Və nəfəsimin səsindən
bilərsən
Səni
necə sevdiyimi.
Amma sən...
Kaş Bakı bir süfrə ola...
Kaş Bakı bir süfrə
ola -
Kənarı ipək saçaqlı...
Yığıb götürəm masamdan,
Dünənki qırıntıları
Arasında qala,
Çırpam eyvandan havaya,
Quşlar
yesin,
Qurdlar yesin,
Və daha bitsin.
Bəmbəyaz yeni süfrəmi
yenə
sərəm Yer üzünə.
Qoy yellənsin saçaqları
Azad-azad.
Ruhsuz-cansız küçələri dalan-dalan
Rahat-rahat, abad-abad
Dolansın həzin Gilavar,
Sabaha yenə ümid var...
Qatar
"Bakmil"ə gedir
Eyni qatarın sakinləriyik,
Ya da sərnişinləriyik.
Eh, nə fərqi var? Yol gedirik -
Ayrı-ayrı vaqonlarda.
Platforma
da birdir, qatar yolu da,
Sənin
fikrin-zikrin bəlli ünvanda,
Mənim
fikrim heç Allah da bilmir harda...
"Bütün yollar Romaya aparır", deyirlər.
Yox...
Yenə
"Bakmil"ə gedir
bütün arzular da.
"Sonuncudur! Vaqonlardan düşərkən
Əşyalarınızı götürməyi
unutmayın...", -
dedi bələdçi qız
da...
Qoymadı kədəri unudam-atam
son stansiyada...
***
Yarı
müdrik, yarı şıltaq,
Yarı
böyük, yarı uşaq,
Yarı
kötük, yarı yarpaq -
Bir bəndən var, görürsənmi?..
***
Allah,
yuxum çəkilib ərşə!
Ya ərşi endir yerə,
Ya məni qaldır ərşə!
Ya da...
Ya da özün bilirsən necə...
Xanım AYDIN
Ədəbiyyat
qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.27.