Aqibətnamə

 

Nizami Gəncəvinin "Leyli Məcnun" əsərində ölüm məqamları

 

(Əvvəli ötən saylarımızda)

 

Məhəbbət hasarı

 

(Leylinin ölümü)

 

Nizami Gəncəvi "Leyli Məcnun" məsnəvisində Leylinin ölümünü təsvir edərkən, bu qüssəli aqibəti payız fəsli ilə müqayisə edir. Həyatın sonunu göz önündə canlandırarkən yazır ki, yarpaq saralmazdan əvvəl onun içindən qırmızımtıl su axır. Bu, yarpağın qanıdır. yaxud payızda almanın başı sallanır, narın sinəsi partlayır, innab öz dodağını dişləyir - büzüşür. Yəni Nizami demək istəyir ki, əcəl yetişməmişdən öncə özünü canını alacağı adama əməlli-başlı yaraşdırır. Biz bir çox hallarda canını tapşıracaq olan kəsləri ölməzdən qabaq ruzigarının sonuna elə yaraşmış halda görürük ki, onların axır aqibətinin labüdlüyünü rahatca qəbullanmaqdan özgə əlacımız qalmır. Bəs Leylinin ölüm səbəbi idi? Nizami bu ölümü necə mənalandırır? Nizami Leylinin ölümünə ziddiyyətlərin qovuşması kimi anlam qazandıraraq yazır:

 

Leylinin ürəyinin sevdası başına vurdu,

Başının sərsəmliyi ürəyinə endi.

 

Eşqə düşən insanda artıq ürək sevdası baş sərsəmliyi acınacaqlı hal alır. Sadəcə, sevgi ürəyin eşqini ürəkdə, başın sərsəmliyini başda qorumaqla insanı müəyyən müddət hər necəsə yaşadır. Ölüm isə aşiq biri üçün gəlməzdən öncə belə bir yerdəyişməyə yol açır: ürəyin sevdasını başa qaldırır, başın sərsəmliyini ürəyə endirir. Ölüm həm qara sevdaya düşən kəsdə bu yerdəyişmənin labüd nəticəsi kimi təzahür edir.

Nizami insanın mənəvi hallarını bir çox əsərində təbiətlə eyniləşdirir. Bu məqamda şair Leylinin ölümünün təbiiliyini əks etdirmək üçün belə bir analogiya aparır: "Leyli dən sünbüldən düşən kimi düşdü". Yəni heç bir ölüm, hətta ən sevdalı, qeyri-adi həyat yaşayan birinin axırı da, əslində, qeyri-adi deyil. Qeyri-adi, gözlənilməz olan ancaq taleyin özüdür, ölüm yox.

Leyli vəsiyyət edərkən anasına bir misal çəkir. Deyir ki, ana, ahu, ceyran balası südə qarışmış zəhər yeyir, sonra yavaş-yavaş ölür ha, bax, mən eləcə canımı tapşırıram. Yəni eşq süddür, onu içəndə insan sevinir, canı, ruhu güclənir, ancaq içinə qarışan zəhər sonradan - ayrılıq zamanı öz təsirini göstərir yayıldığı canın axırına çıxır.

Leyli anasına tapşırır ki, onu möhkəm qucaqlamasın, bağrına sıxmasın. Çünki ölən insan onu yaşatmaq, bu dünyada saxlamaq istəyən adamların varlığını duyduqca onun dünyadan ayrılması daha da çətinləşir. Allah Leylini özünə sarı çəkir, anası isə övladını bərk-bərk qucaqlayır ki, ondan ayrılmasın. Leyli sanki Allahla anasının arasında - ölümlə həyatın ortasında çək-çevirdə qalır. belə çətin, ağrılı bir məqamda ölümün mənəvi mahiyyəti fiziki cəhətdən öz izahını belə tapır:

 

O qədər ciyərimi gizlində yedim ki,

Dərdim ürəkdən ağzıma çatdı.

 

Yəni dərd ürəyə sığmayanda o, yuxarı doğru - nəfəs evinə sarı yön alır. İnsan öz dərdini, yəni içini yeməklə, əslində, mistik quş əhvalatındakı kimi özünü tamam-kamal yeyib bitirir.

Leyli anasına bir onu tapşırır ki, onu gəlin kimi bəzəyib torpağa qoysun: qoy hamı bilsin ki, eşq insanı eybəcərləşdirmir, hətta məhəbbət insanı xəstə salanda da simaca kifirləşdirmir, əksinə, adam nurlanır, paklanır, bir növ mələyə dönür.

Leylinin anasından başqa bir rizası da olur: anasına dil-dil (dilbədil) tapşırır ki, Məcnun Leylinin ölümündən xəbər tutub onlara başsağlığı verməyə gələndə ona məzəmmət eləməsinlər, deməsinlər ki, qızımızı bu dərdə sənin eşqin saldı, o sənin üzündən dünyadan vaxtsız, cavanca köçdü. "Məcnun mənim bu dünyadakı yeganə yadigarımdır", deyir Leyli. Necə ki gənc bir adam öləndən sonra onun yadigarları - ailə üzvləri başqaları üçün daha əziz olur, onları daha çox qorumağa çalışırlar, eləcə Leylini sevənlər gərək Məcnuna da ehtiramla yanaşsınlar. Gərək Məcnunu da qorusunlar, çünki Məcnun Leylinin eşqinin varisidir, o daha həmin böyük məhəbbətin ağırlığını - onların arasındakı ölməz sevginin yükünü çiyinlərində tək daşıyacaq.

Leyli anasını sakitləşdirmək üçün başqa bir arzusunu da dilə gətirir. Deyir: "Ana, mən o biri dünyaya Məcnunun dərdini sovqat aparıram". İnsanın bu dünyadan axirətə - Allahın hüzuruna aparacağı ən əziz nəsnə saf əməllərdir, paklıqdır. Məcnunun eşqi Leyliyə Allahın hüzuruna apara biləcəyi ən böyük neməti - eşqi bəxş edib, bir növ, ona hər cür günahlardan uzaq axirət sərmayəsi verib. Deməli, Məcnun öz eşqi vasitəsilə sevdiyini dərdə salıb öldürən yox, onu cənnətin əbədi sakini edən kəsdir. Bəlkə , Leyliyə adi insanların hesabınca dünyəvi səadət bəxş edəcək adam -  qovuşacağı biri onu o qədər günahlara batırardı ki, Leyli sonda cəhənnəmlik olardı. Amma Məcnunun eşqi Leyliyə cənnətin qapılarını açır. Leyli Həvva anadan fərqli olaraq cənnəti itirən yox, qazanan qadın kimi yadda qalır.

Nizami Gəncəvinin Leylinin ölümü ilə bağlı şəxsi düşüncəsi, şərhi çox orijinaldır. Leylinin ölümü barədə şair öz qənaətini belə bölüşür:

 

Qəm xəzinədarlıqdan xilas oldu.

 

Yəni daha bu dünyanın qəmini bir adam öz könlünə toplamayacaq, bu dünyada qəmdən hamıya pay düşəcək. Leyli elə sevirdi ki, onun eşqinin gücü bütün dünyadakı məhəbbət ağrısını mənimsəyirdi. Heç bir sevən eşq dərdinin olduğunu bilmirdi. Eşqin dərdini bilməyən həm onun dadından, şirinliyindən bixəbər qalır. Daha Leylinin ölümündən sonra hər kəs həm eşqin dərdini, həm ləzzətini dadacaq. Leylinin ölümü eşq dərdinin azadlığıdır... Bu, Leylinin ölümünə verilən mənəvi qiymətdir. Bəs Nizami sırf maddi-fiziki baxımdan bu ölümü necə mənalandırır? Leylinin ölümünü təsvir edən şair yazır ki:

 

Hasar xatunu hasarlı oldu.

 

Yəni daim sevdiyinə görə qınaqlarla əhatələnən, onu anlamaq istəməyən insanların çənbərində, hasarlarının arasında min bir buxovda yaşayan Leyli ölüb yenə hasarla əhatələndi. Bu hasar isə dördbucaq şəklində qazılan, hər tərəfi torpaq olan qəbrin hasarıdır, fəqət, həm ona əbədi azadlıq bəxş edən ölüm hasarıdır. Necə ki həyatın mənası ilə ölümün mənası çox zaman bir-birinə ziddir, eləcə həyatın hasarı ilə ölümün hasarının da mahiyyətləri fərqlidir. Həyatın hasarı insanın əl-qolunu bağlayır, yolunu kəsir, Adəm övladını hər tərəfdən başqalarının fikirləri ilə hesablaşmağa məcbur edir, ölümün hasarı isə insana sonsuzluğa, azadlığa yönələn əbədi bir yol açır, onu dinclik, aram sakini edir...

 

Duzsuz dünyanın bəxtişorları

(Məcnunun ölümü)

 

Nizami Gəncəvi Məcnunun ölümü haqqında yazanda çox acılı bir təsviri göz önünə gətirir:

 

Zəmanənin külə döndərdiyi xırman

göz yaşının gilələrindən yaranan

            bir xırmana çevrildi.

 

Məcnun ruzigarının sonunda elə bir mərhələyə gəlib yetişir ki, həmin məqamda daha o, möcüzə yaratmaq qüdrətinə sahibdir. Yəni Məcnun artıq sanki peyğəmbərləşib. Allah özü üçün yox, başqaları üçün istəyənlərin diləklərini daha tez yerinə yetirir. Məcnun Allahdan ölüm arzulayır ki, Leylisinə qovuşsun əl açıb yerin-göyün sahibindən bu diləyinin həyata keçməsini istəyir:

 

Xudaya, məni öz möhnətindən azad et,

Öz yarımın hüzuruna çatdır.

 

Burada misal gətirilən ilk misradan aydınca görünür ki, Məcnun bu dünyada Allaha qovuşub, o dünyada isə Leyliyə çatacaq. Ona görə Məcnun Axirət dünyasını Allahın hüzuruna çatacağı aləm yox, Leyliyə yetişəcəyi məkan kimi qavrayır. Yəni Məcnun iki dəfə vüsal dadır: bir dəfə Allaha bu dünyada qovuşur, bir dəfə isə Leyliyə o biri dünyada. Onda haqqımız var ki, hər iki sevgilisinə - həm Allaha, həm Leylisinə qovuşmuş Məcnunu nakam aşiq adlandıraq?

 

***

 

Məcnun Leylinin qəbri üstünə gəlib günlərlə orada qalır, onun ətrafına vəhşi heyvanlar toplaşır. Öləndən sonrasa Məcnunun sümüklərinə heç bir heyvan toxunmur. Məcnun tanınmaz hala düşür. Əvvəlcə heç kəs o vəhşi heyvanların xofundan Leylinin qəbri üstünə yaxın düşə bilmir. Vəhşi heyvanlar həm Leylinin qəbrini, həm Məcnunun cansız cəsədini qoruyurlar. Məcnunun cəsədi bir il orada qalır, tamam tanınmaz hala düşür. Leylinin qəbri üstündə ölənin Məcnun olmasını insanlar görün, hansı nişanından tanıyırlar?

 

Onu insanlar vəfasından tanıdılar.

 

Çünki aşiqin eşq nişanı vəfadır. Aşiqlər mənsəbində vəfa qanunu anlayışı var.

Axı bu vəfasız dünyada ölənlərini qəbrə qoyan adamların hər biri o saatca məzarıstandan ayrılırlar. Ancaq bu dünyanın gərdişinə sığmayan - öz eşqinin dəlisi olan biri orada uzun müddət qala bilər o da, təbii ki, Məcnun idi.

 

***

 

Bu dünyada həməhd idilər,

O dünyada eyni beşikdə uyudular.

 

Nizaminin bu qəbirləri beşiyə bənzətməsi təbiidir, çünki onlar bu dünyada öldülər, axirətdəsə yenidən doğuldular. Onlara tənə edənlərə ən böyük acizlik məqamı o oldu ki, Leyli Məcnun sonda onlara rişxənd edənlərin özlərinə övladlarına əbədi nümunə oldular. Ayrılıqları eşqə timsal oldu, sevgiləri sevə, qurban verə bilməyənləri tanıdan ülgüyə, meyara çevrildi.

 

***

 

Məcnun Leylinin ölüm xəbərini eşidəndə dünyaya üsyan edir. Soruşur ki, ey dünya, nəyə görə sən sevən adama qanlı suyu cam dolusu verirsən, şirin şərabı isə bir içimlik? Deyir, Allahın mənim kimi adama belə bir dərd verməsi ildırımın qurumuş bir çöpü vurması kimidir, qarışqayla böyük bir qoşunun müharibə etməsi qədər ədalətsizdir. Dünya rəhmsiz üzünü göstərəndə əjdahanı doğrayan kəskin qılıncı milçəyin üstünə qaldırır. Cahana üz tutan Məcnun soruşur ki, ey duzsuz dünya, bu mənə qarşı bəxtişorluqdur?

Zəmanə Leylini o yana-bu yana çox atır, Leyli gah dünyanın əlində girova çevrilir, gah da öz eşqinin. Beləcə, onun ömrü bu iki nöqtə arasında bəxt ulduzu kimi axıb gedir. Məcnun Leylinin ölümündən sonra üzünü sevdiyinin dünyasına tutub onun dinclik tapmasını belə mənalandırır:

 

Yol üstə qum kimi tapdalanırdın,

Quyuda su kimi rahatlandın.

 

Beləcə, Məcnun ölümün eşqi xilas etdiyini bildirir. Məcnun Leyliyə dua oxuyarkən söyləyir ki, canın Allaha əmanət olsun. Burada "can" sözü ruh mənasındadır. Çünki Leyli ruhunu dünya nemətlərinə satmadı, onu Allahın yanına pak apardı. Bu dünyada Leylini Məcnundan ayırmaq istəyən hər kəs, əslində, onun ruhuna qənim kəsilmişdi.

 

***

 

Məcnun üçün məhz Leylinin məzarı üstündə ölür? Çünki Məcnunluq Leylini görməklə, yəni Leylidən başladığı kimi, Leylidə tamamlanır bununla da çevrə qapanır.

Əgər Leyli Məcnundan sonra dünyadan köçsəydi, o, Məcnunun məzarı üstündə ölə bilməzdi - çünki o dövrün qaydalarına görə, bu, doğru hesab olunmurdu. Hətta ölsəydi , onları eyni qəbirdə dəfn etməyəcəkdilər.

 

***

 

Leyli Məcnun həyatları ilə eşqlərini Allaha, ölümləri ilə cəmiyyətə sübut edirlər.

Onda sual olunur: Əgər Məcnun Leylidən daha çox sevirsə, bəs onda Leyli Məcnundan niyə tez ölür? İbn Səlam öləndən sonra Leyli Məcnunun yanına gəlir izdivac təklif edir. Məcnun bu təklifə rədd cavabı verir, bununla da Məcnunun eşqinin insani yox, İlahi anlam daşıdığı üzə çıxır. Leyli eşqini Məcnuna çatdırıb ölür, Məcnun isə eşqini Allaha yetirib canını tapşırır. Allaha yönəlmiş yol sevgiliyə gedən yoldan daha uzun olduğuna görə Məcnun Leylidən sonra ölür.

 

Fərid HÜSEYN

 

Ədəbiyyat qəzeti.- 2025.- 29 avqust, ¹31.- S.29.