Kamal
ABDULLA- 75
Anar
"Mən
Kamalı ürəkdən təbrik edirəm. O, çox dəyərli
ziyalımızdır. Gözəl yazıçı, alim və
mənim etibarlı dostumdur. Onun hər bir uğuruna sevinirəm.
Arzu edirəm ki, gələcək doğum günləri də
bugünkü kimi xoş keçsin. Kamal ilə bizim dostluğumuz
uzun illərə dayanır. Xatirələrimizi
danışmağa başlasam, gərək 1-2 saat davam etsin. Hər
zaman xoş münasibətlərimiz olub. Ona minnətdaram ki,
vaxtilə Azərbaycan Mədəniyyət Fondunda oğlum
Turalı işə götürmüşdü. Hətta
kitabını çap etdirib, ön söz də
yazmışdı. Mənim də Kamal Abdulla haqqında bir
neçə yazım var. Müəllifi olduğu və bu
yaxınlarda premyerası baş tutan “Gülçöhrə
və Əsgər” tamaşasına da baxdım. Çox bəyəndim.
Bir sözlə, təbriklər!"
Rəşad
Məcid
"Mənə
görə, Kamal müəllimin ən qabarıq və indiki
zamanda xeyli fərqli tərəflərindən biri istedadlı
adamı dəyərləndirməsi, istedada qiymət verməsidir.
Həm də Kamal müəllimin bunu sadəcə, gündəlik
işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir.
O, yaxşılığı özünütəsdiq
üçün, yaxud da dost məclislərində mövzuya
çevirib təriflənməkdən ötrü eləmir.
Elədiyi yaxşılıqları çox zaman unudur.
Yadımdadır, məclislərin birində Kamal müəllimin
əl tutduğu, dəstək olduğu neçə-neçə
adam haqqında danışılanda onun bütün bu deyilənləri
xatırlamadığını və səmimi təəccübləndiyini
müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə
qayğısını, köməyini Bakı Slavyan
Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs
müşahidə edib. Tələbələrin öz
rektorları haqda səmimi, xoş sözləri,
yaradılmış demokratik mühit barədə dedikləri
yaxşı yadımdadır. Onun rektorluğu dövründə
Yaradıcılıq fakültəsinin fəaliyyətə
başlaması, neçə-neçə istedadlı gənci
öz ətrafında birləşdirməsi də çox
mühüm məqamlardan biridir. Hazırda rektoru olduğu Azərbaycan
Dillər Universitetinə də eyni yaradıcı ruhla rəhbərlik
edir...
Kitab rəfimdə
Kamal Abdullanın qalın, sanballı 7 cildlik
"Seçilmiş əsərləri" var. Tez-tez cildləri
nəzərdən keçirir, varaqlayır, bu sanballı
yaradıcılığa dönə-dönə heyrətlənir
və onunla qürurlanıram.
Doğumunun
75-ci ilini qeyd etdiyimiz bu günlərdə ədəbi, elmi və
insani məziyyətləri ilə Xalq
yazıçısı, akademik Kamal Abdullanın
ehtişamlı, sehrli aurası haqqında danışarkən
niyyətim bu böyük şəxsiyyətin çoxşaxəli
fəaliyyətinə bir daha ehtiramımı bildirmək və
bundan sonra da uzun illər boyunca ədəbiyyatımızda,
elmimizdə və dostluqda var olmasını
arzulamaqdır".
Səlim
Babullaoğlu
"Mən
də, görünür, bir çoxları kimi sevdiyim
şeirlərin siyahısını tutmuşam və o
şeirlərin arasında Kamal Abdullanın “Beyrəyin kafir
qızı ilə vidalaşıb əsrlikdən
qaçması” şeiri də var. Hər dəfə bu
şeiri xatırlayanda qəribə, səbəbsiz bir hüzn
hissi məni bürüyür. Sadədir, dastana söykənir
— üst qatı etibarilə. Alt qatında isə
ömrünü kitabların arasında, kitabxanada
keçirmiş və keçirməkdə olan
intellektualın labüd təkliyi, tənhalığı
dayanır:
Uca qala
divarları gecə kimi lal,
On
dörd günlük Ay da ona yol göstərirdi.
Kafir
qızı yalvarırdı: “Getmə, bəyim, qal!”
Oğuz
elə uzaqlarda yol gözləyirdi.
Şahin
kimi uçdu, getdi, itdi uzaqda.
Bir həsrətli
yuxu imiş bu Oğuz yolu.
Boz
ayğırlı Beyrək oldu nöqtə uzaqda.
Kafir
qızı hasar üstə — gözləri dolu...
Dünya ədəbiyyatında
çoxlu böyük şeirlər var ki, müəllifləri
özlərini dünyanın və ədəbiyyat tarixinin əvvəlki,
ölməz əsərlərinin situasiyalarında
“görüblər”, həmin mətnlərin qəhrəmanları
ilə özlərini “tutuşduraraq” yazıblar. Məsələn,
Pasternakın “Hamlet”i, Herbertin “Qoca Prometey”i, Suçevyanunun
“Yeni Danimarka”sı kimi. Kamal müəllimin bu çox sevdiyim
şeiri isə sadaladığım həmin şeirlərlə
qan qohumudur — necə ki, Kamal Abdullanın özü də XX əsrin
az əvvəl adlarını çəkdiyim bu şairləri,
eləcə də digər böyük ədibləri və
eruditləri ilə qohumdur; yazıçı kimi isə
Borxeslə, Eko ilə.
Kamal
Abdulla həm yazdığı elmi əsərləri və tədqiqatları
ilə, həm hekayə, roman və pyesləri ilə, həm
də tərcümələri ilə çağdaş Azərbaycan
ədəbiyyatının və elmi-mədəni mühitinin
ciddi, böyük hadisəsidir. Görkəmli alim olmaqla
yanaşı, böyük təhsil təşkilatçısıdır.
Bakı Slavyan Universitetinə rəhbərlik etdiyi dövrdə
yaratdığı “Yaradıcılıq fakültəsi” və
ümumilikdə universitetdə
formalaşdırdığı mühit, bu gün isə Dillər
Universitetinin rektoru kimi gördüyü işlər onun şəxsiyyət
miqyasını göstərir.
Onun
müxtəlif illərdə yaratdığı
Yaradıcılıq Fondu (əvvəlki Mədəniyyət
Fondu), nəşr etdirdiyi “Ruh” qəzeti və digər layihələri
ədəbi-mədəni həyatımıza həmişə
yeni və əvəzsiz impulslar verib.
Daha əvvəl
yalnız “Sözün sirri” və digər televiziya
proqramlarından qiyabi tanıdığım və
tanıdığım andan məndə dərin simpatiya
oyatmışdı. Ötən əsrin 80-ci illərinin sonu,
90-cı illərin əvvəllərində onun dil və ədəbiyyat
haqqında dedikləri məni ovsunlamışdı. Kamal
müəllimlə ilk dəfə 1997-ci ilin sentyabrında fin
yazıçılarının Bakıya səfəri
zamanı şəxsən tanış olmuşam.
Və
ötən 28 il ərzində, ümumi xronometrajı bəlkə
də 12 saatı keçməyən canlı ünsiyyətimizə
baxmayaraq, Kamal müəllim haqqında formalaşmış qənaətlərim
bütövlükdə onun kitabları — roman, hekayə,
şeir, tərcümə, esse və məqalələri əsasında
yaranıb. Buna görə sevinirəm. Çünki ola bilsin,
xarakteri bəzən “çətin adam” kimi səciyyələndirilən
Kamal müəllimlə sıx şəxsi ünsiyyət bu qənaətlərimə
bir qədər “kölgə” sala bilərdi. Yeri gəlmişkən,
yüksək dəyərləndirdiyim insanların bir
çoxu ilə məhz bu səbəbdən məsafə
saxlamışam; daha doğrusu, bu mənim istəyimlə yox,
taleyin iradəsi ilə baş verib.
İndi
isə əziz Kamal müəllimi yenə də “uzaq məsafədən”
səmimiyyətlə salamlayır və yubileyi münasibətilə
onu təbrik edirəm.
Qoy uzun və
sağlam yaşasın. Əsərləri və söhbətləri
ilə ədəbiyyat, elm və mədəniyyət
dünyamıza özünəməxsus töhfələrini
verməyə davam etsin".
Etimad
Başkeçid
"Kamal
Abdulla ilə uzun illər bir yerdə işləmişəm.
Əsərlərini hələ əlyazma şəklində
oxumuşam. “Yarımçıq əlyazmalar və
bütöv inanclar” adlı məqaləm həşmətli
“Səhifələr” qəzetində çap olunanda
“Yarımçıq əlyazma” yeni nəşrə hazırlanırdı.
Bu gün çox məmnunam ki, o məqalədəki dəyərləndirmələrim
və orada yer alan təxminlərim sonradan tamamilə
özünü dogrultu.
Bu yubiley
təkcə bir ömrün yaş ölçüsü
deyil, Azərbaycan ədəbiyyatının, humanitar elminin və
düşüncə həyatının bütöv bir mərhələsidir.
Bir dəfə demişəm, yenə təkrar edirəm ki,
öz şəxsiyyətinin və
yaradıcılığının miqyası etibarilə Kamal
Abdulla böyük bir dəyərdir.
Hər
şeyə öz yanaşması, öz baxışı olan,
yorulub-usanmaq bilməyən Kamal Abdullanın romanları, esse və
tədqiqatları, həm oxucular, həm də elmi ictimaiyyət
üçün yeni estetika, yeni düşüncə
dinamikası yaratmışdır. Azərbaycan nəsrində
metafizik baxışın, modern təhkiyənin, polifonik
strukturun inkişafında onun rolu danılmazdır.
“Yarımçıq əlyazma”dan tutmuş son dövr əsərlərinədək,
ərsəyə gətirdiyi bütün mətnlər
yalnız ədəbiyyat faktı deyil, həm də
düşüncə hadisəsidir.
Unutmayaq
ki, bu həm də parlaq bir müəllim ömrüdür, gənclərə
yol göstərən, düşüncə mədəniyyətini
formalaşdıran, ədəbiyyatın dərin
qatlarını onlara sevdirən bir ömür. Təsadüfi
deyil ki, onu öz aramızda eləcə “müəllim”
adlandırırıq. Onun intellektual enerjisi, incə yumoru və
insana olan həssas münasibəti ətrafındakı
insanlara güc və ilham verir.
Bu əlamətdar
gündə Müəllimə möhkəm can
sağlığı, hüzurlu ömür-gün arzulayıram.
Qoy hər şey ürəyincə, könlüncə
olsun!".
Fəxri
Uğurlu
"Umberto
Eko, Milorad Paviç kimi şöhrətli filologiya
professorları ədəbiyyatın nəzəriyyəsiylə
praktikası arasına möhkəm körpü atıb elmlə
sənəti növbəti dəfə qovuşdurmaqla bədii
söz sahəsində yaranmış boşluğu bir xeyli
doldurdular. Yaradıcı beyinin hər iki yarımkürəsinin
həm oyaqlığını, həm də sıx əməkdaşlığını
istəyən bu çətin işi bizim milli ədəbiyyatımızda
alim-yazıçı Kamal Abdulla gördü.
Bir zaman gəlmişdi
ki, ədəbiyyatımızın köhnə dərdlərə,
xəstəliklərə qoyduğu diaqnozlar yeni dövrün,
yeni (yaxud da yeniləşmiş) insanın
ağrılarını, bəlalarını tam görməyə,
köhnə vasitələr yeni dərdlərin mənzərəsini
lazımınca göstərməyə yetmirdi. Bundan
ötrü yeni alətlər, yeni görmə aparatları
tapılmalı, insanın konkret mərəzi konkret zamanın
kontekstindən çıxarılıb, ötən minilliklərin
anaxronik zamansızlığında, ümumbəşəri
kontekstdə, arxetiplər aləmində tədqiq
olunmalıydı. Filologiya elmimiz bu metoda az-çox yiyələnmişdi
– uzağa getmədən elə Kamal Abdullanın “Gizli Dədə
Qorqud”larını misal çəkə bilərik.
Qalırdı həmin metodu bədii ədəbiyyata calamaq. Bu
işi də Kamal müəllim hələ ötən əsrin
doxsanıncı illərindən elmin fəndlərini,
üsullarını bədii janrlara tanıdıb mənimsətməklə
asta-asta, mərhələ-mərhələ həyata
keçirirdi – əvvəlcə esselərin, şeirlərin,
ardınca pyeslərin, sonra da hekayələrin, romanların
diliylə.
Kamal
Abdullanın ədəbi taleyini də nəsilləri
qovuşduran düyün nöqtəsi saymaq olar. Hələ
uşaqlığından, eləcə də sonralar ədəbiyyat
aləminə ayaq açmağa başladığı
dövrdən azman elm adamlarının, görkəmli sənət
xadimlərinin gözü qarşısında, əhatəsində
böyüyüb püxtələşib. Vaxtilə
özündən otuz-qırx yaş böyük müdrik
kişilərlə dostluq-doğmalıq elədiyi kimi bu
gün özündən otuz-qırx yaş kiçik
müdrik dostları da var. Hekayələri
aşağı-yuxarı on beş-iyirmi il bundan qabaq dərc
olunmağa başlamış gənc nasir Kamal Abdullanı
öz ədəbi nəsildaşı saydığını
deyəndə təəccüblənirsən, ancaq hesablayanda
görürsən ki, aşağı-yuxarı düz deyir.
Mən
Kamal müəllimə tər istəklər, təzə diləklərlə
süslənib bəzənmiş bu şərikli, ortaq
ömrü doyunca yaşamağı arzulayıram".
Həmid
Herisçi
“Son
zamanlar biz tanınmış yazarların öz əvvəlki
süjetlərinə yenidən, başqa cür
qayıtdıqlarını görürük. Bu mövzuda ilk
abzası Anar açıb. Siyahı “Balaca Fuadın son xahişi”
hekayəsi ilə başlayır. Hekayənin janrı Amerikada
“spin-off” adlanır. Bu janr çərçivəsində
yazar öz köhnə qəhrəmanlarını yeni əsərlərində
dirildə də bilər, köhnə fiqurların tozunu silib,
onların yeni bədən ölçülərinə
uyğun yeni kostyum biçə bilər. Arıqlayıb-kökəldiklərini
nəzərə alıb yeni qeydlər aparar.
Kamal
Abdulla bu ədəbi trenddə fərqli mövqe sərgilədi.
O, Anardan fərqli olaraq öz mətnlərinə deyil, digər
məlum süjetlərə redaktələr etdi. Müasir Qərb
yazarlarından ilhamlanaraq “sequel” və “prequel” janrlarını
ədəbiyyatımıza gətirdi. Bu janrlarda tanış
süjetlər dekonstruksiya edilir; məlum mətnin
yazılmamış əvvəli, sonu və ya davamı qələmə
alınır. Kamal Abdullanın son “Gülçöhrə və
Əsgər” pyesi isə məhz bu “prequel” janrının sərt,
akademik tələblərinə tam cavab verir.
Kamal
Abdulla ilk növbədə filoloqdur. O, bədii mətnlərə
filologiyanı gətirməkdən çəkinməyib.
Filologiya Kamal Abdullaya qədər ədəbiyyatşünaslığın
bir parçası idi ancaq; o isə filologiyanı
götürüb ədəbiləşdirdi, nəsrləşdirdi.
İndi filologiyanı akademik kafedralardan və dissertasiyalardan
deyil, Kamal Abdullanın ədəbi nəsrindən də oxumaq
mümkündür. Deyərdim, hətta daha maraqlıdır.
Anardan
sonra məhz Kamal Azərbaycan ədəbiyyatında şeirin,
poeziyanın dominant mövqeyini şübhə altına
aldı, yeni oxucu kütləsi formalaşdırdı və
poeziyasız aləmləri oxucuya tanıtdı. İndi
şairlərin işi daha da artıb. Biz Anarın və
Kamalın yaratdığı ədəbi mühitə yenidən
yeni poeziyanı gətirməliyik. Anardan və Kamaldan
sonrakı poeziya bu iki təcrübədən öz nəticələrini
çıxarmalı, poeziyanı yenidən birinciliyə
qaytarmalıdır. Bu isə poeziyamızdan smart, modern
üslublar, realizm və azca da nəsr tələb edir.
Yubileyin
mübarək!
Ədəbiyyatın
qara falaqqasında qədim zamanlarda çoxlarının
dabanı döyülərdi. Ədəbi təhsil sistemi isə
həmişə bizdən bir növ qara falaqqa tələb edəcək.
Kim ədəbiyyatda bu gün axsayıb geridə qalırsa,
bil ki, mənim gözümdə həmin adamlar virtual
falaqqaların qurbanlarıdır.
Şükür
ki, Kamal Abdulla bu ədəbi taledən qələmini qurtara
bildi, əsl ədəbiyyata girdi. Təbriklər!”
Şərif
Ağayar
"Kamal
Abdulla dəyərli müəllim, dəyərli
yazıçı, dəyərli dostdur. O, insan kimi də
çox maraqlıdır. Onunla ünsiyyətdən adam doymur.
Bu ünsiyyətdən çox şey öyrənirsən.
Kamal
müəllimi 75 yaşı münasibəti ilə ürəkdən
təbrik edirəm və ona həmişə gənc
qalmağı, yaradıclıq eşqi ilə
yaşamağı arzu edirəm".
Elnarə
Akimova
"1990-cı
illərdə professor Rəhman Bədəlov “Kitabi-Dədə
Qorqud” hünərinin labüdlüyü” məqaləsində
Qarabağla bağlı məğlubiyyətimizin əsasında
ruhi əzikliyimizin dayandığını əsas gətirərək
bunun başlıca səbəblərindən birincisini “illər
boyu “Kitabi-Dədəm Qorqud”suz yaşadığımızda”
görürdü. Professor haqlı idi, o mübarizə ruhu,
türk ərənliyi ki, dastanın bütün çevrəsini
ehtiva edirdi, məhz ondan uzaq salınmışdıq. Hər
şey ora dönməli, lazım olanı mədəni sistemə
transformasiya etməli, milli dirəniş əzmini ordan
başlamaqla hərəkətlənməli idik.
Kamal
Abdulla da ordan başladı, epos enerjisinin mədəniyyət
dillərinə aşılanması prosesində sistemli və
bütöv çalışdı. Yalnız dastanı deyil,
yunan miflərini də araşdırmalarının predmeti
etdi. İstər elmi, istərsə də ədəbi-bədii
kontekstdə mif və dastan personajlarından vital enerji
qaynağı kimi bəhrələndi. Ya da sadəcə əlyazma
metaforasına müraciəti bəs elədi ki, tarixin oyun
modelini qursun. Ümid edərək ki, bir gün hər şey
yenidən başlayacaq... Başladı da. 2020-ci ildə, 44
gün davam edən müharibə, göstərilən
şücaətlər və qazanılan zəfərimiz həm
də altşüur məqamlarının, oyadılan genetik
kodların, dövlətçilik tariximizin iki
dövrünün - Oğuz cəmiyyətinin, Səfəvi
xanədanının uğur təcəssümündən
sıra tapdı ki, bu işdə Kamal Abdulla mətnlərinin
də məxsusi rolu oldu. Bu da təsadüfi deyil ki, müharibənin
ən qızğın günlərində Kamal Abdulla “Səngərdəki
səs” hekayəsini yazdı. O zaman bu mətni İkinci
Qarabağ savaşımızla bağlı “ərəfə mətni”
kimi dəyərləndirmişdim. Özünəxas nəsr
poetikasının gücü, qlobal mənaları baş
vermiş həyat hadisələrində axtarması ilə
Kamal Abdulla burada da hamını qabaqlamışdı.
Yetmiş
beş yaşa adlayan Kamal Abdullaya can sağlığı və
növbəti “ərəfə mətnlər” yazmağı
arzulayıram!".
Mübariz
Örən
"Kamal
Abdulla elə yazıçılardandır ki, onun mütaliəsi
hazırlıqlı oxucu üçün bir cənnət, bir
istirahətdir; oxuya ara verib gülümsəyirsən, həyəcanlanırsan,
düşünürsən — bir sözlə, həzz
alırsan... Adrenalin duyursan. Hər mətni sanki "zaman
maşını" kimi oxucusunu vaxtdan-vaxta, qatdan-qata
aparır, ona "sehrli xalatı" geyindirib qorxulu, sirli,
tanınmaz-bilinməz dünyalara səyahət etdirir və
yenidən sağ-salamat Yerə qaytarır.
Kamal
Abdullanın əsərlərində nə qədər ədəbiyyat,
mif varsa, bir o qədər də riyaziyyat və fizika var. Amma
cazibə qüvvəsinə — qravitasiya qanunlarına tabe
olmayan “riskli gəzintilərində” belə oxucusunu təhlükəyə
atmır; Ariadna ipini belinə möhkəm bağlayıb onu
rahat şəkildə yenidən Yerə qaytarır.
Kamal
Abdullanı oxuyanda sanki ölümdən belə qorxmursan;
bilirsən ki, başqa hallara düşsən də, zaman dəyişsə
də, mütləq doğma adamlara, doğma yerlərə
yenidən qayıdacaqsan — itməyəcəksən.
Əziz
müəllimimi, dostumu və sehrbaz
yazıçımızı yubileyi münasibətilə
ürəkdən təbrik edirəm. Arzu edirəm ki, ləyaqətli
ömrünü ürəyinin istədiyi qədər
yaşasın.
Sağ və
salamat olsun!"
Mirmehdi
Ağaoğlu
"Kamal
Abdulla Azərbaycan ədəbiyyatının yolgöstərənlərindəndir.
Allah canını sağlam eləsin.
Bundan
sonra da neçə-neçə gözəl, dəyərli əsərlər
yaratsın, oxucuları sevindirsin".
Cavid
Zeynallı
"Kamal
müəllim yaşadığı ömrü, həyatı,
yaradıcılığı ilə nümunə olan
insandır. Kaş hamımız Kamal Abdulla ömrü
yaşaya bilək: vicdanlı, təmiz, ləyaqətli, təəssübkeş,
dostcanlı, zəhmətkeş, gözütox bir ömür.
Yəni mübarək ömür. İnsana başqa nə
lazımdır, heç nə! Belə ömrü Allah insana əta
edir, lütf edir, bəxşiş göndərir. Ustadın
doğum günü mübarək olsun!
Ömrü
uzun, canı sağlam, könlü xoş olsun".
Ədəbiyyat
qəzeti.- 2025.- 5 dekabr, ¹47-48.- S.6-7.