Anatoli Banişevski
İşdə kimsə dedi ki, fevralın 23-ü Banişevskinin ad günüdür. Başqa birisi də: - "Gələn
il 70 yaşı tamam olur" deyib, danışanın sözünü
ağzında qoydu.
"Yazıq nə yaşadı ki... Cəmi
51 il" - bunu da bir başqası söylədi.
Beləcə, Banişevski söhbəti
uzandıqca uzandı.
Elə həmin axşam evə gəlib, bu yazını qaraladım...
Onda biz oğlan uşaqları, onun adının işığına uçardıq.
Özü topun işığına uçduğu
kimi...
...Demə, o, təzə-təzə
vaxtlarında bizim qonşu kəndə gəlibmiş, özü
də, qızmar yay günü, düz günorta vaxtı. Burda iki kəndin
futbol komandaları oynayırmış. Birinci
hissə təzəcə
başa çatıbmış.
Qonaqlar biabırçı
bir hesabla - 5:0 uduzurmuş. Elə bu vaxt meydançanın
kənarında bir sarı "Moskviç"
dayanır. Maşından
iki-üç cavan oğlan düşür. Onlardan bir kürəni
deyir ki, bəs mən də oynamaq istəyirəm, ancaq uduzan komandada.
İkinci hissə başlayır. Əvvəl
bu, çox pis oynayır. Sən demə, rəqibi çaşdırmaq
üçün belə
edirmiş. Hələ
qıraqdan bir-ikisi də ağzını əyir ki, əə, bu kimdir buraxmısız
oyuna? Birdən bu kürən başlayır, nə başlayır! Topu götürür, bir, iki, üç... düz, on nəfəri də alladır, sonra da qapıçını
keçir. Qol! Bir dəqiqədən sonra ikincisini vurur, sonra üçüncüsünü...
heç kim onu saxlaya bilmir.
O qədər sürətlə
qaçırmış ki, elə bil qızılquşdur.
Gəlmə komanda
10:5 qalib gəlir. Topların hamısını
da, bu kürən vurur. Oyun başa
çatan kimi də, o, "Moskviç"ə
oturub gedir. Sonra xəbər tuturlar ki, bu oğlan Banişevski
imiş.
Sonralar belə məlum oldu ki, Banişevski ilə bağlı bu hadisə bizim rayonun əksər
kəndlərində baş
verib. Ancaq kimin danışmasından
asılı olmayaraq, nə sirdirsə, hadisənin baş verdiyi məkan həmişə "qonşu
kənd" olurdu. Yəni, 10 dənə qol vuran o kürən
oğlanı, o sarı
"Moskviç"i konkret
heç kim görməmişdi. Hətta
yana-yana danışanların
bəzisi əlini dizinə vurub heyifsilənirdi ki, niyə
həmin gün Banişevskinin o "qonşu
kənd"də olduğundan
xəbər tutmayıb?
Bizim kənddə bu söhbətə hamı acgözlüklə qulaq asar və inanardı.
Adamlar heç toy mağarında aşığın
söylədiyi "Koroğlunun
durna teli səfəri"nə belə
diqqət kəsilməzdilər.
İçi mənqarışıq,
bu danışılanların
əfsanə və qurama olduğunu fikirləşən olsaydı
da, yenə heç kim cəsarət edib, bunu dilə
gətirməzdi. Və
bilirəm ki, o vaxtlar Azərbaycanın başqa
yerlərində də
Anatoli Banişevski ilə
bağlı bu cür şirin əfsanələr dolaşmaqdaydı.
İndiki idman dili ilə desək,
doğrudan da, o, canlı
əfsanə idi. Onda tək bir
Banişevski adı respublikamızda futbolu, necə deyərlər, göylərə qaldırmışdı.
İnciməyin, mən
yenə öz kəndimizdən misal gətirəcəyəm. Onda
yeniyetmə cavanlar öz yerində, bizdə yekə-yekə kişilər də futbol azarına tutulmuşdular. İşdən
qayıdıb, bir tikə çörək yeyər-yeməz, kəndin
yuxarı başındakı
futbol meydançasına
qaçırdılar. Futbol
oynamaq istəyənlər
çox olduğu üçün, tezliklə
kəndin aşağısında
- xırmanın ağzında
da bir yer tapdılar. Bu da bizim ikinci meydançamız oldu. Feldşer Cahan, kombaynçı Ağakişi, kolxoz qarajının mexaniki
Abdulla ən yaxşı
hücumçular hesab
olunurdular. Kəndin qəssabı, xeyir-şər
məclislərini aşpaz
kimi yola verən dayım Qasımın dəyişməz
yeri isə qapı idi. Bəli, onda kəndimiz futbolla nəfəs alırdı.
Ən yaxşı futbol ayaqqabısı da, altıyaşıl "kitayski
tapışka" idi;
üstünün rəngi
getsə də, cırılmazdı, çox
möhkəm idi. Qızlı-oğlanlı, bədən
tərbiyəsi dərslərində
də, hamı futbol oynayırdı. Mən Banişevskinin eşqinə bir "futbol albomu" da düzəltmişdim. Orda
Lev Yaşin, Murtaz Xurtislava, Vladimir Muntyan, İqor Çislenko, Eduard
Malofefev, Albert Şesternyov,
Anzor Kavazaşvili... (SSRİ yığması) Pele, Eysebio,
Çarltonun və s.
şəkilləri vardı.
Əlbəttə, lap başdan
Banişevski gəlirdi,
bir də 66-cı ilin "Neftçi"si.
Onları qəzet-jurnallardan
kəsib götürmüşdüm.
Mən əsgərlikdən
qayıdanda, o albomu
"bombalamışdılar". Demə, balaca qardaşım kəndə
dondurma maşını
gələndə, onlardan
"satdıq" olanların
axırına çıxıbmış.
Daha kəndlə bağlı bu qədər bəsdir...
...Deyəsən, 1994-cü ilin
noyabrı idi. Az.TV-də çalışırdım.
Hansısa qəzetdə
oxudum ki, Banişevski pis bir xəstəliyə
tutulub. O, Afrikada - Burkino-Fasoda yerli yığma futbol komandasının məşqçisi
işlədiyi vaxtlar bu xəstəliyə yoluxubmuş. Pis oldum. Kənd, yeniyetməlik çağlarım,
Bakıda "Gənclik"dəki
stadionda "Baniş",
"Tolik", "Banya"
deyib qışqıran
minlərlə azarkeşin
səsi, onun, meydançanın mərkəzində,
ovunu izləyən pələng soyuqqanlılığını
xatırladan və hər an ildırım sürəti götürməyə
hazır olan arxayın duruşu, çöhrəsindəki çox
doğma, şirin təbəssümü... gəldi
gözümün qabağına.
Bir də...
İstər "Neftçi"də, istərsə də yığmada, rəqibin cərimə meydançasına
qaldırılan toplar
Banişevskinin "qızıl
baş"ına ünvanlanırdı.
Göydən gələn
bu topları onun başı sanki maqnit kimi
özünə çəkirdi...
Baş redaktora dedim ki, Banişevskidən bir süjet hazırlamaq istəyirəm (Mən
"İdman" yox,
"İctimai-siyasi proqramlar"
redaksiyasında çalışırdım).
İnsafən, razılıq
verdi...
Biz günortadan sonra stadionun yaxınlığında
görüşdük. O, innabı
rəngdə bir dəri yarımgödəkçədə
idi. İlahi, dünyanın nəhəng
stadionlarını titrədən,
ağlagəlməz fəndləri
ilə "mənəm-mənəm"
deyən komandaların
müdafiə xəttini
bir göz qırpımında bir-birinə
qarışdıran, rəqibin
on altı metrliyində,
az qala, mina partlayışı yaradan
bu "qızıl başlı oğlan" necə qocalmışdı!
Söhbət edə-edə
stadiona tərəf gəldik. Yolda istədim ki, uzaq uşaqlıq illərimdən,
bizim kənddə onun haqqında gəzən əfsanədən
danışım. Amma gördüm
ki, bir vaxtlar adı gələndə sevincdən dodağı çatlayan biz kənd uşaqlarının yaddaşında
heykəlləşən cavan
Banişevskidən heç
nə qalmayıb, çox yorğun görkəmi vardı.
Tribunalararası daş pilləkənlərlə
aşağı - yamyaşıl
meydançaya düşdük.
Burda Banişevski ilk dəfə, 16 yaşında
(çempionata buraxılması
üçün sənədlərində
onu iki yaş
"böyüdüblərmiş"),
"Neftçi"nin tərkibində
Moskva OMİK-nə qarşı
oyuna çıxmış
və birinci qolunu vurmuşdu.
Stadion, təbii ki, bomboş idi. Elə bir-iki
kadr çəkmişdik
ki, hava çisəkləməyə
başladı. Operator Oqtay
Quliyev gödəkçəsini
çıxarıb, kameranın
üstünə saldı.
Çəkilişin vaxtını
dəyişmək olmazdı.
Çünki Banişevskini
bir həftəyə zorla tapıb, razılığını almışdım.
21 il əvvəlki o müsahibədən,
çox heyif ki, az şey yadımda
qalıb. Banişevski
çox həvəzsiz
danışırdı. Sonuncu
suallarımdan biri, təxminən, belə oldu:
- Eduard Markarov yadınızdadı?
- O, ölüb.
- Nə vaxt ölüb?
- təəccübləndim.
- Mənim üçün çoxdan ölüb.
Rio-de-Janeyrodakı dünyalarca məşhur "Marakana"
stadionunda futbol üzrə ikiqat dünya çempionunun - Braziliyanın qapısına
qol vuran, SSRİ yığma komandasının
hücumçusu kimi şöhrət zirvəsinə
ucalan, mərkəzi hökumətin himayə etdiyi Moskvanın
"Spartak" və "Dinamo" komandalarından gələn
yağlı təklifləri
yaxın buraxmayan Banişevskinin bu cür danışmağı
əbəs deyildi. Çünki "Neftçi"də
onunla çiyin-çiyinə
oynayan Markarov "Ararat"dan gələn gizli təklifə, elə Bakıdan gizli qaçışla cavab vermişdi - heç komanda yoldaşlarına belə demədən. Banişevski
Markarovun bu hərəkətini xəyanət
hesab edirdi.
- "Marakana"da vurduğunuz qol yadınızdadı? -
Sualımı çox
könülsüz cavablandırır:
- Hə, elə bir şey olub.
Bilirsiz, o haqda çox danışmışam...
Mən bu çəkilişə
getməzdən əvvəl,
Banişevskigilin evinə
zəng eləmişdim.
Telefonu həyat yoldaşı götürmüşdü.
Yadımdadır, o, çox
kədərli danışırdı:
"Yaddaşı pozulub.
Bir-iki dəfə kömək eləyən olub. Müalicəyə aparsaq da, xeyri olmayıb. Yenə də istəyirik yaxşı həkimə göstərək, amma imkanımız yoxdu. Ən pisi odur
ki, yaddaşı çox
zəifləyib".
Yadımdadır, biz hələ çəkilişə
başlamazdan əvvəl,
hardasa 20 dəqiqə
ərzində Banişevski
məndən üç
dəfə siqaret istədi. Və hər dəfə də: "Anatoli Andreyeviç,
mən çəkən
deyiləm" desəm
də, o, yenə ilk dəfəymiş kimi, çox böyük nəzakətlə soruşurdu:
"Siqaretiniz olmaz
ki?" Yaddaşının belə pozulması adamın ürəyini ağrıdırdı. Tərslikdən,
onda mən üç il olardı ki,
siqareti atmışdım.
Və yaxınlıqda
da, mağaza yox idi. Həm də
belə başa düşdüm ki, ona nə həkimlər, nə də evdən siqaret çəkməyə icazə
vermirlər.
Çəkilişimiz üç saata qədər uzandı. O çiskinli payız günü,
operator Oqtayla mənim
komandamla yaşıl meydançada sağa-sola gedən, arada fikirli-fikirli uzaqlara baxan Banişevski, onun qəmli baxışları, yaxası
açıq innabı
rəngli yarımgödəkçəsi,
yamyaş ayaqqabıları...
hər şey, hər şey gözümün qabağındadır.
İndi bütün bunları
yaza-yaza, yanıb tökülürəm. Çünki
ha yaddaşımı qurdalayıram,
heç nəyi xatırlaya bilmirəm, heç nəyi - necə sağollaşdıq,
necə ayrıldıq...
Bu gün min dənə
söz quraşdırıb
yazmaq olar. Həssas oxucu, ən azı, Banişevskiyə xatir, heç nə deməz, bilirəm. Ancaq mən bunu eləmərəm. Heç vaxt eləmərəm. Ona görə
ki, mən Banişevskini
çox sevirdim.
İndi də çox
sevirəm. Çünki
o, Azərbaycana bir dünya şöhrət gətirib. Harda Banişevskinin adı çəkilibsə, orda Bakıdan, Azərbaycandan danışıblar. Banişevski
Azərbaycanın ən
böyük azərbaycanlılarından
biri olub. Televizorun qabağında oturub, maykasının sinəsində "SSSR", kürəyində
ən "bərkgedən"
"9" nömrəni görəndə
həmişə fərəhdən
sinəmiz qabarırdı.
Qürurlanırdıq. Az qala,
başımız göylərə
dəyirdi. Banişevski
adında milyon adın işığı
vardı. Biz də bu adın işığına
uçardıq...
Ara-sıra Rusiya televiziyasında SSRİ yığma
futbol komandasının
o vaxtkı oyunlarını
göstərirlər. Baxıram,
həmin cavan Banişevskidir. Elə bilirəm, yaddaşımdan
ekrana adlayıb. Kövrəlirəm, çox
kövrəlirəm. Sonra da, öz-özümə bir təskinlik verirəm: şimşək çaxanda
adamın gözlərini
qamaşdırır. Elə
Banişevski də, şimşək kimi az, lakin parlaq
bir ömür yaşadı...
Hazırladığım o on beş dəqiqəlik telesüjetdən
bir fraqment dəqiq yadımda qalıb. Çünki ona baxanda özüm
də çox kövrəlmişdim. Təsəvvür
edin: kadrda yaşıl meydançada
ağır-ağır addımlayan
Banişevski. Kamera bomboş tribunaları, qol vuran futbolçuların
soyadları yazılan
iri işıq tablosunu panoram edir (Banişevskinin adı bu tablonu
çox bəzəyib).
Və bu kadrların arxasından məşhur futbol şərhçisi Valid Sənaninin
şirin səsi gəlir: "Top Banişevskidədir.
O, bir müdafiəçini
keçir, ikincisini aldadır. Banişevski qapıya yaxınlaşır.
Banişevski! Zərbə!
Qol!!!" Azarkeşlərin
qol sevincindən, uğultudan, az qala, ekran titrəyir.
Təkrar edirəm: kadrda isə yorğun, vaxtından tez yaşlaşan Banişevski və boş tribunalar görünür...
Bu telesüjet saat 20:30-da efirə getdi. Ertəsi gün iş telefonuma zəng gəldi. Banişevskinin həyat yoldaşı idi. Demək olar ki, ağlaya-ağlaya danışırdı:
"Bilirsiz, bizə nə qədər adam zəng çalıb, nə qədər kömək eləmək istəyən
var? Fikirləşirəm ki, bankda bir hesab
açım onun adına. Çox sağ olun... Amma, - səsi titrədi, - gecdi".
Mən bu telesüjetin sonunda tamaşaçılara,
daha çox bizim nəslin nümayəndələrinə müraciət edirdim ki, zamanında Azərbaycanın
adını ucalara qaldıran Anatoli Banişevski
xəstədir, ona kömək lazımdır.
İndiki dillə desəm, həyəcan təbili çalırdım.
Yadıma gəlir, köməklə bağlı
mətni müşayiət
edən kadrların üstündə təkrar-təkrar
Banişevskinin ev telefonunun nömrəsini vermişdim...
...Vaxt məni düz on il sonra Banişevski ilə görüşdürdü. 2005-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü
ilə Banişevskinin
xatirəsinə həsr
olunmuş rayonlararası
futbol turniri keçirilirdi. Həmin vaxtlar mən İsmayıllı - Balakən
bölgəsində AzTV-nin
"Xəbərlər" proqramının xüsusi
müxbiri işləyirdim.
Onda iki il ardıcıl olaraq, fevralın 23-ü, Banişevskinin
ad günündə bu futbol turnirindən
reportajlar hazırladım.
Yadımdadır, Şəkinin
o qapalı mini stadionunun
baş tərəfindən
Banişevskinin iri portreti asılmışdı.
Reportajlarım da bu portretin fonunda başlayırdı. Elə
bilirdim ki, Banişevski,
sanki o ucalıqdan mənə baxır.
İndi arada retroya çevrilmiş o illərin
futbol kadrlarına baxıram. Bu da Banişevski
ilə bir görüşdür. Hərdən
kəndə gedəndə
futbol oynayan oğlanların arasında
onu axtarıram. Dünyanın məşhur
filosoflarından birinin
sözüdür: insan
gerçək tarixdən
çox, əfsanələri
sevir. Amma məsələ
ondadır ki, Banişevski
həm tarixdir, həm də əfsanə...
2015
Qorxmaz ŞIXALIOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, ¹8.- S.26-27.