OĞURLUQ
Hekayə
Muradəli
əlli illik ömründə pisi də, yaxşını da
çox görmüşdü. Həyatını sən deyən fərəhli keçməmişdi. Çətinliklərlə
çox qarşılaşmışdı.
Bu fani dünyada ağlı kəsəndən
nə qazanmışdısa,
öz gücünə
idi. Başı daşdan-daşa dəyə-dəyə
gəlib bir vəzifə, şan-şöhrət
sahibi olmuşdu. Görünür, xoşbəxt
ulduz altında doğulmadığı üçündür
ki, hansı işin qulpundan yapışmışdısa,
qabağına daş
diyirlətmişdilər. Odur
ki, dara, çətinə
düşəndə dilxor
olar, "Elə bil işim daş altından çıxır", deyə
öz-özünə deyinərdi.
Lakin heç vaxt ruhdan düşməzdi. Mübarizələrdə
bərkimişdi. İndi bir
iş dalınca düşəndə qabaqcadan
özünü buna hazırlayırdı:
"Düzələn iş
deyil. Amma gedim".
Ona görə də işi düz gətirməyəndə dilxor
da olmur, uğur qazananda sevinirdi.
Çətinliklərlə, haqsızlıqlarla,
süründürməçiliklərlə,
badalaqgəlmələrlə çox rastlaşdığından
idi ki, insanlara münasibətdə həssas
idi, çalışırdı
ki, heç kimi incik salmasın. Düzəlməsi müşkül
məsələ olanda
isə, müraciət
edən şəxsi şirin dil, xoş üzlə qarşılar, yola salardı.
Muradəli insanların nə
üçün bir-birini
anlamadıqlarını, bir-birinə
qənim kəsildiklərini,
birinin digərinə
tor qurduğunu heç
cür başa düşmürdü. Bir şeyi çox aydın dərk edirdi ki, adamların erkən həyatdan köçmələrinə
səbəb onlar arasındakı pis, kobud, yaramaz münasibətlərdir.
Belə
münasibətlər onun
bacı-qardaşları arasında
da vardı. Qardaşı
arvadları az qala, qohum-əqrəbanı,
yaxınları bir-biri
ilə düşmən
etmişdi. Çox
zaman qardaşları da arvadlarının
fitvası ilə oturub-durur, qanlı-bıçaq
olurdular. Küsülülük
illərlə çəkirdi.
Bəzən bir-birlərinin
xeyrində-şərində də görünmürdülər.
Bu, övladlarının bir-birlərinə,
əmi, dayı, bibi, xala uşaqlarına
münasibətlərinə də pis təsir
göstərirdi.
Muradəligil dörd qardaş,
üç bacı idilər. Aralarında ögeyi yox idi. Muradəli həm qardaşları, həm də bacıları, onların ailə üzvləri ilə münasibəti saxlamağa çalışırdı.
Arvadına da onların
umu-küsüsünə, söz-söhbətinə
qarışmağa imkan
vermirdi.
"Nissan"
avtomobilində rayondan
qayıdan Muradəli yolboyu beynini yoran suallara cavab tapmağa çalışırdı. Qanı
bərk qara idi. Həyatı qədər sevdiyi əziz bacısı dünyasını dəyişmişdi.
Dünən üçünü
vermişdilər. Qohum-əqrəba,
dost-tanış, qonşular
yığışıb onların
kədərinə şərik
olmuşdu. Muradəli
çox göz gəzdirsə də, qardaş arvadlarından ikisini görə bilməmişdi. Başa düşmüşdü ki, arada
inciklik var. Daxilən bərk qəzəblənmişdi.
Belə ağır, kədərli gündə
də inciklik, umu-küsü olar? İnsanlar bəzən nə qədər də cılız olur, ölüm günündə də hisslərini cilovlaya bilmirlər. Muradəli qardaşlarının da oturuş-duruşundan
kimin kiminlə arası olmadığını
əlüstü başa
düşmüşdü.
Yeznəsi kasıb bir kişi idi. Yas xərcini Muradəli çəkməli olmuşdu. Həm yeznəsi imkansız olduğuna görə, həm də Muradəliyə
görə rayon mərkəzindən,
Bakıdan çoxlu vəzifəli şəxs
yasa gəlmişdi. İstəmirdi ki, bacısının
yası urvatsız olsun, ağız büzsünlər. İndi hər
şeyə fikir verirlər. Bundan başqa, qardaş-bacılarının
hərəsi yaxasını
bir kənara çəkib durmuşdular.
İrəli duran, bir işin qulpundan
yapışan yox idi. Sanki rəhmətə
gedən onların bacıları deyil, yad bir adam idi.
Belə
yerdə Afəridə
xanım düz deyirdi: "Qohum-əqrəbanın
xeyrində-şərində irəli duran, özünü oda yaxan tək sənsən. Sən olmasaydın, görəsən,
bunların halı necə olardı?!. Bir-birinin axırına çıxardılar".
Rayonda öyrəndi ki, mərhum
bacısının qızlarından
biri - Şəfəq
universitetdə oxuyur.
"Gör ha, iki ildə bundan xəbəri olmayıb. Yaxşılıqdan savayı
Muradəlini bacıqızına
nə yamanlığı
dəyə bilərdi?
Nə isə, öz işləridir!"
Yeznə
fəhlə baba idi. Aldığı maaş ailənin dolanışığına
güclə çatırdı.
Uşaqlarının əyni-başı
tökülürdü. Bir yandan da tələbə oxutmaq!
Bacısının əziz ruhuna hörmət əlaməti
olaraq indi fikirləşirdi ki, onun yeddisinə gedəndə,
Şəfəqin atasına
desin ki, qızını
kirayə qaldığı
evdən çıxarıb
öz evinə gətirmək istəyir. Həm kirayə haqqından azad olar, həm də ona qızı kimi baxar. Yediklərindən
o da yeyər, içdiklərindən
o da içər, arada
əyin-başını da alar.
Muradəli mərhəmət hissindən
bu qənaətə gəlmişdi. Bacısının
övladına əl uzatmayanda kimə uzadacaqdı?! Yolda ürəyindən keçənləri
həyat yoldaşı
Afəridə xanıma
da dedi. Afəridə ürəyiyumşaq, əliaçıq,
mehriban, qohumcanlı bir qadın idi. Qeybəti, söz bəzəməyi,
xəbər aparıb-gətirməyi
xoşlamazdı. Bilirdi
ki, bütün bunların
axırı yoxdur, başqasından daha çox adamın özünə ziyanı dəyir, yalnız münasibətləri pozur.
Ərinin
sözlərini eşidəndə
Afəridə xanım
dərhal cavab vermədi. Qaşları çatıldı. Fikrə
getdi. Muradəli bunu belə yozdu ki, arvadı deyəsən, razı deyil. Afəridə xanım haçandan-haçana:
- Murad, bilirsən ki, sənin sözün mənimçin
qanundur. Ancaq sənin o bacın qızını mən yaxşı tanımıram.
Xasiyyəti necədir,
nəyi xoşlayır,
nəyi xoşlamır
- bilmirəm. Bizim evdə də özümüzə aid sözümüz-söhbətimiz
olur. Olursa da, evin divarlarından kənara çıxmır.
Qorxuram, sabah eşitdiyinin, bildiyinin üstünə beşini
də qoyub rayona apara. Mən
də, sən də belə şeyləri xoşlamırıq.
Sonra da kiminləsə sözümüz
çəp gələ.
- Yaxşı, sən də başlama. Mən bir kəlmə
söz dedim. Dolanışıqları pisdir.
Heç olmasa, ev kirəsi verməz, tapdığımızdan
o da yeyər. Biz öz
adamlığımızı edirik. Həm də hər bir adam fitrə-zəkat
verməlidir. Yəni qazancından başqalarının
rifahı naminə müəyyən məbləğdə
pul xərcləməlidir.
Bu, da olar bizim fitrə-zəkatımız.
- "Əl tutmaq Əlidən qalıb!"
Buna sözüm yoxdur.
Qoy elə kirayədə də qalsın. Kirayə haqqını verərsən,
arada palından-paltarından
alarsan, cibinə də xərclik qoyarsan. Bundan artıq nə yaxşılıq!
- Arvad, rayon yeridir, camaatın ağzını
yığmaq olmur. Deyəcəklər, Muradəli
iri bir zavodun
baş direktorudur. Bacısının yetim qızını qanadı
altına almadı.
- Ay Muradəli, bu rayon əhlinin hamısı həftə səkkiz, mən doqquz yanındadır. Məsləhətinə
gəlir. Qızı universitetə girəndə yeznən sənə bir "zdrasti" də demədi. İki il keçəndən sonra dünən məlum olub ki, sən demə, qız ali məktəbdə oxuyurmuş.
Muradəli yeznəsini müdafiə
etdi:
- Arvad, kasıb qürurlu olur. Yəqin özünü sındırmaq istəməyib.
Fikirləşib ki, qoy
deməsinlər qızını
universitetə Muradəli
düzəldib. O yazıq,
elə bilirsən, təkəbbürlü
və lovğa olduğundan belə edib? Bir həsirdir, bir də Məmmədnəsir.
Afəridə xanım xəbərdarlıq
etməyi özünə
borc bildi:
- Əli, bax, sənə deyirəm, bir var, o, qız özü ayrıca evdə kirayə qala, köməyini edəsən. Bir də sənin evində qala. Bunlar başqa-başqa şeylərdir. Bizdə yaşamalı olsa, onun bütün
məsuliyyəti sənin
üzərinə düşür,
ha. Qız uşağıdır,
nə bilək nə ağıldadır!
Sabah ayağını əyri
qoysa, bir günahı da sənin adına yazılacaq. Bundan başqa, sənin də evində qız uşağı böyüyür.
Afəridə xanım ona qısaca gah "Murad", gah da "Əli" deyə müraciət edərdi. "Əli"
deyə çağıranda
bu, o demək idi ki, ona acığı
tutub.
Muradəli arvadının haqlı
olduğunu ürəyində
etiraf etdi. Amma fikrindən də dönmədi:
- Arvad, lap sarı simə vurursan, ha... Mənim evimdə yaşamalı olsa, özünün qanunları
ilə deyil, mənim evimin qanunları ilə hərəkət edəcək.
Bunu ona özüm başa salacağam. Qorxuram, kirayədə qalsa, təsir altına düşər. Şəhər
yeridir. Heç bilirsən, nə qədər anasının
əmcəyini kəsən
var?! İndi ağır zəmanədir.
Ehtiyac insanı hər şeyə vadar edir.
Afəridə xanım ərinin
öz fikrindən dönmədiyini görüb
razılaşdı:
- Nə deyirəm ki, Murad, özün bilən məsləhətdir. Sən
ağıllı kişisən.
Mərd adamsan. Hamımızdan başsan.
Amma mən də öz
sözümü dedim.
Sözünü yerə salmadığına
görə Muradəli
arvadına dil-ağız
elədi:
- Sağ ol, arvad,
həmişə olduğu
kimi, məni sındırmadın. Xasiyyətini
bildiyim üçün
deyirəm: ürəkdən
razılıq verdiyin üçün bilirəm
ki, öz qızın
kimi baxacaqsan.
Muradəli kövrəldi, gözləri
yaşardı. Özünü
ələ alıb:
- Bacımın vaxtsız-vədəsiz
ölümü məni
yandırır, arvad.
O yazıq da mənim kimi çox əziyyətlər, çətinliklər
çəkib. Amma məndən
fərqli olaraq, onun çətinlikləri
ölənə kimi sürdü. Bacım bu dünyada bir gün görmədi. Mən o vaxtlar onun sıxıntılarını
görür, ancaq imkansızlıq üzündən
kömək əlimi uzada bilmirdim. Axır vaxtlar da başım iş-gücə
qarışdığından ondan xəbər-ətər
tuta bilmirdim. Yaxşı müalicə
olunsaydı, indi bəlkə də yaşayırdı mənim
bacım!
Muradəli bu dəfə uşaq kimi hönkürdü:
- Bacımın vaxtsız-vədəsiz
ölümü mənə
çox pis təsir edib, Afəridə! Onun ruhu qarşısında
öz borcumu yerinə yetirmək istəyirəm. Yoxsa, vallah, rahatlığım,
dincliyim olmaz.
Muradəlinin qızları maşının
arxa oturacağında
baş-başa verib yatmışdılar. Afəridə
xanım qabaq oturacaqda ərinin yanında əyləşmişdi.
Maşını Muradəli
idarə edirdi. O, minnətdarlıq
əlaməti olaraq, arvadının əlindən
tutdu. Onun nəvazişindən Afəridə
xanım da son dərəcə
xoşhal oldu, başı ərinin çiyninə düşdü.
***
İndi mətbəxdə oturmuşdular.
2011-ci ilin fevral ayı idi. Çöldə
bir şaxta vardı ki, gəl görəsən! Mətbuatın
yazdığına görə,
son yüz on ildə Bakı belə şaxta, belə qar, çovğun görməmişdi. Muradəli
kondisioneri yandırmağa
qorxurdu. Bir-iki evdə
kondisioner partlamışdı.
Az qala yanğın olacaqdı. Çöldə
şaxta olduğundan kondisionerin pərlərini,
motorunu dondurmuşdu. Qoşanda bərk uğultu qoparırdı. Motoru yanmamışdısa,
çox şükür!
Dünən çovğun çox
güclü idi. Muradəli tanış taksilərdən bir-ikisinə
zəng etmişdi. Demişdilər, evdə oturublar, yola çıxmağa qorxurlar.
Hər tərəf buz bağlayıb. Məcbur olub küçəyə
çıxmışdı ki, bəlkə başqa taksi tapdı. Avtobusların da çoxu işləmirdi.
Enişli-yoxuşlu küçələrlə
hərəkət etmək
çətin idi. Maşınlar buz bağlamış yollarda sürüşür, bir-birinə
dəyirdi. Hətta Bakının bir küçəsində 20-30 maşın
bir-biri ilə toqquşmuşdu.
Muradəli təsadüfən bir
taksi tapıb işə dəymişdi.
Sürücü ürəkli
oğlan idi. Özünü buz bağlamış yollara vurmaqdan çəkinmirdi:
- İnanırsınız, maşının
qapıları da donmuşdu,
isti su töküb
onları açmışam.
Muradəli onu təriflədi:
- Belə havada bəziləri kimi evdə oturmadığına
görə sağ ol, vallah. İgid
adamsan. Onda gərək Rusiyyətdə,
soyuq ölkələrdə
həyat iflic ola. Maşınlar da işləyir,
taksilər də, adamlar da.
Sürücü gileyləndi:
- Bilirsiniz, işləmək
üçün gərək
şərait də
ola. Görürsünüz, küçələr nə
gündədir. Yollar qardan təmizlənmir, bir-iki qartəmizləyən
maşın da işləyəndə
gətirib qarı yığır yolun kənarına... Əslində
maşınlara yükləyib
aparıb atmalıdırlar.
Hansını deyəsən?!
- Sənin sözlərində
də həqiqət
var.
- Keçən il təkərlərə
zəncir bağlamışdım.
Bir-iki dövrə vurdum, zəncirlər qırılıb töküldü.
Yerdə qar az olduğundan asfalt zəncirləri doğradı, elədi heç. Gərək əməlli-başlı qar
ola ki, zəncirlər qara
ilişə, qara dolaşa, sürüşmənin
qarşısını ala. Rusiyyətdə əmioğlum
yaşayır. Özü
də bilirsən harada? Surqutda - çukçilərin məskən
saldıqları yerlərdə.
Oralarda 50-60 dərəcə
şaxta olur. Axşam maşını işləyə-işləyə qoyurlar ki, şaxta motoru dağıtmasın.
Deyir, maşının
içərisində istilik
verən spirallar quraşdırırıq ki, şüşələr
donmasın. Dondu - partlayacaq, çilik-çilik
olacaq.
- İşə bir bax. Belə yerdə necə yaşayırlar?
- Hə, əmioğluma xəbər göndərdim
ki, ölmüşəm, məni
yerdən götür.
Qış pis gəlib. Xaltura eləməsəm, acından
qırılarıq. Dedim
ki, təcili mənə
şaxtalı havalar və qar üçün
nəzərdə tutulan
təkərlər göndər.
Sağ olsun, yola saldı. O hesaba bir günüm
də boş keçmir, istər yer nə qalınlıqda
buz bağlasın.
Afəridə xanım bir-iki şey tapşırmışdı
almağa. Muradəli yataq otağına keçdi. Şifonerin qapısını açıb
əlini pencəyinin içəri tərəfdən
üst cibinə saldı. Dünən buraya üç yüz manat pul qoymuşdu. Puldan beş-on manat götürüb dükan-bazara getmək istəyirdi. Fəqət əli boşa çıxdı. Əlini
pencəyin sağ tərəfdəki üst
cibinə, yan ciblərinə saldı. Pul yox idi. "Bəlkə o biri pencəklərimdən hansınınsa
cibinə qoymuşam?"
Baxdı. Pul tapılmadı. Hava soyuq və şaxta
olduğundan dünəndən
bəri heç yerə çıxmamışdı.
"Sən vurmadın,
mən yıxılmadım.
Bəs necə oldu?"
Evdə
arvadı Afəridədir,
özüdür, iki azyaşlı qızlarıdır,
bir də Şərəf. Afəridə
xanım Muradəliyə
deməmiş, ondan soruşmamış bir qəpiyə də əl vuran deyil.
Dünəndən üzü
bəri qonaqdan-qaradan gələn də olmayıb. Bəs pulları kim götürüb?
Balaca qızlar -
Nuriyyə və Səriyyənin
əllərinə hələ
indiyədək pul dəyməyib. Götürüb
neyləyəcəklər? Onlar belə şeylərdən uzaq idilər. Şübhə
bir nəfərin - Şəfəqin, bacıqızının
üzərində qalırdı.
Muradəli mətbəxə keçdi.
Afəridə xanımla
Şəfəq əti
yarpağa qoyub bükürdülər. Arada
da nə barədəsə
danışırdılar. Onları
belə mehriban görəndə Muradəli
sevinirdi. Amma bu gün o halda deyildi. Nuriyyə sakitcə oturub dərslərini hazırlayır, Səriyyə
də bacısına mane olmadan oyuncaqları
ilə başını
qatırdı. Nuriyyə
birinci sinifdə oxuyurdu, bərk şaxta olduğundan Təhsil Nazirliyi üç gün tətil elan etmişdi. Səriyyə hələ gələn il məktəbə
gedəcəkdi.
Muradəli Şəfəqə göz qoydu. O, sakit idi. Heç
nə olmayıbmış
kimi arxayınca oturmuşdu. Dayısına
baxıb gülümsədi.
Muradəlinin də yalandan dodağı qaçdı.
Muradəli indi nə desin, kimə desin, kimdən nə soruşsun? Afəridədən soruşsa,
yüz faiz deyəcək o, yəni Afəridə götürməyib.
Sonra da tez-tez xəbər
alacaq: "Tapdın pulu?"
Şərəf də boynuna almayacaq. Götürən
adam heç etiraf edər? Qəribədir, gör qız özünü necə sakit aparır?!.
Elə bil suçu yoxdur. Sorğu-suallar Şəfəqin
ziyanına olacaq. Afəridənin də dili uzanacaq. Özünə haqq qazandırmaq üçün
deyəcək: "Axı
mən xəbərdarlıq
etmişdim: nə olsun bacın qızıdır. Yaxşı
tanımadığın adamı
evin içinə soxma. Hərə bir ağılda, bir tamahdadır! İnsan övladı çiy süd əmib".
O zaman Afəridə
"İnsan övladı
çiy süd əmib", deyəndə
Muradəli zarafata salmışdı: "Eybi
yox, bir litr "Sevimli dad" südü bişirib içirdərik Şəfəqə,
qorxu, hürkü gedər".
Afəridə Muradəliyə tərs-tərs
baxaraq bildirmişdi:
"Mən sözümü
dedim ha!"
Pulun Şəfəq tərəfindən
götürüldüyü məlum olanda Afəridənin dili
uzun olacaqdı: "Bəc mən nə deyirdim?!"
Bəs nə etsin Muradəli?
Şəfəq niyə
belə iş tutdu? Yəni bunu onun atasına
desin? O da düşünəcək
ki, bu yolla qızı evdən uzaqlaşdırmaq istəyirlər.
Evlərində qalmasına
razı olmadıqlarından
şər atırlar.
Muradəli mətbəxin pəncərəsinə
yaxınlaşıb çölə
baxdı. Qar yağmaqda idi. Külək qarı havaya sovururdu. Adamlar yıxıla-dura birtəhər evlərinə
tələsirdilər. Maşın-filan
gözə dəymirdi:
"Belə havada isti yerdə bəy qızı kimi yuxarı başda oturub. İsti yorğan-döşəkdə
yatır. Çox adamın evində şəraiti yoxdur ki, evini isitsin. Qaçqınlar gələndən
yataqxanalar tutulmuşdu.
Kirayə mənzil haqqı kəllə- çarxa çıxmışdı.
Özləri isti yer tapmırlar, kirayənişinlərə yaratdıqları
şərait nə olacaqdı?"
Afəridə xanım Muradəliyə
baxıb zarafata saldı:
- A kişi, qırt toyuq kimi mətbəxdə nə var-gəl edirsən? Get, yazdıqlarımı al.
- Gedirəm, Afa, gedirəm, - deyib mətbəxdən çıxdı.
Muradəli odla su arasında qalmışdı:
"Cəhənnəm olsun
üç yüz manat. Elə bil salıb itirmişəm. Amma əli
əyri adam heç zaman özünə
qoyulmur. Bilsəm ki, bununla qurtaracaq, heç kefimi pozmaram. "Haram xoşu olsun!" deyib bu hadisəni ört-basdır edər, unudaram.
Maraqlı idi: insanlar nədən yaxşılıq
itirən olurlar? Afəridə düz deyirmiş: "Elə bilirsən, bu yaxşılıqlarına görə
sənin heykəlini ucaldacaqlar?"
Muradəli geyinib çıxdı.
Bazarlıq siyahısına
baxaraq, bir-bir yazılanları almağa
başladı. Dilxor idi. Oğurluq məsələsi
kefinə soğan doğramışdı. Günorta
yeməyinə oturanda
Afəridə xanım
Muradəlinin əhvalındakı
dəyişikliyi görüb
soruşdu:
- Murad, nə olub? Gözümə
yaxşı dəymirsən?
Şəfa yarpaq dolmasının
üstünə qatıq
töküb, boşqabını
irəli çəkdi
və iştaha ilə yeməyə
başladı. Əvvəllər
yarı-yarımçıq əlini süfrədən
çəkərdi, yaman
utanırdı. Nə
yaşı vardı ki?!. Həm də
birdən-birə şəhər
mühitinə düşmüşdü.
Muradəli öz-özünə düşündü: "Tutduğu
əməldən peşman
olmaq əvəzinə,
özünü gör
necə sakit aparır?! Necə soyuqqanlıdır?!"
Afəridə Muradəlinin susduğunu
görüb sualını
təkrar etdi. Muradəli özünü
ələ alıb dedi:
- Afa, nədənsə birdən-birə başımdan
ağrı qopdu.
Onun Şəfəqə möhkəmcə
acığı tutmuşdu.
Dayısını pis
vəziyyətdə qoyur,
etimadını doğrultmurdu.
Afəridə dedi:
- Başağrı dərmanı
at. Bəlkə təzyiqin
var. Ölçmək lazımdır.
Muradəli istədi desin
ki, başının ağrısı
təzyiqdən deyil, amma demədi, deyə bilməzdi. Onda Afəridə soruşacaqdı ki, "Bəs nədəndir?"
Onda da Muradəli deyib özünü işə
salacaqdı.
Şəfəq durub qabları yığışdırmağa başladı. Qız gələndən Afəridənin
işləri xeyli yüngülləşmişdi. Şəfəqin yaxşı
əl qabiliyyəti, biş-düş səriştəsi,
mətbəx və süfrə mədəniyyəti
vardı. Yemək bişirməkdə, paltarları
yuyub-ütüləməkdə, evi yığışdırmaqda
Afəridəyə çox
kömək edirdi. Əslində kömək
etmək nədir, elə işləri büsbütün o görürdü.
Bundan başqa, dərslərini hazırlamaqda
Nuriyyəyə kömək
edirdi. Həm də izah edə-edə,
başa sala-sala onun mövzuları şüurlu mənimsəməsinə
nail olurdu. Səriyyə ilə birgə oynayar, onu da darıxmağa
qoymazdı. Afəridə
ondan çox razı idi. Hətta Muradəliyə minnətdar
idi ki, nə
yaxşı, onun ağlına belə bir fikir gəlib.
Şəfəq nə
yaxşı burada, onların yanındadır.
Bütün bunlardan sonra Muradəli Afəridəyə necə
desin ki: "Bağışla məni,
demə, sən haqlı imişsən. Bu qızın əli əyridir. Mən səhv etmişəm. Bağışla
məni".
Muradəli göz
qoyurdu: "Heyf, çox heyf, belə iş-güclü
qızın əli əyridir".
- Dayı, çayı
limonla içəcəksən,
limonsuz?
Şəfəq həm də qənaətcil idi. Çalışırdı ki,
israfçılığa yol
verilməsin. Onun bu xasiyyəti Muradəliyə də, Afəridə xanıma da xoş gəlirdi.
- Sən gətir,
qalanı ilə işin olmasın!
Muradəli cavabına
özü də mat-məəttəl qaldı:
"Deyəsən, kobud
cavab verdim?!"
Şəfəq tutuldu, lakin tez özünü ələ aldı: "Dayımın başı ağrıyır axı".
Axşam hamı
yatandan sonra Muradəli qara pencəyini qonşu otağa gətirdi, ciblərini töküşdürdü.
Pul nə gəzirdi? Pulun başına daş salınmışdı, heç
tapılardı?! Muradəli
o biri pencəkləri
də gətirdi. Birisinin döş cibindən bir manat çıxdı. Pencəkləri yerinə qoyub yatağa uzandı. Xeyli müddət gözünə
yuxu getmədi. Şəfəq bacısının
ilki idi. Qız doğulanda qohum-əqrəba hədiyyələrlə
anasını təbrik
etmişdi. O vaxt Afəridə ilə Muradəli də bir çarpayı almışdı. Çox
rahat idi həmin çarpayı. Şəfəq
14-15 yaşına kimi
bu çarpayıda yatdı. Çarpayının
müxtəlifşəkilli açılışı və
quruluşu vardı - uşağın yaşına
görə uyğunlaşdırırdın.
Çarpayını bir
ətək pula
almışdılar. Bacısı Xalidə Afəridə ilə Muradəliyə bu çarpayıya görə o qədər dua etmişdi ki. Hətta sonradan doğulan uşağı yatırmağa
da çarpayıda yer vardı.
Muradəli yatanda
gecə saat üç olardı. Səhər ertə Afəridə oyatmasaydı,
yatıb qalacaqdı. Tez-tələsik yuyunub, səhər yeməyini yedi. Şəfəqin imtahanı saat 10-da başlanacaqdı. O da yataqdan qalxmışdı.
Muradəli onunla dodaqucu salamlaşdı. Şəfəq
buna əhəmiyyət
vermədi: "Dayısı
işə tələsirdi".
Muradəli paltosunu
pencəyinin üstündən
asmışdı. Şifonerdə
asılqan çatmadığından
paltosunu pencəklərinin
birinin üstündən
keçirərdi. Paltonu
çarpayının üstünə
atıb pencəyini geyindi. Dəhlizə keçib ayaqqabılarına
baxdı. Fikirləşdi
ki, gərək uzunboğaz çəkmələrindən
sonra pencəyini
geyinəydi. Acıqlı
olduğundan özü
də bilmirdi nə edir. Lakin
pencəyini soyunub yenidən geyinməyə ərinib aşağı əyildi və çəkmələrini geyinməyə
başladı. Şəfəq
onun paltosunu gətirdi və tutdu. Geyinməkdə dayısına kömək
etdi. Muradəli ağzını yana tutub geyindi. Papağını başına
qoya-qoya:
- Afa, - dedi, - bir dənə sellofan torba gətir. Mağazada ağ, şəffaf torba verirlər ki, aldıqlarının hamısı dişlərini
ağardır.
Afəridə mətbəxdən çıxmadan:
- Muradəli, srağagün paltonun içəridən üst
cibinə torba qoymuşam. Heç istifadə etməmisən.
Olmalıdır, bir bax. Muradəli əlini içəridən
paltosunun cibinə saldı: "Bu nədir?" O, əlini çıxaranda təəccübdən
yerində donub qaldı. Torba cibində idi, heç onu çıxarmadı da. Əli ilə toxundu və dəymədi. Əmin oldu ki, yerindədir.
Əlində tutduğu
bir yüzlük və dörd ədəd əllilik idi: 300 manat.
Yaxşı ki, onun düşdüyü
vəziyyəti görən
olmadı. Şəfəq
yuyunurdu, Afəridə
də axşamdanqalma qabları yuyurdu. Muradəli xəcalətindən
əridi. Bacısı
qızından bədgüman
olduğu üçün
ölüb-dirildi. Sən
demə, pencəyin üstündən palto asdığından Muradəli
pulu pencəyin deyil, paltonun cibinə qoyubmuş.
Afəridənin səsi gəldi:
- Murad, tapdın
torbanı?
Muradəli şən
halda səsləndi:
- Tapdım, arvad, tapdım. Sağ ol.
Afəridə mat-məəttəl qaldı: "Dünəndən
qaş-qabağını sallamışdı.
Birdən-birə buna nə
olub?"
- Murad, deyəsən, başının
ağrısı keçdi
axı...
- Keçdi, arvad, keçdi. Özü də necə!
Şəfəq dəsmalla qurulanırdı.
Muradəli pulu cibinə qoyub qızı səslədi:
- Şəfəq, qızım,
bir bura gəl.
Şəfəq yaxın gəldi.
Muradəli:
- Qızım, imtahana gedirsən. Dedim, bir xeyir-dua verim.
O, qızı öpdü:
- Get, əla qiymətlə geri dön.
Şəfəq də onun qayğıkeş hərəkətindən
mütəəssir olaraq:
- Sağ ol, dayı,
Allah sizdən də, Afəridə
xanımdan da razı qalsın! - dedi.
Akif
ABBASOV
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.28-29.