V.Şekspir “Kral Lir”
(Siyasi faciə)
(Rejissor yanaşması)
Vaxtilə
nəhəng gücə malik, uzun illər ölkəsinin
nizamlı və firavan yaşamasının təminatı olan
Lir birdən-birə ətrafın gözləmədiyi,
ağlından belə keçirmədiyi qərar qəbul
edir: ölkəni və onun idarəçiliyini, öz
qızları və onların ailəsini varis elan edərək
3 bərabər hissəyə bölür...
Lirin ən yaxın sərkərdəsi olan Qraf Kent
bölgünün artıq icra edildiyini Qraf Qlosterdən xəbər
tutur.
İlk baxışdan bütün
qərar məntiqli və kralın şəxsi
addımları kimi görünür. Təbii ki, illərdir ən
güclü və ağıllı hökmdar daha böyük
lütf edib. Kral, təbii olaraq qocalıb, ətrafı isə
ona sonsuz sadiqdir. Kral, Kentin təkidlərinə baxmayaraq verdiyi
qərarı geri götürmür.
Bu qərar və baş verən hadisə saray
adamlarının, əsasən də, kralın öz
qızlarının iki cəbhəyə bölünməsinə
səbəb olur. Mübahisə yaranan təntənəli mərasimin
sonu kralın kiçik qızının və qraf Kentin
saraydan qovulması, 3 pay ərazilərin isə iki paya dəyişdirilərək
üçüncüsünün
böyük bacıların arasında bölünməsi
ilə nəticələnir...
Qraf Kent
başa düşür
ki, ciddi təxribat baş tutub. Saraydan qovulsa da, başqa qiyafədə
dönüb kralın ən yaxınında olmaq, bu təxribatı
açaraq ifşa etmək qərarına gəlir. Əslində qanuni kralın, faktiki
olaraq gizli devrilməsi baş tutub.
Kentin məxfi saraya qayıtmasına kralın təlxəyi gizli
köməklik edir.
Məhz
bu arada, Qraf Qlosterin (faktiki baş nazirin) qeyri-rəsmi
nikahdan olan oğlu Edmund meydanda görünür. Əvvəlcə
öz qanuni qardaşını təxribatla aradan götürən
Edmund daha sonra, iştahı böyüyərək daha
böyük iddialara meyil edir, sonralar, hətta demək olar ki,
"KRAL" pilləsinin bir addımlığına
çatır.
Hadisələr sırasında çevrilişdə
müxtəlif pozisiyalarda iştirak edənlərin
(Qonerilya və Albani, Reqana və Kornuol, Qraf Qloster, Edmund,
Osvald) bir cəbhədə, onların ifşası, edilən
çevrilişin və qanuni Kralın geri dönməsində
maraqlı olan, qovulan, qətl edilmək üçün izlənilənlər
(Kent, Kordeliya, Edqar, sonradan saraydan qaçan təlxək və
Fransa kralı) digər cəbhədə kəskin mübarizəyə
daxil olurlar.
Bu hadisələr sırasında
artıq yaşlanmış, həyatı
boyu ədalətli olduğunu düşünmüş,
güclü ölkə qurmuş, ətrafının həqiqət
meyarlarına sahiblənməsinə əmin olmuş
Kralın, tədricən, etdiklərinin adi yumurta
qabığına bənzər örtük olduğunu
anlayır. Ən doğmalarının belə hökm sahibinə
çevrildikdə, ən yaxınını belə öz maraqlarına
qurban verməsini görür. Hər şeyin nisbi olduğunu,
nə qədər yetişdirsən də, nə qədər
çalışsan da, başqa insanın vicdan meyarlarına
güman etməyin necə iflas
düşüncə olduğunu görür.
Ən yüksək tərbiyə
alan, qönçə təravətli
qızları belə, ən dəhşətli təhlükəyə
çevrilə bilir. Maraq, hökm etmək, şəxsi ədalət
meyarlarını yaratmaq, şəxsi motivlərin qisas zəminini
qurmaq, ən kövrək simadan dəhşətli monstra
dönə bilir.
Kral bütün həyatında,
hökm etdiyi zamanında görmədiklərini,
tacının parçalandığı dövründə
böyük təmizlənmə yolu keçir. Şekspirin
yaratdığı mühit: nəhəng göy gurultusu,
yağış, koma, libasdan imtina, üzüntülər, son
nəticədə böyük itki, qoca insanın ömrü
böyu görə bilmədiyini qısa zaman kəsiyində
anladır.
Kent yüksək əyarlı
peşəkardır, təhlükəsizlik,
alt cərəyanlar, təxribatların kökünə varan
biridir. O, iki bacı (Qonerilya və Reqana) və onların ərlərinin
(Hersoq Albani və Kornuol) arasında olan ədavəti
aşkarlayır.
Qanlı,
kəskin ədavət
hadisələri sırasında bir cəbhədən
digərinə keçənlər (Qraf Qloster, Hersoq Albani),
qurban gedənlər olur. Kent, Kordeliya və Fransa kralı ilə
birləşə bilir, Edqar vasitəsi ilə Hersoq Albanini
öz tərəfinə çəkə bilir. Edmundun kral
iddiasının əvvəl möhkəmlənməsini təmin
edir, sonra isə onun zərərsizləşməsinə
müvəffəq olur.
Dramaturji
xətdə, bu gün belə son dərəcə aktual və
müasir olan münasibət formaları mövcuddur.
Təbii
ki, istənilən əməliyyatda
yanlışlıqlar, ehtiyatsızlıqlar və itkilər
olur. Bu sırada da, Qraf Qlosterin kor edilməsi və
Kordeliyanın sadə ehtiyatsızlıq üzündən həyatını
itirməsi ilə nəticələnir.
Qanuni olmaq, yoxsa, qeyri-qanuni
də olsa, yaşamaq haqqı...
Bu hadisələr sırasında
biz iki qeyri-qanuni dünyaya gəlmiş insan faktorunu
görürük. Bir Edmund, o birisi isə qraf Kent. Zatən, əsas
konfliktin iki əks qütbündə dayanan, amma fərqli
seçim və qərarlar verən iki can, iki beyin.
Eyni zamanda rəsmi nikah
övladları və seçimlərində fərqli olaraq
özlərini yandıranlar da bu konstruksiyanın içində
mövcuddur.
Saraydan qovulan Kent bütün təxribatlara
qalib gəlir. Qanuni hakimiyyət bərpa olur, artıq Kral
öz taxtına qayıda bilər. Yol açıqdır, yetər
ki, kral yenidən taxtına otursun. Lirin tacı təhlükədən
azaddır. Amma böyük qurbanlar verən, böyük dərs
alan kral qucağında qızının qətlə
yetirlimiş cəsədi ilə meydana gəlir. Uzun
ömür yaşamış, kral olmuş, ədalətli
olmağa çalışmış, insanlar
yetişdirmiş, ilk baxşdan müdrik addım atmış
insan sanki özü bir Allah olmuş. Hadisələrdə
lazımsız qocaya qədər kiçilən, bütün
libaslarından imtina edən insan görürük. O da sanki,
Nizami Gəncəvinin "Yeddi Gözəl"
poemasındakı Şah Bəhrama çevrilir və onun kimi əbədiyyətə
qovuşmağı seçir.
Tamaşa, konkret zamana və məkana bağlı deyil. Geyimləri
klassik olsa da, dövri yükə taxılmayıb, müasir rənglər
və ştrixlər var. Dekorları ağır deyil, eyni
zamanda sadə olsa da, əzəmətlidir. Mövzu və hadisələr
sırası həmişə aktualdır və bu yanaşma
yenidir.
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.30.