Nobelçi Anni Ernonun sevimli kitabları
2022-ci
il üçün ədəbiyyat
üzrə Nobel mükafatı laureatı Anni Erno "The New
York Times"a 2023-cü ilin noyabrında verdiyi qısa
müsahibədə bildirib ki, mütaliəyə istənilən
şəraitdə və harada olsa, mütləq vaxt tapır:
"Yeganə şərtim isə - səssizlikdir".
-
Çarpayınızın böyründəki kiçik
masada hansı kitabları görmək mümkündür?
- Hazırda mən ispan yazarı və filosofu Migel de Unamunonun
"İnsanların və xalqların həyatında faciəvilik
duyğusu" kitabını təkrar oxuyuram. Həmin əsərlə
ilk tanışlığım 60 il əvvəl baş
tutmuşdu. Bununla yanaşı, tamamilə təzəcə
çap olunmuş bir hekayəni də mütaliə edirəm
(əslində tanış olum deyə, mənə xeyli sayda
hekayə göndərilir, amma mən onların bir neçəsini
oxumağa imkan tapıram). "Tombe du Ciel" (fransızca:
"Göydən düşən") adlanan həmin əsərin
qəhrəmanı olan oğlan dam ustası işləyən
və iş əsnasında damdan yıxılmaqla 30 yaşında
canını tapşıran atası barədə bacardıqca
çox şey öyrənməklə məşğuldur.
- Sonuncu dəfə oxuduğunuz və sizdə dərin təəssürat
oyadan kitab hansıdır?
- Hər hansı tərəddüd hissinə qapılmadan mən
hazırda Meksikada yaşayan fransız nasiri Nej Sinnonun
"Qüssəli pələng" romanının
adını çəkərdim. Qadın yazarın 20 ilə
yazdığı bu kitabda ögey atası tərəfindən
yeddi il boyu cinsi istismara uğrayan bir qız
uşağından bəhs olunur. Bu yay Fransada işıq
üzü görən bu kitab indiyədək oxuduğum
kitabların ən güclüsü və ən təsirlisidir,
çünki bu mətndə yetkin yaşdakı bir insanın
guya öz himayəsinə aldığı uşağın həyatını
əsl zindana çevirməsi gözlər önünə sərilməkdədir.
- Varlığından əksər
oxucuların xəbərsiz
qaldığı, sizin isə sevimlinizə çevrilən hər
hansı kitab varmı?
- Bu suala cavab kimi Marqarita
Laskanın "İtirilən oğlan" kitabının
adını çəksəm, yəqin çoxları bunu
birmənalı şəkildə dəyərləndirməz.
- Çağdaş yazarlar
arasından kimlər daha böyük rəğbətinizi
qazana bilib?
- Mari Ndyay, Culiya Oçuka,
Florans Obenas və Peter Handke.
- Sizin kimi avtofikşn
janrında yazan müəlliflərdən kimləri
oxumağı məsləhət görərdiniz?
- Kamilla Loransı, Maria Purşeni və Eduard Luisi.
- Bəs çağdaşımız
olan fransalı yazarlardan kimlər dünya
ölkələrində geniş oxucu kütləsinin qəlbinə
yol tapıbdır?
- Dominik Barberi ilə Paskal Kinyar.
- Yaddaşın həyatımızdakı
önəmini qabartmağa ən çox
hansı yazarlar nail olub?
- Heç şübhəsiz,
Prust! Bir də Patrik Modiano.
- Sırf ayıb məqamlarına görə hansısa
kitabları oxuduğunuzu nə vaxtsa başqalarından gizlədibsiniz?
- Yox, oxuduğum kitablardan aldığım həzzi mən nə
keçmişdə, nə də indi heç kəsdən
gizlətməmişəm.
- Oxuduğunuz hansısa
kitab sizi başqa bir insanla yaxınlaşdıra və ya
uzaqlaşdıra bilibmi?
- Xoşlamadığım birisinin
könlümə yatan bir kitabı
sevdiyini öyrəndiyimdə ona daha mülayim tərzdə
yanaşmağa başlamışam. Hansısa kitaba görə
kimləsə münasibətlərimi pozmağı da yersiz
sayıram, əlbəttə. Amma zövqümü oxşayan
bir kitabı kiminsə pisləməyi qədər, nifrət bəslədiyim
kitabı başqasının tərifləməyi də mənə
həmişə toxunur. Özüm üçün birdəfəlik
qəbul eləmişəm ki, bu fərqliliyi doğuran səbəb
- hərənin bu dünyanı özünəməxsus şəkildə
görüb-qavramasıdır.
- Son vaxtlar kitablar sayəsində
əxz elədiyiniz ən maraqlı bilgi hansıdır?
- Kitablardan konkret nə isə "əxz eləmək"
fikrini özümə yaxın buraxmıram. Mütaliə əsnasında
həm daxili aləmimdə, həm də zahirimdə baş
verən dəyişikliklərin isə bircə adı var - təcrübə.
- Oxuduğunuz bədii əsərdə sizə ən dərin həyəcan
yaşadan məqam nədir?
- Mətndə heç gözləmədiyim dəyişikliklər.
- Öz kitab kolleksiyanızı
necə formalaşdırırsınız?
- Bəlli bir metodika üzrə. Kitablarımı
"Fransız ədəbiyyatı", "Xarici ədəbiyyat",
"Esselər", "Şeir topluları", "İncəsənətə
dair" və "Qrafika əsərləri"
başlıqları altında yerləşdirməklə
yanaşı, hər bölümdəki nəşrləri həm
də əlifba sırasıyla düzmüşəm. Belə
olunca, axtardığım kitabı dərhal tapmam xeyli
asanlaşır.
- Həyatınız boyu hədiyyə qismində
aldığınız ən dəyərli kitab hansı olub?
- 25 yaşıma ərimin hədiyyə
elədiyi "İtirilən zamanın
axtarışında" silsiləsi.
- Maraqlıdır, bəs
uşaq vaxtı necə oxucu idiniz? Hafizənizdə
dərin iz buraxan kitablar və müəlliflər hansılar
idi?
- Onda mən doyumsuz
bir oxucu idim, kitablar, qadın jurnalları və gündəlik
yerli mətbuat da daxil, hər şeyi oxuyurdum. Şarlotta
Brontenin "Ceyn Eyr", Çarlz Dikkensin "Oliver Tvist"
və Marqaret Mitçellin "Rüzgarla sovrulanlar" hafizəmdə
silinməz izlər buraxıbdır, çünki müəlliflərin
gerçək insanlardan bəhs etdiklərinə özümü
tamamilə inandırmışdım.
- Tutalım, ünlü
yazarların iştirakıyla bir axşam
yeməyi təşkil etdiniz. Sizcə, həmin ziyafətə
kimlər dəvət alardı?
- Flober, Virciniya Vulf və Kamyu.
- Hazırda nələri
oxumağı planlayırsınız?
- İsveç nasiri Sara
Stridsberqin "Sevgi Antarktidası" adlı kitabına heyran
olduğum üçün onun digər romanlarını da
mütaliə edəcəyəm.
Noyabr,
2023-cü il
Tanıtım yazısı:
Anni Erno (Annie Ernaux) tam
adı-soyadı Anni Terez Blanş Düşen olan fransız
nasiri və pedaqoqudur.
1 sentyabr 1940-cı ildə
Normandiyanın şimalındakı Lilbonn şəhərində
anadan olub. Əvvəlcə
özəl katolik məktəbdə, sonra isə Ruan
Universitetinin filologiya fakültəsində təhsil alıb.
16 yaşından şəxsi
gündəliklərini yazmağa
başlayan Anni sonradan həmin qeydlər əsasında
özünün ilk romanını qələmə alsa da,
sonradan onu çap etdirməyə bir gərək duymayıb.
1964-cü
ildə Filipp Erno ilə ailə qurub və Ansi şəhərinə
köçüb. Bu nikahdan onun iki oğlu dünyaya gəlib.
1974-cü
ildə işıq üzü görən ilk romanı -
"Boş şkaf" ona şöhrət qazandırıb.
Yazarın digər romanları
isə aşağıdakılardır:
"Boş gündəliklər" (1977), "Donmuş
qadın" (1981), "Başqa bir qadın" (1988),
"Yalın ehtiras" (1992), "Jurnal qapağı"
(1993), "Xəcalət" (1997), "Gecədən kənara
çıxmadım ki mən" (1997), "Abort" (1999),
"Təmiz havada yaşamaq" (2000).
Uğurlu
ədəbi yaradıcılığına
görə o, bir sıra ədəbi
ödüllərə, 2022-ci ildə isə ədəbiyyat
üzrə Nobel mükafatına layiq görülübdür.
Nobel Komitəsinin Anni Ernonun laureat seçilməsiylə
bağlı açıqlamasında deyilir:
"Şəxsi yaddaşa yadlaşmanı, ona kənardan
göstərilən kollektiv basqını və bunun köklərini
ortaya çıxararkən sərgilədiyi böyük cəsarətə
və barışmazlığa görə".
Anni Erno
Dilimizə çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.32.