Hər şeyi unutmaq...
Yazı üçün yaddaş, həm də ömürboyu
damcı-damcı
yığılan yaddaş əsas olsa da, proses (yazı prosesi) bir qayda olaraq "avtomatik" yola düşür. Yəni
yaddaş heç nəyi "yazmır",
sadəcə, sənə
bircə dəfə nəyinsə doğru, yaxud yalan və
ya bəsit olduğunu pıçıldayır,
sənə azca, bəlkə iynə ucu boyda təkan
verməklə böyük
bir işin içinə sürükləyir.
Yalnız yazı prosesində insan, yazar üstünə ağır yük kimi düşən yaddaşdan xilas olur, onun zərif,
yüngül (soft) təkanıyla
bu dünyadan ayrılır, yəni başqa sözlə, yazmaq əslində bir növ zikrdir,
belə olduğu üçün də hər yazılan bədii mətn deyil, hər bədii mətn də yaddaşın ilmələndirdiyi bir dünya ola bilməz. Bəzən tarixdə ən zəif, ən ümidsiz nəsnələr qalır,
ən gözəl və qənirsiz şeylər tarixin, ədəbiyyatın divarlarından
ovulub düşür,
toz olub uçur, gedir... Demək, burada istedaddan da vacib başqa bir mətləb var: ona layiq olmaq, yazdığını
içində günəş
kimi doğan gerçəklikdən xilas
etmək bacarığı...
Bu olmayanda indi bəzi gənc yazarlar kimi sadəcə,
fərqlənmək eşqi,
fərqlənmək naminə
həm də. Bu da fəna deyil, ən azından yolu gedib-qayıtmaq və daha fərqli
nəsnələr axtarmaq
var. Pafosdan qurtulmaq üçün içində
(çölün düzündə)
ac-susuz yaşamağı
bacarmalısan. Ədəbiyyat,
ədəbi-bədii deyim
dünyanı çox
fərqli şəkildə
görə bilmək cəhdidir, alınmayanda pafos gəlir, pafos həm də xəyalı olmayan adamların "yetişdiyi" finiş xəttidir.
Yaddaşın yuxarıda xatırlanan
xassəsi demək olar ki, bütün bədii mətnlərin ekvator xəttindən keçir.
Yazıçı, şair heç
bu sözü yadına salmadan, onu məxsusi olaraq mənalandırmaq niyyəti güdmədən
qələmə aldığı
hər bir sətirdə, bənddə,
cümlə və pasajlarda yaddaşın ən dərinindəki özəlliyi şeirə,
bədii mətnə çəkir. Unudulmaz Ələkbər Salahzadə
demişkən: elə
bil gülü şeirə çəkirsən...
Yaddaşdan birbaşa yazmaq
istəsən, yenə
onu həmin o yüngül təkanıyla
başqa bir məmləkətə gedə
bilərsən.
Artur Remboda bu adda şeir də var:
Təmiz
su; uşaqların göz yaşındakı
bir çimdik duz misalı,
Günəş altında qadın
bədənlərinin
ağlığının fırtınası;
ipək
parça izdihamı
saf zanbaqlar, bayraqlar...
bəzi
qızların qorxudan
sıxılıb gizləndiyi divarlar...
Nizamidə:
Onun dirilik suyu - göz yaşı, ciyər qanı,
Ərzi
yandıran Günəş
- nəməkdanı, duzdanı.
Yaddaş
bəzən qılınc
kimi, qılıncın
iti ucunun dəydiyi yara kimi oyanar:
Zavallılar bu yolla gedə bilərmi məgər?
Bir yol ki, baxmaq ilə qəlbi qana döndərər.
Şeirlərin birində (Rilkenin
"Populyar Melodiyalar"
şeirində) belə
bir deyim var ki, elə havalar var, nə qədər uzaqlaşsan da, hardan-hara köç etsən də, o səni tapacaq, yaxandan yapışıb rahat buraxmayacaq. Yəni istəsən də, istəməsən də,
getdiyin yolların hansı məqamındasa ilişəcəksən, bir
mahnı, bir melodiya səni bədbəxt eləyəcək.
Bu mənada yaddaşın azman, bitib-tükənməyən
gücünün hopduğu
(bilaixtiyar) bədii mətnlər də hər oxunuşda yenidən "dirilir",
yeni mətləblər qatır
araya, səni başqa cür düşündürür. Mirzə
Cəlilin "Ölülər"ini
hər dəfə oxuyanda yaddaşın ağrıyla oyanır,
"Dəli yığıncağı"
bir başqa yerdən, tam fərqli məqamdan vurur. Cəfər Cabbarlının
yazdığı şeirlərin
içində, daxili dünyası və bətnində elə işarələr var ki, onların
düzgün qaydada oxunuşu Cümhuriyyət
dövrünün bütün
keşməkeşlərini andırır. Diqqət edin, o vaxtdan bəri Bayrağa yazılan bütün mətnlərdə qəribə
və çəkilməz
bir hüzn var.
Sonda yenə Nizamidən:
De, kim apara bildi
dünyadan salamat can?
De, kim oxuya bildi
bu yazını sonacan?
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.27.