XX əsr ədəbiyyatımız
yeni
ədəbi-tarixi
düşüncə kontekstində
Professor Bədirxan Əhmədlinin üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyasının II cildi üzərinə
Akademik
Nizami Cəfərovun ümumi redaktəsi ilə nəşr
edilən "Azərbaycan ədəbiyyatı tarixi.
İcmallar, təhlillər, portretlər" dərslik-monoqrafiyanın
(redaktorları: akademik Muxtar İmanov, filologiya elmləri
doktoru Şahbaz Şamıoğlu, Əli Şamil, rəyçiləri:
AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri
doktoru, professorlar - Nazif Qəhrəmanlı, Alxan Məmmədov,
Tahirə Məmməd) II cildi siyasi hadisələrin,
ideologiyanın və mövcud sistemin ədəbiyyata
müdaxilə etdiyi XX əsrin 20-50-ci illərini əhatə
edir. Bu dövrün qiymətləndirilməsindəki çətinlik,
mürəkkəblik və özünəməxsusluq
çoxdur. Bu mərhələdə baş verən ədəbi
müzakirələr və "məhkəmələr", ədəbiyyata
ideoloji müdaxilələr düzgün oxunmalı və qiymətləndirilməlidir.
Müəllif də bu yolla gedir; hər fəslin əvvəlində
verilən "İctimai həyat və ədəbi proses"
bölümü məhz buna xidmət edir və dövrün
ictimai mənzərəsini aydınladır. Çünki bu mərhələdə
ədəbiyyat həm də ictimai həyatla sıx münasibətdə
olur. Altı bölümdən - hər dövrün
ictimai-siyasi və ədəbi proseslərindən bəhs edən
geniş həcmli icmallardan ibarət olmaqla, həmin dövrdə yazıb-yaratmış ədəbi
şəxsiyyətlərin həyatı, mühiti,
yaradıcılığı əhatə olunur. XX əsrin
20-50-ci illərinin mürəkkəb ədəbi proseslərinə
böyük diqqət, qayğı və həssaslıqla
yanaşan müəllif ziyalı təəssübkeşliyi,
sevgisi ilə ədəbiyyatın dərin elmi təhlilini verə
bilmişdir. Əvvəlcədən
qeyd etməliyik ki, bu kitab da böyük ruh yüksəkliyi
və ilhamla yazılmış, müəllif əsərin ədəbi-elmi
panoramasını bütün təfərrüatı və təfsilatı
ilə yarada bilmişdir. Bu dövrün problemlərindən
başlıcası, əsərin ictimai-siyasi durumunun mürəkkəb
və ziddiyyətli olmasında, onun ədəbi prosesdə
buraxdığı dərin sağalmaz izlər,
cığırlar salmasında
idi. Bu cəhətdən 20-ci illəri postcümhuriyyət
dövrü və ya proletar hegemoniyası mərhələsi
adlandırması tamamilə doğrudur. Bu məsələlər
vaxtilə ideoloji meyarlarla ədəbiyyat tarixinə daxil
edilirdi. Professor Bədirxan Əhmədli isə həmin hadisə və materiallara tamamilə
yeni prinsiplərlə yanaşır. Çətinlik də elə
buradadır; əvvəlki elmi-metodoloji dəyərləndirmə
öz əhəmiyyətini itirmişdir. Müəllif
dövrün ədəbi hadisə və şəxsiyyətlərinə
yeni elmi metodoloji prinsiplərlə yanaşır və hər
hansı bir şəxsin və ya mətnin ədəbiyyat
tarixindəki yerini müəyyənləşdirməyə
çalışır.
Proletar
diktaturasının hərbi-siyasi yolla, hərbi müdaxilə,
silah işlətməklə, günahsız qanlar tökməklə
bərqərar olunması ədəbiyyata təsir edəcəyi
kimi, cəmiyyətdə insani münasibətlərin
pozulmasına, dağıdıcı təsir göstərməsində
idi. Siniflər və siyasi qruplaşmalar arasında gedən
mübarizə xarakterinə görə antoqonist mahiyyət
daşıyırdı. Böyük mənəvi
üstünlük xalq hakimiyyəti və mütərəqqi
dövlət tərəfdarlarında olsa da, getdikcə
onların sayı repressiya maşınının işə
düşməsi nəticəsində azalırdı.
Sözsüz, bu mübarizə dövrün mətbuatında,
ədəbi prosesində öz əksini tapırdı. Ədəbi
prosesdə milli təmayülçülüyün proletar ədəbiyyatı
və beynəlmiləlçilik ideyaları ilə əvəz
olunması özünü bariz göstərir, ənənəvi
milli ədəbi qüvvələr getdikcə bütün
vasitələrlə sıxışdırılırdı…
Müxtəlif qütblü ədəbi qüvvələr
yaransa da, ilk dövrlər "millətçilər" daha
üstün mövqedə idilər. Məhz bu dövrdə
onlar "Türk ocağı" və "Yaşıl qələmlər"
təşkilatında birləşib real ədəbi platforma
yarada bilmişdilər. Bunun müqabilində "Gənc
qızıl qələmlər", "Azərbaycan Proletar
Yazıçılar Cəmiyyəti" yaradılır… 20-ci
illər ədəbi cəmiyyətlərinin
formalaşmasında müəllif belə bir doğru qənaətə
gəlir: "İstər ədəbi-bədii təşkilatların
qurulmasında, istərsə də mübarizə və
yaradıcılıq metodlarında Azərbaycan
yazıçıları rus sovet ədəbiyyatının təcrübəsindən
istifadə edirdilər".
Bu cilddə
müxtəlif ədəbi cəmiyyətlərin
yaranmasından sonra onların əvvəlcə Azərbaycan
Proletar Yazıçıları Cəmiyyəti, daha sonra isə
Azərbaycan Yazıçılar İttifaqı adı
altında birləşdirilməsi prosesi təhlil olunur.
Ə.Cavad, H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli
və S.Vurğuna qarşı təzyiqlərin güclənməsindən
ətraflı məlumat verir. Ədəbi prosesdəki
parçalanma və qütbləşməsinin ideoloji kökləri,
milli cəbhədə duran ədəbi qüvvələrə
qarşı təzyiq vasitəsinə çevrilməsini real
tarixi fakt kimi ortaya qoyur. Elə bu vaxtlar Ə.Cavad və
C.Cabbarlıdan ilk dəfə bəhs edilir. H.K.Sanılı, Səməd
Mənsur, Almas İldırıma qarşı məhz bu
dövrdə təzyiqlər başlayır. Yaranmaqda olan
proletar ədəbiyyatının sosrealizm
yaradıcılıq metodunun zor gücünə ədəbi
düşüncəyə gətirilməsinin maraqlı
tarixçəsi olmaqla, onun gələcəyinə nihilist
münasibətlər məhz bu dövrdə yaranır.
Professor Bədirxan
Əhmədli dövrün ədəbi mübarizəsini
bütün təfərrüatları ilə, diqqətlə
araşdırmış, onların ideya istiqamətlərini,
amallarını, niyyətlərini bütün
reallıqları ilə göstərə bilmişdir. Məhz
bu dövrün ədəbi xülasəsini verərkən prof. B.Əhmədli yeni ədəbi
qüvvələrin ədəbiyyata gəlişini, onların
yaradıcılığının aşkar xüsusiyyətlərini
göstərərək, bu dövr ədəbiyyatını
"sentimental-romantik poeziyadan nikbin sonluğa" qənaəti
ilə dəyərləndirir; Ə. Nazim, N.Hikmət,
S.Vurğun, M.Müşfiq və başqalarını yaranmaqda
olan yeni şeirin nümayəndələri kimi təqdim edir.
Müəllif haqlı olaraq yeni şeir
axtarışlarını, mövzu, mündəricə və
yeni poetik forma mədəniyyəti problemlərini xüsusi
vurğulayır. Haqlı olaraq yeni şeirin poetik forma
axtarışlarından, sərbəst şeirin poeziyada bərqərar
olmasından, Azərbaycan sərbəst şeirinin yaranması
və formalaşması ilə bağlı
araşdırmaları mövcud tədqiqatlardan fərqlənir
və yeni tendensiyanı ortaya qoyur. S.Vurğun və
M.Müşfiqin bu sahədəki səmərəli və əvəzsiz
poetik formalarından ətraflı danışaraq fikirlərini
təsdiqləyə bilir. Kitabı oxuduqca müəllifin
sübuta ehtiyacı olmayan nəticələrinin
doğruluğuna inanmamaq olmur. Yeni poetik təfəkkürün
formalaşmasında "Sənət həyat
üçündür", yoxsa, "Sənət sənət
üçündür" ədəbi formulunun mübarizəsini
dəyərləndirir. Bu dövrün poeziyası Hacı Kərim
Sanılının oçerki ilə yekunlaşır. İlk
dəfə olaraq H.K.Sanılı ədəbiyyat tarixinə
daxil edilir. Yeri gəlmişkən, professor B.Əhmədli
şəxsiyyətlərə həsr edilmiş oçerklərdə
(kimliyindən asılı olmayaraq!) şəxsiyyəti deyil,
bədii mətni təhlil edir, ədəbiyyat tarixindəki
yerini və mövqeyini "ədəbiyyata nə
vermişdir?" formuluna görə müəyyənləşdirir.
Müəllif
bu illərdə ədəbiyyatda müsbət meyillərin
yaranmasına da diqqət çəkir, həmin dövrdə
gənc qüvvələrin, N.Hikmətin Azərbaycana gəlişi,
yeni şeirin yaranmasında ənənə və novatorluq məsələləri
önə çəkilir. N.Hikmətin, M.Rəfilinin ilk milli
sərbəst şeirin formalaşmasındakı rolu arqumentlərlə
əsaslandırılır. Şeirdə satirik ənənələrin
davam etməsi və inkişafı yeni yaranmaqda olan ədəbiyyatın
əsas müsbət cəhətləri kimi qeyd olunur,
M.Ə.Sabir ənənələrinin davamı kimi M.S.Ordubadi,
Səməd Mənsurun ("Rəngdir", "Qoca
aşıq", "Cavan aşıq",
"Bacıoğlunun dayıya ərizəsi",
"Dayının bacıoğluya cavabı" və s.),
H.K.Sanılı, Ə.Nazim, C.Cabbarlı və başqalarının
satira yaradıcılığının geniş ədəbi
təhlilini verir.
Bu mərhələdə
yaranan nəsr, dramaturgiyanın da inkişafında baş verən
proseslər və hadisələr yetərincə
araşdırılır. Poeziyada yeni bədii təfəkkür
formalaşdığı kimi, nəsr və dramaturgiyada da yeni
inkişaf prosesi başlayır. Bədii nəsrdə irihəcmli
əsərlərin yaranması səbəbləri, müasir həyat
hadisələrini təsviretmə prinsipləri qeyd edilir. Bu
dövr ədəbiyyatında nəsrin (xüsusilə, hekayəçiliyin)
inkişafında C.Məmmədquluzadə, C.Cabbarlı,
Ə.Haqverdıyev, S.S.Axundov, S.Hüseyn, Qantəmir,
B.Talıblı, H.Nəzərli, T.Ş.Simurğun
yaradıcılığı önə çəkilir.
Onların nəsr yaradıcılığını ədəbiyyat
tarixçiliyinə gətirib, ədəbi-nəzəri
düşüncə müstəvisində təhlili təqdirəlayiqdir.
Dramaturgiya
icmalında isə onun səciyyəvi xüsusiyyətləri,
mövzu və problematikası önə çəkilir.
Tarixi həqiqətlə bədii gerçəkliyin təsviri
problemində H.Cavidin "Topal Teymur" və "Peyğəmbər"
əsərlərilə yeni mərhələyə daxil
olduğunu bildirir. "Dramaturgiya" bölümünün
"Cəfər Cabbarlı" oçerki ilə tamamlanması
təqdiredicidir. Biz burada tamamilə yeni bir Cəfər
Cabbarlı obrazı ilə rastlaşırıq, daha
doğrusu, tanıdığımız C.Cabbarlının
tanımadığımız xüsusiyyətlərini bizim
üçün açır. Qeyd edim ki, bu yanaşmanı
oçerki verilən bütün müəlliflərə aid
etmək mümkündür. Çünki ədəbiyyat
tarixi hər hansı bir araşdırma deyil, bütün ədəbi
hadisə və şəxsiyyətlərin
yaradıcılığını ali ədəbi prinsiplərlə təqdim etmək
və ədəbi fikirdəki yerini təsbit etmək deməkdir.
Bu mənada, M.Müşfiq oçerki təqdir
olunmalıdır. Oçerkdə M.Müşfiqin
yaratdığı yeni mövzu, məzmun və mündəricənin
tələblərindən doğan novatorluğu görməmək
mümkün deyil. Müəllif nakam şairin poetik
yaradıcılığına xüsusi həssaslıqla
yanaşır, bunun üçün də hər cür təşəkkürə
layiqdir. M.Müşfiqin poetik dühası ilə yaradılan "Oxu tar",
"Küləklər", "Teleqraf telləri",
"Yenə o bağ olaydı", "Gecə
düşüncələri" və s. kimi şeirlər təkrarolunmaz
poeziya nümunələri olub, məzmun və forma vəhdətinin
parlaq nümunələrini açır. Doğrusu,
üç və dörd heca duraqlı (bölgülü)
şeir formasına XII əsrin klassik sənətkarı
Əhməd Yəsəvinin "Divani-hikmət"indən
tutmuş, müasir dövrümüzə qədər
heç bir şairin yaradıcılığında rast gəlmədik
(Ə.Yəsəvi "Divanı"nı 4 hecalı duraq
növündə yazmışdı). Bu vəzn
ölçüsü Müşfiqin poetik dühasının
yaradıcılığı sayəsində
yaranmışdı. Şeir təkrarolunmaz bariz nümunəsi
olub dünya poeziya tarixi üçün yeni idi!.. Ona nə
antik yunan poeziyasında ("Anakreonun, Homerin
poeziyasında"), nə orta əsrlər italyan (Dante), nə Bayronun, nə də
rus poeziyasında (Jukovski, Puşkin, Lermontov, Yesenin və b.)
rast gəlmək mümkün deyil. M.Müşfiq sərbəst
şeirin əsrarəngiz poetik formasını yaratmaqla,
söz-ifadə ilə misra anlayışları
arasındakı sərhədləri dağıtdı…
Professor Bədirxan
Əhmədli 40-50-ci illəri "Sosrealizmin təşəkkülü
və yeni meyillərin təzahürü" adlandırır
və ədəbi mühitin sosrealizm çərçivəsində
inkişafını izləyir. Burada da iyirmi illik bir
dövrün ədəbi mənzərəsi yaradılır;
müharibə ədəbiyyatının yaranması,
S.Vurğun və S.Rəhmana hücumlar, konfliktsizlik nəzəriyyəsi,
Axmatovşina və Zoşşenkoçuluğa qarşı
mübarizənin zərərləri, "Kitabi-Dədə
Qorqud" dastanına Moskvadan hücumlar, ədəbiyyatın,
hələ də müəyyən mənada qərar və qətnamələrlə
idarə olunması və s. kimi məsələlər üzərində
dayanılır. Müəllifin fikrincə, II Dünya
müharibəsi bir çox məsələləri üzə
çıxardı; sistemin bir çox xalqlara qarşı
inamsızlığı, müharibənin gətirdiyi siyasi
baxış və s. xalqları öz milli keçmişinə
baxmağa vadar etdi. 1948-ci ildə bir qrup gəncin (İ.Rəhimov,
G.Hüseynoğlu və b.) Azərbaycanla bağlı təşkilat
yaratmaları və rəhbərliyini S.Vurğuna təklif etmələri
cəmiyyətdə yeni baxış paradiqmaları yaratdı.
Bu proses digər xalqların həyatında da baş verdi.
Professor Bədirxan
Əhmədli poeziya, nəsr və dramaturgiyada baş verən
prosesləri bütün incəlikləri ilə sistemləşdirir
və müəyyən nəticələrə gəlir.
Poeziyada S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim, O.Sarıvəlli
ilə yanaşı, yeni qüvvələr (B.Vahabzadə,
H.Hüseynzadə, N.Xəzri, Ə.Kərim, M.Araz,
Ə.Kürçaylı və b.) onun məzmununu və
üslubunu da dəyişdi, poeziyaya yeni nəfəs və yeni
ruh gəldi qənaətini önə çıxarır, Cənub
mövzusunun Azərbaycan bədii düşüncəsindəki
mövqeyini yeni mərhələ kimi dəyərləndirir.
Bu bölümdə S.Vurğun, S.Rüstəm, R.Rza, M.Rahim,
O.Sarıvəlli ilə yanaşı, ilk dəfə olaraq
Əliağa Vahid oçerkinin də yer alması şairin ədəbiyyat
tarixindəki halal haqqıdır.
Professor Bədirxan
Əhmədli nəsrin bu mərhələdə Azərbaycan ədəbiyyatında
tarixi boyu ilk dəfə olaraq poeziyadan önə keçməsini
təsbit edir, bədii nəsrin inkişafını şərtləndirən
amilləri araşdırır, sistemdən və ideolojidən
gələn ziddiyyətlərin getdikcə aradan
qalxdığını yazır. S.Rəhimov, M.Hüseyn,
Əbülhəsən, M.İbrahimov, İ.Əfəndiyev,
İ.Hüseynov, İ.Şıxlı nəsrinin getdikcə cəmiyyət
hadisələrinin təsvirinə daha çox nüfuz etməsi,
nəsrdə psixoloji amillərin yer tutması məsələləri
təhlil edilir; altımışıncılara gətirən ədəbi
fikir həyatının bu illərdə yarandığı və
formalaşdığı qənaətinə gəlir. Burada hər
bir yazıçının ədəbi fikir tariximizdəki
yeri və mövqeyi yaradıcılığına uyğun
olaraq verilir. M.İbrahimova həsr etdiyi ədəbi-oçerkdə
onu nasir, dramaturq kimi təqdim etməklə, ədibin
ictimai-siyasi fəaliyyətini geniş əks etdirir, Ali Sovetin
sədri vəzifəsində işləyərkən milli
dilimizin saflığı uğrunda mübarizə
aparmış və buna nail olmuş ictimai xadim kimi təqdim
edir. Ədəbiyyatımıza "Gələcək
gün", "Pərvanə", "Böyük
dayaq" və s. kimi nəsr əsərləri və dramlar bəxş
edən yazıçını biz bu oçerkdə həm də
xalqın tarixi, dili və bugünkü statusu uğrunda
mücadiləçi ictimai xadim kimi tanıyırıq.
Dərslik-monoqrafiyada
ilk dəfə olaraq mühacirət, onun bir şaxəsi olan
legion ədəbiyyatı nümayəndələrinin həyat
və yaradıcılıqları haqqında portret oçerklərin
verilməsi olduqca maraqlıdır və yenidir. Tədqiqatçı
mühacirət ədəbiyyatını milli bədii
düşüncəni zənginləşdirən faktorlardan
biri kimi araşdırmaya cəlb edir. Burada mühacirət ədəbiyyatının
mərhələ və problemləri, mühacirət mətbuatı,
xüsusən, "Yeni
Kafkasya", "Azərbaycanın", "Yurd bilgisi", "Odlu
Yurd", "Bildiriş", "Azəri Türk",
"Qurtuluş", "Müsavat", "Azərbaycan"
(Ankara), "Azərbaycan" (Paris), "İstiqlal",
"Türk Yurdu",
"Hücum", "Turan", "Prometey" və
s. nəşriyyat orqanlarının fəaliyyəti geniş
işıqlandırılır.
I
dövr. XX əsrin ilk onilliyi (1906-1907-ci illər).
II
Dünya müharibəsinə qədərki, dövr.
III
dövr. Dünya müharibəsindən 1950-ci illərin
ortalarına qədərki zaman, nəhayət, IV dövr.
60-cı illərdən 80-ci illərin sonuna qədər.
Azərbaycan
mühacirət poeziyasının tarixini XVI əsrdə axtaran
təqiqatçı XIX əsr Azərbaycan şairi Nigarinin
yaradıcılığına da mühacirət fonunda ekskurs
edir. Mühacirət poeziyasının mövzu və
problematikasını araşdıran tədqiqatçının
Almas İldırım və Gültəkini oçerk kimi verməsi
də tamamilə doğrudur. Çünki bu iki şairin
yaradıcılığı mühacirət poeziyasını
ən yaxşı şəkildə təmsil edirdi. Əgər
A.İldırım yaradıcılığı Azərbaycan ədəbiyyatına
yaxşı tanışdırsa, Gültəkin haqqında
bunu demək çətindir. Bu şair haqqında "Bir
istiqlal yolçusu" (Əmin Abidin həyatı, mühiti və
yaradıcılığı) (Bakı, Elm, 2003)
monoqrafiyasının müəllifi bu dəfə Gültəkini
ayrıca mühacir şair olaraq dərslikdə verir. Bu da
tamamilə qanunauyğundur, çünki Ə.Abid rəsmən
mühacir olmasa da, "Gültəkin" gizli imzası ilə
mühacirət mətbuatında siyasi lirikanın ilk ən
yaxşı nümunələrini yaratmış və sovet
"buzlu cəhənnəm"inin poetik obrazını
yaratmışdır. Gültəkin poeziyası, tədqiqatçının
da yazdığı kimi, Azərbaycan siyasi mühacirətini
ruhlandırmış, ona yön və istiqamət
vermişdir.
Müəllif
"Mühacirət ədəbiyyatı"
bölümündə daha iki yenilik edir; ilk dəfə olaraq,
M.Ə.Rəsulzadə haqqında oçerk verərək onun ədəbi
yaradıcılığını və mühacirət hərəkatına,
milli ideala, Azərbaycan istiqlalına xidmətlərini
pasportlaşdırır. Biz bu oçerkdə böyük
ictimai xadim M.Ə.Rəsulzadəni, həm də əsərlərində
Azərbaycan istiqlalını son nəfəsinədək
yaşadan bir ədəbiyyat və fikir adamı kimi
görürük.
Bu
bölümdə, ilk dəfə
olaraq, legion ədəbiyyatı da ədəbi fikir tarixinə
daxil edilir və mühacirət ədəbiyyatının bir
qolu kimi təhlilə cəlb edilir. Müəllif II Dünya
müharibəsi zamanı Almaniyada toplaşmış ədəbi
qüvvələri legion ədəbiyyatı kimi
qruplaşdırır. Bunlar əsasən,
aşağıdakılardan ibarət idi:
A.Bulaq,
Alptəkin, Anar, An-ar, Atilla, Avaylı, Daşqın, Dəniz,
Ə. Camal, K.Əhmədov, Ə.Xaspoladov, M.Əliş, Gəncəli,
Gültəkin, H. Azəri, H.İşıqlı, Qafarlı,
Q, Şirvan, B. Qürbətzadə, Şuşalı,
Avaylı, S.Z. Həmidov, Yaşar, Elçin, R.Vulqan, H.B.Hərdən-birdən,
Hər-birçi, N.Xaspolad və b. Onlar bədii nəsr əsərləri,
felyeton, şeir və məqalələr yazaraq milli istiqlal
problemini gündəmdə saxlayırdılar. Bu bölmədə
M.Ə.Rəsulzadə, A.İldırım, Qurban Səid (Məhəmməd
Əsəd bəy), Gültəkin (Əmin Abid) haqqında ədəbi
oçerklərin verilməsi ədəbiyyat tarixçiliyi
baxımından əhəmiyyətlidir. Gec də olsa, onlar ədəbiyyat
tariximizdəki qanuni yerlərini tutmuşlar.
Professor Bədirxan
Əhmədli 3 cildlik ədəbiyyat tarixinin 2010-cu il nəşrində
olduğu kimi, indiki nəşrində də Məhəmməd
Əsəd bəy haqqında oçerk verməklə
yanaşı, onun "Əli və Nino" romanını da
təhlilə cəlb edir. Bu, olduqca əhəmiyyətlidir,
ona görə ki, dünya ədəbiyyatında bestseller kimi
qiymətləndirilən "Əli və Nino"
romanının müəllifinə sahib çıxmaq istəyənlər
çoxdur. Bu barədə xarici araşdırmalar da
vardır; elə isə nədən özünü türk və
müsəlman hesab edən bu görkəmli fikir
adamının dünyada məşhur olan irsinə sahib
çıxmayaq? Buna görə də, müəllifinin və
onun ədəbi irsinin Azərbaycan ədəbiyyatına
qaytarılmasında, müəllifinin şəxsiyyətinin
müəyyənləşdirilib tanınmasında professor Bədirxan
Əhmədlinin araşdırmaları xüsusi rol
oynamışdır. Bu əsəri və "Qafqazın on
iki sirri", "Altunsaç", "Ağ Rusiya",
"Dünyaya qarşı qəsd", "On peyğəmbər"
və s. romanları ilə dünya ədəbiyyatına səs
salan Qurban Səid Azərbaycan ədəbiyyatı tarixində
"qanun"i yerini ala bilmişdir.
Əsərin
sonuncu bölümü Cənubi Azərbaycan ədəbiyyatına
həsr edilmiş, həmin bölüm Məhəmmədhüseyn
Şəhriyarın haqqında hazırlanmış ədəbi
oçerklə tamamlanmışdır.
Əsərdə
Azərbaycan ədəbiyyatı tarixinin indiyədək
ideoloji mövqedən təhlil olunmuş hadisə, istiqamət
və keyfiyyətləri çağdaş elmi-nəzəri
prinsiplərlə təhlil edilir və həqiqi qiyməti
verilir. Bu fundamental əsərin bakalavr, magistr, doktorant və tədqiqatçılar
üçün son dərəcə gərəkli bir mənbə
olacağını qətiyyətlə söyləyə bilərik.
Məmməd
ƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.26-27.