Müşfiqin Şuşa səfərləri
Müşfiq Şuşaya vur-tut,
bircə dəfə ayaq basmışdı Qarabağ torpağına;
1930-cu ilin payızında.
Özü də pambıq mövsümündə.
Yüzlərlə ali
məktəb tələbəsi
kimi Aşağı Qarabağa "ağ qızıl" yığımına
getmişdi. Gənc yazıçı dostları
Süleyman Rəhimov və Əlyar Qarabağlı da onunla birlikdə idilər. Ay yarıma qədər burda qalan dostlar
imkanlaşdırıb, heç
olmasa, bir şənbə-bazar günü
Şuşaya qalxmaq, aranın cəhənnəm
istisindən bir qədər uzaqlaşıb,
havalarını dəyişmək
fikrinə düşsələr
də, sosializm yarışının qanun-qaydaları
onların bu istəklərinin qarşısına
sədd çəkirdi.
Və nəhayət, üzərlərinə götürdükləri
öhdəlikləri vaxtlı-vaxtında
yerinə yetirərək
planı artıqlaması
ilə dolduran tələbələr geri
döndülər. Şuşanı
görmək arzusu, Zakirin, Nəvvabın, Üzeyir bəyin müqəddəs vətənini
ziyarət etmək istəyi isə Müşfiqin ürəyində
Bakıya qayıtdı...
Otuzuncu illərin mürəkkəb
və çətin poeziya pillələri ilə sürətlə qalxan və respublikada artıq istedadlı bir şair kimi tanınan Mikayıl Müşfiq zamanın tələblərinə cavab
verən mövzulardan
yazmağa daha çox üstünlük
verirdi. Onun daim şer deyən
şaqraq və gur səsi gah Bakının neft rayonlarının, fəhlə
qəsəbələrinin iri
tamaşa salonlarından,
gah zavod, fabrik, məktəb klublarından
eşidilir, gah da qonşu
respublikalardakı sənət
dostlarının ədəbi
məclislərindən gəlirdi.
Geniş dinləyici və tamaşaçı
auditoriyalarında çıxış
eləməyi xoşlayan
alovlu şair Azərbaycan Proletar Yazıçılar Assosiasiyasının
(indiki Azərbaycan Yazıçılar Birliyinin
- V.Q.) üzvü kimi
vaxtaşırı fəhlələr,
kolxozçular, tələbələr,
məktəblilər, ziyalılar
qarşısına müasir
həyatdan bəhs eləyən əsərləri
ilə çıxır,
gəncləri təzə
həyata, yeni quruculuq
işlərinə səsləyir,
dinləyicilərini ruhlandıraraq
onlarda daha xoşbəxt gələcəyə
inam yaradırdı.
Ona görə də ədəbiyyata yenicə qədəm qoyan istedadlı gənc şairlərdən söhbət
düşəndə Mikayıl
Müşfiqin də adı birincilər sırasında çəkilirdi.
Azərbaycan Proletar Yazıçılar
Assosiasiyasının xətti
ilə budəfəki
yaradıcılıq ezamiyyəti
lap yerinə düşdü,
Müşfiqin ürəyincə
oldu. Bir neçə yazıçı və şairlə Dağlıq
Qarabağa yola düşdü və öz Xızısı qədər ona doğma, əziz sandığı Şuşanı
görmək arzusu birdəfəlik ürəyindən
silindi.
...Mikayıl Müşfiqin Şuşaya gəlişi
ildırım sürəti
ilə şəhərə
yayıldı. Ədəbi
ictimaiyyət arasında
söhbət gəzməyə
başladı ki, məktəblərdə
və digər mədəni-maarif müəssisələrində
onunla görüşlər
keçiriləcək. Şəhər
orta məktəbinin ədəbiyyat müəllimi
Əyyub Musayev də şagirdlərinə
muştuluq verirmiş
kimi, şairin Şuşaya gəldiyini bildirdi və həmin gün dərsdən əlavə,
Mikayıl Müşfiqin həyat
və yaradıcılığından
da danışdı, haqqında
uşaqlara geniş məlumat verdi. Dedi ki, sabah onları şairin görüşünə aparacaq.
Görüşün rayon qəzeti
redaksiyasında olacağını
da bildirdi.
Ertəsi
gün səhər saat 10-11 radələrində
Əyyub müəllim
rəhbərlik elədiyi
ədəbiyyat dərnəyinin
üzvlərini də
götürüb, redaksiyaya
yollandı. Öz şeirləri ilə artıq Şuşanın
hüdudlarından kənarda
tanınan yerli yazıçı Novruz Heyrani, şairin yaxın tanışı,
pedaqoji məktəbin
ədəbiyyat müəllimi
İsaq Məmmədov
və tələbələri
Həbib Allahverdiyev, Yaqub Musayev, Kamal Yusifov da burda idilər. İyirmi yeddi-iyirmi səkkiz yaşlarında, ortaboylu, enlikürək, qıvrımsaç,
qaraqaş, qaragöz,
itibaxışlı cavan
bir oğlan gənclərə ədəbi
məsləhət verirdi.
Onun əynində düz qoysan, düz duran qəhvəyi rəngli kostyum vardı və ona uyğun
da köynək, ayaqqabı
geyinmiş, qalstuk taxmışdı. Qəzetin
redaktoru bu səliqəli oğlanı
Əyyub müəllimə
və gənc poeziya həvəskarlarına
təqdim eləyib:
"Tanış olun,
şair Mikayıl Müşfiqdir!" - dedi
və uşaqları
da qonaqla tanış elədi. Ədəbiyyat həvəskarları Müşfiqin
başına toplaşdılar,
ona müxtəlif suallar verməyə başladılar. Şair gənc dostlarının suallarına ehtiram və nəzakətlə cavab verirdi. Həmin görüşün
şahidi olmuş mərhum müəllim
Mustafa Fətəliyev 1968-ci ildə Mikayıl Müşfiqin anadan olmasının 60 illiyi münasibətilə qələmə
aldığı xatirəsində
yazırdı: "Görkəmli
şairimiz, sən demə, bizdən əvvəl qəzetin səhifələrini bir-bir
nəzərdən keçirmiş,
çap olunmuş şeirləri oxumuş və cib dəftərçəsində
qeydlər etmişdi.
O, adımızı çağırır,
biz ehtiramla ayağa qalxırdıq.
- Əyləşin, lazım
deyil, amma dediklərimə yaxşı
fikir verin, gələcəkdə belə
nöqsanlara yol verməyin.
Şeirlərimizin bütün qüsurlarını
bir-bir dedi, hansı sözün yerinə düşmədiyini,
dil və üslub xətalarını,
forma aludəçiliyini göstərdi,
şeiri necə yazmaq haqqında öz məsləhətlərini
verdi, sonra bizə müraciətlə:
- Hə, indi hərəniz
öz təzə şeirinizdən birini oxuyun, qulaq asaq,
- dedi.
Şairin
qarşısında heç
kəs şeirini söyləməyə cəsarət
etmirdi. Bunu özü də hiss etdiyindən "belə olmaz, növbə ilə başlayaq", - dedi.
Nə demək olardı, başladıq. Bir, iki, üç, dörd, beş... Növbə mənə çatdı.
Mən şeirimi əzbərdən söylədim.
Şeirin birinci bəndi belə idi:
Bir şair könlümün
gen damarından
Daşqın ümman kimi söz gəlib-gedir.
Əyilmək bilməyən polad
məqsədim
Ellərin eşqiylə düz
gəlib-gedir.
Şair
məni saxladı və gülümsünərək
dedi:
- Dostum, könülün gen damarı
olmaz! Onu dəyişdir, belə elə:
Bu şair könlümün
təmtərağından.
Müəllimlərimiz xahiş elədilər ki, şair öz yeni şeirlərini
oxusun. Bu, bizim də ürəyimizdən
oldu. Onun şeirlərinin təsir gücü, həyatiliyi, xüsusilə də, özünün şeir oxumaq qabiliyyəti bizi valeh elədi.
Axırda
şair bizə bildirdi ki, meşəni, çayı, bir sözlə, təbiəti
seyr eləyib, hərəmiz bir şer yazaq. Sonralar mənə aydın oldu ki, Mikayıl Müşfiq, həqiqətən, təbiətin
vurğunudur. O, gözəl
təbiət lövhələri
yaradan şairdir.
Söz yox ki, biz onun tapşırığına əməl
elədik. Hərəmiz
bir şeir yazıb, şairə göstərdik və görüşdə oxuduq."
(Mustafa Fətəliyev. "Sarılım qoy sənin boynuna, Şuşa!", Bakı,
"Letterpress" nəşriyyatı,
2015-ci il, səhifə 128-129.)
Mikayıl Müşfiqlə ilk tanışlıq şuşalı
şeir həvəskarlarında
poeziyaya, ümumiyyətlə,
ədəbiyyata maraq və həvəsi daha da artırdı.
Aradan bir müddət keçəndən sonra Mikayıl Müşfiq yenə də Şuşaya gəlmişdi.
İlin ən gözəl çağı,
may ayı idi. Şuşa Pedaqoji Məktəbində şairin
pərəstişkarları onunla təntənəli görüş təşkil
etmişdilər. Həm
müəllimlərin, həm
tələbələrin, həm
şəhər ictimaiyyəti
nümayəndələrinin, elə hamının sevincinin həddi-hüdudu
yox idi. Niyə də sevinməyəydilər?! Axı
adını yalnız
ədəbiyyat müəllimlərinin
dilindən eşitdikləri
və bir dəfə də üzünü görmədikləri
Müşfiqi çoxları
bu gün canlı, üzbəsurət
görəcəkdilər, onun
şeirlərini dinləyəcək,
suallar verəcəkdilər...
Pedaqoji məktəbin foyesində
böyük canlanma vardı. Ətraf yerlərdən də şairi görmək arzusunda olanlar Şuşaya gəlmişdilər.
Görüşün başlanmasına
lap az qalırdı. Kimisi foyedə gəzişir, kimisi pəncərə qarşısında
dayanıb, söhbət
edir, kimisi də bir küncə
çəkilib, siqaretə
dəm vururdu. Yazı-pozu adamlarını
çox sevən, onlarla görüşü
keçirməkdən, əsərlərini
müzakirə etməkdən,
lazım gəlsə,
polemikaya girişməkdən
zövq alan, şeirdən, sənətdən
doymayan şuşalı
ədəbiyyat həvəskarları
vaxtaşırı qocaman
və cavan ədiblərlə müxtəlif
müəssisələrdə və mədəniyyət
ocaqlarında ədəbi-bədii
gecələr keçirsələr
də, budəfəki
görüş onlar üçün daha əziz, daha maraqlı idi. Ona görə də Müşfiq şeirinin pərəstişkarları qonağı
səbirsizliklə gözləyirdilər.
Rayon rəhbərliyinin və şəhər ictimaiyyətinin
nümayəndələri foyeyə
daxil olarkən qabaqda gələn və çoxlarının
hələ tanımadığı
qarabuğdayı bir gənc əllərini iç-içə alaraq hamıya ümumi salam verib, yanındakılarla
birlikdə içəri
adladı. Foyedəkilər
qonağın Müşfiq
olduğunu bilib, dərhal onların ardınca salona daxil oldular. Bir dənə də boş yer qalmadı.
Şair səhnəyə
çıxanda tamaşaçılardan
hamısı bir nəfər kimi ayağa qalxıb, onu uzunsürən alqışlara qərq elədilər. Görüşün
aparıcısı coşqun
və canlı bir həyat yolu keçmiş böyük ilham və istedad sahibi Müşfiqi dinləyicilərə təqdim
edəndən sonra sözü ona verdi.
Şair
Müşfiqsevərlərə səmimi təşəkkürünü
və minnətdarlığını
bildirib, sözə başladı, Azərbaycan
şeirinin bugünkü
vəziyyətindən danışaraq,
ədəbiyyatın son illərdəki
nailiyyətlərini xüsusi
vurğuladı, müasir
poeziyanın yükünü
çiyinlərində daşıyan
gənc şairlərin
adlarını çəkdi...
Sonra öz şeirlərini
sinədən söyləməyə
başladı. Alovlu, coşqun təbiətli şairin ürəyi vəcdə gəldi, şair qəlbi aşıb-daşdı, ilhamı
çağladı, nə
çağladı. Ahəngdar,
yumşaq, məlahətli,
eyni zamanda da gur və şaqraq
səsi bütün
salon boyu yayıldı.
Müşfiq qəlbinin
ən incə, ən kövrək tellərindən qopub-gələn
dadlı-duzlu, ləzzətli
şeirlər oxuyurdu.
Şair arabir əlini oxuduğu şeirin ahənginə uyğun qaldırıb-endirir,
alnının üstünə
düşən qara, gur saçlarını əliylə tez-tez arxaya atırdı. Şeirlərinin məlahətlə,
ahənglə səslənməsi,
əllərinin misralara
uyğun hərəkəti
tamaşaçıları heyran eləmişdi. Ona görə də Müşfiq poeziyasının
vurğunları şairi
səhnədən buraxmaq
istəmir, dönə-dönə
şeir oxutdururdular...
Müşfiq tamaşaçıların tələbi ilə şeirlərini söylədikdən
sonra aparıcı görüşün birinci
hissəsinin başa çatdığını bildirdi...
Şairlə sual-cavab
başladı. Pərəstişkarlarının
bütün suallarını
Müşfiq qaneedici cavablandırdı və ikinci hissə ilə görüş başa çatdı.
Sonra isə şairin şərəfinə böyük
konsert verildi. Mikayıl Müşfiqlə
bu tarixi musiqili-ədəbi görüş
o dövrün tamaşaçılarının
yaddaşına əbədi
yazıldı. Həmin
gecənin iştirakçısı
Mustafa Fətəliyev xatirələrini
belə davam etdirir: "Mikayıl Müşfiqi ikinci dəfə də görmək xoşbəxtliyi
mənə nəsib oldu. Bu zaman mən artıq pedaqoji məktəbin tələbəsi
idim. Şair məktəbə gəlmişdi...
Mikayıl Müşfiqin çox
iti yaddaşı vardı. Konsertdən sonra ona yaxınlaşıb,
görüşmək istəyərkən
dərhal məni tanıdı. "Könlümün
gen kanalı" deyib,
zarafatla güldü. Texnikumda oxumağım münasibətilə məni
təbrik elədi, gələcəkdə yaxşı
müəllim olmağımı
arzuladı..." (Mustafa Fətəliyev.
"Sarılım qoy
sənin boynuna, Şuşa!", Bakı,
"Letterpress" nəşriyyatı,
2015-ci il, səhifə 129-130.)
Ertəsi
gün Mikayıl Müşfiqlə Qarabağa
yaradıcılıq ezamiyyətinə
gəlmiş şair Q.Samvel Şuşanın
ən iri və ziyalı kəndi olan Malıbəyli məktəbinə
görüşə getdilər.
Bu görüş həm
Müşfiqin, həm
də malıbəylilərin
yaddaşına tarixi bir gün kimi
həkk olundu. Səfər yoldaşı
şair haqqındakı
xatirələrində yazırdı:
"Müşfiqin Malıbəyli
məktəbliləri ilə
görüşü xüsusilə
təsirli oldu. Ora biz ikimiz - mən və Müşfiq getmişdik.
Kənddə bizi ilk qarşılayan
balaca bir uşaq oldu. Müşfiq onu saxlayıb:
- Oğlan, məktəb hansı tərəfdədir?
- deyə soruşdu.
Oğlan
əliylə kəndin
kənarındakı ikimərtəbəli
binanı göstərib:
- Məktəb, bax, odur! - dedi.
- Sən də orda oxuyursan?
- Bəli, orda oxuyuram, beşinci sinifdə.
- Bəs Mikayıl Müşfiqi tanıyırsan?
- deyə mən soruşdum.
- Müşfiqi?! Əlbəttə,
tanıyıram!
- Onun şeirlərindən hansını əzbər
bilirsən?
- "Şəngül, Şüngül,
Məngülü!"
- Əzbər deyə bilərsən?!
- Deyərəm! İstəyirsiniz?!
- İstəyirik! Məmnuniyyətlə
qulaq asarıq!
Və oğlan şeiri əzbərdən deməyə
başladı:
Ana keçi, hallı keçi,
Məmələri ballı keçi.
O dağlardan, bu dağlardan,
Durna gözlü bulaqlardan,
Yeyib, içib, ətə dolur,
Məmələri südlə dolur.
Ana keçi, ana keçi,
Qurban olum sana, keçi!
Səni
gözlər Şəngül,
Şüngül,
Yuxa tüklü gözəl Məngül...
Müşfiqin sevincinin həddi-hüdudu
yox idi. O, elə təsirlənmişdi
ki, oğlanı qucaqlayıb,
üz-gözündən öpdü.
- Bilirsən səni kim öpür?! - Mən oğlandan soruşdum.
- Xeyr, bilmirəm!
- Elə o, Müşfiqin özüdür də!
Mənim
sözümdən oğlanın
gözləri dörd
oldu, Müşfiqi başdan-ayağa süzüb,
birdən götürülərək
məktəbə sarı
qaçdı.
Bir neçə dəqiqədən
sonra isə məktəbin bütün
müəllim heyəti
və şagirdləri
küçəyə çıxdılar.
Qonşuluqdakı evlərin
sakinləri də məktəblilərə və
müəllimlərə qoşuldular"
(S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivi. Q.Samvelin
şəxsi fondu: 63,1,39, səhifə
26-27.)
Elə bu vaxt Müşfiqgilə
bir maşın yaxınlaşdı. İçəridəkilər
düşüb, salamlaşaraq
onlarla birlikdə məktəbə tərəf
getdilər. Sən demə, Mikayıl Müşfiqin Malıbəyliyə
gedəcəyini əvvəlcədən
bilən Şuşa
rayon Milis Şöbəsinin
əməliyyat müvəkkili,
ədəbiyyat və
incəsənət vurğunu
olan Məmmədəli
Novruzov görüşün
daha gözəl, daha maraqlı və təmtəraqlı
keçməsi xatirinə
Xan Şuşinskinin də
bu tədbirdə iştirakını lazım
bilərək, cəld
dostunun dalınca Ağdama yollanıb. Görkəmli xanəndə
sonralar həmin o tarixi günü belə xatırlayırdı:
"Bir dəfə Ağdamda
çıxan qəzetdə
işləyən Malıbəyli
balası, dostum Məmmədəli Novruzov
gəldi ki, dəstəni
götür, gedəcəyik
Malıbəyliyə, Bakıdan
qonaqlarımız var. Malıbəyli
kənd məktəbində
musiqili, sözlü, söhbətli gözəl
bir tədbir keçirilirdi. Biz də həmin tədbirə qoşulduq. Qonaqların arasında çox yaraşıqlı, gözəl
simalı bir oğlan vardı. Gözəl sözləri
ilə, şeirləri
ilə hamını heyran etmişdi. Məmmədəli bizi tanış elədi, dedi ki, Mikayıl Müşfiqdir..." (Şahlar
Baba. "Mən tanıyan
Xan əmi". Bakı,
"Nərgiz" nəşriyyatı,
2018-ci il, səhifə 191.)
Görüş məktəbdə salon rolunu oynayan böyük və geniş koridorda keçirilirdi. Hərə
öz yerini tutmuşdu. Və budur, görüşün
ilk dəqiqələridir. Gəlin,
yenə də Q.Samveli dinləyək:
"Hamılıqla məktəbə
getdik. Bu görüş
mənim qəlbimdə
böyük izlər buraxdı. Müşfiqin ünvanına çoxlu sözlər deyildi, onun neçə-neçə
şeirini uşaqlar əzbərdən söylədilər.
Sonra şairin özü
çıxış elədi:
- Mən yaxşı natiq deyiləm! - deyə başladı.
Lakin kimsə dedi:
- Amma yaxşı şairsən!
- Onda icazə verin, ürəyimdə olan şeirlərdən deyim.
O, şeir deməyə başladı. Bu şeirlərdə
o qədər hiss, həyəcan,
duyğu, hərarət
vardı ki... İstər-istəməz
özü də bu şeirləri elə həyəcanla söyləyirdi ki, çoxlarının
gözlərində yaş
gilələri görünürdü.
Müşfiqin özü
də bərk həyəcanlıydı. O öz
aləmində idi. Mümkün olsaydı, mən deyərdim ki, o, gecə yarısına qədər şeir deyərdi. Hamı da onu məmnuniyyətlə dinləyirdi. Lakin dərsə
mane olmamaq üçün Müşfiq
hamıya öz təşəkkürünü və minnətdarlığını
bildirdi...
Məktəbdən çıxdıq. Onu
buraxmaq istəmirdilər,
bizdən qalmağı
xahiş edirdilər. Bəziləri bizi evinə qonaq dəvət edirdi. Lakin biz
razılıq verə
bilmirdik, çünki
vaxtımız az idi, getmək lazım idi. Məktəbin bütün
şagirdləri, müəllimləri
və kənd sakinləri bizi yola salmağa gəlmişdi. Uşaqların
küçənin hər
iki tərəfində
cərgəyə düzüldüyünü
görmək həyəcanlı
və təsirliydi. Cərgədə duranlar dəsmallarını yelləyərək
bizimlə vidalaşırdılar.
Müşfiq tez-tez geri çevrilərək mütəəssircəsinə göz yaşlarını
silirdi, sanki ən yaxın adamlarından ayrılırdı,
elə bil ürəyinə dammışdı
ki, onları bir daha görə bilməyəcək" (S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi.
Q.Samvelin şəxsi fondu: 63,1,39, səhifə
27-28.)
Malıbəylilərdən ayrılarkən
Mikayıl Müşfiq
bayaq onlara "bələdçilik eləyən"
oğlanı yanına
çağırıb:
- "Oğlum, sənin gözəl şeir demək qabiliyyətin var.
Səndən yaxşı
ədəbiyyatçı olar.
De görüm, məktəbi
bitirəndən sonra hansı sənət dalınca gedəcəksən?
- deyə soruşdu.
- Ədəbiyyatçı olacağam!
- deyə bəstəboy
oğlan şəstlə
cavab verdi." (Vasif Quliyev. "Əgər şuşalısansa...",
Bakı. "Şuşa"
nəşriyyatı, 1996-cı il, səhifə 110.)
Həqiqətən də, həmin
oğlan sonralar özünə müəllimlik
peşəsini seçdi,
ədəbiyyatçı oldu,
Malıbəyli kənd
məktəbinin pedaqoji
kollektivinə uzun illər rəhbərlik elədi, ədəbiyyat fənnindən dərs dedi. Yeri gələndə,
şagirdlərinə Mikayıl
Müşfiqlə o unudulmaz
görüşündən xatirələr danışdı,
şairi uşaqlara daha da sevdirdi...
Mikayıl Müşfiqlə həmsöhbət
olan həmin o bəstəboy oğlan Şahin Əliyev idi.
...Malıbəyli gəncləri
qonaqlarını kəndin
ən səfalı guşələrindən olan
Ceyran bulağına apardılar. Təbiət qoynunda oturmaq, çalıb-oxumaq, şadlanmağı,
əylənməyi sevən
Müşfiqin də,
digər qonaqların
da ürəyincə oldu.
Həmin
gün Ceyran bulağının başqa
hüsnü, özgə
gözəlliyi vardı.
Axı onun qonaqları adicə adamlar deyildilər. İki böyük düha, iki böyük sənət nəhəngi idilər. Xanın da, Müşfiqin
də bura təşrif buyurması sanki bulağın hüsnünü daha da gözəlləşdirirdi. Bəlkə
də, indiyəcən
Ceyran bulağının
belə əziz, belə istəkli qonaqları olmamışdı.
Bəlkə də, durnagözlü bu bulaq bu çağacan
belə təmtəraqlı
ziyafət, belə şən məclis görməmişdi...
Bir tərəfdə samovar tüstülənir,
bir tərəfdə şişlər manqal üzərinə düzülür,
bir tərəfdə isə... Hamı artıq süfrə başındaydı. Müşfiq
xəyala dalaraq qarşıda ucalan əzəmətli, "ağ
çalmalı" Qırxqızı,
Dəlidağı, Kirsi,
Sarıbabanı seyr edirdi. Masabəyi Məmmədəli Novruzovun
"xoş gəlmisiniz,
həmişə Siz gələsiniz!" sözləri
ilə başlanan ilk sağlığı şairi
dərin xəyallardan
ayırdı. Qədəhlər
cingildədi, məclis
axarına düşməyə
başladı. Tarzən
tarını köklədi,
özü də Müşfiqin də, Xanın da ən çox sevdiyi "Mirzə Hüseyn Segahı" üstündə.
Tar dilə gəldi. Xanın şaqraq səsi göylərə yüksəldi, cingiltili zəngulələrlə muğamı
başa vurarkən artıq musiqi dəryasına qərq olan Müşfiqin işarəsi ilə Allahyarın mizrabı
"Bayatı-Şiraz"a keçdi. Müşfiqin şair xəyalı coşdu, ürəklərin
tellərini dilləndirən
sənət incisi, Müşfiq incəliklərinin
bütün gözəlliyini
əks etdirən
"Oxu tar!"ı söyləməyə başladı:
Oxu, tar,
oxu, tar!..
Səsindən ən lətif şerlər diləyim.
Oxu, tar,
bir qadar
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni
kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!..
Oxu, tar,
fikrimdə oyansın
Baharın, Seyidin qəzəli,
Oxu, tar,
ruhlansın
Şirvanın, Gəncənin mehriban
gözəli!..
Şeir
bir musiqi kimi axır, məclisdəkilərin könüllərini
dalğalandırırdı. Müşfiqin ahəngdar,
məlahətli səsi,
tarın ecazkar sədası yaxınlıqdakı
ağacların yaşıl
budaqlarına qonub, bu büsatı seyr eləyən quşların səsinə
qarışmışdı. Şeir misra-misra səsləndikcə Müşfiqin
şair nəfəsi,
Xanın ürəkaçan
səsi məclisə
başqa təravət
gətirirdi. Günortadan
başlanan ziyafət artıq gün qüruba enəndə başa çatdı. Həmin gün Müşfiqlə Xan poeziyadan
və musiqidən gözəl bir çələng hördülər
- yaddaşlarda qalan, heç vaxt unudulmayan bir çələng. Şair
təzə dostları
ilə olan bu görüşdə sözüylə, söhbəti
ilə onların qəlbinə yol tapa və özünü onlara daha çox
sevdirə bildi.
Artıq
ayrılıq dəmi
çatmışdı. Müşfiq
hamı ilə sağollaşdı, halallaşdı.
Uzun illərin dostları kimi Xanla mehribancasına qucaqlaşdılar, görüşüb-öpüşdülər.
"Sağlıq olsun,
mütləq biz yenə
də görüşəcəyik!"
- dedi Müşfiq.
Amma heç kəsin ağlına gəlməzdi
ki, bugünkü məclis
onların Müşfiqlə
ilk və sonuncu görüşüdür. Şairin
də ürəyinə
dammışdı ki, bir
də bu yerlərə ayağı
düşməyəcək, bir də təzə
dostları ilə görüşməyəcək...
Vasif QULİYEV
Ədəbiyyat qəzeti.- 2025.- 7 fevral, №5.- S.24-25.