Hörmətli Azər bəy Turan!

Saf sözün xiridarlarının ümid qapısı "Ədəbiyyat qəzeti"nə ürəklə göndərdiyim bu beş-üç şeirin müəllifi Vüqar Vəkil qarapapaq türklərindəndir, uzaq Sarvan ellərində yaşayır. Elə idimini,      geyim-kecimini görsən, bilərsən kimdir. Necə danışırsa, elə yazır. Deyirsən bəs, söhbət eləyir sənnən, bir vədə başını qaldırırsan ki, oxuduğu Quran yox, şeir imiş. Deyir, hərdən kimsəsiz

qalırsan//hərdən kövrəlib dolursan//elə ziyansız olursan//quş qonur çəkdiyin aha! Urvatını bir az da artıran kimi görürsən heç ipə-sapa elə-belə düzülməyib: ömür vüsalın oldusa, ölüm

sevgidir daha... Bu yerdə mənə bir onu demək qalır ki, heç kim kefindən şair olmur, hərəni bir dərd dəli eləyir...

Sonu şeirlə bitən dərdlər yaşasın!

Hörmətlə,

Əlabbas

03.02.2025

 

***************************************************************************************************************************************************************

 

***

Yax şeirlərimi, sən ey Müqəddəs!

Çiçək bitirəcək yaxdığın ocaq.

Səni Tanrı sevir, səni çöl sevir

Köz alsan əlinə, yağış yağacaq...

 

Bu çölün düzündə yol azan rəqib,

Səni Tanrı görür, məni su görür...

Yeddi il ayrılıq, yeddi il vüsal.

Buludlar şahzadə yuxusu görür.

 

Yanan şeirlərim gül ətri saçır,

Göylərə sovrulan boz külü bilmir...

Dostumuz bu çölün özüdür elə,

Düşmən uzaqdadır, bu çölü bilmir...

 

Bu çöl Kərbəlanın körpə balası,

Bu yağış Fəratın suyu kimidir...

Yusifi görürsən gözümdə, bəlkə,

Bilirəm, gözlərim quyu kimidir.

 

Gözümlə birlikdə çıxar Yusifi

Gözümün çuxuru xaraba qalsın...

Çıxan gözlərimi Yaquba göndər,

Köynəklə gözümü sarı, sağalsın.

Sarı ki, gözümün yeri sağalsın.

 

***

Yol gedirəm cibim dolu əlim boş.

 Boş əllərim ciblərimin yüküdür.

Nöqtə qoydu dərdlərimə göz yaşım,

o dərdlər ki dəftərimin yüküdür.

 

Sığınmışam gecələrin qoynuna

nəzərlərdən yoxsa hara qaçardım.

Bəlkə tutub bir mələyin əlindən

Günahlarım olmasaydı uçardım.

 

***

Bir hörük saçını istədim sənin,

Dilimi dualar tilsimə saldı.

Yuxarıdan Allahın boz ipi endi,

Əllərim duamdan asılı qaldı.

 

Qurdlar parçalayır səni hər gecə,

Bulana bilmirəm qanına sənin.

Kaş ölüm halımda mələk olam, kaş

Gözünə qum səpən külək olam kaş

Qurdlar parçalaya sağ tərəfimi.

Bir məzar torpaqla uçam Göylərə,

Çatam yanım üstə yanına sənin.

 

Ölüm olmadımı Leyliyə Məcnun,

Zülüm olmadımı Məcnuna Leyli?

Məcnunun ahımı öldürüb səni

Lənət yağdırımmı Məcnuna xeyli?

 

Yox, mənim ürəyim daş deyil hələ,

Yox mənim ürəyim baş yaran deyil.

Məcnunun başına Leylisi qurban,

Leyliyə Məcnunun sevgisi qurban,

Mən sənə qurbanam, qurbanam hər il.

 

Bir hörük saçını istədim sənin

Dilimi dualar tilsimə saldı

yuxarıdan Allahın kəndiri gəldi

Əllərim duamdan asılı qaldı.

Uçaram yanına bir gecə əlbət -

Deyərlər, dünyanın dərdi azaldı

 

***

Susarsan, susayıb su istəməzsən

Sözün ağrıyar dilində sənin

Gözün ağrıyar göz çuxurunda

Hər şeydən üzülən əlin sənin

 

Əl aça bilməzsən, Allaha belə

Ağrıyar əllərin yanında sənin

Dözərsən, dözərsən ağrıya sonra

Dözüm ağrıyar canında sənin

 

***

Getmisən ruhumun susub nəğməsi.

Qalıb hər addımın bir ayaq səsi

Sən acı bir şərab, mənsə badəsi

Daşlara çırpılıb parçalanmışam.

 

Mən vüsal olmuşam, sənsə ayrılıq,

Sən küsən olmusan, mənsə bir qılıq,

Mən dəniz olmuşam, sən dəcəl balıq

Sahilə çıxmısan çalxalanmişam.

 

Bəlkə göz yaşımın axdığı seldə,

Axıb, gül açmısan qupquru çöldə.

Bəlkə gözlərinin baxdığı yerdə

Bir yalan olmusan mən inanmışam.

 

Vüqar Vəkil

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 fevral, №5.- S.25.