Teyyub Qurbanın son
sözü
Memuar
Nahara yaxın telefonum səsini atdı başına. Baxdım ki, Ayazdı, BDU-nun müəllimi, köhnə iş yoldaşım, mərhum yazıçı Qılman İlkinin oğlu. Adətimdi, zəng eləyənin kimliyindən asılı olmayaraq, birinci özüm danışıram. Özü də necə?! - Sözümə bal qatıb, dilimin şirin yerinə salıram:
- Salam,
Ayaz!
- Salam, Qəşəm?
- Nə
var, nə yox?
- Demirsənmi
yaman pərt olmuşam?!
- Niyə?
- Səhər
tezdən zəng elədim Teyyub Qurbana, doğum günü
münasibətilə, telefonu yoldaşı götürdü.
Mən deyən kimi "Ayazdı..." Qadın birdən
dayandı, sanki cavab vermək istəmirdi mənə. Dedim, lənət
şeytana, bunlar ayrılıb-nədi?! İnan ki, üzə
durdum axırda - xanım, Teyyub müəllimi istəyirəm!
Dedi, bilirsiniz... Teyyub yoxdu. "Necə yoxdu, - dedim, - telefonu
evdə qoyub gedib?!" "Bilirsiniz... - dedi, - Teyyub... rəhmətə
gedib!" "Necəəə?!"... "Bəli..." Bu
xəbəri gözləmirdim deyə, inan, dilim batdı.
Handan-hana "Ruhu şad olsun!" deyə bildim...
- Ayaz,
Teyyub müəllim 5-6 ay əvvəl dünyasını dəyişib,
Əmircanda dəfnində də olmuşam! Elə bilirdim,
bilirsən.
- Hardan
bilə bilərəm?! Keçmişdə 5 qəzet
çıxırdı, hamı oxuyurdu, indi statistikaya görə
guya beş yüz qəzet çıxır, heç kim də
oxumur...
-
"Ədəbiyyat qəzeti"ndə nekroloq vermişdi
Yazıçılar Birliyi.
- Nə
bilim...
***
Yazıçı-tədqiqatçı
Teyyub Qurbanla ilk görüşüm təsadüfi olub -
küçədə. Bu qəribə görüş nə əlsıxmayla
başlayıb, nə "xoşgördük"lə davam
eləyib, nə də "xudahafiz"lə başa
çatıb. Sadəcə, mən Konservatoriyanın
qabağındakı yola çıxanda, görmüşəm,
qarşıdan Teyyub Qurban gəlir. Çox güman ki, o da məni
görüb. Bir-birimizə yaxınlaşanda... nə salam, nə
kalam, bir-birimizin gözünün içinə sual dolu nəzərlərlə
baxıb, keçib getmişik...
Təbii
ki, həyatda olmasa da, mətbuatdan
tanışlığımız vardı. İndi boynuma
alıram, bu görüşün reallaşmamasının
günahı məndə oldu. Axı Teyyub müəllimdən
azı 14 yaş kiçik idim, ilkin olaraq mən salam verməliydim.
Teyyub
Qurbanla ikinci dəfə Firidun bəy Köçərli
adına Uşaq kitabxanasında üz-üzə gəldik.
Orda yaxşı bir direktor vardı - rəhmətlik Fizurə
xanım. Tez-tez uşaq yazıçılarına müəllif
hesabatı verdirirdi. Növbə mənə də
çatmışdı. Deyim ki, Teyyub müəllim kitabxanada
"Ədəbiyyat dərnəyi"nin rəhbəriydi. Onu
da deyim ki, bir dəfə şahidi də olmuşdum, Fizurə
xanımla Teyyub müəllimin fikirləri heç də həmişə
üst-üstə düşmürdü. Amma sözün həqiqi
mənasında demokratik ruhlu bir rəhbər kimi Fizurə
xanım Teyyub müəllimin faydalı işini yüsək
qiymətləndirir, onu gənc nəslin bədii
zövqünün formalaşmasında gördüyü
işdən ayırmaq haqqında heç fikirləşmirdi də.
Bu sahədə əl-ələ verib işləyirdilər.
Kitabxanada
Teyyub müəllimlə köhnə tanışlar kimi
görüşdük. Onun dərnəyinin üzvləri
"Elnur, Əkil və onların başına gələnlər"
povestimdən kiçik səhnə hazırlayıb
oynayırdılar. Qeyri-təvazökarlıq olsa da, maraqlı
yerləri vardı. Bu yerlərdə Teyyub müəllim
çevrilib təqdiredici nəzərlərlə üzümə
baxırdı. Əsər çox xoşuna gəlmişdi.
Bundan sonra əməkdaşlığımız
başladı. Məhəmməd Əmin Rəsulzadə
haqqında, Hacı Zeynalabdin Tağıyevin qızı Sara
xanım barəsində yazdığı bədii
kitablarını nəşr elədik. Bir gün də
böyük bir qovluqla qapımızdan girdi:
- Mir Cəfər
Bağırov haqqında "Düşmənlərindən
güclü şəxsiyyət" adlı kitab
yazmışam. Nəşr eləyə bilərsiniz?
- Niyə
eləmirik, Teyyub müəllim, işimizin adı nədi?!
Gülümsəyib
diqqətlə üzümə baxdı:
-
Qorxmursunuz ki?!
- Niyə
də qorxmalıyıq?!
-
Aydınlıq üçün deyim ki, sizdən qabaq başqa
bir nəşriyyatda olmuşam. Əlyazmasını
götürüb, kompüterdə yığıb, çapa
hazır eləyib, istesalata vermək ərəfəsində
direktor məni çağırtdırdı ki, bu kitabı nəşr
eləyə bilmərəm. "- Niyə?!" "- Mən
bu boyda məsuliyyətin altına girə bilmərəm."
"- Nə məsuliyyət var axı burda, - dedim, - böhtan
atmamışam, kiməsə sataşmamışam, hökumətimizə
qarşı çıxmamışam, nə yazmışam,
hamısını Azərbaycan Dövlət Arxivindən
götürmüşəm?!" "- Yox, inciməyin, nəşr
eləyə bilmərəm," - deyib durdu. Odur ki, əlyazmasını
götürüb, gəldim sizin yanınıza.
- Baxa bilərəm?
Teyyub
müəllim sellofandan əlyazmasını
çıxarıb, qoydu stolun üstünə. Mən nəzakət
xatirinə bir-iki vərəqi çevirib, soruşdum:
- Sponsorunuz
var, yəqin?
-
Bağırovun bacısı nəvəsi, xaçmazlı
Tağı müəllim kitabın xərcini öz üzərinə
götürüb.
Kompüterçini
çağırıb, əlyazmasını verdim
yığıma və tezliklə 584 səhifəlik
böyük bir kitabı, yazıçı Qılman
İlkinin "Ön sözü"ylə nəşr elədik.
Hətta Qılman müəllimin bu sözləri də
yadımdadı: "Mir Cəfər Bağırovu Teyyub bizə
sevdirə bildi." Onda 2006-cı il idi. Kitabın redaktorluq məsuliyyətini
filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev və Əməkdar
mədəniyyət işçisi, mərhum Ənvər
Quliyev öz üzərlərinə götürdülər.
Deyərdim ki, bu əsərin nəşri hadisə oldu. Tezliklə
oxucular, xüsusən də, yaşlı kitabsevərlər,
istefada olan partiya və dövlət adamları tərəfindən
kitab maraqla qarşılandı. Daha bir neçə nəşrini
həyata keçirtdik bu əsərin.
Kitabı
oxuyan mərhum Xalq şairi Qabil "Şirvannəşr"in
direktoru kimi mənə açıq məktub yazıb, gərək
ki, "Bakı-xəbər" qəzetində çap
etdirdi. Kitabı maraqla oxuyub qurtardığını, ondan
ayrıla bilmədiyini, hətta təzyiqinin kəllə-çarxa
çıxdığını da yazdı...
Məqaləni
oxuyub, nəşriyyata gələn Teyyub müəllim bir qədər
narahat olmuşdu:
- Qabil
müəllim niyə belə eləyib, görəsən?!
Axı o bir dəfə məni ölümdən qurtarıb.
Maraqla
üzünə baxdım.
- Moskvada
yaradıcılıq evindəydik, Qabil müəllim də
ordaydı. Axşam kürü yemişdim, bir az da nəfsim
güc gəlmişdi, deyəsən, çox yemişdim. Gecə
gördüm ölürəm. Ay aman, ay da-ad. Qabil müəllim
hardansa gəlib çıxdı, düşdü əl-ayağa.
Tez "Təcili yardım" çağırtdırdı.
Həkimlər gəlib, məni xilas elədilər... Amma
indi... özümdən qorxmuram, kitabın taleyindən
rahatsızam.
Düzü,
nə Teyyub Qurbana bir söz deyən oldu, nə mənə.
Amma Qabil müəllimin bu məktubu bir az da kitabın
şöhrətini artırdı.
Növbəti
günlərin birində Teyyub müəllim sevincək girdi
qapımızdan:
- Bir
sponsor da çıxıb meydana!
- Nə
gözəl!
- Amma
qarşıma şərt qoyub.
- Nə
şərt?
- Deyir,
kitabı verin, dostum nəşriyyat direktorudu, o nəşr eləsin.
- Nə
olar, gənə də sağ olsun!
- Yox ey, mən
istəyirəm, siz nəşr edəsiniz.
- Teyyub
müəllim, əsası odur ki, kitabınız geniş
yayılsın.
Kompüterçi
qızı çağırıb, kitabın elektron
variantını Teyyub müəllimə verməyi
tapşırdım.
Bir həftə
keçməmiş Teyyub Qurban yenidən qapımızı
döydü:
-
Bilirsiniz, kitabı nəşr eləmək istəyən
naşir deyir, "Düşmənlərindən güclü
şəxsiyyət"i öz adımızla buraxa bilmərik.
- Niyə
buraxa bilmirlər?!
Güldü.
Rəhmətliyin qəribə də gülüşü
vardı, lap uşaq kimi çiyni atılırdı güləndə
və bu xoş ovqat istər-istəməz qarşıdakı
adama da sirayət eləyirdi.
-
Qorxurlar!
-
Qorxurlar?! - Mən də zarafata saldım, - deyin, qorxu duası
yazdırsınlar özlərinə.
Yenidən
güldü:
-
Əlacı sizdə görürlər.
- Məndə?!
- Təəccüb elədim. - Düzdü, əmim oğlu
molladı, amma mənə keçməyib onun fal
açıb, dua yazmaq istedadı.
- Deyirlər,
kitabı yalnız "Şirvannəşr"in qrifiylə
çap eləyə bilərik.
- Təki
kitabınız bir daha işıq üzü görsün, -
deyib, razılıq məktubunu yazıb, möhürləyib,
verdim Teyyub müəllimə.
Yeri gəlmişkən,
deyim ki, adını naşir qoyan bir çoxları bəzən
heç nədən qorxuya düşür, xalq
üçün, vətən üçün vacib
kitabların nəşrində belə yaxalarını kənara
çəkirlər. Əgər nəşriyyatdan yalnız
qazanc məqsədilə istifadə etmək məqsəd idisə,
belələrinin gedib bazarda kartof-soğan satmağı
yaxşı olmazdımı?!
On illərlə
əvvəl məşhur "Şərq-Qərb" mətbəəsinin
direktoru Hacı Quliyev zəng elədi mənə:
- Qəşəm,
Şirməmməd müəllim (Ş.Hüseynov - Q.İ.)
bir kitab hazırlayıb, "Məhəmməd Əmin Rəsulzadənin
əsərlərinin 1-ci cildi", bir nəşriyyat
tapmıram ki, kitabı onun qrifiylə çap eləyim. Sənin
nəşriyyatının qrifindən istifadə eləyə
bilərik?
- Göndərin
əlyazmasını, baxım.
Kitab
"Şirvannəşr"in qrifiylə nəşr edildi. Bu
nəşrdən xeyli sonra Milli Kitabxanadan zəng edib, bir
nüsxə istədilər, əlimizdə olan son nümunəni
də onlara verdim.
Bəli,
Teyyub Qurbanın da "Düşmənlərindən
güclü şəxsiyyət" kitabı belə çətinlikdən
keçmişdi. İlk çapından ötən 6 il ərzində
kitab başqa nəşriyyatda məhz bizim qriflə nəşr
edildi. Sonralar kitabın təkmilləşdirilmiş irihəcmli
2-ci, 3-cü və 4-cü kitabları da çapdan
çıxdı. Həmin kitablar çox mühüm
tarixi-siyasi mənbələrdir. Teyyub Qurban 5-ci kitabı da
çapa hazırlamışdı. Onu da deyim, Azərbaycanın
müstəqilliyinin ilk illərində (1918-1920) təhsil almaq
üçün xaricə göndərilən 100 tələbə
haqqında da kitab hazırlamışdı Teyyub müəllim.
Bilmədim taleyi necə oldu.
***
Teyyub
müəllim zahirən səliqə-sahmanlı adam idi.
Sözündə-söhbətində rəsmiyyətçilik
hiss eləməsən də, geyim-kecimində bu rəsmiyyətçiliyi
görməmək mümkün deyildi. Bəlkə də, ilk
gənclik illərindən yüksək vəzifələrdə
işləməsiydi bu keyfiyyətləri onda aşılayan.
Tələbə vaxtı Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) Komsomol Komitəsinə
başçılıq eləmiş, sonra Respublika Xalq Nəzarəti
Komitəsi deyilən, o vaxtkı vəzifə
adamlarının qorxduğu bir təşkilatda işləmiş,
Müstəqillik dövrümüzdə isə Suraxanı
rayon İcra Hakimiyyəti başçısının birinci
müavini olmuşdu. Bu idarələrdə onu təmiz, haqq-ədalət
adamı kimi görüb sevmişdilər.
Bir dəfə
fəxrlə dedi: "Suraxanıda onlarla insana təmənnasız
torpaq sahəsi verdirmişəm".
Bu xeyirxah
insan İsmayıllıdan olan, şeir yazan adi müəllimə
də əl uzatmışdı.
Teyyub
müəllimin yaxşı yoldaşlığını da
görmüşəm. Bir dəfə Məhəmməd
Əmin Rəsulzadənin iziylə Lahıca gedib
çıxmışdıq. Bizə böyük öndərin
qaldığı evi nişan verdilər. Dedilər, Rəsulzadəni
görənlərdən bircə evin gəlini sağdı.
Getdik görüşünə, xəbər verdilər ki,
yataq xəstəsidi, heç kimi qəbul eləmir. Biz
inanmasaq da, inanmaqdan başqa əlacımız qalmadı. Odur
ki, yolumuzu qəsəbə kitabxanasına saldıq. Xəzinələr
yatağı bu kitab məbədi şan-şərəfinə
layiq deyildi. Müdiri 50-60 yaşlarında bir qadın idi.
Onunla işləyən bir xanım qayıtdı ki,
iki-üç ay əvvəl bir nazir gəlmişdi
kitabxanamıza. Başqa sahənin adamıydı, o da iş
yerimizin kasıb görkəmindən gileyləndi. Gedəndə
rəy kitabının arasına 200 dollar qoyub
çıxdı. Baxın, bizim bu müdir pulu qapıb,
qaçdı nazirin dalıyca:
- Pulunuzu
götürün!
- Qoyun
qalsın.
-
Xahiş edirəm!
- Dedim də,
pulu özünüzə götürün. - dedi.
Bilmirəm
kitabxana müdiri bu sözləri nə məqsədlə
deyib, onu da bilmirəm ki, bu sözləri nazir hansı mənada
başa düşüb.
Sadə
kitabxanaçının müdrik hərəkəti eynimizi
açdı.
Bir gecə
Lahıcda qalıb, səhər tezdən yola
düşdük. Yolda Teyyub müəllim ibrətamiz məsləhətlər
verdi mənə:
-
Yaşı 80-ni keçmiş adamlarla uzaq yola
çıxmayın. Ölər-eləyər, çətinliyə
düşərsiniz. Bir də gördünüz ki, haqq-nahaq
kimsə sataşır sizə, fikir verməyin.
Yadımdadı,
Teyyub müəllim səhhətindən də söz
açdı mənə:
- Səhər
duranda hiss edirəm ki, təzyiqim yüksəkdi. Asta-asta
yeriyirəm ki, özümə gəlim.
Düzü,
təzyiqin təhlükəsi haqqında onda təsəvvürüm
zəif idi. İndiki təcrübəyə malik olsaydım,
deyərdim, Teyyub müəllim, axşam yatmazdan əvvəl,
səhər duranda təzyiqinizi ölçün. Amma
artıq bu sözlərdən heç təsəlli kimi də
istifadə eləmək olmaz. Teyyub müəllim də, ruhu
şad olsun, təzyiqin qəzəbinə gəldi...
Lahıcdan
çıxanda çətinlik çəkmişdik - uca
qayalardan daş diyirlənib üstümüzə düşə
bilərdi. Bir gözümüz göydə, biri yerdə,
axır ki, həyəcandan qurtulub, dərindən nəfəs
aldıq. İsmayıllı yoluna qədəm basandan sonra
tezliklə Şamaxıya gəlib çıxdıq.
Teyyub
müəllim dedi, bəs burda bir nəfər məni gözləyir,
dostluq münasibətimiz var, onunla görüşməliyəm.
Hər dəfə deyir ki, Şamaxıya gəlin, sizi Pirquluya
aparıb, yaxşı bir qonaqlıq verəcəm.
Görüm, bunun qonaqlığı nə olacaq.
Dedim,
Teyyub müəllim, ana babam Qanı kişi
şamaxılıydı, zəlzələdə Kürdəmirə
köçmüşdü. Anam deyərdi, Qanı babam
qızıl taciri olub, amma dırnağından darı
sızmazmış. Hətta öləndə belə
var-dövlətinin yerini deməyib oğul-uşağına.
Eləsi çıxsa qarşınıza... bu qonaqlığa
şübhəm olacaq.
- Görək
da... - Teyyub müəllim gülüb, mənimlə xudahafizləşdi.
Elə səhəri
günü Bakıya qayıtdı. Növbəti
görüşümüzdə dedi, Şamaxıda
düşməyimə dəyməzmiş...
- Niyə?
- Nə
Pirqulu, nə qonaqlıq?!
Daha
üstünü vurmadım.
***
Gözümüzü
açıb "Azərbaycan gəncləri" qəzetinin
redaktor müavini vəzifəsində
gördüyümüz, Əməkdar jurnalist, Xəzər
Universitetinin "Xəzər Xəbər"
jurnalının baş redaktor müavini Əlirza Balayevin
söhbətiylə yazımıza yön versək,
inanıram ki, mərhum Teyyub Qurbanın da ruhu şad olar:
- 10-15 il idi hər şənbə günün ikinci yarısı, saat 4-də Teyyub gəlirdi yanıma, iki saat ərzində ədəbiyyatdan tutmuş, siyasətə qədər müxtəlif mövzularda söhbət eləyirdik. Saat 6-da iş bitəndə gedib otururduq yaxınlıqdakı "Provans" restoranında. Çörək yeyir, deyib-gülür, uşaq kimi sevinirdik... Təbii ki, 50-dən... 60-dan da olurdu. Şəkəri olduğuna görə həkimi ona hər gün 70 qram araq içməyi tövsiyə eləmişdi (niyə məhz 70?). Gənclik illərində iş-gücə başı qarışan biz iki dost, inanın, bu görüşlərdə əsl istirahətin nə olduğunun dadını duyub, ləzzətini çıxardırdıq. Bəzən restoranda bizdən hesab almaz, deyərdilər ki, çatıb. Teyyubu tanıyanlar hörmət əlaməti olaraq özlərini büruzə vermədən hesabımızı ödəyib gedirmişlər. Yəqin elə bu görüşlərin təsirindəndir ki, ilk dəfə "Şirvannəşr"də nəşr edilmiş "Düşmənlərindən güclü şəxsiyyət" kitabının ilk nüsxəsini mənə hədiyyə edərkən, Teyyub Qurban belə bir avtoqraf yazmışdı:
"Varlığımdan ucalan tost -
Əlirzadır həqiqi dost!"
Necə deyərlər, "şənbə görüşləri"miz Teyyubun cavan qızının rəhmətə getdiyi vaxta qədər davam elədi. Yas havası ötüb, ata qəlbi təskin olandan sonra bir gün Teyyub dedi, Əlirza, qız balamdan sonra çox darıxıram, gəl həftədə iki dəfə görüşək. Beləcə, hər həftənin çərşənbə və şənbə günləri görüşməyə başladıq. Bu minvalla 5 il də keçdi. Adətim üzrə bir gün də oturub Teyyubu gözləyirdim, saat 4 oldu, gəlmədi. 2 saat da gözlədim və rahatsız oldum. Saat 6-da götürüb zəng elədim. Telefonu özü açdı:"Əlirza, başıma iş gəlib..." və səsi... sönüb getdi. Yoldaşı dedi ki, Teyyub insult olub...
Mənimlə danışandan sonra "Təcili yardım" çağırırlar. Onlar da gəlib ağır xəstəni götürüb aparırlar "Neftçilər xəstəxanası"na. Öz-özümə fikirləşdim ki, 84 yaşlı bir insan üçün bu, sağalmaz xəstəlikdir axı. Niyə belə iş tutub həkimlər?!
Teyyub rəhmətə gedəndən sonra yoldaşı dedi, xəstəxanada soydular bizi... Elə ki, gördülər onlara verməyə bir şeyimiz qalmayıb, Teyyubu qoşdular nəfəs aparatına, dedilər, aparın evinizə. Elə yoldaca keçindi.
"Ölümü ölüm, zülmü daha artıq" buna deyərlərmiş.
Dəfninə qohumları, dostları, tanış-bilişləri, kənd adamları... bir sözlə, çoxlu insan gəlmişdi.
Sonralar
"Provans" restoranının işçiləri
soruşurdular:
- Niyə
daha gəlmirsiniz, küsüb-eləmisiniz olmaya bizdən?!"
İlk əvvəllər
dilim gəlmirdi bu ağır xəbərlə onların
qanını qaraldım. Bir də 40-ı çıxandan
sonra, "Teyyub Qurban rəhmətə gedib..." deyə
bildim.
Çox
təəssüf elədilər.
Daha mənim
də ayağım ordan kəsildi.
03-26.01.2025
Qəşəm
İSABƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.22-23.