"Naz
sənəti"nin sorağıyla
təsdisi təzmin etdik
Bizim eldə yaşlı adamların dilində
bir məsəl var: soraqlaşa-soraqlaşa gedib Moskvaya da çıxmaq olar.
Demək ki, xalqın
nəzərində Moskva belə
əlçatmaz uzaqlıqdaymış...
Biz də divan şeirindəki
"naz sənəti"nin
sorağıyla gedib çıxdığımız bir yanlışı düzəltmək istədik.
Yeri gəlmişkən,
divan şeirindəki naz
sənəti anlayışı
nədir? Dr. Ömər
Dəmirbağ bunu obrazlı şəkildə
tərif edir: "Naz
- əsla ümid kəsməmək, əsla
ələ keçməmək
sənətidir". Məşuqənin
əlində "öldürücü"
silah olan nazı - ovçu ceyranı qovaraq onu yaxalayacağından ümidini kəsib geri dönmək istədiyi an ceyranın dayanıb sürahi boynunu çevirərək
ovçuya baxması və onu yenidən
ovunu yaxalamaq üçün şövqə
gətirməsi ilə
də müqayisə edirlər. Ona görə də Füzuli deyirdi ki:
Sənin
nazın görəndə
əql qalmaz həsbətən lillah,
Aman ver talibi-didarə, bir dəm tərki-naz
eylə!
Yəqin
ki, ədəbiyyatda eşqlə
ilgili mövzularda nə qədər Füzuliyə üz tutsaq da, naz sənətindən danışanda
ağla gələn
ilk misranın Əliağa
Vahiddən oxuyub bildiyimiz "Naz et mənə,
ey sevgili canan, mənə naz et" misrasının
olması fikrinə heç kim etiraz etməz. Lakin o da yəqindir ki, bəlkə
də çox az adam, o cümlədən,
filoloqların da çox
az hissəsi bu misranın əslində Səməd
Mənsura məxsus olduğunu bilir. Ancaq yazının məqsədi heç də bu deyildir.
Klassik ədəbiyyatın ən
problemli, el dilində desək, yaralı məsələlərindən
biri və bəlkə də birincisi, poetika və sənətkarlıq,
poetik fiqurların təsnifatı və səciyyəvi cəhətlərinin
müəyyənləşdirilməsi, janr və şəkil
məsələləridir. Bu sahədəki əsas çətinlik isə uzun illər ədəbiyyatşünaslıq və nəzəriyyə elmimizin rus və
Avropa terminologiyası
ilə şərh və təhlil edilməsi, eyni zamanda da Şərq poetika sənətinin fiqurlarının və
divan şeiri janrlarının
bəzən hədsiz
oxşarlığı, birinin
digərindən ayrıca,
təcrid olunmuş şəkildə izah edilməsinin mümkünsüzlüyü,
bir beyt, hətta bir misra daxilində bir neçə poetik fiqurun iç-içə, üzvi
sintez halında işlədilməsidir.
Uzun zamandır üzərində
işlədiyim, "Şərq
kültürü və
bədii düşüncəsində
əql və eşq; aqil və divanə" mövzusu ilə əlaqədar Əliağa
Vahidin yuxarıda bir misrasını örnək gətirdiyimiz
şeirinə də müraciət edərkən
məlum oldu ki, şairin "Seçilmiş
əsərləri"ndə (Tərtib edənlər: Qulam Məmmədli, Rəşid Quliyev, Ataxan Məmmədov. Ön sözün müəllifi: Safurə Quliyeva. Bakı: Lider nəşriyyat, 2015, səh. 360) həmin əsər "Təsdis"
başlığı altında
verilmişdir. "Şübhə
etmək üçün
heç vaxt şübhə etməyən"
filosofların yolunu təqdir edərək və daha çox
da hər şeyin ilkin qaynağına ulaşmağın elmi araşdırmalarda vacibliyini
əsas araşdırma
prinsipi kimi qəbul etdiyimizdən bu dəfə Səməd Mənsurun şeirlərinin toplandığı
kitaba müraciət etməli olduq. Ədibin hər biri altı misradan ibarət olan altı bəndli, hər bəndinin sonunda "Naz
et mənə, ey sevgili yarım, mənə naz et" misrası təkrarlanan şeiri "Naz et" sərlövhəsi
ilə kitaba daxil edilmişdir (Seçilmiş əsərləri.
Tərtib edənlər:
Əliheydər Hüseynov,
Təranə Hüseynova,
Abbas Abdullayev. Bakı: Şərq-Qərb,
2006, səh. 40). Qeyd edək ki, şeirin hər bəndinin sonunda eynilə təkrarlanan belə nəqərat misralar, adətən tərcibəndlərdə
olur, lakin tərcibənddə təkrar
olunan misraların sayı ən azı iki olur,
yəni beyt təkrarlanır və bəndlərdəki misraların
sayı da daha çox olur. Səməd Mənsurun şeiri isə bütün qafiyə və quruluş sisteminə görə müsəddəsdir.
Lakin məqalədən məqsədimiz
bu olmadığı üçün burda çox da ləngiməyib,
keçirik Əliağa
Vahidin şeirinin təsdis adlandırılmasına.
Bu məqamda isə bir neçə suala cavab vermək
lazımdır: təsdis
əslində nədir,
necə yazılır,
hansı şeirlərə
təsdis deyilir və Əliağa Vahidin həmin şeiri təsdisdirmi? Təsdis deyilsə, bəs nədir?
Söhbət bu yerə çatanda qeyd edim ki, təxmis, təşdir, təsdis kimi şeir şəkilləri iki müəllifin bir şeiri kimi dünya ədəbiyyatında
maraq doğuran nadir formalardandır. Bir-birlərinə
bənzəsələr də,
fərqli cəhətləri
olan bu şeir
şəkillərini qısaca
səciyyələndirmək daha sonrakı izahlarımız üçün
vacibdir: bir qəzəlin hər beytinin əvvəlinə eyni vəzn və qafiyədə məna bütövlüyünü
saxlamaqla üç misranın artırılması
ilə yaranan şeir şəkli təxmis, eyni şərtləri gözləməklə,
lakin bu dəfə artırılan
üç misranı
beytlərin misralarının
aralarına əlavə
etməklə yaranan şeir şəklinə isə təşdir deyilir. Təsdis isə altılama və ya altıya
çatdırılma deməkdir
və bir qəzəlin hər beytinin əvvəlinə eyni vəzn və qafiyədə məna bütövlüyünü
saxlamaqla dörd misranın artırılması
ilə yaranan şeir şəklidir.
Əliağa Vahid isə öz
sələfinin hər
beytini altıya çatdırmamışdır. Zatən, Səməd Mənsurun şeirinin hər bəndi altı misradan ibarətdir. Əliağa
Vahid, sadəcə, onun
şeirinin hər bəndinin sonunda təkrarlanan misrasını,
yəni nəqərat
misrasını götürərək
öz şeirində nəqərat misra kimi işlətmişdir. Həm də doğru olaraq dırnaq işarəsi arasında işlətmişdir
(hər halda göstərilən nəşrdə
həmin misra, doğru olaraq, dırnaq işarəsi içərisində verilmişdir).
Bu isə, yəni başqa bir şairdən, əsərdən
və s. hər hansı bir misranı götürüb
öz şeirinin misraları daxilində işlətmək, daha sadə şəkildə desək, "sitat gətirmək" klassik poetikada təzmin sənəti (təzmin - bir şeyi içinə
almaq, ehtiva etmək anlamında) adlanır. Azərbaycan poeziyasında təzminin ən gözəl örnəkləri isə
XVII əsr Azərbaycan
şairi Qövsi Təbrizinin Məhəmməd
Füzulidən etdiyi təzminlərdir.
Fikrimiz daha aydın olsun deyə, həm Səməd Mənsurun, həm də Əliağa Vahidin şeirlərinin hər birindən birinci bəndlərə diqqət edək:
Səməd Mənsur:
Ey rəhmli canan, eləmə ülfətə
adət,
Nazınla vüqarın verər
ətvarına zinət.
Bihudə
gülümsünmə, vüsalında
nə ləzzət,
Sıx qəlbimi, yansın cigərim, qanımı qəynət,
Cövründə dəri-sirri-nihanı mənə baz et,
Naz et mənə, ey sevgili yarım, mənə naz et.
Əliağa Vahid:
Əvvəl baxışında məni
heyran elədin sən,
Bir incə
gülüşlə ürəyim
qan elədin sən,
Sonra məni
bir lütf ilə xəndan elədin sən,
Kafər qızı,
axır məni Sənan elədin sən,
Yansın dilim
ağzımda desəm,
nazını az et,
"Naz et
mənə, ey sevgili canan, mənə naz et".
Əliağa Vahid bütün etik qaydaları gözləyərək son
bənddə "Mənsuri
də yad etməliyik dari-fənadə"
sözləri ilə sələfini ehtiramla yad etmişdir.
Klassik irsimizin
nəşri gərəkli
olduğu qədər
də məsuliyyətli
bir işdir. Təəssüf ki, bu zaman mətnlərin
düzgün oxunmaması,
məna təhrifinə
gətirib çıxaran
yanlış durğu
işarələri, bəzən
bir şeirin bir neçə fərqli janrlar altında təqdim edilməsi tez-tez rast gəldiyimiz hallardır. Düşünürəm
ki, bu xətalardan
yan keçilməyib lazımi qeydlərin edilməsi, bunun ətrafında müzakirələrin
aparılması daha əvvəlki nəşrlərdə
buraxılan səhvlərin
gələcəkdə düzəldilməsinə
və beləliklə
də, ədəbi irsimizin daha nəfis şəkildə
gələcək nəsillərə
çatdırılması işində əhəmiyyətli
ola bilər.
Təhminə
BƏDƏLOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.21.