Səma odasından şeirlər
Xalq yazıçısı Anara həsr olunur
Çağdaş
Turan ədəbiyyatının başbuğu hörmətli Anar müəllim bu gün dedi ki,
"Elxan,
çoxdandı mətbuatda şeirlərini görmürəm, yoxsa alimliyin şairliyini
üstələyibmi?"
Dedim:
"Yox,
Anar müəllim,
istədim ki, bir müddət cəmiyyət çap olunanları
oxuyub fəhm eləsin".
Azərbaycan mədəniyyətinin müdriklik və
mahiyyət məqamını bu qarma-qarışıq süni intellekt zamanında min bir əziyyətlə
ilahi ecaz cığırlarında saxlamağa çalışan bu böyük zatın istəyini nəzərə alaraq,
2024-cü ildə
ərsəyə gətirdiyim
şeirlərin bir qismini
"Ədəbiyyat qəzeti"nə, dostum Azər Turana göndərmək qərarına gəldim.
Biz səma kitablarının, demək olar,
hamısını öz içindən keçirmiş
çox nadir xalqlardan biriyik,
indi,
süni intellekt əsrində
bizi səma yolçuluğu bəkləyir.
Mən burda tək,
sən orda tək
Düşüncə qalxan üstündə,
qapımı döymür qızmələk.
Yalnızlığın sonu yoxdur,
mən burda tək, sən orda tək.
Çöllər kimi gendi dünya,
mən yerin cəzbində sayru.
Səndən ötrü yaşasam
da,
yaşayışım səndən ayrı.
Sən mənə bu canı verdin,
mən sənə dua verirəm.
Ulduzların nəğməsinə
könlümdə yuva verirəm.
Can aşı səma köşkündə,
torpağın ruzusu yeryemiş.
Ayrılığın sonu yoxdu,
qovuşuq yanğısı nə
imiş?
Zikrin müqəddəs meracı
ölməzləşir qram-qram.
Mən varamsa, sən də varsan,
sən varsansa, mən də varam.
Oyanır Tan Ra,
var ol, bir Tanrı
Qaranlıqdan sıyrılar ox,
duamızdan dan üzü gülər.
Yaşam
eşqi içimizdən
yalnızlığı yavuz qovar.
Namazımız yüz on yükənt,
dan gözündən boylanan kənd,
vəcdimizin qülləsindən
zəng
səsini ələyərkən,
görünməzlər ölkəsindən
bayraqlı alplar gələrkən,
mələk xorunun sədaları
altında
oyanır
Tan Ra - Günəş...
Günəşdən sonra quşlar oyanır,
quşlardan sonra dəniz,
dənizdən sonra balıqçılar
oyanır.
Balıqçılar balıq pullarına aludədir.
Balıq
pulları saxlanclarda,
balıq
pulları uyqularda,
hər yanda balıq pulları.
İnsan
oğlu pulluları sevir,
pulu
Allah sayan da var.
Balıqlara səcdə edin,
balıqlara!
Oyanır
Tan Ra - Günəş!..
Və
dan yerində qan çalası.
Qəssabxanalarda ölümün rəngi
qızıl!
Hər dəfə bir inək başı kəsiləndə
Günəş dəfn olunur buynuzlar arasında.
Gecə-gündüz ət üyüdən mədələr
böyük bir inək məzarlığıdır.
Sizə
süd verən inəklər ananızdır,
bəlkə?!
İnəklərə səcdə edin, inəklərə!
Quşların şərqisi budaqlarda,
yarpaq sərinində isinir dua.
Ağacların yuxusunda yaşayır
torpağın yaddaşı,
və yaşamın yaşılı
yuvalanıb ağaclarda.
Ağaclara səcdə edin,
ağaclara!
Oyanır
Tan Ra - Günəş...
Duamızın yüz min əli
qaranlığı aralayır.
Canımızın çobanları naxır
qovur Qobustana,
uyqusunu mamır basmış rəmzlər yatır divarlarda,
vəcdimizin qülləsindən altun dinarlar tökülür.
Divarlardan
daşlar baxır,
Daşlar
diri və susqundu.
Heç
nə itmir, heç nə ölmür,
Hər şey daşlara yazılır.
Daşlar
İştar məbədidir,
Kəbədə Həcərdi daşlar.
Daşlar
Budda baxışlıdı,
Piramida heyrətlidir daşlar.
Daşlara səcdə edin,
daşlara!
Oyanır
Tan Ra - Günəş,
sonra balıqlar, inəklər,
ağaclar oyanır, daşlar
oyanır
və bütün oyanmalarda günəşin nəfəsi.
Günəşə səcdə edin, Günəşə!
...Tan gəldi, Tan gəldi - Tan
Ra
Var ol, onu yaradan
Tanrı!...
Səmadan hər şeyi seyr edib susan,
Günəşi səmadan çıraq
tək asan,
Yeri bizə ev qayıran,
Nuru zülmətdən ayıran,
Küllü kainata çıraq,
Alqış sənə, bir
Allah!
Ayrı
məbud yox daha,
Allaha tapının, Allaha!!!
Bir Tenqri
Dan sökülər, nur tökülər,
ot gülər, su gülər, yol gülər.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Vəcd
halında toranlıqlar,
aydınlığın səcdəsi nur,
yaşıl yaşam budağında
topalaşan quşlar ötür.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Gecə-gündüz axır irmaq,
irmaq dəryaya sevdalı,
işıq sığalında uyur
sular,
sular sübhanın həzzində,
sular həzzdən köpüklənir.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Bir ibadət, bir dəstəmaz, ya bir namaz,
göy kəndinin qapısını
aralamaz.
Qaranlığın yumağını
yığa-yığa,
dan sökülər, nur tökülər aydınlığa.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
Üfüq boyu xan Günəşin qızıl
qanı,
örüşlərə naxır qovur qəlb çobanı.
İnəklər otlara sevdalı,
otlar sulara sevdalı,
sular dəryaya sevdalı,
dərya
göylərə sevdalı.
Mələk xoru oxuyur:
(Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...).
sevda qayığı irmaqda,
butamı
aldım bardaqda,
doymadım mən ona varmaqdan,
Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...
Yaşıl yarpaqlar ütülü,
eşq dəlisi dərməz gülü,
çağır gəlim, qıpçaq
çölü,
Bir Tenqri... Bir Tenqri... Bir Tenqri...
Ötükən ormanında bir ermiş,
göy bürcündən alma dərmiş,
bu canı kim niyaz
vermiş?
Bir Tenqri,.. Bir Tenqri... Bir Tenqri...
Üstümdə var altun dəyə,
bir az dua verdim
göyə,
şükür olsun ilahiyə,
Bir Tenqri, Bir Tenqri, Bir Tenqri.
Umayın gəlişi
Aybam mənə çaldı layla,
uyqu gördüm bu havayla.
Ay baxır, sular keyiyir,
su üstündə söyüd
xoru
İlahiyə alqış deyir.
Qaranlığı kəsib tökür
yarasalar
baleti,
Çiçəklərin baxışında
inci gülüşlər bitir.
Göyün üzü sığallıdır,
gecə
sərini pırpız.
Sevdasının ulduzunu
dan gözündə gəzir
qız.
Dan ulduzu, dan ulduzu,
kuzədə ver butamı.
Yaşıl yarpaq yanğısında
əriyir
eşqin tamı.
Torağaylar şərqi deyir,
arx yürüyür üzgülü.
Qızılı üfüq hinindən
bəzəkli xoruz gülür.
Səhərin gəlişi gız
gəlir,
duyğulu sinələr hayva.
Günümüzü ruzulu ver,
ülyahəzrət Umay ayba.
İlan mürgüsü
Mən ilan mürgüsündə
mamır gördüm,
cığırlar aradım gil kitablarda,
azanda axtardım Rəsulallahı,
Məsihin qanını içdim
saxsı qablarda.
Suvar oldum, cuvar gəzdim,
ölməzliyin suyu nerdə?
bir qobuzun pərdəsində
qurumuş irmaq buldum,
Yeniseyin
sahilində daşlar yatır, yalnızdı,
sarı
səhra yuxusunda dik dayanıb ehramlar.
Quşların şərqiləri palaz
hörür səslərdən,
məbəd uyqularında toz
yatır qalaq-qalaq,
mən donmaq istəyirəm ulu sufi rəqsində,
mən budda gülüşündə
ərimək istəyirəm.
Ötələr gedilməyib, düşüncə
salım salır,
hərə öz omuzunda sürüyür suç
xaçını.
Bəlkə ilkin ocaqlar saxsı qab bişirməyib,
bəlkə mixi yazılar hələ yazılmayıbdı.
Dualar divar hörür göylə yer arasında,
toranlarda
torlanır bütlərin
baxışları.
toplanıb tör başına
Tanrıdağ ölməzləri,
Olimpin allahları köçüb
ayrı yerlərə.
İlan
mürgülərinin qabığı
mamırlayıb,
qədim
sirli yazılar beynimi dolaşdırır.
Duamın
toranında şam yandır, Mehri Banu,
and verirəm mən sənə, bir Allahın adına.
Tanrıdağa uçuş
Haqqın
dərgahına bir ayrı yol var,
İnamsız olanlar keçməz
qapıdan.
Məni
Tanrıdağda məclis
gözləyir,
Tanrıya tanıq dur, ilahə
anam.
Düşüncəm uçanda mən quş kimiyəm,
Bu bədən, bu yaşam Yerə bağlanıb.
Cığırlar uzanır dağ
zirvəsinə,
Səma
odaları qonaq gözləyir.
Ora tanrı yurdu, doğmaca bir kənd,
Yatanı
uyqudan həzz oyandırır.
Atamı,
anamı görürəm
orda,
Qarşıma çıxanlar qardaşlarımdır.
Dünya
cəng meydanı, mən savaş əri,
Əlimdə qılınc var, dilimdə
dua.
Mən qonaq yaşadım Yer kürəsində,
İndi sakiniyəm əbədiyyətin.
İsa
Məsih
Tanrım,
tanrım, nə üçün
Sən məni tərk elədin?
Boyanıb al qanına
Əzab
çəkir vələdin.
Solumda və sağımda
Quldurlar
qətl olundu.
Belə
müdhiş aqibət
Bəxtimə yar bulundu.
Mən xəlq oldum, bəşərə
Yol göstərim bağçaya.
Əvəzində həvvarim
Satdı
otuz ağçaya.
Həqiqəti söylədim
Üstümə saldırdılar.
Ruhlardan
düyün açdım
Xaç
üstə qaldırdılar.
Bu dağ, dağdan ağırdır,
Mıx girir, tən ağrıyır.
İnsanlar diş ağardır,
Qara daşlar ağlayır.
Bunlar suç işlətdilər,
Əzabı kimə verdin?
Tamu təndən soyuqdu,
Uçmaq atəşli yerdi.
İsrailin xanı mən,
Bu xalq məndən yan durur.
Baxışları soyuqdu,
Gülüşləri yandırır.
Mıx girir, tən ağrıyır,
Ruhum uçunur göyə.
Rəbbim,
aç qapıları,
Oğul
qayıdır öyə.
Elxan Zal Qaraxan
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.18.