22 yaşında
şəhid edilmiş Səid
Səlmasi - abidəsi
yoxdur, məzarı varmı?..
Akademik Mirzə İbrahimovun redaktorluğu ilə 1983-cü ildə nəşr olunmuş "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyasının ikinci cildində Səid Səlmasinin təqdim olunan dörd şeirindən biri "Amali-Vətən" adlanır. Əslində bu şeirin müəllifi Namiq Kamaldır. Sadəcə, Namik Kamalın şeirindəki "Osmanlılarız" sözü Səid Səlmasidə "iranlılarıq"la, "Bayrağımız" isə "baydağımız"la əvəz olunub. Fərq bu qədərdir. Bəs necə olub, Namiq Kamalın dillər əzbəri olan "Vətən şərqisi" şeirinin iki bəndi antologiyada Səid Səlmasinin şeiri kimi təqdim olunub? Və proses kitabdan-kitaba beləcə davam edib?
"Ulduz" jurnalının 2006-cı il, 9-cu sayında "Cavidin İstanbul dövrü: bilinən və bilinməyən məqamlar" məqaləmdə, ardıyca "Hüseyn Cavid" monoqrafiyamda (2007), daha sonra "Cavidnamə" kitabımın (2010) "Səid Səlmasi" bölümündə "Amali-Vətən"lə bağlı yazmışdım ki, dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı" antologiyasının yaradıcıları Namiq Kamalın "Vətən" mənzuməsini bilmək olmur, nə üçün Səid Səlmasinin şeiri olaraq təqdim ediblər və sonralar da bu ənənə davam etdirilib?"
Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə hər iki şeirə nəzər yetirək.
Bu, Namiq Kamalın "Vətən şərqisi" şeirinin ilk iki bəndidir:
Amalımız, əfkarımız iqbali-vətəndir,
Sərhədimizə qələ bizim xaki-bədəndir.
Osmanlılarız, ziynətimiz qanlı kəfəndir,
Qavğaada şəhadətlə bütün kam alırız biz.
Osmanlılarız,
can veririz, nam alırız biz.
Qan ilə
qılıcdır görünən bayrağımızda,
Can qorxusu
gəzməz ovamızda, dağımızda.
Hər
guşədə bir şir yatar torpağımızda,
Qavğaada
şəhadətlə bütün kam alırız biz,
Osmanlılarız,
can veririz, nam alırız biz...
Bu isə
Səid Səlmasinin "Amali-Vətən" şeiridir:
Amalımız,
əfkarımız üqbali-vətəndir,
Sərhəd
bizə, qələ bizə xaki-bədəndir.
Dəva
günü yeksər görünən qanlı kəfəndir,
İranlılarıq,
can veribən nam alarıq biz,
Dəvada
şəhadətlə hamı kam alarıq biz.
Qanilə
qılıncdır görünən baydağımızda,
Can qorxusu
yoxdur dilimizdə, canımızda.
Hər
guşədə bir şir yatıb torpağımızda,
İranlılarıq,
can veribən nam alarıq biz,
Dəvada
şəhadətlə hamı kam alarıq biz...
Bu necə
baş verib? Namiq Kamalın məşhur şeiri necə olub
ki, Azərbaycanda Səid Səlmasinin müəllifliyi ilə
çap olunub? Necə olub ki, dördcildlik "Cənubi Azərbaycan
ədəbiyyatı" antologiyasının
yaradıcıları Namiq Kamalın 1872-ci ildə
yazdığı "Vətən, yaxud Silistrə" pyesində
əsgərlərin oxuduğu "Vətən şərqisi"ni
1887-ci ildə doğulmuş Səid Səlmasinin şeri olaraq
təqdim ediblər və dediyim kimi, sonralar da bu ənənə
kitabdan-kitaba adlayıb, müxtəlif antologiyalarda, elmi araşdırmalarda,
məqalələrdə davam etdirilib?
Yuxarıda
xatırlatdığım kimi, 2006 və 2010-cu illərdə
məsələyə aydınlıq gətirməyə
çalışmışdım. Doğrudur, sonralar, "Səid
Səlmasi" kitabında Hüseyn Həşimli də bu məsələyə
münasibət bildirdi. Lakin, aradan keçən dövr ərzində,
hətta bəzi akademik tədqiqatlarda "Vətən"
yenə də Səid Səlmasinin şeiri olaraq təhlil
predmetinə çevrildi. Professor Şamil Vəliyev Səid Səlmasinin
"Amali-Vətən" şeiri barədə yazırdı
ki, "Vətənin və xalqın əsarətdə
qalmasından fayda güdən əsarət və zülm,
aclıq və yoxsulluq törədiciləri -
amansızcasına tənqid olunurdu. Onların islah yolu ilə
deyil, ictimai inqilab yolu ilə həyat səhnəsindən
atılmasını söyləyən şair
özünün ədəbi siyasi platformasından
çıxış edərək yazırdı:
Amalımız,
əfkarımız üqbali-vətəndir,
Sərhəd
bizə, qələ bizə xaki vətəndir.
Dava
günü yeksər görünən qanlı kəfəndir,
İranlılarıq,
can veribən nam alırıq biz
Dəvada
şəhadətlə hamı kam alırıq biz.
Səid Səlmasidən
bəhs edən son araşdırmaların birində də
yuxarıda xatırlatdığım "Cənubi Azərbaycan
ədəbiyyatı antologiyası"na istinadən həmin
şeirlə bağlı bunları oxuyuruq: "Zülm və
istibdada qarşı açıq protest, azadlıq uğrunda
mübarizəyə çağırış kimi səslənən
və yazıldığı zamanlarda Təbriz
inqilabçılarının dilinin əzbəri olan "Amali-vətən"
şeiri yuxarıda dediklərimizi əyani şəkildə təsdiq
edir. Bir fərdin deyil, ümumiyyətlə Məşrutə
inqilabının iştirakçılarının arzu və
məramını əks etdirən əsərdə şair
yazır:
Amalımız,
əfkarımız iqbali-vətəndir,
Sərhəd
bizə, qələ bizə xaki-vətəndir,
Dava
günü yeksər görünən qanlı kəfəndir,
İranlılarıq,
can veribən nam alırıq biz,
Davada
şəhadətlə hamı kam alırıq biz.
XIX əsrin
böyük türk-osmanlı şairi Namiq Kamalın
"Osmanlılarıq, can veribən nam alırız biz"
şeirinin təsiri ilə yazılmış bu iki bəndlik
şeirdə şair elan edir ki, məqsədimiz şəxsi səadət
deyil. Mübarizə meydanına atılmağımızın
səbəbi "hər guşəsində şir yatan
torpağımız"ın ağlar gündə
olmasıdır" (İslam Qəribli).
Düşünürəm
ki, Azərbaycan ədəbiyyatşünaslığı yenidən
və son dəfə bu mövzuya qayıtmalıdır. Hətta
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutu Avropa tipli ədəbiyyatımızın, modern
şeirimizin ilk nümunələrini yaradanların ən
görkəmlilərindən olan Səid Səlmasinin
kitabının nəşrini reallaşdırmalıdır.
Çünki bu, olduqca mühüm məsələdir.
"Cavidin
İstanbul dövrü: bilinən və bilinməyən məqamlar"
məqaləmdə 1907-ci ilin martında "Füyuzat" məcmuəsinin
11-ci sayında Təbrizin "Əncümən" qəzetindən
iqtibas edilərək dərc olunan "İrandakı hərəkati-hürriyyətpərvəranənin
təfsili" məqaləsini xatırlatmışdım. Həmin
yazıda Namiq Kamalın "Vətən" şeri belə
bir təqdimatda verilmişdi ki: "Səadət",
"Ədəbiyyə", "Növbər" məktəblərinin
şagirdləri müəllimləri ilə bərabər
teleqrafxana səhnəsinə cəm olub osmanlı şairlərinin
ustadi-əzəmi (böyük ustadı) Namiq Kamal həzrətlərinin
aşağıdakı vətən nəğməsini
oxumuşlar. İştə nəğmə", - deyə təqdim
etdiyi həmin şeirdəki "İranlılarıq"
sözünə "Füyuzat"ın belə bir qeydi də
var: "Kamal bəy osmanlılarız demişdir".
"Füyuzat"ın
həmin sayının üz qabığında Namiq
Kamalın fotosu verilmiş, şəkil "Osmanlıların
dövri-əxir (son dövr) mücahidlərindən ədibi-əzim
Namiq Kamal bəyin təsviridir" - deyə təqdim
olunmuşdu.
"Vətən
şərqisi" şeirinin "Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası"nda Səlmasinin adına verilməsi,
Türkiyə ədəbiyyatşünaslığında da bəzən,
tutaq ki, belə fikirlərin dövriyyəyə
qatılmasına səbəb olur: "Tanınmış
hürriyyətçi şair, mücahid Səid Səlmasi də
Namiq Kamalın Azərbaycanda, bəlkə də ən
çox bilinən şeirinə laqeyd
qalmamışdır". Doğrudur, laqeyd
qalmamışdır. Amma müəllif bu sözlərin
ardıyca məlum antologiyaya istinadən Səlmasinin
"Amali-Vətən" şeirini (əslində, Namiq
Kamalın "Vətən şərqisi" şeirinin ilk
iki bəndini) bütövlükdə təqdim edir...
Səlmasinin
şeirini Namiq Kamalın "Vətən şərqisi"
şeirinə nəzirə adlandıranlar da var. Amma
göründüyü kimi, "Amali-Vətən" nəzirə
deyil, şeirin sətirbəsətir təkrarından ibarətdir.
Mühüm
olan başqa məqamdır, yəni XX yüzilin əvvəllərində
Namiq Kamalın "Vətən şərqisi" şeirinin
həm Osmanlı, həm İran, həm də Azərbaycan
hürriyyətpərvərlərinin ortaq manifesti
olmasıdır. Bir şeirin həm Anadoluda, həm Azərbaycanda,
həm də İranda eyni vüsətlə
"Amalımız, əfkarımız iqbali-vətəndir"
deyə bilməsi, milyonlarla kütləni öz çətiri
altına toplaya bilməsidir.
"İrandakı-hürriyyətpərvəranənin
təfsili" yazısında qeyd olunanlar Mustafa Nizamədin Təbrizlinin
1946-cı ildə İstanbulda nəşr olunmuş
"Bugünkü Azərbaycan davası əsas və səbəbləri"
kitabında da təkrarlanır. "Bütün xalqın
iştirakı ilə postahanə önünə toplaşan tələbələr
Namiq Kamalın bu şeirini oxuyurlardı".
O zaman
İran indiki İran deyildi, Azərbaycanın bir
parçasıydı. Ordakı hürriyyətpərvər də,
despot da - Səttar xan da, Məhəmmədəli şah da azərbaycanlıydı.
Amma əfsus ki, Məhəmmədəli Şah Təbriz fədailərinin
vətənpərvər səmimiyyətini qanla,
qırğınla boğmaq üçün Tehran polisinə
erməni Yefremi başçı təyin etmişdi. Səttar
xanı da, Səid Səlmasini də qanına qəltan edən
həmin bu erməni Yefrem Davityan olmuşdu...
***
Əli bəy
Hüseynzadə "Siyasəti-fürusət" əsərinin
böyük bir hissəsini "Şəhidi-azadi Səid Səlmasi
namına ithafən" qələmə alıb. Hüseynzadənin
təfsirində azadlıq şəhidi Səid Səlmasi
qırmızı fəryad ilə qaranlığı
aydınladan qıpqırmızı qan rəngində bir səs,
bir fəryad, müşk rayihəli yaşıl bir
şüa, köksünə ox saplanmış şəhid
ürəyi, yaxud feniks, ənqa, simurq quşu ilə simvolizə
edilirdi.
Qəribədir
ki, Hüseynzadə türk aləminin problemlərini,
İranda (dediyim kimi, o zaman İran Azərbaycanın bir
parçasıydı) məşrutiyyət məsələsi,
dünya yəhudilərinin türk düşüncəsindəki
yeri və s. problemləri Avropadakı tarixi-siyasi proseslərə
aşina olan, zamanında Avropa ölkələrinə səfərlər
etmiş Səid Səlmasinin dilindən verirdi. Çünki
ötən əsrin əvvəllərində Səlmasinin
mübarizəsi və şəxsiyyəti türk milliyyətçi
düşüncəsinin, xüsusən, qurucularından biri
Əli bəy Hüseynzadənin olduğu "İttihad və
tərəqqi" cəmiyyətinin ciddi maraq dairəsindəydi.
Amma
Hüseynzadənin Səlmasiyə həssas münasibəti
daha əvvəllərdən - "Füyuzat"dan
başlanırdı. Məhəmməd Hadi kimi, Səlmasinin də
imzası ilk dəfə "Füyuzat"da
görünmüşdü. İlk mətbu şeiri "Təhəssür"
də İranda Məclisi-milliyə deputat seçilmiş təbrizli
nümayəndələrin Tehrana səfər edərkən
Bakıda iqamət etdikləri günlərdə - 1907-ci ilin
martında "Füyuzat"da dərc olunmuşdu. "Təhəssür"
şeirində Səlmasi Təbrizdən İran Məclisi-Millisinə
vəkil seçilmiş aydınları, o cümlədən,
Əbdürrəhim Talıbovu salamlayırdı... Və dərginin
həmin sayında Əli bəy Hüseynzadənin
İranın millət vəkilləri barədə, xüsusən,
Əbdürrəhim Talıbov barədə, Rusiyadakı yəhudi
qətlləri və s. haqqında "Məsailül-həyat"
adlı ayrıca məqaləsi və hətta İran Məclisi-Millisində
təmsil olunacaq azərbaycanlı deputatların şəkilləri
də dərc olunmuşdu.
Səid Səlmasinin
Səlmasda ittihadçı Ömər Naci ilə, Bakıda
Əli bəy Hüseynzadə ilə bir yerdə olması onun
siyasi baxımdan İttihad və Tərəqqi Cəmiyyətinə
yaxınlığının göstəricisidr.
Naci ilə
bir yerdə Ərzuruma səfər ediblər, həmin səfərdə
"İttihad və Tərəqqi Cəmiyyəti"nin
toplantı salonlarından birində çıxış ediblər
(və qəribədir ki, həmin toplantıda Ömər Naci
Namiq Kamal haqqında, Səid Səlmasi isə İran məşrutiyyəti
barədə fikir bölüşüblər) və s.
İttihadçı
Ömər Naci İranda - Səlmasda onun yanındadır. Səlmasi
Bakıda İttihadçı Əli bəy Hüseynzadənin
yanındadır. Səlmasda mətbəə açır.
İttihad və Tərəqqinin Paris Mərkəzi adından
Bahəddin Şakir ona bu hərəkətini təqdir edən
məktub yazır. Sözdə 1915-ci il "erməni
soyqırımı"nın səbəbkarlarından hesab
olunan və bir neçə il sonra ermənilər tərəfindən
qətlə yetirilmiş Bahəddin Şakir isə Əli bəy
Hüseynzadənin yaxın dostlarındandır. 1907-ci ildə
Parisdən Əli bəy Hüseynzadəyə məktublar
yazır, Hüseynzadə isə cavabında ona
"Füyuzat"ın yeni saylarını, o cümlədən,
yuxarıda haqqında söhbət gedən "İran
usul-ü məşvərətinin müəssisi gibi zəvatın
rəsmləriylə müzəyyən" sayını
göndərir. Parisdən yazdığı məktubda Bahəddinin
təqdir etdiyi adamları, Bakıda Səid Səlmasi
salamlayır. Bahəddin Şakir də, Əli bəy
Hüseynzadə də Turançılıqda macar amilinə həssas
yanaşırdılar. Qəmküsarın yazdığına
görə, Səid Səlmasi də Macarıstana səfər
etmişdi... Bu mənada deyirəm ki, Səid Səlmasinin Səlmasda
Ömər Nacinin, Bakıda Əli bəy Hüseynzadənin
çevrəsində olması onun siyasi baxımdan
"İttihad və tərəqqi"yə mənsubluğu
ilə əlaqələndirilə bilər.
***
Səlmasinin
"Füyuzat"ın 1907-ci il 20-ci sayında dərc
olunmuş "Xəyali-mənfur" şeiri sonralar Azərbaycan
poeziyasında ilk sonet nümunəsi olaraq qəbul edildi. Dərginin
22-ci sayında onun "Farsca ilk sone" başlıqlı
başqa bir şeiri də dərc olunub. Belə
çıxır ki, 20 yaşlı Səid həm Azərbaycan,
həm də fars dilində yazılmış ilk sonetin
yaradıcısıdır. Səid Səlmasinin bir
misrasını türkcə, digər misrasını farsca
yazdığı şeirləri də var. Məsələn,
belə:
Əyyami-dey
güzəşt səbahi-bahari-mast
Uğrunda
hazırız ki edək bəzmi-can vətən.
Səid Səlmasinin
milliyyətpərvər şeirləri Namiq Kamal məktəbinin
ciddi təsiri altındadır, o da eyni milliyyətçi
düşüncənin cazibəsindədir. Səlmasda
doğulsa da, şeirlərini osmanlı lisanında yazır:
Xatirati-şəbabi
söyləyəməm!
Dilşikəstə
bahari-ömrümü sən.
Görmə!..
Zira o ömri-möhnətdən
Tökülür
qəlbinə səmumi-ələm!
İstəməm
bən, açılmasın, qalsın
O siyah pərdə
ta əbəd məstur.
Tündbadi-qəzayə
uğradı həp,
Növguşadə
şükufəzari-həyat!
Uuf! Bin sədmeyi-sitəm,
heyhat,
Bu xərabiyi-ömrə
oldu səbəb!..
Ah mazi!..
O səhneyi-mulim
Sana məchul
qalsın, ey gözəlim!
Etmə
israr, ey mələksima!
Şimdi
yoxdur dilində hüznü ələm!
Degiləm
haqlı etiraz etsəm,
Çünki
məchuldur həyat sana!..
Yəs...
ümmid... naleyi-qahir,
Bir
cidali-töhi... həyat denir
-
misraları ilə başlayan "Etmə israr" şeiri
"Füyuzat"ın 19-cu sayında dərc olunub. XX
yüzilin əvvələri üçün bu şeir,
modernləşmə yolunu tutmuş milli poeziyamızda ən
nadir poetik nümunələrdən biridir - estetik mahiyyətinə,
ifadə tərzinin yeniliyinə, biçiminə, ritminə
görə...
"Amali-Vətən"
deyil, bax, bu şeir nəzirədir. Əhməd Kamalın
"Gözəlim, açma maziyi" şeirinə nəzirədir.
Əhməd Kamal isə öz şeirini "Şekspirin
"Sone" təbir olunan nəğmələrinə nəzirədir"
epiqrafı ilə təqdim etmişdi.
Səid Səlmasinin
"Etmə israr" şeiriylə bağlı Əhməd
Kamal yazırdı ki, "Şairlərimizin bu şeirdəki
hüsn-ədaya və lətafətə diqqət etmələrini
rica edəriz. Hər gün bezdirici və mənasız
şeylərlə mətbuat səhifələrini qaralamaqdan
isə ara-sıra böylə kiçik, fəqət məziyyət
etibarilə böyük şeirlər yazmağa qeyrət etsələr,
ədəbiyyata daha çox xidmət edərlər".
Səlmasinin
"Füyuzat"da dərc olunan digər şeirləri də
belədir. Bir-birindən daha estet.
***
XX
yüzil ədəbiyyat tariximizin sirli bir nöqtəsi var.
Bunu heç 1937-ci ildə sovet NKVD-si də aça bilmədi.
Rza Tofiqin 1927-ci ildə Ammandan dostu Rza Turquta yazdığı
məktub bu bilinməz, gizli məqamları bütün təfərrüatına
qədər aydınlaşdırır. Bu barədə
çox yazmışam. Cavidin Təbriz məşrutəçiləri
ilə əlaqələri barədə də müxtəlif
vaxtlarda geniş bəhs etmişəm. Yenidən o məsələyə
- məşrutəçilər məsələsinə
qayıtmağa ehtiyac duyuram. Hüseyn Cavidin İstanbuldan
Naxçıvana - Qurbanəli Şərifzadəyə
yazdığı 4 yanvar 1909-cu il tarixli məktubda belə bir
məlumat var: "Sonra bir evə getdim ki, orada İran əhrarından
Naci bəy ismində bir zatı ziyarət edəcəkdim.
İçəri girdim, məgərsə Hacı Rəsuldan
maəda bildiyim gənc İran əhrarının ən həmiyyətpərvərlərindən
yeddi-səkkizini orada buldum. Eyicə söhbət etdik, yemək
yedik, sonra Boğaz içi vaporlar ilə həpimiz bir yerdə
Kadıköyü ismində bir köyə getdik ki, Mirzə Məhəmmədəli
xan (Seyid Həsənin yoldaşı) orada iqamət ediyor.
Müşarileyhlə bir qiraətxanədə buluşduq, kəmali-məhəbbət
və səmimiyyətlə iki-üç saətə qədər
söhbətə məşğul olduq. Bən də Mirzə
Məhəmmədəli xanın yanında oturmuşdum... Səid
Səlmasi isə bir qaç gün bundan irəli o tərəflərə
əzimət etmişdir".
Məktubda
adı çəkilən adamlar kimlərdi?
Naci bəy
ünlü türk xətibi Ömər Nacidir. Yuxarıda
haqqında bəhs etmişdik. Əlavə edək ki, Ömər
Naci polkovnik rütbəsindən imtina edən hərbçidir.
Ədəbiyyatçıdır, İttihad və Tərəqqinin
üzvüdür. Jon Türklərin Səlmasdakı nümayəndəsidir.
Səttar xanın silahdaşıdır. Atatürkün
örnək aldığı insanlardan biridir. Səid Səlmasinin
səngər yoldaşıdır. Səlmasda Səid Səlmasinin
açdığı yeni tipli Səidiyyə məktəbinin
müdiridir.
Seyid Həsənin
yoldaşı Mirzə Məhəmmədəli xan
"Danişməndani-Azərbaycan" kitabının müəllifi
məşhur Məhəmmədəli Tərbiyətdir.
Seyid Həsən
İran Demokrat partiyasının lideri Seyid Həsən
Tağızadədir.
Bir də
Səid Səlmasi. Parisdə təhsil almış. Zəngin
bir ailənin övladı. Sərvətini məktəb və
mətbuat yolunda sərf edən mücahid.
Əliqulu
Qəmküsar yazırdı ki, Səid Səlmasda öz vəsaiti
ilə məktəb tikdirmiş, burada dərslərin
üsuli-cədid proqramı ilə keçirilməsini təmin
etmişdi. Səlmasda "Şəfəq" adında qəzet
təsis edib, mətbəə qurmuşdu.
Cavid tələbəykən
nə üçün İran əhrarı ilə - Ömər
Naci, Məhəmmədəli Tərbiyət, Seyid Həsən
Tağızadə ilə görüşürdü? Bəlli
bir missiya ilə Türkiyəyə təhsil almağa getdikləri
məlumdur. Rza Tofiq onları vətənə bir mürşid
olaraq yola salacaqdı. Bunu, dediyim kimi, 1927-ci ildə Rza Tofiqin
özü yazıb.
Açılmayan
sirr də elə budur. İranda məşrutə hərəkatı
vüsət alıb, İstanbul Universitetinin tələbəsi
Hüseyn Cavid İran məşrutəçilərinin
nümayəndələri ilə görüşür. Məsələ
burasındadır ki, Səid Səlmasi də, Məhəmmədəli
Tərbiyət də, Hüseyn Cavid də Rza Tofiqin çevrəsində
olan, ondan xüsusi dərs alan gənclərin
sırasındaydılar.
Cavidin məktubundan
belə çıxır ki, Səid Səlmasi 4 yanvarda
İstanbuldan Azərbaycana gəlib. 1909-cu ilin ilk günlərində
yaxın dostu Əliqulu Qəmküsara
bağışladığı fotoşəklin arxasına
belə yadigar sözlər yazıb: "Məsləkdaşım
Ə. Nəcəfov cənablarına yadigari-bəradəranəmdir.
Səid Xəlilzadə". Şəklin arxasında göstərilən
tarix də Cavidin Naxçıvana yazdığı məktubla
eyni günə təsadüf edir: 4 yanvar.
Qəmküsar
Cavidin məktubunu doğrulayır. Həmin günlərdə
Səid Səlmasi Bakıya gəlmiş, təkrar İstanbula
qayıtmış və otuz nəfər Osmanlı əhrarı
(azad düşüncəli gəncləri) ilə birgə Təbrizə
yola düşmüşdür. Sonra Xoyun müdafiəsinə
yollanmış, az sonra, fevralın 22-də Xoy civarında da
şəhid edilmişdi. Ömər Naci də həmin
gün, Xoy döyüşlərində yaralanıb.
Səlmasinin
vəfatı ilə bağlı nekroloq ölümündən
16 gün sonra 1909-cu il martın 6-da "Tərəqqi" qəzetində
dərc olunub. Martın 6-da qəzetin birinci səhifəsində
verilmiş "Səid Səlmasi" məqaləsində
"Culfalı" imzalı müəllif
başsağlığı təsliyələrindən sonra
geniş məqaləsini bu sözlərlə davam etdirir: Bu
cavan kimdir? Hansı gözəl sifətlərə sahibdir?
"Bu novcəvan ədibi-yeganə, natiqi-fərzanə,
alimi-sahibi-qələm, hissi-qovmiyyəti-şəhid
rahi-hürriyyədir". Vətən şəhidlərinin
tacıdır...
Bu cavan
kim idi? "Tərəqqi" qəzeti özünün
verdiyi sualı elə özü də cavablandıraraq Səidin
dörd məziyyətini xatırladır. Odlu silaha bənzəyən
natiqliyi vardı. Qüvvətli qələm sahibi idi.
"Füyuzat"ın yazarıydı. Güclü milliyyət
duyğusuna sahib idi. O qədər ki, Culfalının
bildirdiyinə görə, elə iki il əvvəl Səid Səlmasi
"Füyuzat" səhifələrində "Fədayi-məsləkim
olmuş həyati-istiqbal, / Nisari-can edən olmazsa etməz
istikmal. / Fəzayi-ərşüllahə üruc edən fəryad!"
- deyə bir şeirində şəhadətini öncədən
özü soraq vermiş və "Füyuzat" səhifələrində
verdiyi əhdinə canı bahasına - şəhadətiylə
"vəfa etmişdi". Xeyriyyəçiydi. "Şəxsi
sərvətini, var-dövlətini öz millətinin atiyəsinə
(gələcəyinə), səadət və rifah halına fəda
edirdi".
Səid
barədə başqa heç nə bilmirdilər. Anasına,
məsləkdaşlarına səbr diləyirdilər. Və
"o məzlumun əhvali-həyatına ittilasi olan şəxslərdən
rica olunur ki, onun yadigarlığı naminə məşruhən
bu xüsusda bəyanat versünlər".
Səid
necə ölmüşdü? "Bu cavanın şəhadəti
bu münval ilən olmuşdur. Çəharşəmbə
gecəsi səfər ayının 26-da Maku həşəratı
Səidabad kəndini işğal etmişlər və həman
məhlədə olduqları vəqt Xoy şəhərindən
iki dəstə mücahid firqəsi gecə vəqti Səidabad
qəryəsinə hücumavər olub, üç tərəfdən
məhəli-məzkuri mühasirə etmişlər. Səid
Səlmasi həm mücahidlər cərgəsində bir səngərdə
durub sübhə kimi müharibəyə məşğul
imiş... Vəli mücahidlər tərəfindən yeddi nəfər
şəhid olunmuşlar. O cümlədən birisi də
şəhid Səlmasi cənablarıdır ki, hər iki
dünyanın səadətini dərk və şəhadət
camını nuş etmişdir".
Məhəmməd
Əmin Rəsulzadə isə 1909-cu ilin 12 iyununda "Qəhrəman
Təbriz də bir il tamam mübarizə edib, axırda rus
qoşunlarının cövlangahı olub..." sətirləri
ilə başlayan "İran məktubları"nda Səid
Səlmasi barədə kədərli məqamlara toxunurdu:
"O yeganə cavan vətəni yolunda bir mətbəəsini
deyil, öz canını da fəda etdi!.. Qələmini
sındırıb, mətbəəsini dağıtdılar. Amma
qeyrət və hümmətini əlindən almaq
mümkün deyil idi. Qələmini sındıranları qələm
etmək üzrə qılınc aldı, tüfəng
götürdü. Gördü ki, azad qələm
yürütmək üçün qabaqca bir çox
qılınc vurmaq, güllə atmaq lazımdır!..
İştə hümmət əhlini heç bir mülahizə
öz iqdamından saxlamadığı üçün
meydani-hürriyyətdə şəhid olmaq dərəcəsinə
nail oldu. Səid öldü!.."
***
"Heykəl
diləməm, heykəli qəbrimdir o əflak" deyən Məhəmməd
Hadi şəhid Səlmasini yad edərkən:
"Çeşmi-xakaludun ilə bax məzarından, Səid...
/ Namını ehya üçün millət tikər bir abidə"
deyirdi.
Abidəsi
yoxdur. Məzarı varmı?
5 fevral
2025
Azər
TURAN
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.16-17.