Şəkillərimə baxıram
Düzüb qabağıma şəkillərimi
Durmuşam bayaqdan tamaşasına.
Salıb
xatirimə puç illərimi
Batmışam bir ötgün
ömür yasına.
Hər şəkil söz açır mənə dünəndən,
Oxunur gözündən sevinc də, qəm də.
Qocalığın yönü bəri
dönəndən
Düyür-düyür olub dərdlər sinəmdə.
Bax, bu sütül oğlan ilk gəncliyimdi,
Qıvrım, gur telləri daranıb yana.
Cəmiyyət içində hələ
heç kimdi,
Heyrandı özünün təzə
bığına.
Tələbəliyimdi o biri şəkil,
Yetkinlik
duyulur təhər-tövrümdə.
Nəsə pıçıldayır mənə elə bil,
Çırpınır bir eşqin gizli cövründə.
Digərində görkəm başqadı
tamam,
Sorğu-suallıdı baxışları
da.
Daşlara çaxılıb şirin
arzu-kam,
Sıxlaşıb alnının qırışları
da.
Bu biri xeylicə yaşlıdı ondan,
Ömrün tanrı payı
yarıdı azı.
Bilinir, çıxıbdır çətin
oyundan,
Seyrək
saçlarının görünür
dazı.
Küncdəki kişilik həddidi
artıq,
Gicgahlar
ağappaq, qaşlar düyünlü,
Üzündə təbəssüm yoxdu
bir qırıq,
Qüssəyə bürünüb bu
qaragünlü.
Təklənib alt yanda sonuncu əksim,
O mənim möhtərəm
ahıllığımdı.
Kiçilib gözlərim, batqındı
köksüm,
Fikirlər başımda dağım-dağımdı.
Ah, niyə bilmirik qədrini ömrün?
İllər qovhaqovla çıxır
aradan.
Əvəzsiz itkiymiş ötüb-keçən
gün,
Əfsus,
dərk edirik bunu sonradan.
Sadəlovh yaşadım mən
bu həyatı,
Saxta həqiqətlər oldu inancım.
İçimdə ürəyim çəkdi
bayatı,
Baş
tapa bilmədim, nədir
qazancım?
Yox, asi deyiləm, Allahım, sənə,
Təşəkkür edirəm, qəlbən təşəkkür.
Yaxşı ki, çürüklük vermədin mənə,
Şükür kərəminə, min dəfə şükür!
Qulağım cingildəyir
Kim isə sözümü danışır, əlbət,
Qulağım bayaqdan hey cingildəyir.
Gözümdən uzaqda, özümdən
xəlvət
Görəsən, barəmdə o, nələr
deyir?
Tərifə, təqdirə azdı
gümanım,
Yəqin
babalımdı yuyub-sərdiyi.
Çoxuna dərd olub yaxşı ad-sanım,
İlhamdı Tanrının mənə
verdiyi.
Nə karlı vəzifəm, kəhkəşanım var,
Nə varım-dövlətim başımdan
aşır.
"Haqpərəst" adlanan
bir nişanım var,
Dillərdə söylənir, ellər
dolaşır.
Ah, iblis əməli, kaş olmayaydın,
Salırsan cənginə məni
də hərdən.
Eşitsəydi qulaq hər şeyi aydın,
Gümanlı qalmazdıq cingiltilərdən.
Ulu adaş
Molla Vəli Vidadiyə
Ustad Molla Vəli, ey ulu adaş,
Önündə diz çöküb,
baş əyirəm mən.
Qəbrinin üstündə qartıyıb
boz daş,
Fəqət, şeirlərin düşmür
dillərdən.
Ağladın, sızladın bir
əsr tamam,
Gözünün yaşından göl
də yarandı.
Bu fani dünyadan almadın bir kam,
Qürbət fərağında ciyərin
yandı.
Pərən-pərən düşdü
durna qatarın,
Rast gəldi yollarda "şahin-şunqara".
Duydun puçluğunu cah-cəlalların,
Nə şöhrətə uydun,
nə haram vara.
Ələm dəryasında "qərq oldu gəmin",
Uğursuz qismətə küsküncə
güldün.
Qoluna girmədin gedib heç kimin,
"Qərib öldün, bikəs öldün, yad öldün".
Sənə bu ovqatı irad tutdular,
Sözə kəc baxdılar,
qalmadı dadı.
İnsafı, mürvəti lap unutdular,
Ruhun qiyam etdi, gorun
çatladı.
Qovuldu şeirdən kövrək
duyğular,
Guya toy-bayrammış büsbütün
həyat.
Bitib-tükənibmiş qəmlər, qayğılar,
Düşüncə nə bəsit, ağıl nə boyat!
Tanrı
yazan yazı, dedin, pozulmaz,
Əsla
yanılmadın, ey
ulu adaş.
Sənə oxşamışam həyatda
bir az,
Əbədiyyətdə də oxşayaydım kaş.
Amalım istiqlal
Sən bir ülvi diləyisən
yer üzündə ellərin,
Arzususan,
istəyisən ləhcələrin,
dillərin,
Boylanıbsan arxasından həsrət
dolu illərin,
Sən,
ey idealım istiqlal!
Böyük amalım istiqlal!
Məşəl tutdu haqq yoluna haqsızlıqdan bezarlar,
Qorxutmadı o mərdləri dar
zindanlar, məzarlar,
Fərağına can çürütdü neçə-neçə yazarlar,
Ahım-məlalım istiqlal!
Candan bahalım istiqlal!
Qəsbkarlar var-yoxumu zaman-zaman soydular,
Tapdadılar vətənimi, yaman
günə qoydular,
Mən
ac qaldım, sərvətimdən
özgələri doydular,
Çətin vüsalım istiqlal!
Şirin
xəyalım istiqlal!
Ataları qoruyun
Oğullar, oğullar! İnsaf
eləyin,
Ata ürəyini sızıldatmayın.
Tutun ətəyindən ülvi
diləyin,
Sevinci, şadlığı yasa qatmayın.
Qoruyun atanı hər an tütyətək,
Bəxtdən küsənməsin ixtiyar
çağı.
Ötməsin üstündən bir
acı külək,
Çıxmasın gözünə
qəlbinin dağı.
Hifz edin, oğullar, siz ataları,
Donmasın iliyi qəm qışlarında.
Sıxmasın könlünü övlad
qubarı,
Gülsün bütün dünya
baxışlarında.
Həyat
yollarında mayakdı
onlar,
Sizə
şan-şöhrətdi, əgər
bilsəniz.
Gen günə, dar günə dayaqdı onlar,
Qoruyun, qoruyun ataları siz!!!
Vidadi Babanlı
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.11.