Mənim ilk elmi
rəhbərim
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, çağdaş dilçilik elmimizin korifeylərindən biri, Azərbaycan humanitar elminin filologiya sahəsində bir sıra elmi məktəblərin banisi Ağamusa Ağası oğlu Axundov 2 fevral 1932-ci ildə Kürdəmir şəhərində bu dünyaya göz açmış, 5 sentyabr 2015-ci ildə əbədiyyətə qovuşmuşdur.
Akademik Ağamusa Axundov özünün zəngin
elmi və pedaqoji fəaliyyəti ilə Azərbaycan elminin inkişafında əvəzsiz rol oynamış, uzun illər ərzində bu sahədəki bütün tələblərə
və çağırışlara
cavab verən möhtəşəm işlər
görmüşdür. O, yalnız
Azərbaycan dilçiliyinin
deyil, həm də ümumi filologiyanın və ədəbiyyatşünaslığın inkişafına dair çoxsaylı fundamental tədqiqatlar
apararaq, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda nüfuzlu bir alim kimi tanınmış və hörmət qazanmışdır. Xüsusilə
də, dilə, xalqın özünüdərk
prosesinin ayrılmaz hissəsi kimi yanaşması və dövlət müstəqilliyi
bərpa edildikdən sonra milli dil quruculuğu proseslərində
fəal iştirak etməsi onun elmi fəaliyyətinin əsasını təşkil
edən ən mühüm amillərdən
biri olmuşdur.
O, Azərbaycan dilinin fonemlər sistemi üzrə etdiyi fundamental
tədqiqatlarla tanınmış,
həmçinin türk
dillərinin fonetik quruluşu və təbiəti ilə bağlı apardığı
araşdırmalarla bu
sahəyə yeni yanaşmalar
gətirmişdir. Dilin
müxtəlif aspektləri,
o cümlədən, qrammatika,
etimologiya, dialektologiya
və üslubiyyat kimi sahələrdə akademik Ağamusa Axundovun apardığı
dərin tədqiqatlar
elmi ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir.
Elmi fəaliyyətini pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə
birləşdirən Ağamusa
Axundov, uzun illər ərzində Bakı Dövlət Universitetində yüksək
ixtisaslı kadrların
yetişdirilməsinə böyük
əhəmiyyət vermiş,
çoxsaylı tələbələr
yetişdirmişdir.
O tələbələrdən biri
də mən olmuşam...
Rəqəmlərin mistikasına inandığım üçün
mən bu tarixləri, bir növ, sakral qəbul edirəm: ilk dəfə onu 38 yaşı olanda görmüşəm və
bu rəqəmlər yerini dəyişəndə
- 83 yaşında bu fani dünyaya əlvida deyib. Ancaq nə qədər
qəribə də olsa, mən onu gördüyüm ilk gündə olduğu kimi, yəni 38 yaşında yad edirəm.
Yəqin
heç kim mübahisə etməz ki,
akademik Ağamusa Axundov kimi böyük,
unudulmaz müəllimlərimizi
yalnız yaşlarının
yuvarlaq rəqəmlərində
deyil, hər il doğum günlərində
xatırlayıb, onlar
haqqında ürək
sözlərimizi deməliyik,
elmimiz və təhsilimiz qarşısında
böyük xidmətlərini
bir daha yada salıb layiqincə dəyərləndirməliyik.
Bu, bizim vəfa borcumuzdur, bir qədirbilənlik aktıdır.
Bəli,
1970-ci ildə mən Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə girərkən,
o zaman gənc professor olan
Ağamusa Axundov görünür, bizim şansımızdan ilk dəfə
fakültəmizin dekanı
seçilmişdi. Elə
ilk baxışdan onun
haqqında belə düşündüm: "Üz-gözündən
nur yağan müəllim!" Sarışın
saçları, bəyaz
çöhrəsi, şux
qaməti ilə o saat diqqəti çəkirdi.
"Ümumi dilçilik" fənnindən bizə kurs apararkən isə, onun bir pedaqoq kimi
istedadının da şahidi
olduq. Sonralar poliqlot kimi tanıyacağım
Ağamusa müəllim
həm də ingilis dili dərsi
deyirdi. Mən klassik ədəbiyyata böyük marağımın
təhriki ilə fars dili kursuna
yazılmışdım. Yarım
il bu dili öyrənəndən sonra
nədənsə, dil
bilgilərimi ingilis dili ilə davam
etdirmək istədim və bu niyyətlə
Ağamusa müəllimə
müraciət etdim. O
mənə ingilis dilində bir kitab verib, yanında oxumağımı istədi.
Elə bircə səhifə oxumuşdum
ki, Ağamusa müəllim
özünəxas təbəssümlə
mənə baxıb təkcə bir səhvimi tutdu və: - "Sən ingilis dilini kifayət qədər bilirsən, get, fars dilini daha dərindən
öyrən!" - dedi.
ADU-da təhsil aldığım
dövrdə (1970-1975-ci illər)
o vaxt dilçilik sahəsinin ən gənc elmlər doktorlarından biri olan professor Ağamusa Axundov, tələbələr
arasında böyük
nüfuza malik idi və yorulmaz elmi axtarışları, zəhmətsevərliyi ilə
bizə əsl örnək sayılırdı.
Sonralar akademik Ağamusa Axundovun zəngin elmi irsi və
publisistikası ilə
daha dərindən tanış olduqca, onun çağdaş Azərbaycan dilçilik məktəbinin ən böyük nümayəndələrindən
biri olduğunu, bu gün də
bir çox ardıcılları tərəfindən
yaşadılan və
elmi ənənələri
davam etdirilən möhtəşəm bir dilçilik məktəbi
yaratdığını iqrar
etdim. Məhz bu məktəbin işığında, Ağamusa
Axundovun elmi rəhbərliyi altında
bir çox alimlər yetişmişdir.
Bu mütəxəssislər hazırda Azərbaycan elminin müxtəlif sahələrində uğurla
fəaliyyət göstərməkdədirlər.
Akademik Ağamusa Axundov böyük dilçi alim
kimi elmi məktəb formalaşdırmaqla
yanaşı, həm də doğma dilimizin inkişafı və müasir səviyyədə zənginləşməsi
yolunda yorulmadan fəaliyyət göstərən
bir dil keşikçisi
idi. Özəlliklə
alimin son fundamental əsəri
olan "Dil və ədəbiyyat"
ikicildliyi onun bu sahədə necə böyük işlər gördüyünün
əyani örnəyidir.
Yeni dövrün dilindən danışarkən akademik
Ağamusa Axundov həmişə deyərdi
ki, bazar iqtisadiyyatının dili bazar dili olmamalıdır və İmadəddin Nəsiminin
bu beytini əzbərdən oxuyardı:
Dil bazarçısı yalandır,
varmazam bazarına,
Əgri
dildən nəsnə
gəlməz, durmuşam
inkarına!
"Dil və ədəbiyyat"
əsərinin birinci cildinin "Dil və cəmiyyət" bölməsində Ağamusa
müəllim yazır:
"Dil və xalq
məsələsi o qədər
önəmli, ciddi problemdir ki, dilçilik tarixində o, dörd məktəbin (fəlsəfi
dilçilik, fərdi
psixologizm, "sözlər
və şeylər",
etnolinqvistika) əsas tədqiqat obyekti olmuşdur".
Doğrudan da, əgər dili
xalqsız təsəvvür
etmək mümkündürsə
(ölü dilləri
örnək göstərə
bilərik), dilsiz xalqı heç cür təsəvvür etmək mümkün deyildir. Xüsusən, dövlət suverenliyinin
"dönməz və
əbədi" (Heydər
Əliyev) əldə
edildiyi, otuz ildən bəri düşmən tapdağında
qalmış torpaqlarımızın
Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər
Ali Baş Komandan, istedadlı sərkərdə,
dünya şöhrətli
diplomat İlham
Əliyevin başçılığı
altında geri qaytarılaraq ərazi bütövlüyümüzün bərpa edildiyi bir dövrdə müstəqil dövlətin
dövlət dili kimi Azərbaycan dilinin statusu daha böyük önəm kəsb edir.
Şübhəsiz ki, bu prosesin başında Ulu Öndərimiz
Heydər Əliyev durmuşdur. Keçən
yüzilliyin 90-cı illərinin
əvvəlindən - Ümummilli
Liderin ikinci dəfə Respublika hakimiyyətinə
gəlməsindən sonra
Prezident Heydər Əliyevin "Azərbaycan
dilinin tətbiqi və daha da təkmilləşdirilməsi haqqında"
verdiyi Fərman dilimizin inkişafında
yeni bir mərhələnin
başlanğıcını qoymuş oldu. O dövrü məmnuniyyət
hissi ilə xatırlayan akademik Ağamusa Axundov minnətdarlıq duyğusu
ilə yazır:
"1994-cü
il oktyabrın 19-da Türk
ölkələri dövlət
başçılarının İstanbul
zirvə toplantısından
qayıdanda möhtərəm
prezidentimiz (Heydər Əliyev - T.K.) nümayəndə
heyətinin rəsmi üzvlərini (7-8 nəfər
idik) təyyarədə
yanına çağırdı.
Söhbət zamanı
Dilçilik İnstitutunda
görülən işlərlə
də maraqlandı və tapşırdı
ki, birinci vəzifə
nitq mədəniyyətinin
öyrənilməsi və
öyrədilməsi olmalıdır."
Əlbəttə, Ulu Öndərin özü
böyük natiq idi və onun
nitq mədəniyyətinə
bu qədər yüksək önəm verməsi heç də təsadüfi deyildi. Ümummilli Liderin bu sözləri
deməsindən 26 il keçəcək
və onun layiqli varisi və davamçısı,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
ön cəbhədə
olduğu kimi, söz cəbhəsində
də böyük hünər göstərərək
savaş meydanında misilsiz igidlik göstərən ordumuza,
qalib xalqımıza öz mənfur ikili standartlarının ülgüsü ilə qara yaxmağa çalışan bir para
söz dəllallarının
nəfəsini öz natiqlik istedadı ilə xırp kəsəcəkdi!
Əsərdə akademik Ağamusa
Axundovun irəli sürdüyü aktual dil problemlərindən biri də latın
qrafikalı yeni Azərbaycan
əlifbası məsələsidir.
"Yeni əlifbamız və
onun problemləri"
adlı məqaləsində
yeni əlifbanın dilimizin
qayda-qanunlarına maksimum
uyğunlaşdırılması haqqında alimin bir sıra qiymətli
fikirləri yer almışdır. Bu problemin
çözülməsi zamanı
alimin irəli sürdüyü ritorik suallardan biri də, yeni əlifbaya keçid zamanı "Nə qazanırıq, nə itiririk?" sualıdır. Qeyd edim ki, böyük alimin vaxtında qaldırdığı bu
sual hələ indinin özündə də müəyyən mənada aktuallığını
saxlamaqdadır.
Dilçilik elmimizin ən müxtəlif sahələrində
özünü dünya
səviyyəli bir
alim kimi sübut etmiş akademik Ağamusa Axundov humanitar elmimizin başqa sahələrində
də yüksək səviyyəli alim sözünü
deyərək, sanballı
tədqiqatlar aparmış
ensiklopedik zəkadır.
Akademik Ağamusa Axundov haqqında sanballı araşdırmanın müəllifi,
akademik İsa Həbibbəyli
alimin yaradıcılığına
bu baxımdan yüksək qiymət verərək yazmışdır:
"Azərbaycan dilçiliyinə,
ümumi dilçiliyə,
ədəbiyyatşünaslıq problemlərinə, estetikaya,
ictimai fikrimizin qayğılarına, tarixşünaslığa,
nitq mədəniyyəti
məsələlərinə həsr olunmuş sanballı əsərləri
akademik Ağamusa Axundovun geniş elmi dünyagörüşə,
böyük istedada,
universal elmi düşüncəyə
malik görkəmli elm xadimi
olduğunu aydın surətdə nümayiş
etdirir. Azərbaycan humanitar elminin bir dövrünü "Ağamusa Axundov mərhələsi" kimi
adlandırmaq mümkündür."
Onu da deyim ki, filologiya fakültəsinin üçüncü
kursunda oxuyanda, elmi istiqamət seçimi məsələsi
qarşıya çıxarkən
mən o zaman prestijli sayılan ədəbi tənqid və ədəbiyyatşünaslıq ixtisaslarını deyil, dilçilik ixtisasını
seçdim ki, bu da heç şübhəsiz,
dərin hörmət
bəslədiyim müəllimim
Ağamusa Axundovun şəxsiyyətinə və
istedadına sevgimin örnəyi kimi qiymətləndirilə bilər.
Elə bu hörmət və sevgimin nəticəsində diplom
mövzusunu da o zaman hələ
professor olan Ağamusa
Axundovun ən böyük tədqiqatçısı
olduğu ümumi dilçilikdən götürdüm.
Mövzular siyahısında
məni ən çox tutan "Dünya dillərində infinitiv" mövzusu oldu və çox
həvəslə diplom
işi üzərində
çalışmağa başladım.
Deyə bilərəm
ki, müəllimimin təsiri
altında mövzu ilə bağlı bir sıra maraqlı
nəticələrə də
gəlmişdim. Nə
yazıq ki, o kirayədən
bu kirayəyə köçhaköç zamanı
diplom işimi itirdim.
Yaxşı yadımdadır ki, hər
dəfə məni universitetin o zaman Kommunist (indiki İstiqlaliyyət) küçəsində yerləşən
köhnə binasının
ikinci mərtəbəsindəki
dəhlizində görərkən
Ağamusa müəllim
zəndlə gözünü
qıyıb, özünəxas
təbəssümlə məni
başdan-ayağa süzər
və: "Diplom işi necə oldu?" deyə soruşardı. Nəhayət,
işi bitirib elmi rəhbərimə təqdim etdim. Qısa müddətdə
oxuyub rəyini yazdı və mən diplom müdafiəsində əla
qiymət aldım...
Diplom işinin itirilməsinə
bir də ona görə heyifsilənirəm ki, orada
sevimli müəllimimin
təkraredilməz xətti
ilə qısa bir rəy, sonunda
isə onun məşhur imzası:
"A.Axundov" var idi.
Sonralar Ağamusa müəllim Azərbaycan Milli Elmlər
Akademiyası Nəsimi
adına Dilçilik İnstitutunun direktoru və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi
vəzifələrində çalışarkən
çox sıx əməkdaşlıq etdik
və mən artıq tələbəlikdən
çıxmağıma, necə
deyərlər, ağsaqqal
kişi olmağıma
baxmayaraq, onun müəllim qayğısını
həmişə üzərimdə
hiss etmişəm və
bu məndə indi də xoş
duyğular oyatmaqdadır.
Düşünürəm ki, filoloji təhsilimizdə və elmi düşüncəmizdə
bütöv bir epoxa təşkil edən böyük şəxsiyyətlər - Mir Cəlal
Paşayev, Ağamusa Axundov, Abbas Zamanov, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Yusif
Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Firidun Hüseynov, Təhsin Mütəllimov və b. kimi böyük ustadlardan dərs aldığımız üçün
bu gün yüksək qürur hissi keçirməyə haqqımız var. Borcumuz isə onların elmi irsini layiqincə
qiymətləndirərək yaşatmaq və gələcək nəsillərə
çatdırmaqdır.
Teymur
KƏRİMLİ
Ədəbiyyat qəzeti.- 2025.- 7 fevral, №5.- S.6-7.