Gültəkin xaqan
Tanınmış
yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin
"Gültəkin xaqan" tarixi romanı nəşrə
hazırlanır. Roman V-VIII əsr Göytürk
Xaqanlığının tarixindən və onun ən
böyük sərkərdəsi sayılan Gültəkinin
döyüşlərindən bəhs edir. Turan Birliyi
ideologiyasına söykənən romanı tarixi-ideoloji əsər
kimi də səciyyələndirmək olar. Oxucularımıza
maraqlı olduğunu nəzərə alıb, əsərdən
bir parçanı təqdim edirik.
...Kərənayın
səsi dağların, dərələrin, meşələrin
üstündən süzülüb adamların
qulağına çatdı. Dalınca da davullar vuruldu. Bu o
demək idi ki, Bilgə xaqanın xalqa deməyə
sözü var.
Çöldə
ot biçənlər əllərini saxladılar, dağlarda,
dərələrdə qoyun-quzu, mal-heyvan haylayanlar qulaq kəsildilər,
ev işlərinə məşğul xanım-xatunlar, gəlinlər
əllərini saxladılar, nənələr gəbə
toxumağı dayandırdılar, çeşniləri
çaş-baş saldılar, göydə uçan quşlar
dondular, havadan asılı qaldılar, atlar yerlərinə
mıxlandılar, meydanda qurşaq tutan, at çapan,
qılınc oynadan igidlər mətəyə
toplaşmağa başladılar.
Hamı cəm
olandan sonra səyyar taxtda oturan Bilgə xaqan ayağa
qalxdı. Xalq hərəkətə gəldi. Bir-birini itələyə-itələyə
qabağa soxulmaq, xaqanlarını yaxından görmək istədilər.
Xaqan əlini
yuxarı qaldırıb dedi:
- Göy
Tanrı yardımçımız olsun, mənim türk
budunum! Mən onun sayəsində taxta oturdum. Türk budunum
yaşasın deyə. Ondan öncə Göy Tanrı atam
İltəriş (Eltəriş) xaqanı, anam İlbilgə
(Elbilgə) xatunu səmadan yerə endirmiş, taxta
çıxartmışdı. Atam Tanrının sözlərini
eşitdi və türk xalqını bütövləşdirdi.
Ona qədər xitayların (çinlilərin) yağlı
dilinə, qumaşlarına, qızlarına aldanmış bəylərimiz,
xanlarımız türk qövmünü itirmişdi. Göy
basmadısa, yer ayrılmadısa, xalqımız hara yox oldu?
Şükürlər ki, indi budunumuz da var, bəylərimiz də.
Sağ tərəfimdə tarxanlar, buyruq bəyləri və təkinlər,
sol tərəfimdə şadlar, arxamda isə öz soyumdan
olan millətim var.
Babamızın,
əmimizin qazandığı millətin ad-sanı
unudulmasın deyə qardaşımla sözləşdik.
Türk milləti üçün gecə uyumadıq,
gündüz oturmadıq. Gültəkinlə, buyruq bəylərilə
var gücümüzlə çalışdıq.
Ey mənim
türk millətim, babalarımızın ruhu dolaşan ilk
damğamız yadellilərin əlindədir. Onu bizdən
aldılar. Ona görə də məğlub olduq. Onu geri
almasaq, millət kimi yaşaya bilmərik. Damğamızı və
baydağımızı (bayrağımızı) geri almaq
üçün türk boylarını bir yerə
yığmalıyıq. Bax, onda güclü dövlət qura
bilərik. Çünki o damğa bizə güc verirdi.
Əlimizdən gedəndən sonra gücdən
düşdük. Ellərimiz yağmalandı, tar-mar oldu.
Ərlik oğlanlarımız çinlilərə qul, gəlinlik
qızlarımız cariyə oldular!
Biz indi
böyük sınaq qarşısındayıq. Atam İltəriş
xaqan, əmim Qapağan xaqanın vəsiyyətini yerinə
yetirməliyik. Yəcuc-məcuclar (xitaylar, çinlilər) onlara
boyun əyən öz bəylərimiz sayəsində əmim
Qapağan xaqanı pusquya salıb öldürdülər və
damğamızı, bayrağımızı özlərilə
apardılar.
Düzdür,
əmim sərt təbiətliydi: öcü də vardı,
gücü də, öfkəsi də vardı, ötkəmi də.
Nəfəsi od qarsar, qılıncı şimşək təki
çaxardı...
Biz xainləri
cəzalandırdıq...
Bilgə
xaqan burda dayandı. Millətə baxdı və davam elədi.
Nədənsə həmin məsələni, yəni əmisinin
öldürülməsi söhbətini yarımçıq
qoydu. Bəlkə də millətin özünü necə
aparacağını gözləyir, bu sözə tərpənişini
(reaksiyasını) yoxlayırdı...
-
Damğa da, bayraq da düzəltmək asandır. Amma o
damğanı atam İltəriş xaqan öz əli ilə
hazırlayıb və bizim ruhumuz ordadır. Onu geri almaq
üçün qarşımızda bir yol var. Onu da dedim:
bütün türk boylarını bir araya gətirmək,
sonra damğamızın arxasınca getmək. Çinlilərin
saysız-hesabsız qoyun sürüləri var. Biz qurd nəslindən
olduğumuz üçün o qoyunları ələ
keçirməliyik. Onların at ilxıları var, at bizim
muradımız olduğu üçün atlarını
almalıyıq. Onların gözəl qızları var, nəslimiz
güclü və gözəl olsun deyə onları kəniz
etməliyik.
Meydanda
uğultu qopdu. "Yaşasın xaqanımız, bilgəmiz!"
deyə hayqırdılar.
Bilgə
xaqan əlini yuxarı qaldırdı.
Meydandakılar
sakitləşdilər.
- Həmin
gün yetişdi. Mən bu işi qardaşım Gültəkin
xana tapşırıram. İndən sonra mən yalnız
dövlət və törə işlərilə məşğul
olacam. Qoy, bütün orduya o başçılıq eləsin.
Meydanda
yenə də uğultu qopdu. Hamı bir ağızdan:
"Gültəkin, Gültəkin!" - deyə
bağırmağa başladı. Pıçhapıç
düşdü: bəziləri elə bildilər ki, Bilgə
xaqan qardaşının daim artan nüfuzundan qorxur, bəzilər
isə döyüşə gedəcəklərini eşidib
sevindilər, çünki qalib gəlsəydilər, qənimətlə
geri qayıdacaq, arvad-uşaqlarını sevindirəcəkdilər,
ölsəydilər, Göy Tanrının yanına
üzüaçıq gedəcəkdilər...
- Gültəkin
yanıma gəlsin, - Bilgə xaqan buyurdu.
Gültəkin
önə çıxdı. O, görkəmi ilə
başqalarından seçilirdi. Bədənini, sanki tuncdan
tökmüşdülər. Başında gümüşdən
börkü, ipəkdən əbası, arxalığı,
uzunboğaz, ucu sivri çəkməsi vardı. Cod
saqqalı, uzun bığı, sivri burnu üzünə sərtlik
və mərdlik verirdi. Üzündə
çapığı vardı. Əmisi Qapağan xaqanla
çinlilər üzərinə gedərkən
döyüşdə yaralanmışdı. Həmin
çapıq onu daha yaraşıqlı edirdi, üzünə
comərdlik verirdi. Şabalıdı saçları
yüngül əsən mehdən dalğalanırdı.
Bilgə
xaqan qardaşının alnından öpdü və dedi:
-
İşin avand, yolun açıq olsun! Budunumuza layiq oğul
və təkinsən (sərkərdəsən)! Göy
Tanrı yardımçın olsun!
Gültəkin
bağır basdı və dedi:
-
Başımızın üstündə Göy Tanrı,
ayağımızın altında ana torpaq, bizə kim bata bilər
ki!?
Bu
sözlərdən sonra o, qardaşının
qarşısında baş əydi və əlindən öpmək
istədi, amma Bilgə xaqan buna izn vermədi.
- İndi
isə söz Məclis başqanınındır, - deyə
Bilgə xaqan Tonyukuka işarə elədi.
Tonyukuk irəli
çıxdı və dedi:
- Gültəkin
xan İstəmi xaqanın nəvəsi, İltəriş
xaqanın oğludur. Burasını hər kəs bilir. Onun
hansı yollardan keçdiyini isə mən sizə anladım.
- Anlat! -
deyə yerdən qışqırdılar.
-
Ataları Eltəriş xaqanın ruhu pərvazlanıb Göy
Tanrının yanına uçanda Gültəkinin yeddi,
Buğay Bilgəmizin səkkiz yaşı vardı.
Hər
iki qardaş 12-13 yaşlarından əmiləri Qapağan
xaqanla çiyin-çiyinə vuruşublar. Buğay (Bilgə)
onun sağ əli, Gültəkin isə sol əli olub.
Anasının şərəfinə ona Gül adı veriblər.
Çünki anası Gül onu dünyaya gətirərkən
ruhu göylərə pərvazlanıb, cismini oğluna
bağışlayıb. Amma yaxşı
döyüşdüyünə, comərdliyinə görə
biz ona təkinlik verdik və türkeş xalqı üzərində
şad qoyduq. O, əmisi ilə birgə Doğuda (Şərqdə)
Yaşıl çaya qədər getdi, Şantun
çölündə döyüşdülər, Batıda
(Qərbdə) Dəmir qapıya qoşun çəkdilər,
oranı aldılar. Kögmən yurdundan keçərək
Qırğız ölkəsinə çatdılar, on
üç dəfə döyüşdülər, elini
dağıtdılar, amma öz xalqları olduğuna görə
onlara dəymədilər. O döyüşdə mən də
vardım. Xanlarını xanlıqdan saldıq, ayaq üstə
olanları diz çökdürdük, baş
qaldıranları baş endirməyə məcbur etdik. Bars bəyi
xan etdik, qırğız və türkeş xalqlarının
üzərində hakim qoyduq. On-oxların da dərsini verdik və
Göytürk xaqanlığına bağladıq. Eltəriş
xaqanın qızını, Bilgə ilə Gültəkinin
bacısını ona ərə verdik. Eşitdiyimizə
görə, Bars bəy indi yolunu azıb, başqa yola
düşüb. Amma biz onu da, ona yardımçı
olanları da peşman edəcəyik. Çünki səhv
yoldadırlar. Xaqanımız dediyi kimi, birliyimiz olmasa, biz
yağı düşmənlərə - tabğaclara,
çinlilərə, kidanlara, tatabılara qarşı dayana
bilmərik.
Çinlilərə
uduzmağın bədəlini biz yaxşı bilirik. Göy
basmadı, yer aralanmadı: bəs necə oldu ki, çinlilərə,
tabğaclara təslim və tabe olduq? Çünki birliyimiz
pozuldu. Onlar pozdular birliyimizi: kiminə
qızıl-gümüş, kiminə qumaş, ipək, kiminəsə
şirin dilli qızlarını bağışladılar.
Türk milləti böyük günah işlətdi. Bir
olmağı bacarmadı: gah Batıya tərəf
yıxıldı, gah da Doğuya tərəf. Amma İltəriş
xaqanın qardaşı Qapağanın və
oğlanlarının sayəsində ərlik igidlərimiz qul
olmaqdan, gəlinlik qızlarımız cariyə olmaqdan xilas
oldular, elimizin əli çörəyə, ruzi-bərəkətə
çatdı. Şükür olsun bu günə. Amma xəyanət
xəyanət ardınca gəldi. Qapağan xaqanımızı
xaincəsinə öldürdülər,
özümüzünkülər öldürdülər...
Dədə
(Bilgə) Tonyukuk bu yerdə dayanıb dərindən ah çəkdi,
başını göyə qaldırıb, göydə
qıy vuran qartala baxdı, sonra meydandakıları bir
anlıq süzüb davam elədi:
- Bilgəmizin
və Gültəkinimizin sayəsində yenə də
xalqımız məhv olmaqdan qurtuldu. Onlar gecə-gündüz
yatmadılar, çalışdılar və millətimizi
ağ günə çıxardılar. Ac-yalavac xalqı,
miniksiz xalqı yenidən ucaltdılar. Paltarsız xalqı
geyindirdilər, acları doyurdular, torpaqsızlara torpaq verdilər.
Türk tayfasından olanları birləşdirdilər.
Yenə
qayıdıram Gültəkinin üstünə. Gültəkin
on altı yaşı olanda əmisi ilə birgə Altı
Çublara qoşun çəkib məğlub etdi.
Tabğacda Bilgəmizlə birgə Ontutukun ordusunu
dağıtdı. Gültəkin piyada qoşunla hücuma
keçdi, ordu başçısı Ontutuku və ətrafındakıları
əsir aldı və xaqanımıza təslim etdi. İyirmi
bir yaşı olanda çinli sərkərdə
Çaça Sönün ilə vuruşdu. Döyüş
başlayar-başlamaz, Gültəkin boz atını minib
hücuma keçdi, qarşısına çıxanı
süngüləyib dağıtdı. Atları öləndə
o başqa ata mindi və döyüşdü. Düz səkkiz
dəfə at dəyişdi. Ona tərəf çoxlu oxlar
atıldı, azı yüz dəfə, amma heç biri
Gültəkinə bata bilmədi, çünki Göy
Tanrı başımızın üstündə, igid
babalarımızın ruhu içimizdəydi.
Bəylilkələrin
(bayrıkların) başçısı Uluq İrkin bizə
düşmən olanda da Gültəkin gedib onları
dağıtdı, Türkü Yarğun gölünün kənarında
dönük xanı öldürdü və bəylikləri
budunumuza bağladı. Gültəkinin hücuma necə
keçdiyini meydandakıların bəziləri bilir,
çünki o döyüşün şahidləridirlər.
- Bilirik, əlbəttə
bilirik! - deyə yerdən sədalar ucaldı.
Tonyukuk
davam elədi:
-
Qarşımızda böyük döyüşlər
dayanır. Amma damğamızı tapmaq, altun sancaqlı,
qurdbaşlı bayrağımızı qaytarmaq
üçün türk budunumuzu bir etməliyik. Göy
Tanrı bu işdə bizə yar-yardımçı olacaq!
Tonyukuk sözünü
bitirdikdən sonra qızı Ağüzün böyründə
oturdu.
Bilgə
xaqan ayağa qalxdı, qardaşına yaxınlaşdı, əlini
qardaşının çiyninə qoydu, alnından
öpdü və dedi:
- Umudumuz
göydə Göy Tanrıya, yerdə türk qövmünə,
döyüşçülərinə və sənədir.
Get, hazırlaş. Ay sənəsi yetişəndə, qoyun
ilində yola çıxacaqsınız. Tonyukuk da sizə
qoşulacaq. Onun məsləhətləri və öncəgörümü
sizə yardımçı olacaq.
Xəyanət
və qisas...
...Qapağan
xaqan Doqquz oğuzların üstünə getdi.
Yürüş
zamanı Gültəkin əmisinin sol, Bilgə sağ tərəfindəydi.
Türk törəsinə görə İltəriş
xaqanın oğlu Buğay (Bilgə) şad (vəliəhd)
idi, amma o, körpə olduğundan İltərişin
qardaşı Qapağan xaqan oldu. İndi onlar
böyümüşdülər və əmilərilə
bütün döyüşlərə gedirdilər.
Qapağan xaqan nədənsə oğlu İnəli kənarda
saxlayırdı. Onu qoruyurdumu, yoxsa, etibarmı etmirdi?
Burasını bilən yox idi. Bilinən o idi ki, İnəl
xan turgişlərin üzərində xanlıq edirdi.
Sərt təbiətli
xaqandan nəsə soruşmaq mümkün deyildi. O, heç
kimlə məsləhətləşmir, qərarları təkbaşına
qəbul edirdi. Çox zaman baş vəzir Tonyukukun da
sözünə baxmırdı. Doqquz oğuzların
üstünə gedəndə də heç kimlə məsləhətləşmədi,
Məclisi çağırsa da, Məclis üzvlərinə
gənəşmədi, eləcə bir söz dedi: "Doqquz
oğuz budunum öz budunum idi. Göylə yer
qarışdığı üçünmü bizə
düşmən oldular!? Haydı atlanın, beş gecə
keçəndən sonra, gün doğanda yola
düşürük."
Uzaqlarda,
Tanrı Dağının üstündə qartallar qıyya
vururdu, Göytürk qoşununun sayı-hesabı yox idi.
Hamısı da süvarilərdən ibarət idi...
Qapağan
xaqanı cırnadan Doqquz oğuzların vədlərinə əməl
etməmələri, ona asi düşmələri
olmuşdu...
715-ci ilin
baharında Doqquz oğuz boyları Qapağan xaqana
qarşı üsyan qaldırmış və kömək
üçün Çinə müraciət etmişdilər.
Göytürk xaqanı bu xəyanəti onlara
bağışlamamış, Mavərənnəhrə qədər
getmiş, üsyançıları əsir-yesir etmiş, bəylərini
əsir almış və böyük qənimətlə geri
qayıtmışdı. Bu döyüşdə bəyliklər
(bayruqlar) də məğlub olmuşdular. Onların qisas hissi
ilə alışıb-yandığını görən
çinlilər diplomat Çan Sun Şenqi Qapağan
xaqanın oğlu İnəl xanın yanına göndərmiş
və onu atasına qarşı asi olmağa razı
salmışdılar. Bunun əvəzində isə İnəl
xaqana Çin şahzadəsini verəcəklərini,
düşmənçiliyə son qoyacaqlarını,
Ötükəndə onun xaqanlığını
tanıyacaqlarını vəd eləmişdilər. Həmin
vaxt İnəl xan Beşbalıq üzərinə
yürüşdə idi. O, döyüşdə məğlub
olmuş və atasının gözündən
düşmüşdü. Ona görə də Ötükənə
qayıtmağa tələsmirdi.
Çinlilər
ata ilə oğul arasında yaranan soyuqluqdan istifadə elədilər.
Çünki Ötükəndə casusları çox idi.
Onlar, əsasən, bazarda işləyirdilər, çin xəfiyyəsinin
görən gözü, eşidən qulaqları idilər və
daim saraya xəbər göndərirdilər.
Çin
diplomatı Çan Sun Şenq İnəl xanla Beşbalıq
yaxınlığında, yağışlı və
dumanlı bir gündə görüşdü. Onlar meşədəki
ağacların birinin altında daldalanaraq söhbət edirdilər.
Hiyləgər
Çin diplomatı yağlı dilini işə salıb
İnəl xana bunları dedi:
-
Qapağan xaqan başarılı döyüşçü və
sərkərdə olsa da, zəif idarəçidir. Ona görə
də tez-tez məmləkətinizdə üsyanlar baş
verir. Özü də o, səni vəliəhd kimi
görmür. Ona görə də səni həmişə kənarda
saxlayır. Qardaşı oğlanlarını da daim öz
yanında gəzdirir. Bizdə olan məlumata görə əsl
şad Buğay xandır. Ona görə də Qapağan
xaqanı aradan götürmək lazımdır. Bu iş elə
sürətlə görülməlidir ki, heç kim duyuq
düşməsin və ətrafı özünə gəlməmiş
taxt-taca yiyələnərsən. Çünki atadan sonra
taxt-tac oğula keçir. Heç kim də sənə
qarşı çıxmağa cürət eləməz.
İnəl
xan çinli elçinin onunla görüşə can
atmasından nəsə duymuşdu, amma ona belə bir təklif
ediləcəyini gözləmirdi. İndiyə kimi çinlilər
türk tayfalarının arasını vurmaq üçün
çox işlər görmüş, çox fitnələr
törətmişdilər. Hətta Qapağan xaqanın ən
yaxın silahdaşlarından olan Batır xanı
Göytürk xaqanın üstünə
qaldırmışdılar. Yalandan demişdilər ki,
Qapağan xaqan onu döyüşlərdən birində aradan
götürmək istəyir, çünki özünə rəqib
görür. Belə olanda Batır xan bir gecə qəfil
xaqanın olacağına hücum eləmiş, amma məğlub
olmuşdu. Quşdan ayıq Qapağan xaqan hənirtini
duymuş və qabağına çıxanları
doğramışdı, Batır xana da aman verməmişdi.
Özü isə yüngülcə yaralanmışdı.
İnəl
xan, şübhəsiz, bunu bilirdi, çünki dəfələrlə
bu söhbətin şahidi olmuş, atasının çinlilərə
necə qəzəbləndiyini görmüşdü. Ona
görə də söhbətdən yayınmaq istədi,
ancaq birbaşa etiraz da eləmədi:
- Mən bunu
necə edə bilərəm? Atam Mavarənnəhr tərəfdə,
mənsə burda, - dedi.
İnəl
xanın bu sözləri cavabdan çox, kəşfiyyat
xarakterliydi.
Çan
Sunun geri çəkilmək fikri yox idi, ona görə də
dediklərinə bunları da əlavə etdi:
-
İmperatriçamız, bütün canlıların hökmdarı
Vu verdiyi vədi həmişə yerinə yetirir,
çünki böyük bir nəslin
davamçısıdır.
İnəl
xaqanın ürəyindən hökmdarlıq keçirdi, amma
bunun tələ olub-olmadığını da öyrənmək
istəyirdi. Ona görə də soruşdu:
- Niyə
elə fikirləşirsiniz ki, mən öz atama qarşı
çıxa bilərəm?
-
Çünki acıqlı qurd birinci öz balasını
yeyir. Sən döyüşü uduzmusan, əliboş geri
dönürsən. Bildiyim qədər o, bunu heç kimə
bağışlamır.
İnəl
xan atasının qəzəbləndiyini, şübhəsiz,
bilirdi, ona görə də Ötükənə
qayıtmağa tələsmirdi və əl altdan özünə
dayaq axtarırdı. Xanlıq elədiyi turgişlər də
ondan üz döndərmiş və evlərinə
qayıtmışdılar. Çünki evə əliboş
qayıdan döyüşçü qəzəbli olur.
- Bəs,
bunu necə etmək olar? - deyə İnəl xan tərəddüdlə
soruşdu.
Bu zaman
onlardan bir az aralı qaban sürüsü ötüb
keçdi. Görünür, xanlardan, ya tayfa
başçılarından kimsə ova
çıxmışdı. Onları görə bilərdilər.
Ona
görə də çinli diplomat tələm-tələsik
dedi:
- Biz onu təşkil
edərik, amma sən inandığın adamı bəyliklərin
yanına göndər. Qalanı bizim işimizdir.
- Bəyliklərin
yanına niyə?
-
Çünki Qapağan xaqan Mavarənnəhrdən
qayıdır, indi mancurlar tərəfdədir,
qayıdanbaş onların yerlərindən keçəcək.
Bəyliklər də xaqandan yanıqlıdırlar. Ötənlərdə
onları yağmaladığı üçün.
İnəl
xan bir az düşünəndən sonra öz
razılığını verdi, Ötükənə adam
yollayıb, bacısı oğlanlarını düşərgəsinə
çağırdı və onları bəyliklərin
yanına göndərdi...
Çinli
diplomat düz deyirdi. Qapağan xaqan, doğrudan da, Mavarənnəhrdən
qayıdandan sonra dinc oturmamış və ipə-sapa yatmayan mancurların
üstünə getmişdi. Onları məğlub etmiş,
geri qayıdanda isə Gültəkinlə Buğayı
qoşunun başında Ötükənə göndərmiş,
özü isə başının dəstəsilə ova
getmişdi.
İnəl
xaqanın bacısı oğlu İtalmazın
özünün də babasından, yəni qaraqabaq
Qapağandan xoşu gəlmirdi. Ona görə də bu işə
can-başla razılaşmışdı...
Qapağan
xaqan pusquya düşdüyünü anlayanda gec idi,
çünki bəyliklər İtalmazın planı ilə hərəkət
elədilər, öz işlərini ehtiyatlı tutdular. Sui-qəsdçilər
hər kolun, hər ağacın dibində, başında idilər.
Bəyliklərin
başçısı İsməli xan Qapağandan yana
yanıqlıydı, çünki bir müddət əvvəl
onun atasını Qapağan xaqan öldürmüş, ailəsini
isə sağ buraxmışdı, İsməli xan özü
dağlara qaçmışdı və indi bu fürsətdən
istifadə edib qisasını alırdı.
Qapağan
xaqanın adamları şir kimi döyüşsələr də,
həm sayları az olduğundan, həm də özlərini
arxayın apardıqlarından məğlub oldular. Bəyliklər
Göytürk hökmdarını mühasirəyə
aldılar, ona hər tərəfdən oxlar
yağdırdılar, nizələr atdılar, onu atdan
saldılar. İsməli xan yaralı xaqanın başını
kəsdi. Sui-qəsdi aralıdan müşayiət edən
Şan Sun xaqanın qanlı başını Çin
sarayına apardı.
Bu
fürsətdən istifadə edən İnəl xan
Beşbalıq səfərindən qayıtdı və
heç kimin gözləmədiyi halda özünü xaqan
elan etdi.
Bu hadisə
Gültəkin və Buğaya çox pis təsir elədi.
Onlar indi nəinki başsız qalmışdılar, həm də
törəyə xəyanətin şahidi olmuşdular...
Yas mərasimi
40 gün çəkdi. Dünyanın bir çox yerindən
Qapağan xaqanın yas mərasiminə qatıldılar. Bizans
və Çin sarayından, eləcə də türk
boylarından elçilər, əsilzadələr
başsağlığı üçün gəldilər.
Qonaqlar, adətə uyğun olaraq, göytürklər kimi
geyindilər: saqqallarını qırxdılar, üzlərini
çərtdilər, saçlarını açdılar, 40
gün boyu yas saxladılar...
Çinlilər
Qapağan xaqanın şərəfinə
dürlü-dürlü sözlər dedilər, yarıciddi,
yarıyalan söylədilər. Çin sarayından göndərilən
qızıl tozlu məktubu Qapağan xaqanın nəşi
uzadılmış çadıra qoyub, ehtiramla diz
çökdülər. Məktubda belə
yazılmışdı: "Başarılı və
hökmlü sərkərdə, uzaqgörən və
ağıllı hökmdar Moçur xaqanın ruhuna
ehtiramla!.."
Qapağan
xaqanı Tanrı Dağında dəfn elədilər.
Yanına yaraq-yasağını və sevimli atını
qoydular. Göytürk inancına görə xaqanın ruhu ata
minib Göy Tanrının yanına uçacaq və əbədi
yaşayacaqdı...
Qonaqları
gümüş sancaqlı çadırda oturdular.
Qarşılarına qoyun və mal ətindən soyutma
qoydular, üzüm şərabı verdilər...
***
...Yas mərasimi
bitəndən, qonaqlar yola salınandan sonra Gültəkin
qardaşının olacağına gəldi.
Qulluqçular
çöldə paltar yuyur, aşbazlar yemək
hazırlayır, itlər yal həsrətində quyruq
bulayır, atlar imsinirdilər.
Hardansa,
lap uzaqlardan qarmaqarışıq səslər gəlir,
qoyunlar mələşir, itlər hürüşürdülər.
Şad
(şahzadə) Buğay iri alaçığın içində
- ocağın qırağında oturmuşdu. Arvadı
Ağüz, sağ və sol bəyləri, tərxanlar, buyruq
bəyləri də burada idilər.
Ağüz
Tonyukukun qızı idi. Göytürk adətinə görə,
ərlər öz arvadlarına hansı adı istəsəydilər
verirdilər. Ağüzün atası, Tonyukuk Tabğac elindən
olsa da, türk idi. Qutluq xanla vaxtilə əsirlikdən
qaçmışdı və göytürk xaqanlarına sədaqətilə
seçilirdi.
Amma indi
İnəl xaqanın yanındaydı. Çünki İnəl
xan özünü xaqan edəndən sonra o da, yeni
hökmdarın yanında olmalıydı.
Gültəkin
içəri girib bağır basdı. Şahzadə ona
öz yanında yer göstərdi. Əvvəlcə dağ
otlarından hazırlanmış isti həlim, dalınca da
çay gətirdilər. Buralarda çay az
tapılırdı, hər evdə olmazdı. Onu çinli
elçilər Qapağan xanın yas törəninə gələndə
gətirmişdilər.
Buğay
xan bilirdi ki, qardaşının deməyə sözü var.
Çünki hələ yas mərasimi zamanı hər ikisi
fikirliydi, nə barədəsə düşünürdülər.
Bunu onların üzündən və məyus
baxışlarından asan başa düşmək olardı.
Gültəkin
yuxarıda, qardaşının sağında bardaş qurub
oturdu. Qarşısında buğlanan çaydan bir qurtum
aldı.
-
Budunumuzdan nə xəbər? - deyə şahzadə
soruşdu.
Gültəkin
bir qədər susandan sonra gözlərilə ətrafı
süzdü, nəhayət, suallı baxışlarını
qardaşına yönəltdi: yəni hamının
yanındamı deyim?
- Çəkinmə,
de. Burda kənar adam yoxdur, hamısı
özümüzünkülərdir.
Gültəkin
yerini rahatladı və səsində istehza duyulacaq tərzdə,
amma təmkinlə danışmağa başladı:
- Xəbər
odur ki, əmimiz oğlu İnəl qələbəni bayram
edir, Bizansdan və Çindən özünə kənizlər
gətizdirib. Çinlilərin gətirdiyi düyü şərabından
başı ayılmır. Biz onu boş buraxsaq,
axırımıza çıxacaq. Xaqanımızın
öldürülməsində İnəlin əli var. Mən
buna şübhə etmirəm. Əgər belə
olmasaydı, əmimizin qırxı çıxmamış
Çin şahzadəsini İnələ göndərməzdilər.
Buğay
xan qeyri-ixtiyari olaraq başı ilə qardaşının
dediklərini təsdiqlədi və söhbətə davam etməsini
gözlədi.
Gültəkin
bir az dinməz durduqdan sonra qardaşının qulağına
pıçıltıyla dedi:
- Onun
sarayında xidmət edən bizim adamımız öz
qulaqları ilə eşidib. İnəl keflənəndən
sonra "əmim oğlanlarının da axırına
çıxmağa az qalıb!" deyib.
"Bizim
adamımız" deyəndə Gültəkin Tonyukuku nəzərdə
tuturdu.
- Səddin
o tayından da casuslarımız oxşar xəbərlərlə
gəliblər, - deyə Buğay astadan dedi.
- Elə
də bilirdim, - Gültəkin qardaşına baxdı.
Buğay
bir az fikrə gedəndən sonra astadan soruşdu:
- Nə
düşünürsən?
- Elə
bilirəm ki, onu qabaqlamalıyıq. Millətimiz də, məclisimiz
də bilir ki, İnəl qaydaları pozub, törəmizə
qarşı çıxıb və hakimiyyəti ələ
keçirib. Törəmizə görə xaqan sən
olmalısan.
- Onu mən
də bilirəm. Amma neyləyək? Qardaş qanımı
tökək?
- Biz
qardaş qanı tökmürük, xaini cəzalandırırıq.
Özü də bunu törəmiz, budunumuz naminə edirik. Ya
o bizi, ya da biz onu. Uğur birinci zərbə
vuranındır...
Buğay
ocağa odun atıb soruşdu:
- İndi
neyləməliyik?
- Gərəkli
olanı. Bilirəm ki, sən də bu fikirdəsən. Törəmizə
görə xaqan sənsən, sən də qərarını
ver.
- Məndən
olsa, xaqanlıq sənə daha çox yaraşır.
Gültəkin
etiraz elədi və dedi:
- Sən
böyüksən.
- Burda
böyüklük işə yaramır.
- Millət
bunu anlamaz. Tanrının hökmü və törəmiz bunu
tələb edir.
Şahzadə
susdu.
- Əgər
bu işi boynuna götürmək istəmirsənsə, izn
ver, onu mən yoluna qoyum. - Gültəkin cod saqqalını
sığallayaraq ötkəmliklə dedi.
Buğay
xan qardaşının üzünə baxdı, bildi ki,
yolundan dönən deyil. Həm də Gültəkin düz
deyirdi. Orası da vardı ki, bu işi Gültəkin yoluna
qoysaydı, ömrü boyu həm kiçik
qardaşının, həm də millətin yanında
gözükölgəli olardı. İşin başqa tərəfi
də vardı. Qəzəbli adamdan xaqan olmaz, çünki
hirsli başda ağıl olmur. Kiçik qardaşın
çılğınlığı isə
başadüşüləndir.
Buğay
xanın bu düşüncələri xeyli çəkdi. Hamı
onun hansı qərarı verəcəyini gözləyirdi.
-
Çayımız soyuyur, - Gültəkin gözlərini
qaldırmadan dedi. Bu o demək idi ki, söhbət çox
uzandı.
Şahzadə
qardaşının eyhamını başa düşdü və
handan-hana:
- İzn
verirəm, - dedi, - amma elə et ki, bu iş aşkarda olmasın.
Gültəkin
başı ilə razılığını bildirdi və
bunları söylədi:
- Məndə
olan xəbərə görə bu saat İnəl xan və
onun ətrafı sərxoşdurlar, başlarını itiriblər,
cariyələrlə əylənirlər. Əsl məqamıdır.
Amma sən burda qal, xatunundan da muğayat ol. Biz onun atasına dəymərik,
- dedi və Ağüzə baxdı. Ağüz dinmədi,
başını aşağı saldı. - Əgər yenilsək,
deməli, aramızda satqın var.
- Ondan
arxayın ola bilərsən, - Buğay xan əminliklə dedi.
- Mənim adamlarım kənarda sizi gözləyəcək.
Kömək lazım olsa, edəcəklər. Göy Tanrı
köməyiniz olsun!
Gültəkin
üzünü ətrafdakılara tutub soruşdu:
-
Hazırsınızmı, bəylər?
-
Hazırıq, - deyə onların hamısı bir
ağızdan cavab verdilər və əllərini
qılınclarının qəbzəsinə atdılar.
Gültəkin
və adamları yubanmadan, yel kimi İnəl xanın
oturduğu, çiy kərpicdən tikilmiş,
beşotaqlı evə tərəf cumdular. Evi dörd
mühafizəçi qoruyurdu: ikisi girişdə, ikisi arxada.
Onları,
aralıdan oxladılar və içəri girdilər.
Qul-qaravaşlar qorxularından çığırışıb,
pərən-pərən oldular. İnəlin qardaşları,
Qapağan xaqanın qətlində əli olan bacısı
oğlanları, sağ-sol bəyləri özlərinə gəlməmiş
qılınclandılar. İnəl xan da müqavimət
göstərmək istədi, amma Gültəkin onun
qılıncını vurub yerə saldı. Çünki
İnəl xan sərxoş olduğundan qılıncı əlində
möhkəm saxlaya bilmədi. Bununla belə ayılan kimi oldu
və Gültəkinin üstünə çəmkirdi:
- Sən
nə cəsarət edib öz xaqanına əl
qaldırırsan! Öldürün onu! - deyə ətrafına
səsləndi, amma onlar öldürüldükləri
üçün səsləri çıxmadı.
- Sən
özün ölməlisən! - deyə Gültəkin
qılıncını onun boğazına dirədi. Diz
çök.
İnəl
xaqan diz çökmək istəmədi. Ancaq Gültəkinin
yanındakılar onu diz çökməyə vadar elədilər.
O, dizlərini yerə atdı və başını
qaldırmadan:
-
Suçum nədir? - deyə soruşdu.
- Xəyanət!
- Gültəkin bağırdı.
-
Hansı xəyanət? - İnəl xanın təslim olmaq
fikri yox idi, onun qollarından və çiyinlərindən
tutan döyüşçülərin əlindən
çıxmağa çalışdı.
- Törəmizə
və budunumuza xəyanət! - Gültəkin dedi və
yalançı xaqanı qılıncla doğradı, qara
qanını yerə axıtdı...
Bundan
sonra o, küncdə dayanmış Tonyukuka tərəf
baxdı və bir söz demədən otaqdan
çıxdı...
Elçin HÜSEYNBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.4-5.