Qriqore VYERU-90

 

İynənin nəğməsi

 

Gecələri hərdən anam

dərzi olub tikirdi.

Tikirdi o aram-aram,

kətan köynək biçirdi.

 

Qırıq-qırıq səs salırdı

tikiş maşını asta.

Gecələr layla çalırdı,

Oyadırdı obaşdan.

 

Səhərləri gəlirdilər

üzütüklü kəndlilər.

Saç-saqqalı sarı saman,

dənlilər, sünbüllülər.

 

Sərin kətan qaftan geyib,

hörük atıb çiyinə,

tez-tələsik gedirdilər

hamılıqla biçinə.

 

Aradabir qadınlar da

gəlirdi yaylıq üçün -

alın təri hopmuş parça -

bayramlıq, vaylıq üçün.

 

Gəlirdi canlıq dalıyca

dəstə-dəstə uşaqlar.

Bilmirdilər tikişində

mənim də göz yaşım var.

 

***

Gecəyarı şimşəyin parıltısı

anamın sifətini,

yanaşı masada çörəyi

işıqlandırdı.

Sanki hər ikisi dua edirdi.

Biz isə bərk yatmışdıq,

balışda gizlətmişdik

üz-gözümüzü.

Yalnız onlar oyaqdılar,

ayıq-sayıqdılar,

şimşəyə, yağışa qulaq asırdılar.

  

Çağır məni

 

Məni öz adımla çağırma,

birdən səsə dönər,

baxar dünyanın bütün

kişiləri.

Məni yanağına çıxmış

 qanınla çağır.

Dənizlə, dağla,

şam ağaclarıyla, ulduzların işığıyla,

Günəşlə, üzüm salxımıyla,

gözyaşıyla.

Məni Ayın sakitliyiylə səslə,

qışın bəyaz dilsizliyiylə.

İşdir, eşitməsəm,

məni öz adınla

çağır.

 

İntizar

 

Xeyli zaman keçibdi,

bitibdi savaş, dava.

Oğlum qayıtmalıydı

öz evinə gör havaxt.

Mən onu çox sevirəm,

düşməzdi qucağımdan.

Necə ola bilər ki,

dönməsin ocağına?

Bəlkə qarsıb üzünü,

gözünü kor edib od?

Doğma evin izini

bəlkə tapa bilmir o?

Bəlkə qulaqlarını

kar edibdi top səsi?

Bəlkə ona yetişmir

anasının naləsi?

Bəlkə şikəst olubdu,

ayaqsız qalıb bəlkə?

Bəlkə yeriyə bilmir,

uzaqdı yaxın ölkə?

Bəlkə əl-qolu yoxdu,

yazıq balam neyləsin,

necə yazsın məktubu,

mən külbaşa nə desin?

Bəlkə danışa bilmir,

tutulub onun dili?

Necə anlatsın harda

yurdu, ölkəsi, eli?

Heç kim onu görməyib,

bir söz demir ki, kimsə...

Necə desinlər ölüb,

məzarı yox, itibsə.

 

 Savaş sonrası nəğmə

 

- Gözəl qadın, niyə axı qoymursan

səni öpüm, əzizləyim, oxşayım?

- Görmürsənmi, düz yanımda, nənnidə

yatır körpəm, mənim Günəşim, Ayım.

- Gözəl qadın, nə işimiz evində,

səssiz qalsın, o çiçəkli cökə altı yaxşıdır.

- Eh, bilsəydin, o qocaman cökənin düz dibində

neçə ildir mənim babam dəfn edilibdi, yatır.

- Gözəl qadın, bir qulaq as, dərd deyil,

gəl çəkilək çəmənzara, yaşılımtıl xəlvətə.

- Eh, bilsəydin, o çəməndə o nəm gil

neçə ildi can dostumu, yoldaşımı gizlədir.

 

Vəsiyyət

Mihay Emineskuya

 

Hə, hə, gecə vaxtı baş verəcək bu,

ya da sökülməmiş hələ dan üzü.

Əbədi donacaq, qalıb yumulu

onun kitabına zillənən gözüm.

Olsun, eləyəcəm kitabı yarı,

bir az anlayacam, bir az tələsik...

Amma bağlamayın siz o kitabı,

necə ki qırpılmaz donmuş hər kiprik.

Qoyun açıq qalsın, buraxın onu,

oğlum da, qızım da vərəqləsinlər.

Atanın yarımçıq oxuduğunu

sonacan oxuyub, nədi, bilsinlər.

Əgər nəğmələri - nəcib və yorğun -

eşitməz olsalar, eybi yox, neynək.

Siz onu başdaşı yerinə qoyun,

oxusun ağaclar, külək, kəpənək.

 

Qriqore VYERU

 

Tərcümələr: Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 fevral, №5.- S.12; 15.