Qriqore VYERU-90
Bu il
görkəmli rumın şairi, XX əsr Moldova ədəbiyyatının
klassiki Qriqore Vyerunun 90 illik yubileyi həm Moldovada, həm də
Rumıniyada təntənə ilə qeyd olunur. Şairin əsərlərinə
yeni qayıdış baş verir və onun əsərlərinin
yeni tərcümələri ərsəyə gəlir, bir
çox ölkələrdə şairin kitabları nəşr
olunur.
Azərbaycan
Yazıçılar Birliyi bu münasibətlə şairin
"İynənin nəğməsi" adlı seçmə
şeirlər toplusunu çap edib. "Şirvannəşr"də
nəfis poliqrafiya ilə çap olunan kitabın titul vərəqində
yazılıb:
"Kitab
Azərbaycan Yazıçılar Birliyində Moldovanın Azərbaycandakı
səfirliyi ilə əməkdaşlıq çərçivəsində
nəşrə hazırlanıb. Yaradıcı heyət əməkdaşlığa
görə Moldovanın Azərbaycandakı Fövqəladə
və Səlahiyyətli səfiri Aleksandr Esaulenkoya, ön
söz yazısına görə akademik, görkəmli
rumın şairi İon Hadırkaya, kitabın ərsəyə
gəlməsində dəstəyinə görə hüquq
elmləri doktoru, tanınmış ictimai xadim Vüqar
Novruzova, kitaba daxil edilmiş şeirlərin tərcüməsinə
və nəşrinə lütfkarlıqla icazə verdiyinə
görə şairin varisi Kelin Vyeruya, mətnlərin əldə
olunmasında köməyinə görə Moldova Milli
Kitabxanasının direktoru Yelena Pintileyə minnətdarlıq
edir..."
Kitabın
tərcüməçisi, redaktoru və son söz
yazısının müəllifi, şair Səlim
Babullaoğludur, onun tərcüməsində kitabda şairin
yeni çevrilmiş 68 şeiri daxil edilib. Eyni zamanda, Xalq
şairi Ramiz Rövşənin Vyeru
yaradıcılığından çevirdiyi daha 5 şeir,
tanınmış uşaq şairi və tərcüməçi
Qəşəm İsabəylinin çevirisində isə
Vyerunun uşaqlar üçün yazdığı 12 şeir
də kitabda yer alıb.
Moldovanın
Azərbaycandakı Fövqəladə və Səlahiyyətli
səfiri Aleksandr Esaulenkonun və Vüqar Novruzovun giriş
sözlərindən sonra görkəmli rumın şairi,
akademik, Moldova Elmlər Akademiyasının vitse-prezidenti
İon Hadırkanın Qriqore Vyeru
yaradıcılığı barədə maraqlı essesi təqdim
edilib.
Kitab
üzərində Azərbaycan tərəfdən Emil Camalov
(dizayn və səhifələmə), Məlahət Qənbərova
(korrektor), Moldova tərəfdən isə tanınmış
rumın ədəbiyyatçıları - şair Nikolae
Spetaru, ədəbiyyatşünas, filologiya elmləri doktoru
Miroslava Metlyayeva çalışıblar.
"Ədəbiyyat
qəzeti" şairin haqqında geniş bioqrafik məlumatı
və şeirlərindən nümunələri, akademik
İon Hadırkanın və Səlim Babullaoğlunun
yazılarını, səfir Aleksandr Esaulenko və Vüqar
Novruzovun giriş yazılarını oxucularımız
üçün təqdim edir.
Qriqore
Vyeru/ Grigore Vieru - böyük rumın şairi, XX əsr
Moldova ədəbiyyatının görkəmli nümayəndəsi.
1935-ci il fevralın 14-də, Prut çayının sol sahilindəki
keçmiş Xotin mahalının Pererıta kəndində, əkinçi
Pavel və Yedokiya Vyeruların ailəsində anadan olub. 1950-ci
ildə doğma kəndindəki yeddiillik məktəbdə
oxuyub, 1953-cü ildə Lipkanı şəhər məktəbində
orta təhsilini tamamlayıb. 1957-ci ildə, hələ tələbəykən,
uşaqlar üçün "Zəng" şeir kitabı
ilə debüt edib. Kitab ədəbi tənqidçilər tərəfindən
uğurlu başlanğıc kimi qiymətləndirilib.
1953-1958-ci illərdə İon Kryange adına Kişinyov
Dövlət Pedaqoji Universitetinin Filologiya və tarix fakültəsində
ali təhsil alıb. 1958-ci ildə uşaqlar üçün
ikinci şeir kitabı "Muzıkutse" işıq
üzü görüb. Ali təhsil aldıqdan sonra Qriqore Vyeru
"Scinteia Leninista" (sonradan "Noi"; 1958-1960) və
"Nistru" (sonradan "Basarabia"), "Cartea
Moldoveneasca"da (1960-1963) redaktor və Moldova
Yazıçılar İttifaqının poeziya şöbəsinin
məsləhətçisi (1963-1969) vəzifələrində
çalışıb. 1960-cı ildə rumın və
latın dili müəllimi Raisa Naku ilə ailə qurub, həmin
izdivacdan Teodor (1961) və Kelin (1965) adlı iki oğul
övladı doğulub. 1980-ci illərin sonuna doğru
Bessarabiyada başlanan milli-azadlıq hərəkatının
öndərlərindən biri olub. Latın qrafikasına
keçidin, Moldova və Rumıniyanın birləşməsinin
təşəbbüskarlarından biri və təşviqçisi
kimi Moldovada yeni qrafika ilə çap olunan ilk mətnin müəllifi
də Qriqore Vyeru olub. 1970-ci ildə uşaqlar
üçün nəşr olunan "Üç çəpiş"
şeir kitabı bütün rumınların üçrəngli
bayrağını metafora ilə təbliğ etdiyinə
görə kitab mağazalarından
yığışdırılıb. Həmin il
yazıçı Spiridon Vangeli və rəssam İqor Vyeru ilə
birgə hazırladıqları "Əlifba" kitabı bu
gün də gənc bessarabların ilk sinifdəki ən vacib
dərsliyidir. Sonrakı illərdə onun böyüklər və
uşaqlar üçün "Möcüzəli pəncərələr"
(1960), "Günaydın, qar dənələri" (1961),
"Sağ ol sülhə görə", "Balaca günəş",
"Ballı pətəklər" (1963), "Şeirlər"
(1965), "Sənin adın" (1968), "Sözlü
bazar" (1969), "Şeirlər" (1971), "Dan
ulduzu" (1978), "Əlifba" (1979), "Çünki
sevirəm" (1980), "Həmyaşıdınız
şeirlər" (1986), "Necə varamsa" (1987), "O
alovlu kök" (1988), "Günəşə şeir
de" (1989), "İsa günahkar deyil" (1991), "Quyunun
təmizlənməsi" (1993), "Anam üçün
dua" (1994), "Görürəm, tövbə edirəm"
(1997), "Təmizlənmə" (1999), "Sənə
yalvarırdım" (2002), "Səma mələkləri"
(2002), "Anam üçün laylalar" (2003), "İndi
və əbədi üçün" (2004) və b. şeir
və hekayə kitabları nəşr edilib. Həmçinin
dəfələrlə "Seçilmiş əsərləri"
Moldova və Rumıniyada işıq üzü görüb.
1979-ci ildə Moldova Dövlət Mükafatına, 1988-ci ildə
uşaq ədəbiyyatı üzrə dünyanın ən
nüfuzlu mükafatına - Andersen Fəxri Diplomuna layiq
görülüb. 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı
seçilib. 1992-ci ildə Rumıniya Akademiyası onun namizədliyini
Nobel Sülh mükafatına irəli sürüb, 1993-cü
ildə həmin akademiyanın müxbir üzvü
seçilib. 2000-ci ildə Rumıniya hökumətinin təsis
etdiyi "Eminesku-150" medalı ilə təltif edilib. 1992-ci
ildə Moldovanın "Xalq yazıçısı" fəxri
adını alıb. Moldovanın "Xalqlar dostluğu"
(1984), "Şərəf nişanı",
"Respublika" (1996) ordenləri, Rumıniyanın
"Böyük Xaç Ulduzu" (ölümündən
sonra) və başqa dövlət təltiflərinə, eləcə
də "Herkules" (1991), "Luçian Blaqa" (1992)
beynəlxalq ədəbiyyat mükafatlarına layiq
görülüb. Əsərlərinə ən çox
musiqi, mahnı bəstələnən şairdir. 16 yanvar
2009-cu ildə Vyeru ağır yol-nəqliyyat qəzasına
düşüb. Yanvarın 18-i vəfat edib, iki gün sonra Mərkəzi
qəbiristanlıqda dəfn olunub. Dəfnində 10 minlərlə
insan iştirak edib. 20 yanvar günü bütün ölkədə
matəm elan edilib. Həm Kişinyovda, həm də
Moldovanın bir çox yerlərində adını
daşıyan xiyaban, küçə və parklar var.
Kişinyovda "Klassiklər xiyabanında", Straşenada və
Buxarestdə, Xerestreu parkında büst və heykəlləri
qoyulub. Haqqında kitablar, çoxsaylı monoqrafiyalar
yazılıb, sənədli filmlər çəkilib. Əsərləri
dünyanın 40-dan çox dilinə çevrilib,
kitabları 28 ölkədə çap olunub.
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.12.