"Kitabın
nəşri Azərbaycan və
Moldova
ədəbi-mədəni əlaqələrinin işıqlı səhifəsidir"
Qriqore Vyerunun əlinizdə tutduğunuz "İynənin nəğməsi"
seçmə şeirlər toplusu bir neçə baxımdan əlamətdardır.
Bu ilk növbədə, Vyerunun şəxsiyyəti və
şeiriyyətinin miqyası ilə bağlıdır. Ötən
əsrin 60-cı illər ədəbi nəslinin öndərlərindən
olan Qriqore Vyeru öz xalqının, öz yurdunun, öz kəndinin,
anasının, atasının, uşaqların, doğma
torpağın, təbiətin həqiqi aşiqi idi və həmin
eşq, təmənnasız sevgi onun şair dilinin elə
xalqının dili qədər, rumın doynaları - bayatıları
qədər saf, duru yazmağa sövq edirdi. Təbii, elə
bu dil də onu oxucularının, bu gün isə bütün
xalqın sevimlisinə çevirib. Qriqore Vyeru "müharibə
dövrünün uşağı" idi,
uşaqlığın ən həssas dövründə, 5-10
yaşları arasında ömür-gün
yoldaşını təşvişlə, həyəcanla
gözləyən anasını, onun yol çəkən
gözlərini, aclığı, səfaləti
görmüşdü, ata yoxluğunu hiss etmiş,
bütün ömrü boyu bu yoxluğu doldura bilməmişdi.
Şeirlərinin əsas motivi, əsas qəhrəmanları
"ana, ata və çörək" olmuşdu. Şair
özü bunu ürəkağrıdan xatirələrində
belə ifadə eləyirdi: "Uşaq idim, İkinci
Dünya müharibəsinin son yaralısını, milyonlarla
ana və uşağın dərdi üzərindən
doğan qan içindəki günəşi gördüm. O mənim
davadan qayıtmağını həsrətlə gözlədiyim
atama oxşayırdı". Yüksək sənətkarlıq,
üslub səviyyəsinə qalxmış sadə, aydın
dil, bəzən miniatür rəsmləri xatırladan detallar
və rəssam dəqiqliyi ilə işlənmiş həyat
səhnələri, çalarlar, liriklik, yaşamaq eşqinin,
sevginin, ümidin bəraət qazandırdığı kədərli
xatirələr, gözlənilməz metaforalar - bütün
bunlar həm sağlığında, həm də indi Qriqore
Vyerunu dünyanın ən yaxşı şairləri ilə
bir sıraya qoyur. Vyerunun yaradıcılığına ana
dilimizdə ilk müraciəti Xalq şairi Ramiz Rövşən
edib, təxminən 4-5 il qabaq, bunu o öz qeydlərində
yazır, amma bu tərcümələr, yəni 8-9 şeir təxminən
15 il əvvəl dərc olunub. Sonradan Vyerunun uşaq şeirlərindən
bir silsiləni də tanınmış uşaq şairimiz Qəşəm
İsabəyli çevirib. Bu gün həm
sadaladığım tərcümələr, həmçinin
toplunun tərtibçisi və son sözün müəllifi
Səlim Babullaoğlunun 70-ə yaxın yeni tərcüməsinin
birgə təqdim olunması kitabın, fikrimcə, ikinci əlamətdar
cəhətidir. Şeirsevərlər, oxucular böyük
şairin şeirləri ilə Azərbaycan dilində ilk dəfə
bu həcmdə tanış olmaq imkanı qazanıblar.
Görkəmli rumın şairi, akademik İon
Hadırkanın kitab üçün təqdim etdiyi ön
söz yazısı, heç şübhəsiz, nəşrə
əlavə dəyər qatır, məziyyət
qazandırır. Nəhayət, bu kitabın nəşri Azərbaycan
və Moldova ədəbi-mədəni əlaqələrinin
yeni tarixinin növbəti işıqlı səhifəsidir.
Şəksiz, oxucularla yanaşı, həm də ədəbiyyat
tarixçiləri və ədəbiyyatşünaslar
üçün də qiymətli mənbədir..."
Yazısının sonu Vüqar Novruzovun Moldovanın Azərbaycandakı səfirliyinə,
Azərbaycan Yazıçılar Birliyinə, kitabın ərsəyə
gəlməsində xidməti olan bütün insanlara, o
cümlədən tərcüməçilərə
minnətdarlığı ilə
bitir.
Vüqar Novruzov
Hüquq elmləri doktoru
Ədəbiyyat
qəzeti.- 2025.- 7 fevral, №5.- S.13.