Uşaq ədəbiyyatında
tənqidçinin
göstərdiyi yola müəllim
baxışı
Məndən soruşsalar ki,
bir müəllim kimi hal-hazırda
öz doğma yurdunu hansı estetika ilə
əlaqələndirirsən, - düşünmədən: "Azərbaycan uşaq ədəbiyyatı",
- deyərəm.
"Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir,
vətənim..."
Abbas Səhhət
Ədəbiyyatşünas alim Elnarə Akimovanın bu kitabı (Azərbaycan uşaq ədəbiyyatı:tarixi təcrübəsi və müasir istiqamətləri. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2024) biz pedaqoqlar üçün də bir tapıntıdır. Lap əvvəldən başlayıb tənqidçimiz: təbiətin özündən və daima inkişafda olan estetikasından:
"Təbiəti öyrənməyin ən gözəl vasitəsi uşaq ədəbiyyatıdır". Kitabda ən zövqlü şairlərdən nümunələr gətirilir; "...mənə ilham verir o yaşıl çəmən, üstümə quşbaşı yağan yasəmən..."
Balaca uşaqlar hələ ki qarın adını və rəngini tanıyırlar, formalarını isə qar dənələrini müşahidə etdikcə öyrənəcəklər: "quşbaşı" sözünü şeirdən eşidəndə heyrətlənəcəklər, qar dənələrinin müxtəlif formalarını kəşf edəcəklər, şeirdə isə onun poetik mənasına varacaqlar. Baxaq kitabdakı Tofiq Mahmud yaradıcılığına:
"...Günəşli Naxçıvanda/ Günəşli bir məqbərə...Bunu yaradan kimdir?/ Böyük Memar Əcəmi"...
Burada da uşaqlar faktların təsvirini poeziyadan öyrənirlər. Müəllif bizi, bəlkə də, heç yerdə görmədiyimiz qeyri-adi nümunələrlə tanış edir. Məsələn, "...deyirəm ki, utanma/ Keç içəri, ay budaq/ Evdə tək darıxıram/ Gəl birlikdə oynayaq..." (Rafiq Yusifoğlu). İbtidai siniflər üçün gözəl bir nümunə deyilmi?!
Elnarə Akimova bizə bu cür sanballı nümunələr təqdim etməklə açıqgözlü olmağımızı istəyir. Çünki indi dərsliklərdəki mövzularda ciddi problemlər var. Xanımana Əlibəyli haqqındakı məqaləyə nəzər yetirirəm: "O, şeir yazarkən onların uşaqlar üçün tərbiyəedici, öyrədici funksiya daşımasının qeydinə qalır, uşaqlarda möhkəm xarakter tərbiyə etməyə çalışırdı..."
Bu gün bir müəllim kimi dərsliyi izləyəndə belə əsərlərin əhəmiyyətli dərəcədə azaldığının şahidi oluram. Bir vaxtlar şagirdlərin dillər əzbəri olan son dərəcə estetik nümunələri yenidən bu kitabda xatırlanır: " ...Ay ana, böyüyəndə / Günəş olaram mən də. (Xanımana Əlibəyli), "O gün ki, fəsli-yaz olur/ Gecə-gündüz taraz olur..." və ya " Yay səhəri" (Abbas Səhhət), "Qız məktəbində" (Hüseyn Cavid) və s...
Kitabda "kainatın sevgiyə və qayğıya ehtiyacı var" mesajı tez-tez xatırlanır. Kitabı oxuyan müəllimlər, məncə, bu incə məqamların fərqinə vararaq öz təlimlərində pedaqoji ustalıq göstərəcəklər. Bunu təkcə uşaq yazarları etmir axı.
Müəllif kitabında ən zövqlü əsərlərdən nümunələr gətirib. Özü də klassik çağdan bu günümüzə qədər işıq tutub. Bu kitab ona görə müəllimlərin də stolüstü kitabı olmalıdır ki, onlar keçəcəkləri mətnlərin dəyərini bilsin. Və kökün haradan gəldiyini, özəyin necə yetişdiyini izləyə bilsinlər.
Məsələn, müəllif intibah dövründən başlayır: o dövrlə bu dövrün yaş psixologiyasına toxunur. Və haqlı olaraq Nizami irsinin dünya uşaq ədəbiyyatındakı yerindən danışır, onu Azərbaycan uşaq ədəbiyyatının memarı adlandırır. Axı nəsihətamiz fikirlərin, ibrətamiz hekayələrin, ailə münasibətlərinin, Tanrı sevgisinin uşaq psixologiyası ilə birbaşa əlaqəsi var. Bir müəllim və uşaq yazıçısı kimi, fikrimcə, bütün ədəbiyyat bir gün yoxa çıxsa, təkcə filosof Nizaminin yaradıcılığı ilə onbirillik məktəbi ən keyfiyyətli şəkildə başa vurmaq olar. Müəllif bizə N.Gəncəvinin əsərləri əsasında yaranan digər nümunələri və onları yaradan ziyalıları təqdim edir, daha sonra Firudin bəy Köçərli, Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi maarifçilərin uşaq ədəbiyyatı yolundakı sonsuz sevgisindən, əzmindən, təmənnasız fədakarlıqlarından danışaraq bizə həqiqət yolunu göstərir.
Mənim diqqətimi bir məqam da çəkdi; Elnarə xanım qeyd edir ki, nağıllar aləmində böyüyən uşaqların təfəkkür üfüqləri geniş olur: Y.V.Çəmənzəminlidən sitat gətirir: "Bu mədəniyyətin əsrarını bilmək üçün nağıl və əfsanələri unutmamaq lazımdır". Mən, istər-istəməz öz uşaqlığıma qayıdıram ( təvazökarlıqdan uzaq qəbul edilməsin). İbtidai məktəbə yenicə qədəm qoymuşdum. Axşamlar səbirsizliklə atamın işdən gəlməyini gözləyirdim. Çünki şam yeməyindən sonra nağıl saatım başlayırdı. O, yorğun-yorğun divana uzanır, mən də nağılı danışmağını istəyirdim. Bir xalq nağılı ilə tanışlığım ömrü boyu dünya və insanlıq haqqındakı düşüncələrimi idarə etdi, - deyə bilərəm; bu nağılın ən maraqlı yerində atamı yuxu apardı. O yerində ki Məlikməmməd barmağını kəsib yarasına duz basmışdı ki, oyaq qalıb, divi tuta bilsin. Mən, təəssüflə, atamın asta xorultusunun zümzüməsində yuxuya getdim. Sonralar necə oldusa, bu nağılın ardını nə atamdan eşitdim, nə kitabdan oxudum, başım böyüməyə qarışdı. Ancaq zaman-zaman alma bağındakı barmağı yaralı oğlanın aqibətini düşünürdüm. Qəribə olsa da, illər sonra - müəllim olandan sonra oxudum bu nağılı. Ancaq onu oxuyana qədər bir neçə dəfə oğlanın sonrakı həyatının süjet xəttini qurmuşdum düşüncələrimdə. Və bəlkə də, onun nəticəsidir ki, çox sonralar xoşbəxtliyi axtaran uşaq haqqında uğurlu bir nağıl yazdım, uşaq yazıçısı kimi müqəddəs missiyanın davamçısı oldum. İndi Elnarə Akimovanın fikri ilə razılaşmamaq olmur:
"Bəlkə, yazıçı heç uşaq mətni yazmır, amma içindəki uşağın, uşaqlığının əlindən tutub çıxır yaradıcılığın çətin yolçuluğuna"...
"Poeziyada
vətən"
Bu bölmə bizim dərsliklərimizin ayrılmaz hissəsidir. Uşaqlarda ali hissləri oyatmaq birbaşa məktəbin - müəllimin öhdəsinə düşür. Müəllimlər Vətən haqqında bir hekayə, şeir oxuyanda onu şagirdlərə bütün saf emosiyaları ilə ötürürlər. Biz müəllimlər onlara demirik: "Vətəni sevməlisiniz!" Biz onların qəlbini titrədən mövzular zamanı gözlərinin içinə baxır və birlikdə bütöv Azərbaycan yaradırıq. Elnarə Akimova elə bu kitabda böyük hissəni azərbaycançılığa həsr edib.
O deyir: "Düşüncədə, ovqatda, fəlsəfədə vahid məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının üzərinə hər zaman həlledici rol düşüb..." Əlbəttə, müəllifin də qeyd etdiyi kimi, bu mövzuda müxtəlif dövr yazıçı, şairləri ən gözəl nümunələri - əsərləri ortaya qoyurlar. Onların qəlblərə yol açması isə ən çox məktəbin - müəllimlərin öhdəsinə düşür. Müəllif yazır: "Bütün böyük əməllərin əsasında azad, böyük fikirlər dayanır. XX əsrin əvvəllərində maarifçilik dalğasının formalaşmasında xidməti (hekayəti!) olan insanların - M.F.Axundzadə, S.Ə.Şirvani, S.Vəlibəyov, A.Şaiq, A.Səhhət, M.Ə.Sabir və digərlərinin qüdrəti sayəsində uşaqlarımıza "Vətən dili"ndə xitab olundu. 1898-ci ildə hazırlanan "Vətən dili"ndən Abbas Səhhətin "Vətən" şeirinə qədər çevrələnən bu estetik ərazidə milli uşaq ədəbiyyatının öz hərəkət trayektoriyası cızılırdı..."
Dəyərli tənqidçinin adlarını çəkdiyi bu insanlar böyük pedaqoqlar olublar. Biz bu maarifçiləri xatırladıqca həmişə peşəmizin də dərin və müqəddəs yolunu işıqlı tutacağıq.
Mən elə bu kitabda müəllifin qeyri-adi uşaq yazıçısı Xanımana Əlibəyli haqqındakı məqaləsindən möhtəşəm (uşaq vaxtı dərslikdən də oxuduğum) şeiri bir daha xatırlamaq istəyirəm:
Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur.
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu.
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada, -
Qoca olana qədər.
Bax, uşaqla doludur,
O, məktəbin yoludur.
Kitabın 288-ci səhifəsi "Uşaq ədəbiyyatı
problemləri" ilə
başlayır. Təfsilatlı
və təlatümlü
çıxışlar dinləyirəm.
Buradakı müzakirə
ciddidir. Əlbəttə
ki, təəssübkeş insanların fikrini oxumaq, onları dinləmək bizə çox lazımdır. Yaxşı ki, müəllif
kitabında belə bir məqaləyə yer verib, çünki
maraqlı və lazımlı yenilikdir. Burada uşaqların sevimli yazıçısı
Sevinc Nuruqızının
söhbəti diqqətimi
çəkdi: "...bəsit
uşaq şeirləri
baş alıb gedir... indiki uşaqlar o səviyyədə
düşünmür, primitiv
düşüncəli mövzulara
yer verilir... əslində, bu gün uşaq mətni necə olmalıdır?"... sualını
da ortaya qoyur dəyərli yazıçımız.
Uşaq kitabxanasının
direktoru Şəhla Qəmbərova yeniyetmələr
üçün material kasadlığından
danışır. Hörmətli
Azər Turan da yol axtarır, faktları gündəmdə
saxlamağı, açıq
tənqidlər yazmağın
vacibliyini qeyd edir. Bizim sevimli
yazıçımız Zahid Xəlil də senzuranı dəstəkləyir
(elə mən də) və "nəsil yenilənməsi"
fikrinə aydınlıq
gətirməyə çalışır.
Dəyərli alim Aygün
Bağırlı da uşaqların
gözəl nümunələrə
tamarzı qaldıqlarını
vurğulayır və
vahid mexanizmin zəruriliyini qeyd edir.
Müzakirəni oxuduqca özümü
orada hiss edirəm, ona görə də bir-iki kəlmə fikrimi çatdırmaq istəyirəm:
müəllimlərin içində
kifayət qədər
istedadlıları var. Onlar
maddi və mənəvi sıxıntılara
görə yaradıcılığa
yox, repetitorluğa və digər məsləklərə üstünlük
verirlər. Belə olan halda şagirdin
də, müəllimin
də yaradıcı təfəkkürü arxa
plana keçir. Sonra isə
həvəssizlik... Bir dəfə
Rafiq Yusifoğlu haqlı
olaraq qeyd etdi ki, əslində pedaqoqlar, müəllimlər
yazmalıdırlar. Mən
yenə deyirəm, yaradıcı müəllimlər
yazırlar, özü
də uşaqların
psixologiyasını bilərək,
etik qaydaları, ədəbi dürüstlüyü
gözləyərək. O müəllimləri
görmək lazımdır
sadəcə. Müasir
şagird düşüncəsini
ən yaxşı kim izləyir? - Müasir orta məktəb müəllimləri.
Əgər o müəllimin
yazan əli də, qəlbi də varsa, niyə uşaq ədəbiyyatına öz
töhfəsini verməsin?
Məhz həmin müəllimlər də
dərsliklərin hazırlanmasında
iştirak etməlidirlər.
Lazımlı müzakirədə illüstratorlardan,
uşaqlar üçün
çəkən rəssamlardan
da danışıldı.
Məktəbdə şagirdlər
hər hansı bir əsərlə bağlı olan rəsmləri müşahidə
etməyi çox sevirlər. Bu onların dünyasına rəng qatır, zövqlərinə
təsir edir, uşaq dünyalarına
yeni pəncərələr açılır. Yeri gəlmişkən, bu kitabın üz qabığındakı uşaq
rəsmini araşdırmaq
istəyirdim ki, hörmətli
redaktor Azər Turanın maraqlı məqaləsinə rast gəldim. Əsər rəssam Sakit Məmmədovundur. Rəsmin
adı "Küsmüş
mələk"dir. Uşaq
üzlü bu mələyə baxan müəllimin də, şagirdin də yaradıcılıq duyğuları
işarmağa başlayacaqdır.
Müzakirədəki dəyərli söz adamlarının dərslik mətnlərinin
çoxusunun tərcümə
olduğundan xəbərləri
var. Tənqidçimizin dərsliklərdəki
yararsız nümunələrin
də adlarını çəkməsi biz müəllimlərin
də ürəyincədir.
Şəhla xanım kitabxanadakı çatışmazlıqları
qeyd edir. Mən işlədiyim məktəbin kitabxanası
da kasaddır. Qərb
ədəbiyyatının lazımsız,
qaranlıq mətnləri
üstünlük təşkil
edir ki, bu cür mətnlər şagirdlərdə ancaq ruh düşkünlüyü
yarada bilər. Dərsliklərdə şagirdlərin
maraq dairəsinə uyğun bədii nümunələrin artırılması
və klassiklərlə
yanaşı, intellektual
çağdaş müəlliflərin
əsərlərinə yer
verilməsi təhsilimizin
keyfiyyətinə müsbət
təsir göstərəcəkdir.
Elnarə
Akimovanın bu kitabını hansı vərəqindən açsan,
yeni fikirlərlə üz-üzə
gələcəksən. Yeni fikir yenidən böyüməkdir. Hansı
yaşda olursaq-olaq, hər oxunan dəyərli kitab bizi böyüdəcəkdir.
Nurlana İŞIQ
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.8.