“Qırx
qəzəl-qırx şərh”
kitabından
Məhəmməd Füzuli qəzəlinin şərhi
Kargər düşməz xədəngi-təneyi-düşmən mana,
Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.
Eymənəm səngi-məlamətdən ki, alıb çevrəmi,
Oldu zənciri-cünun bir qəleyi-ahən mana.
Ondanam rüsva ki seylabi-sirişkim
çak edər,
Zəxmi-tiğim qanı geydirdikcə
pirahən mana.
Dəmbədəm şəmi-cəmalindan münəvvər olmasa,
Ey gözüm nuri, gərəkməz dideyi-rövşən
mana.
Hiç
məskəndə qərarım
yoxdurur ol zövqdən,
Kim, qaçam xaki-səri-kuyin
ola məskən mana.
Başda
bir sərvi-səmənbər
vəslinin sevdası
var,
Sud qılmaz, bağban, nəzzareyi-gülşən mana.
Ey Füzuli, odlara yansın büsati-səltənət,
Yeydir ondan, həq bilir, bir guşeyi-külxən
mana.
Qəzəlin şərhi
1) Kargər düşməz
xədəngi-təneyi-düşmən
mana,
Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.
Peykanlarının çoxluğu mənə
dəmirdən yeni bir
bədən düzəltmişdir,
daha düşmənin
tənə oxları mənə təsir etməz.
Şərh: Məşuqun aşiqinə
göstərdiyi etinasızlıq,
diqqətsizlik və ya görməzdəngəlmə
aşiqi oxun bədənə batdığında
verdiyi ağrı qədər incidir. Ox o qədər çoxdur ki,
peykanları(dəmir ucluqları) bütünlüklə
bədəni örtüb
və onu zirehli bir bədənə
çevirib. Aşiqə
bu hal xoşdur
ki, daha düşmənlərin
tənə oxu ona təsir edə bilməyəcək.
İrfan:
Aşiq eşq dəryasına elə qərq olub ki, düşmənlərindən gələn
məzəmmətləri belə
duymur.
Hikmət:
Bədən dünyəvi
istəklərə meyillidir
və nəfsin hücumuna açıqdır.
İnsan təcrübələrlə
ruhunu kamilləşdirməklə
bərabər bədənini
də nəfsə qarşı maneəyə
çevirə bilməlidir.
2) Eymənəm səngi-məlamətdən
ki, alıb çevrəmi,
Oldu zənciri-cünun bir qəleyi-ahən mana.
Dəlilik zənciri mənim
üçün dəmir
qalaya çevrilib məzəmmət və tənə daşlarından
məni qoruyur.
Şərh: İnsanlar mənim
bədənimi zəncirə
vurmaqla (qarşımı
kəsməklə, süni
maneələr yaratmaqla)
məni ram etdiklərini
düşündülər, ələ salıb gülən də oldu, nəsihət atəşinə tutan da. Məni onlardan qoruyan öz vurduqları dəmir zəncirlər və öz atdıqları məzəmmət daşları
oldu. Dəmir daşdan möhkəm olduğu üçün
daşlar dəmirə
dəyib parçalandı,
üst-üstə yığıldı
və qala kimi məni qorudu.
İrfan:
Aşiqin eşq yolunda aldığı zərbələr əlavə
stimuldur, onun daha böyük istəklə irəliləməsinə
güc verir.
Hikmət:
Cahil insanlar aqil insanın bədənini zəncirdə
saxladıqca aqil ruhən azadlığa daha çox həvəs edər, bədəni ram etməyə
başı qarışan
cahil ruhun kamilləşməsinə mane ola bilməz. Dustağın düşünmək və
nəticə çıxarmaq
üçün vaxtı
çoxdur, ruhu kamilləşdikcə zamanla
bədənini də azad edə biləcək.
3) Ondanam rüsva ki seylabi-sirişkim çak edər,
Zəxmi-tiğim qanı geydirdikcə
pirahən mana.
Qılıncının yaralarından axan qanlar bədənimə
köynək geydirdikcə
göz yaşımın
seli onu parça-parça edir.
Şərh: Məni aləmə
rüsva edən sinəmə vurduğun yaralar deyil, həmin yaralardan axan qanlarla əynimə
geydirdiyin köynəyin
yırtılmasıdır. Bu cür bəxşişi mənə layiq gördüyün üçün
sevincimdən gözlərimdə
sular sel olur, nəticədə həmin qanı sinəmdən yuyaraq bəxşiş verdiyin köynəyi parça-parça
edir. El içində
həm bəxşişi
saxlaya bilməməyim,
həm də çılpaq qalmağım
məni rüsvay edər.
İrfan:
Aşiq məşuqun
imtəhanından keçə
bilməməkdən qorxar,
öz zəifliyindən
utanar.
Hikmət:
İnsan bəzən xoş niyyəti ilə də ətrafına və özünə zərər
verir, yaxşılığın
ifratı da ziyandır.
4) Dəmbədəm şəmi-cəmalindan
münəvvər olmasa,
Ey gözüm nuri, gərəkməz dideyi-rövşən
mana.
Ey gözümün nuru, əgər anbaan gözüm cəmalının
şəmindən işıqlanmırsa,
o göz mənə gərək deyil.
Şərh: Səni görəndə
işığın, xeyirin
və mərhəmətin
əhatəsində oluram,
görməsəm, zülmət,
şər və zülm ətrafımı
sarır. Sənin üzünün nurundan işıqlanmayan göz mənə lazım deyil, gözümün öz işığı
ilə baxsam, dünyadakı pisliklər
və zülm məni həqiqətlər
qarşısında kor
edəcək, mən də bu zülmətin
bir parçası olacağamsa, elə gözsüz qalsam yaxşıdır.
İrfan:
Aşiqin gözündə
məşuqun cəmalından
başqa nəsə varsa, o aşiq deyil.
Hikmət:
İnsan dostlarını
böyük həqiqət
naminə seçməlidir,
insanlıq naminə çalışmalıdır.
5) Hiç məskəndə
qərarım yoxdurur ol zövqdən,
Kim, qaçam xaki-səri-kuyin
ola məskən mana.
Sən olduğun məkanın torpağının mənə
məskən olacağı
zövqü ilə heç yerdə qərar tapa bilmirəm.
Şərh: Dünyanın harasına
getsəm, rahatlıq
tapa bilmirəm, heç
yerdə daimi məskən sala bilmirəm. Bildiyim odur ki, bir gün
sənin olduğun torpaqda məskən sala biləcəyimin verdiyi zövq ilə yaşayıram. Müvəqqəti yaşadıqlarını
bildikləri yerdə insanlar rahat ola bilməzlər, ələlxüsus
da, daimi yaşayacaqları
yerə bu gün-sabah köçməli
olacaqlarını bilirlərsə.
İrfan:
Aşiqin rahatlıq tapacağı yeganə yer məşuqun yanıdır.
Hikmət:
Müvəqqəti dünyada
rahatlıq üçün
toplayıb düzəltdiyi
hər şey insanı onları tərk etmək həqiqəti ilə üz-üzə qaldıqda
daha çox rahatsız edər.
6) Başda bir sərvi-səmənbər vəslinin
sevdası var,
Sud qılmaz, bağban nəzzareyi-gülşən mana.
Ey bağban, başımda bir yasəmən üzlü sərvin vəslinin sevdası var, gülşənə tamaşa
etməyin mənə
faydası olmaz.
Şərh: Ey bağban, sənin bağında olan güllərə, ağaclara tamaşa etmək məni təsəlli etməz, bu baxıma möhtac və solmağa məhkum gözəlliklərdən mənə
fayda yoxdur. Əksinə, onları gördüyümdə yasəmən
üzlü, sərv boylu yarıma olan həsrətim bir az da alovlanar.
İrfan:
Aşiq üçün
dünyadakı heç
bir gözəllik məşuqun gözəlliyindən
üstün ola bilməz
və yerini verməz. Dünyəvi gözəlliklər məşuqun
ilahi gözəlliyinin
yalnız sönük
surətidir.
Hikmət:
Yalan, əyri yollarla həqiqətə yetişmək mümkün
deyil, yetişilən bir mənzil varsa da, o həqiqət deyil, onun süni
oxşarıdır.
7) Ey Füzuli, odlara yansın büsati-səltənət,
Yeydir ondan, həq bilir, bir guşeyi-külxən
mana.
Ey Füzuli, bu dünyanın cah-cəlalı
odlara yansın. Allah bilir ki, küllüyün
bir guşəsi mənimçün belə
cah-cəlaldan üstündür.
Şərh: Ey Füzuli, bu dünyanın nəyi varsa fanidir, müvəqqətidir,
məhv olandır. Bu dünyada əbədi heç nə yoxdur, sonu ölümlü
həyatı küllük
yerdə keçirməklə
cah-cəlal içində
yaşamaq arsında bir fərq yoxdur.
Bir halda ki, burdan tezliklə gedəcəyimi
bilirəm bu, sonda yanıb külə dönəcək
dünyanın külləri
içində yaşamaq
daha doğru olar. Allah bilir ki, mən bütün bu cah-cəlalın necə külə döndüyünü indidən
görürəm.
İrfan:
Aşiq dünyada olduğu müddətdə
həsrətlə məşuqun
çağırışını gözləyir, bu müddəti harda keçirmək ona maraqlı deyil.
Hikmət:
Bu dünyaya insan elə bağlanmalıdır
ki, ayrılıq zamanı
rahat can versin. Ölüm də bayramlar kimi hazırlıq istər, ölümə "bivaxt
əcəl" deyənlər
dünya ilə ruhu arasına məsafə qoya bilməyənlərdir.
Arif
BUZOVNALI
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.9.