Yalnız ahəngdədi

xilasın yolu!

 

Yer üzünün yazıq günüdü,

Yer üzünün məğmun günüdü...

Kainatın başı nəyə qarışıb?

Ahəng mələkləri niyə susubdu?

Onlar yuxudadı, ya mürgülüdü?!

Hər gün balalayır xəstə niyyətlər...

İblis ov ovlayır, əhvalı şəndi,

Xeyli ölkələrdən televiziyada

Görünən nalədi, vaydı, şivəndi.

Niyə çoxalıbdı qarşıdurmalar?

Tamah yer üzünün canını alır,

Xeyli xoş niyyətlər, çiçək arzular

Köhnə kitablartək keçmişdə qalır.

Tarixin dərsləri söyləyirlər?

İnsanlar səhlənkar şagird kimidi...

Ahəng hökmündəykən sonsuz kainat

Qəlblərə əmr edən hakimidi?

Allah bilənləri mələklər bilmir,

Alim adlananın hüdudu harda?

vaxt qurtaracaq bu iğtişaşlar?

Ömrüm başa çatır bu intizarda...

 

Dünya insanların

naşılığında

 

Heyif, bu gündədir bu doğma həyat...

Sanki teatrdır, səhnəsi uçuq,

Kimlərsə aldadır bir-birlərini,

Kimlərsə kimlərə göstərir acıq.

Dünya insanların naşılığında,

Kim bilir, yer üzü hansı çağında?

Gecə zülmətində, gün işığında

Qəlblərdə arzular qalır yarımçıq.

Tamahdır - qadağan olunmuş ağac,

Tamah tilsimində həm tox, həm ac,

Bir çoxu, xəlvətdə nəfs alverində,

Ayrı bir çoxu da lap açıq-saçıq.

Ahəngi pozanlar niyə pozurlar?

Haqdan üz çevirib, yolu azırlar,

Soruşsan, səbəbə səbəb yozurlar,

Saysız sualların cavabı açıq...

 

Gəncliyimdə

 

əsil müsəlmandan aldığım öyüd

"Balıq gördün, at dəryaya,

balıq bilməz, Xaliq bilər"

məsəlini sevənlər,

sahildə cabalayan balığı

əlinə götürüb, Xaliqi səsləyənlər,

- "bax ay Xaliq, mən balığı

dəryaya atıram...

göndər ənamımı" deyənlər...

ya Xaliqdən isə gözləyənlər

müsəlman deyil!

onların adı:

- Allaha ruşvət təklif eləyənlər!

müsəlman o kəsdir ki,

sahildə çabalayan balıq da görsə,

ya bir çətinlikdə insan da görsə,

ona yardım etməyi

qəlbi əmr edir... özünün borcu bilir...

belə insanların üz-gözündən

                        nur tökülür...

 

Dünyanı ədalət

xilas edəcək!

 

Yer üzünün azadlığı

Xocalıya ədalətdən başlayır...

Amerikanın, Avropanın azadlığı

Xocalıya ədalətdən başlayır...

onlar əsirdi hələ

öz tamahlarına, fəlsəfələrinə, siyasətlərinə...

səs verib şərin səsinə,

Xocalını unudub

demokratiyadan danışanlar,

ikili, üçlü, xaçlı oyun quranlar

                        gedir yolu tərsinə...

Ədalət olmayan yerdə

demokratiya olammaz,

dövran nura boyanmaz!

Xocalının naləsini

insanlığın naləsi bilməyənlər

ədalətə vurur baltanı!

yer üzünün, özünün

taleyinə vurur baltanı!

balalarının

sabahına vurur baltanı!

Demokratiyanın

kəlləsinə vurur baltanı!

Dünyanı ədalət xilas edəcək!

 

Bu dünyadan

küsmə hələ...

 

Bu dövrandan küsmə hələ,

bizə beləsi düşdü...

Hər dövran çətin tənlikdi,

həll etmək şərəfli işdi.

Kim desə bezdim dünyadan,

söz qəlbini titrətməsin,

qara-qura fikirləri

sənə tərəf gətirməsin...

Hər dövranın öz rəngi var,

hər rəngin yüz çaları,

qoyma sənə diz çökdürsün

qayğıların ağrıları.

Əməlindi sənin adın,

əməlin haqdan gəlirmi?

Nahaq cövlan edən zaman

səsin-sədan yüksəlirmi?

Bu insan niyə yaranıb? -

nizamlara nizam versin!

Nizamı pozan insanın

gec-tez Allah verir dərsin.

Ömür o vaxt gözəldi ki,

dövran səni əzə bilmir,

qəlb dünyanda yaltaq, əyri,

nəhs adamlar gəzə bilmir.

Bu dünyadan küsmə hələ,

bizə beləsi düşdü...

Hər dövran çətin tənlikdi,

həll etmək şərəfli işdi.

 

Əhməd Qəşəmoğlu

 

Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.15.