Kuba poeziyasının azadlıq ruhu

 

Feliks Pita RODRİQOS

(1909-1990)

 

Qəhrəman partizan haqqında ballada

 

(Fraqmentlər)

 

I

 

Tukspan limanından, sübh çağı bu gün

Bir qayıq ayrıldı - son səfər üçün.

 

Aman, bu dünyada kasıblığa bax,

Ən ağır yükləri ümiddi ancaq...

 

Onlar səksən iki üsyançı idi,

Kiçik bir dəstənin inamı böyük.

Bayraq ağacından gecəni atmaq,

Təzə bayraq kimi azad səhəri

Başımız üstündə dalğalandırmaq...

 

Odur od vurarıq qaranlıqlara

Gedir o qayıqda Fidel, Cevara.

 

Elə balacadı qayıq, balaca,

Dəniz sınağına dayana bilməz.

Ancaq anbarında gizli daşınan

İnamın kəsəri ölçüyə gəlməz!

 

Aman, bu dünyada kasıblığa bax,

Qiymətli yükləri ümiddi ancaq...

 

II

 

Kimsə ağlayanda biz gülürüksə,

bizim gülməyimiz nəyə gərəkdir?

Biri ac olanda biz yeyiriksə,

bu bol çörəyimiz nəyə gərəkdir?

Əgər uğrumuzda insan ölürsə,

bizim ömrümüz bitsə yaxşıdır.

Biz rahat olanda vuruşan varsa,

biz o döyüşə getsək yaxşıdır!

Bütün insanlarla səadətimiz

əgər bölünmürsə bədbəxtik, demək.

 

Bizim həyatımız ölüm kimidi,

çörəyimiz acı, gülüşümüz qəm,

dinclik yox, əzabla yaşayır ürək!

Kiməsə azacıq işıq verməyən

çırağı əzəldən - mən kor bilmişəm...

Əgər uğrumuzda insan ölürsə,

bizim ömrümüz bitsə yaxşıdı.

Dünyada hələ haqsızlıq varsa,

təzədən döyüşə getsək yaxşıdı!

 

III

 

Qarabəniz hindunun

Gözlərində acı qəm.

Oxuyur gecə-gündüz

Sağalmayan dərdindən.

 

Susur fleytam, susur,

Harda qalıb nəğməsi?

Onu dindirə bilmir

Mənim ölü nəfəsim.

 

Ay mənim dağlarım, dağ ətəklərim.

Bu qara dərdimə bax!

 

Hara qaçım ağrıdan,

Ürək sızlayan zaman?!

Babam azadlıq, deyib

Yol gözlədi qədər.

 

Tapdığım, Azadlığı

Köksümdə öldürdülər...

 

Ay mənim dağlarım, dağ ətəklərim,

Bu qara dərdimə bax!

 

IV

 

İqerasda öldürüblər partizanı,

Ay, İqeras!

 

İqerasda öldürüblər partizanı,

Ay, İqeras!

 

Partalara çilənibdi qızıl qanı.

Müəllimi öldürüblər dərs zamanı,

 

Ay, İqeras!

 

Bundan ağır cəza hanı?!

Yadındamı, günəşlə ay tutulmuşdu,

Ay, İqeras!

 

Gündüzümüz qaranlığa qərq olmuşdu,

Öldürdülər bir məktəbdə partizanı,

Ay, İqeras!

Bütün xalqım yaralanıb!

 

Çevirəni:

Sabir Rüstəmxanlı

 

Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.16-17.