Hava limanı
Hekayə
Anası
dedi, axşam saat səkkizdə gəl məni apar hava
limanına. O, - yaxşı, ana, gələrəm, - deyib,
getdi. Evləndi, oğlu oldu, xanımı onu atıb
başqası ilə getdi, uşağı tək
böyütdü, əsgərliyə yola saldı, işinin
başına qayıtdı, bütün günü yeni layihələr
üzərində çalışdı. Axşama doğru
işdən çıxdı, saat səkkizdə gedib
anasını hava limanına apardı. Özünə bilet
alıb evə gəldi. Oğlu əsgərlikdən
qayıtmışdı. Sevindi. Məclis düzəldib,
qohumlu-qardaşlı əlamətdar hadisəni qeyd elədilər.
Axşam qonaqlar dağılışandan sonra, oturub ikilikdə
çay içəndə oğluna dedi ki, sabah günorta saat
üçdə gəlib məni hava limanına apararsan...
Oğul,
- yaxşı, ata, gələrəm,
- deyib getdi. Ali məktəbə qəbul olundu, oxuyub
yaxşı cərrah oldu, məşhur klinikada işə
düzəldi, həkim qızla evləndi. Səhəri -
günorta saat üçdə getdi gördü atası
geyinib qapıda gözləyir. Kişini evə qaytardı,
oturub çay içdilər, çoxlu söhbət elədilər.
Oğul atasını hava limanına aparmadı. - Sabah
axşama doğru gələcəyəm, - deyib, getdi öz
evinə, xanımının yanına. Övladı olmurdu deyə
xanımı ilə ikisi idi evdə. Heç vaxt axşamlar
qadını tək qoymurdu. Səhəri xanımını
götürüb dünyanın məşhur məbədlərinə,
ziyarətgahlarına apardı. Birlikdə dua etdilər,
Allahdan övlad dilədilər. Həkim idilər deyə
anlayırdılar ki, tibb onlara övlad verə bilməyəcək.
Ona görə üz tutmuşdular göylərə...
Axşam
saat səkkizdə gedib atasını hava limanına apardı.
Özünə sabah günorta saat üçə bilet
alıb evə gəldi. Xanımından xahiş etdi ki, sabah
onu hava limanına aparsın. Gecə səhərəcən
çoxlu ağır əməliyyat edib xeyli adamın biletini
əlində qoydu. Təqaüdə çıxıb
günorta saat üçə yaxın evə gəldi.
Gördü masada iki qatlanmış kağız var.
Açıb oxudu. Xanımı yazmışdı ki, məni
bağışla, saat üçdə hava limanında
olmalı idim, səni gözləyə bilmədim...
Maşına oturub hava limanına sürdü. Düşüb təngnəfəs
uçuş zolağı görünən yerə
qaçdı. Gecikmişdi. Səma bomboş idi. Biletini dəyişib
axşam saat səkkizə aldı. Qayıdıb evini,
maşını satdı, bankdakı pullarını da
çıxartdı. Özünə beş-üç manat
saxlayıb, qalanını "Valideyn himayəsindən məhrum
olmuş uşaqlar fondu"na keçirtdi. Ödənişin
qəbzinə baxıb sevindi, gözləri yaşardı, bir
anlıq ona elə gəldi ki, çoxlu uşağı var. Hər
yaşda çoxlu oğlan və qız. Hamısının
da adını bilir. Tez-tələsik bir neçəsinin
adını pıçıldadı öz-özünə.
Atasının, xanımının, bir də qızı
olarsa, qoyacağı ad idi dodaqlarının arasından xəfifcə
çıxıb uçuşan adlar. Bankdan çıxıb
şəhərdə gəzindi. Parka gedib uşaq vaxtı
atasının onu yellətdiyi yelləncəyə oturdu.
Gözlərini yumdu, dabanları ilə təkrar-təkrar yeri
itələyib özünü göyə qaldırdı.
Külək qulaqlarını batıranda sürücüdən
pəncərəni bağlamağı xahiş etdi.
Küçənin səsi şüşənin arxasında
qalanda gözlərini açdı. Bayırda hava qaralmışdı.
Qolunda saat səkkizə doğru gedirdi. Onu hava limanına
aparan kimsəsi olmadığına təəssüfləndi.
Bankın qəbzi ilə gözlərinin yaşını
yığıb cibinə qoydu. Arxanı göstərən
güzgüdə özünə baxdı. Xanımı ilə
atası yanında oturmuşdular. Güzgüdən ona əl
edib gülümsünürdülər. Eybi yox -
düşündü - yola salan olmadısa da, qarşılayan
olacaq. Üzünə təbəssüm qondu.
Sürücünün səsini eşitdi:
çatmışıq. Taksidən enib ətrafa göz gəzdirdi.
Hava limanı saysız-hesabsız işığa qərq olmuşdu...
İlqar RƏSUL
Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.19.