Bir dəstə qərənfil
Hekayələr
Aylinin nənəsi
gül həvəskarıdır. Həyətdə qəşəng
bir güllük salıb. Burada hər cür gülə rast gəlmək
olar. Qızılgül, məxmərgül, zanbaq, nilufər,
qərənfil... Bunların hər biri də xoş ətir
yaymaqla yanaşı, həyətə xüsusi bir gözəllik
də verir...
Bir gün Aylin nənəsigilə
gəlib gül dərmək istədiyini bildirdi.
Nənə dedi:
- Əziz balam, mən əlimdə nehrə
çalxalayıram. Bunu yarımçıq buraxa bilmərəm...
Bağ qayçısını dolabdan götür, get
hansı güldən istəyirsən, dər. Ancaq
ehtiyatlı ol, barmağına tikan batar...
Aylin nənəsi dediyi kimi də etdi və bir azdan güllükdən
çıxdı... Nənə baxdı ki, qızın əlindəki
ancaq bir dəstə qərənfildir... O, təəccüblə
nəvəsinə dedi:
- Qəşəng bala, neçə cür gül-cicək var... Yoxsa,
tanımırsan?.. Niyə hər birindən dərmədin?
- Nənə, mənə ancaq qərənfil lazım idi. Sabah məktəbimizin
şagirdləri şəhidlərimizin məzarlarını
ziyarətə gedəcəklər...
Nənə
doluxsunan kimi oldu və sonra dilləndi:
- Azlıq eləməz ki, qəşəng
balam?
Cəbhədə
qalan əl
Cəbhədə
sağ qolunu itirən Əzəmət ordudan tərxis
olunduqdan sonra evə döndü. İlk
görüşüb-öpüşdüyü də
üç yaşlı qızı Dəniz oldu. Tezliklə
qohum-qonşular da yığışıb onunla
görüşə gəldilər...
Günlərin birində Dəniz
atasından soruşdu:
- Ata niyə məni bir əlinlə
qucaqlayırsan? Axı həmişə ikiəlli
qucaqlayardın... Bəs o biri əlin hanı? Belə heç
xoşuma gəlmir...
Əzəmət kövrəlsə də,
özünü birtəhər ələ
alıb qızına cavab verdi:
- O biri əlim cəbhədədir,
qızım!..
- Niyə cəbhədə qoyub gəlmisən?
- Düşmənlərə qarşı
döyüşür...
- Bəs haçan gələcək?
- Müharibə qurtaranda!..
Dəniz
hər gün arzulayırdı ki, müharibə tez
qurtarsın və atası da onu hər gün cüt əllə
qucaqlasın!..
- Yox, nənə, sayıb dərmişəm!..
Hərbi
qənimətlər
parkında
Turqut
babası ilə Hərbi Qənimətlər Parkına gəlmişdi.
O, buradakı pulemyotlara, minamyotlara, tanklara, toplara, bir sözlə,
bütün hərbi sursatlara çox maraqla tamaşa edirdi. Birdən
o, babasına dedi:
- Baba, bu tanklardan birini mənə
alarsan?
Baba gülümsəyə-gülümsəyə
dilləndi:
- Əziz balam, bunların hamısı alınıb!
- Kim alıb ki, ay baba?
- İgid oğullarımız!
- Görəsən, nə qədər pula alıblar, ay baba?
- Pulla almayıblar, bala! Qanla alıblar, qanla! Sən də
böyüyəndə əsgər gedərsən. Onda
lazım gələrsə, tank da alarsan, lap top da!..
- Alaram, baba, alaram! Lap
hamısından da alaram!
Oğru
təkə
Artıq
iki gün idi ki, çoban Məcidin çörəyi
xurcundan yoxa çıxırdı. Artıq iki gün idi ki,
evdən götürdüyü yumurtanı və üzlü
pendiri çörəksiz yeyirdi. Düşünə-düşünə
qalmışdı... Axı bu iki dağın arasında onun
bir parça çörəyinə kim göz dikmişdi?..
Çoban bu sualın qarşısında aciz
qalmışdı...
Üçüncü gün çoban Məcid qərara
gəldi ki, xurcunu gözdən qoymasın. Necə olursa-olsun,
oğrunu tapmalıdır. O, tütək çala-çala
yamac boyu asta yerişlə var-gəl edirdi... Amma bir
gözü sürüdə olsa da, bir gözü nəhəng
sal daşın dibinə qoymuş olduğu xurcunda idi...
Günortaya az qalmışdı.
Birdən sürüdən ayrılan boz təkə xurcuna
sarı yaxınlaşdı. Təkə imsiləyə-imsiləyə
başını xurcunun çörək qoyulan gözünə
soxdu... Çörəyi xurcunun gözündən çəkib
çıxartdı və yeməyə başladı...
Məcid
kişi artıq oğrunu yaxalamışdı. O, bir istədi
ki, təkəni çomaqla yaxşı-yaxşı əzişdirsin,
bir də nə düşündüsə fikrindən əl
götürdü...
Təkə başını qaldırıb
çobanı başının üstə
görərkən əvvəlcə döyükməyə
başladı və sonra qaçıb özünü
sürünün içinə verdi...
Çoban Məcidin sürüsündəki
üçillik qara təkə qayadan
uçmuşdu... O, ötən bazar günü bu təkəni
qonşu kənddə yaşayan çörəkçi
İsadan almışdı... Çoban Məcid çörəkçi
İsanı xəyalında gözünün qabağına gətirib,
asta-asta başını buladı və dodağının
altda nəsə deyindi... Daha hər şey aydın idi...
Artıq
çəki
Aylin
atası ilə şəhərə gəzməyə
çıxmışdı. Onlar baxıb gördülər
ki, yolun kənarındakı ağacın kölgəsində
gözü eynəkli bir kişi tərəzi qoyub adamları
çəkir. Aylin atasına dedi:
- Ata, qoy mən də çəkimi
bilim.
Ata gülümsəyib qızının
bu xahişi ilə razılaşdı.
Aylinin çəkisi iyirmi doqquz kilo gəldi. Sonra onlar gəzintilərini
davam etdirdilər...
Səhəri gün Aylin məktəbdən
evə qayıdarkən həmin kişinin ağacın dibində
dayanıb öz tərəzisilə marağı olan kəsləri
çəkdiyini gördü. O, öz-özünə
düşündü ki, görəsən, bir gündə məndə
heç artım olarmı?!. Elə bu düşüncələrin
içərisində də qız ona yaxınlaşdı və
donunun cibindən çıxarıb əlində tutduğu
iyirmi qəpiyi kişiyə uzatdı:
- Əmi, məni də çək!
Qız tərəzinin üstə
çıxdı. Kişi elektron tərəzinin
ekranına diqqətlə baxıb dilləndi:
- Otuz üç kilo yüz
qram...
Aylin təəccüblü bir
səslə:
- Əmi, dünən məni çəkdiniz axı, bir gündə
dörd kilo yüz qram artmışam?..
Yox, yox, tərəziniz düz işləmir!..
Tərəzi çəkən kişi
eynəyini gözündə tarazlayıb
qıza diqqət yetirdi:
- Qızım, dünən də çantalı idin, yoxsa?..
Aylin səhvini başa düşüb, çantanı kürəyindən
çıxartdı və bir kənara qoydu. Yenidən tərəzinin
üstə qalxdı.
Eynəkli kişi tərəzinin
ekranına diqqətlə baxıb dilləndi:
İyirmi
doqquz kilo!
Aylin səhvin tərəzidə
deyil, özündə olduğu
üçün utancaq bir tərzdə oranı tərk etdi...
İri
qoğal
Nənə
nəvələrini yanına çağırdı:
- Ay uşaqlar, bu təzə
tikilən anbarımızın
böyür-başındakı irili-xırdalı daş
qırıqlarını görürsünüz... Bunları
bir qırağa çıxarmaq lazımdır. Siz indi işə
başlayın. Mən də sizə dadlı-duzlu qoğal
bişirərəm. İşinizi qurtarandan sonra gəlib
qoğal yeyərsiniz.
Uşaqlar işə başladılar.
Onlar anbarın ətrafını irili-xırdalı daş
qırıqlarından təmizləyirdilər. Turqut isə ətrafa
göz gəzdirir, hansı tərəfdə ən xırda
daş qırığı vardısa, onu
götürürdü... Bu mənzərə qoğalı
bişirə-bişirə arabir nəvələrə göz
qoyan nənənin diqqətindən yayınmadı:
- Turqut, deyəsən, tənbəllik edirsən. Vaxtını elə
xırda daş gəzməklə keçirirsən...
Turqut: -
Ay nənə, o biri daşlar çox yekədir,
götürə bilmirəm, - dedi.
Uşaqlar işlərini qurtarıb
əllərini yudular və nənənin
həyətdə açmış olduğu süfrəyə
yaxınlaşdılar. Hamıdan qabaq özünü süfrəyə
yetirən Turqut qoğalın ən irisini seçib əlinə
götürdü. Nənə bu səhnəni görüb
dedi:
- Turqut, əlindəki qoğal ağır deyil ki?..
Turqut qızarıb-bozardı... Nənəsinin nə
demək istədiyini başa düşdü.
Nəvəsinin belə alındığını
görən nənə irəli yeridi və
onun saçını sığallaya-sığallaya dilləndi:
- Əziz balam, elə onu səndən ötrü
bişirmişəm. Amma yadında saxla ki, yaxşı yemək
üçün yaxşı da işləmək
lazımdır...
Arıların
təzə ev-eşiyi
Vüsal
çəpərin qırağındakı qarağacın
yanından keçərkən arıların burada kom bir halda
vızıltı saldığını görüb ayaq
saxladı. Arılar ağacın aşağı
budaqlarından birinə daraşmışdılar. Vüsal
qorxub bir az kənara çəkildi və cəld
babasının yanına qaçdı:
- Baba,
baba, orda bir kom arı var!
- Harda, ay Vüsal?
- Çəpərimizin yanındakı
qarağacın budağında...
Baba Vüsalın dediyi yerə gəlib baxdı və nəvəsinə
dedi:
- Hə... Əziz balam, arılar beçə
verib, indi onları sakitləşdirərəm...
- Beçə nədir,
baba?
- Yadına gəlirmi, iki il qabaq əmingilin özlərinə təzə
ev tikdirib bizdən ayrıldıqları?
- Bəli, baba!
- Niyə ayrıldılar?
Bir yerdə yaşayardıq də.
- Axı evimiz bir az balaca idi. Əmimin bəbəsi bəzən
azacıq səs-küyə yuxudan qalxıb
ağlayırdı...
- Ay sağ ol, düz
tapdın. Evimiz iki ailə üçün darkeş idi.
Əmingil də ona görə təzə ev tikdirib
ayrıldılar. Arılar da insan kimidir. İndi bu
arıların ailəsində də sıxlıq yaranıb.
Onlara da təzə ev-eşik lazımdır.
Görünür, darısqallıqdan heç havaları da
çatmır. Onlar da insanlar kimi rahat ev-eşikdə
yaşamaq istəyirlər.
Baba bir boş arı
yeşiyi gətirib qoydu qarağacın beçə qonan
budağının altda. Sonra şərbət düzəldib
yeşiyin boş şanlarına və ağızlığına
çilədi... Budağı bir-neçə dəfə
ehtiyatla yeşiyin içinə silkələdi... Ana
arının da yeşiyə düşdüyünə tam əmin
olduqdan sonra qapağı örtdü.
Bir azdan qalan arılar
da vızıltı sala-sala yeşiyin
ağızlığından içəri doluşmağa
başladılar...
Vüsal
gülümsəyə-gülümsəyə
ucadan səsləndi:
- Təzə eviniz mübarək olsun, ay arılar!
Ələsgər ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.25.