Torpağa baş əy...
Hekayə
...Rüstəm sağlıq
deməyə başlayanda
Aydınla Hikmət yeməkdən əl götürüb diqqət
kəsildi, mən isə bu sağlığı
çox eşitmişdim,
bilirdim ki, Rüstəm
içəndə həmişə
eyni şeyi danışır.
- Deməli, məsələ
beləydi, dava başlayan kimi atam işindən-gücündən
əl çəkib getdi müharibəyə. Heç bir həftə keçməmiş
ölüm xəbəri
gəldi... - bu arada süfrə arxasındakılar ona xoş gəlmək üçün, həm də nəzakət xətrinə yavaşcadan:
"Allah rəhmət eləsin",
- desələr də,
natiq sağ əlini yuxarı qaldırdı, yəni sözümü kəsib mənə mane olmayın. - Basabas illərdi də, Şura hökuməti dağılmışdı, ermənilər
də fürsətdən
istifadə eləyib Qarabağda at oynadırdı.
Nə isə, atam öləndən sonra ailəmizin bütün yükü düşdü mənim çiynimə. Evin böyük oğlu idim axı... On beş-on altı yaşım vardı, düz-əməlli məktəbə
də getmirdim, səhərdən-axşamacan bazarda
ona-buna kömək eləyib beş-üç
manat çörəkpulu
qazanırdım. Söz
vaxtına çəkər,
bir gün, elə bu vaxtlar
idi, payızın son ayı, qaralan havadan elə qaramat yağırdı, bazardan əl-ayaq yığışırdı, tərs kimi həmin gün mənə iş buyuran olmamışdı,
bircə manat da qazanmamışdım. Ümidsiz-ümidsiz
ürəyimdə Allaha
yalvarırdım ki, heç
olmasa, evə bir-iki çörək almaq üçün pul yetirsin, evdəkilər
ac yatmasın. Bu dəm
səliqəli geyinmiş,
çal saçlı,
nazik saqqallı bir kişi bazarın
tualetindən çıxıb
əli ilə məni çağırdı.
Sevincək kişinin qabağına qaçdım.
Kişi birbaşa mətləbə keçdi:
"Ay bala, indicə tualetə girmişdim, pulqabım cibimdən sürüşüb düşdü
deşiyə. Gəl,
sən mənim o pulqabımı ordan götür, mən də səni razı salım". Mən bir anlığa
donuxub qalsam da, çar-naçar, əlacsız-əlacsız,
könülsüz-könülsüz razılaşdım. Həlbət
ki... Əlacı olan könüllü bu işə necə gedər? Acığından
onu bu işə
sövq eləyənə
gücü çatmasa
belə, kişinin dalına bir təpik ilişdirib tüpürər dabana, qaçıb çıxar
aradan... Mənsə...
- azca ara verib qulaq asanlara
baxdı, boğazını
arıtlayıb davam elədi. - Nə isə, tualetə girdim, bazar ayaqyolusu məlumdu ki, nə kökdə olar, ancaq yaxşı ki, içəridə heç
kəs yox idi, pulqabını məlum yerdə görəndə bir anlığa neyləyəcəyimi
bilmədim, ürəyim
qalxdı, istədim doğrudan-doğruya qaçıb
gedəm, ancaq elə o dəm evdəkilər gözümün
qabağına gəldi.
Qollarımı çırmaladım,
yavaş-yavaş əyilərək,
iyrənə-iyrənə əl
atıb bulaşıq
dəri pulqabını
götürəndə onun
üstünə qonub
uyumuş iri, yaşıl milçək
vızıltı ilə
uçdu, xarab olduğundan heç vədə bağlanmayan, suyu səhərdən-axşamacan
şırıltı ilə
axan divardakı krantın altında, bumbuz, soyuq suda
həm əllərimi,
həm dəri pulqabını yaxşı-yaxşı
yudum. Barmaqlarım qıpqırmızı qızardı,
soyuq sümükləriməcən
işləyib əllərimi
keyləşdirdi. Portmanatı,
əllərimi qolları
yamaqlı gödəkçəmə
silib birtəhər qurulamaq istədim. Bayıra çıxıb
pulqabını kişiyə
verdim, kişi də portmanatı açıb ordakı pulların arasından birini nimdaş, bozumtul gödəkçəmin
döş cibinə basdı, elə bil istəmirdi ki, təsadüfən əli-əlimə
toxunsun. Mən çörək almağa
qaçdım. Çörək
alıb sevinə-sevinə
evə gedəndə birdən qəhər məni boğdu: "Ay
Allah, mənə çörəkpulu
yetirəcəkdinsə, nə
səbəbə zir-zibilin
içini eşələməyimi
rəva gördün,
axı sən çox qüdrətlisən,
başqa cür göndərə bilməzdin
ruzimi?" - fikirləşdim,
evə çatanacan biixtiyar zar-zar ağladım. İndi də
sizə deyirəm ki, əgər o göydəki
kişi... - qəhərlənib
şəhadət barmağını
tavana tuşladı, -
sizə yox yerdən bir tikə çörək yetirirsə, şadlığınıza
şitlik eləməyin...
Necə deyirlər onu, həmişə göylərə şükür
elə, torpağa baş əy...
Bu yerdə Hikmət dilini dinc saxlaya
bilmədi:
- Alə, söz danışdın də, tualet belə gəldi, pulqabı belə getdi, nə bilim, zir-zibil, qoy çörəyimizi rahat
yiyək, iyrəndirmə
bizi, sən lap keflənmisən, baş əyməli o qədər
cibidolu vəzifə sahibi var ki... Torpağa baş əyməklə nə cib dolar,
nə qarın... Bəs balalarımızı
necə dolandıraq?..
Aydın
qəhqəhə çəkdi.
- Düzdü!..
Yüz faiz!..
Rüstəmin danışmaq həvəsi
öldü:
- Mən nahaq yerə başıma gələni hər qammaza söyləyirəm...
- əlindəki qədəhi
süfrəyə qoyub
əyləşərək acıqlı-acıqlı dedi.
- Gərək çörəyi
çörəkçiyə verəsən, zər qədrini zərgər bilər...
Gördüm vəziyyət qəlizləşir,
Rüstəmə dedim
ki, hirslənmə, zarafatdı
eləyirik, dur gedək,
eyvanda bir siqaret çəkək. Sağ olsun, əsəbiləşsə də,
dərinə gedib sözümü yerə salmadı. Baxma ki, masanın üstündə
də külqabı vardı, bayaqdan Hikmətlə Aydın elə içəridə
siqaret tüstülədirdi.
Həm də sağlıq deyənin yadına düşmədi ki, mən
siqaret çəkən
deyiləm. Deyəsən,
həqiqətən, keflənmişdi...
Mübariz
CƏFƏRLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.29.