Mif və reallığın
sintezində
dünyanı dərk etməyin metaforası
Qırğızıstanın xalq yazıçısı Sultan Rayevin
"Daşqın" romanı
əsasında
XX əsrin əvvəllərində
yaranan və əhəmiyyətli inkişaf
yolu keçən qırğız yazılı
ədəbiyyatı qısa
zaman kəsiyində yeni forma, məzmun, üslub və ideya keyfiyyətlərinə
yiyələnməklə yanaşı,
paralel olaraq zəngin mifik və şifahi xalq ənənələrinə
bağlılığını da qoruyub saxlaya bilmişdir. Bu mənada, Çingiz Aytmatov, Mukan Elebayev, Coomart Bokonbayev, Cusup Turusbayev, Toqoloq Moldo, Toktoqul Satılqanov, Aalı Tokonbayev, Qasıməli Jontaşev,
Sultan Rayev və s. kimi korifey sənətkarların
yeni məzmun və
yeni ideya dəyərləri
aşılayan yaradıcılıqlarının
"Manas" ruhunu, mif
və reallığın
sintezində həyatı
dərk etməyin metaforasını izləmək
o qədər də çətin deyil.
Təbii
ki, Qırğızıstanın xalq yazıçısı
Sultan Rayevin həm
forma və üslub rəngarəngliyi, həm
də milli-tarixi maraq səviyyəsinin və milli ideallara sədaqətinin yüksəkliyi,
o cümlədən, vətəndaş-yazıçı
mövqeyinin üstünlüyü
ilə fərqlənən
bədii yaradıcılığı
bu sırada önəmli yerlərdən
birini tutur. Özünəməxsus üslubu,
mövzu aktuallığı,
məzmun dərinliyi,
mifik-real düşüncə
sistemləri daxilində
hadisələrin dəyərləndirilməsi
baxımından oxucu marağını cəlb
edən Sultan Rayev yaradıcılığında "Daşqın" romanının
xüsusi yeri vardır. "Daşqın"
romanında hadisələr
reallıqla mifizmin qarşılıqlı bağlılığı
şəraitində cərəyan
etdirilir.
Kxe romanın mərkəzi obrazıdır. Bütün
hadisə və əhvalatlar onun ətrafında cərəyan
edir. O, möhkəm əqidəli dindardır.
Kxe özünü Yaradanın qulu hesab edir. Onun
qəlbində iman işığı parlayır.
Onun düşüncəsinə
görə dünyada
Allahın iradəsindən
kənarda heç nə yoxdur. O necə istəsə, kainatda hər şey o cür olar. Bu iman, bu əqidə Kxeni yaşadığı
cəmiyyətdə hamıdan
fərqləndirirdi. Yaşadığı
cəmiyyətdə isə
Tanrı imanından uzaq olan embrionlar
vasitəsilə dünyaya
gələn insanlar çoxluq təşkil edir və bu
insanlar Allahın iradəsindən kənar işlər görə bilirlər. Bu cəmiyyətin
prezidenti də, meri də, kütləvi informasiya vasitələri də süni insan ixtiraçısı
professor Yan Helmutun nəzəriyyəsi
ətrafında birləşərək
insanları Allahı tanımaqdan imtinaya səsləyirlər. Bu cəmiyyətdə
kişi kişi ilə, qadın qadınla evlənə bilərdi, əxlaqlar unudulmuşdu, bəşəriyyət
pozğunluğa bulaşmışdı,
insanlar üçün
müqəddəs olan
heç nə qalmamışdı, insanlıq
anlayışı yad bir
məfhuma çevrilmişdı.
Lakin Allah sevgisi ilə
yaşayan, Allahın sözünü xalqa çatdırmaq istəyən
insanlar isə təqib olunur, barələrində ölüm
hökmü çıxarılırdı.
Kxenin ölüm hökmünə məruz
qalmasının səbəbi
də bu idi. Kxe ölüm
ayağında ölüm
qorxusu ilə yox, Allah sevgisi ilə yaşayır. Əsas hadisələr də bundan sonra baş verir. Allah yer üzünü Böyük
Fəlakətə - Böyük
su daşqınına
məruz qoyur. Yer üzündə Nuh tufanından sonra ikinci su daşqını
baş verir. Yer kürəsi suya qərq olur, bütün canlılar məhv olur. Yalnız Allah sevgisi ilə yaşayan Kxe ailəsi ilə birlikdə sağ qalır. Kxenin qəlbindəki Allah sevgisinə
cavab olaraq, Tanrıya olan imanına görə Allah
okeanlar ortasında su altında qalmayan bir parça
torpaq saxladı. Kxe arvadı Man, oğlu Etix və qızı Duna ilə burada yaşamalı oldular.
Romanda bundan sonra bütün
hadisələr həmin
dörd nəfər ətrafında cərəyan
edir.
Romanda nə varsa, metoforik olaraq həyatın nişanə
və əlamətləridir.
Əsərdəki proseslərin
hamısı yaşadığımız
dünyanın reallıqlarını
əks etdirmək baxımından xarakterikdir.
Müəllif haqlı
olaraq dünyanın və insanlığın
qarşılaşdığı faciələrin elementlərini
elmi tərəqqinin insanlığa hesablanmayan
son nailiyyətləri və
mənəviyyat sərhədlərini
aşan sivilizasiyaların
son həddində axtarır.
Əslində bu "axtarışlar"ın pafosunu
elm qanadlarında uçaraq
insanlığın təməl
prinsiplərindən uzaqlaşmalarının
faciəsi və Azərbaycanın dahi şairi M. Şəhriyarın
təbirincə desək,
"kökdən qopmağ"ın
fəlakətləri təşkil
edir.
Təməddünün gözü görüm kor olsun,
Ağzındakı şirin, şərbət
şor olsun,
Bal da yesə, zəhər olsun, çor olsun,
Ağzımızın dadın qapıb apardı,
Ürəkləri çəkib kökdən
qopardı.
Sultan Rayev süni intellektin doğurduqlarını
(qəlbi, ruhu, vicdanı və əxlaqı olmayan süni insan) tərəddüd etmədən
insanlığın tənəzzülü
kimi dəyərləndirir.
Əsərdə süni
intellektin doğurduqları
ilə təbii insan intellektinin qarşılaşdırılma səhnələri kifayət
qədər maraq doğurur.
Yazıçı tərəfindən sərgilənən
bu mövqe XIX əsr Türkiyə türk ədəbiyyatının
nəhəng şəxsiyyəti
Ziya Paşanın
"Tərcibənd" əsərinin
mahiyyətində oturan
klassik İslam və
modern Qərb fəlsəfəsinin,
o cümlədən, Kopernik
düşüncə sisteminin
müəyyən məqamları
ilə üst-üstə
düşür. Ziya Paşanın bu əsərində əski
türk ədəbiyyatında
kainat və həyat haqqında sistemli mənzumə kimi dünyanın ədalətsiz, əcaib, sirli suallarına cavab tapılmayan bir məkana bənzədilməsi və
s. haqqında fikirlər
geniş yer alır:
Yarəb,
neçün bu arsada hər şəxsi arifin
Miqdari fəzlinə görə dərdi olur füzun?
və yaxud,
Subhanə mən tahayyare
fi sunihil-ukül,
Subhanə mən bi kudretihi
ya cüzül-fuhül
(Uca qüdrəti ilə Allahı təsbih edərəm. Onun hər cür qüsur, eyib və nöqsanlardan uzaq olduğunu qəbul edər və söyləyərəm.)
Bu tipli münasibətlər
və düşüncələr
daxilində Sultan Rayev
öz qəhrəmanını
məqsədli olaraq okeanın ortasındakı
bir parça torpaqda qəlbindəki əzabları ilə baş-başa saxlayır.
O, bu torpaqda əxlaq və düşüncə baxımından
özündən kəskin
fərqlənən arvadı,
oğlu və qızı ilə bərabər yaşamağa
məhkumdur. Arvadı
Man süni gen mühəndisi
olmuşdu, oğlu Etix embirion hüceyrədən
əmələ gəlmişdi,
qızı Duna isə
onların təsirində
formalaşan yeniyetmə
idi. Ailəsinin mənəvi-psixoloji o cümlədən,
əxlaqi qüsurları
səbəbindən Kxe
Allahdan başqa dərdini deməyə, fikir bölüşməyə,
ən nəhayət, şikayət etməyə
kimsə tapa bilmirdi.
Lakin mövcud və əbədi dünyada insanın yeri, rolu və mövqeyi
barədə insanlıq
ölçülərini müəyyənləşdirən
bir yığın suala cavab axtarılması
Kxeni dərindən düşündürürdü. Sultan Rayev bir növ,
Kxenin timsalında cənnəti, cəhənnəmi,
sevinci, kədəri, həyatı, ölümü
və s. yalnız yaşadığımız torpaqda
axtaran insanın özü və insanlığın əbədi
mahiyyəti barədə
fikirlər formalaşdırır.
Bu məqamda onu "Süni intellektin bəşəriyyəti xilas
edə bilərmi?"
sualı ilə üz-üzə saxlayır.
Böyük su daşqını zamanı
Allahın qəzəbindəki
süni intellekt faktorunun mövcudluğu qoyulan sualın ritorikasını müəyyənləşdirir.
Müəllif qloballaşan dünya
üçün aktual
hesab etdiyi "İnsan nə etməlidir, necə yaşamalıdır?" və
s. suallara cavab tapmaqla insanı tərki-dünyalıqdan uzaqlaşdırır,
real dünyamıza bağlılığını
gücləndirir.
Kxe dindar olmaqla yanaşı, həm də mütərəqqi fikirli insandır. O, günahları lənətləyir,
paklığı alqışlayır,
bəşəri tərəqqini
də qəbul edir. Lakin süni insanı bəşəri
tərəqqinin yeni mərhələsi
hesab etsə də, onu lənətləyir.
Çünki Kxeyə
görə süni insan pisliklərin simvoludur.
Müəllif Allahın yaratdıqları
ilə insanın yaratdıqlarının müqayisəsində
Allaha məxsus olanları daha vacib və daha
əhəmiyyətli hesab
edir. Yazıçının
təqdimatında məkan
olaraq Allahın yaratdığı yer üzü fəlakət çarxı ətrafında
fırlanan dəyirman
kimi görünür.
Məkan Allahın olsa da, buradakı ədalətsizliklərin, fəlakətlərin,
mənəm-mənəmliyin sahibləri insanlardır. Görünənlərin bugünkü
dünyanın reallıqlarını
əks etdirməsi heç kimdə şübhə doğurmur.
Əslində müəllif
məkan və zaman kontekstində hadisələri
mifik məkandan yaşadığımız real məkana transfer edir. Sultan
Rayev bu keçiddən yer üzünü bürüyən
bugünkü fəlakətləri
əks etdirmək, eyni zamanda dünya
nizamı yaratmaq üçün bir vasitə kimi istifadə edir. Yazıçı bu məqamda insanlar üçün mifik məkanın sakini olan Kxenin həyat
idealını səsləndirir:
"İnsanların ruhunu
təmizləmək, onlara
həqiqi yolu göstərmək, Yaradanın
nurunu onların qəlbinə qaytarmaq."
Bu fikirləri dünyamızın
xilası naminə qlobal düşüncələr
ifadə etmək baxımından səciyyəvi
hesab etmək olar.
Sultan Rayevin "Daşqın"
romanı mifik-fantastik
süjetlər əsasında
yazılmış əsərdir.
Romandakı mifizm elementlərindən həyatı
daha dərindən dərk etmək üçün istifadə
edilmişdir.
Müəllifin Nəhəng su
daşqını zamanı
baş verən hadisələrə münasibəti
kifayət qədər
maraq doğurur. Bildiyimiz kimi, türk mifologiyasında su kultu daha
çox həyat mənbəyi kimi göstərilir. Su yeni həyat amili və keçmişlə
gələcəyin əlaqələndiricisi
rolunda türk mifik baxışlarında
daha çox yer ala bilmişdir.
Türk
dünyamızın bir
çox klassiki kimi Azərbaycan ədəbiyyatının nəhəng
siması Məhəmməd
Füzuli yaradıcılığında
su paklıq, saflıq, təmizlik rəmzi hesab edilmiş və Məhəmməd peyğəmbərin
tərənnümü üçün
bu əlamətlərdən
lazımi formada istifadə edilmişdir.
Rövzeyi-kuyinə hərdən durmayıb
eylər güzar,
Aşıq olmuş, qaliba,
o sərvi-xoşrəftara su.
Su yolun ol kuydən
torpaq olub tutsam gərək,
Çün rəqibimdir, dəxi
ol kuyə qoymam varə su.
Tinəti-pakini rövşən qılmış
əhli-aləmə,
İqtida
qılmış təriqi-Əhmədi-Muxtarə
su.
Sultan Rayevin "Daşqın"
romanında da su irfani və real anlamlarda yeni həyatın,
yeni nizamın yaradıcısı
rolunda məna qazanır. Göründüyü
kimi, romanın adı da su ilə bağlıdır.
Su burada həm fəlakət, həm də həyat rəmzidir. Baxmayaraq ki, su daşqını bütün
Yer kürəsini fəlakətə qərq
etdi, amma sular içərisində
Allahın mərhəmətindən
yaranan bir parça torpaq yeni həyat məkanına çevrildi. Əslində
müəllif sular içərisində yeni qurduğu
dünyanın simvolikasında
yaşama haqqının
mümkünlüyünü pisliklərdən, dünyagirlikdən,
mənəm-mənəmlikdən və saysız-hesabsız
rəzalətlərdən uzaqlaşmaqda
görür.
Müəllifin son qənaəti budur
ki, insanlıq keyfiyyətləri
yüksək olanlar təkcə Tanrının
yox, həm də taleyin sınağından məharətlə
çıxa bilirlər.
Bu baxımdan Sultan Rayev
öz qəhrəmanı
(həm də idealı) olan Kxenin yeni dünyanın
yeni sakini olmasının
səbəbini həyata
olan sevgisi ilə bağlayır. Bu həm də Allahın insanlara verdiyi haqdır. Demək, dünya nizamı qorxu yox, sevgi üzərində
yarana bilir: Allaha, dünyaya və insanlara olan sevgi üzərində.
Bunu, həm də dünyada nizamlı yaşamaq üçün (həm də dünya nizamı qurmaq üçün) müəllifin
insanlara çağırışı
kimi də qəbul etmək olar. İrland əsilli Böyük Britaniya yazıçısı,
Nobel mükafatçısı Bernard Şounun bir fikrini xatırlatmaq istərdim: "Biz göydə
quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik,
lakin yer üzündə insan kimi yaşamağı öyrənə bilmədik".
Mənə elə gəlir ki, Sultan Rayevin
"Daşqın" romanını
oxuduqdan və onun mahiyyətini dərk etdikdən sonra hər bir oxucunun fikirlərinə
bu sözlər hakim kəsiləcəkdir: "Yer
üzündə nəinki
insan kimi yaşamağı bacarmaq,
eyni zamanda bu məkanda dünya nizamı yaratmaq da mümkündür".
Elman
QULİYEV
Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.18.